Məhkəmə qərarları › İş №e-2-1(118)-1383/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1383/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1383/2022 16.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 23/5, mənzil 5-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (2 saylı Ərazi Vergilər Departamentində hüquqşünas işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma“ sütununda öz əksini tapan 1609624,61 manat vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı «Oktavia Group” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus şəxsi hesab vərəqəsində öz əksini tapmış “təsdiqlənmiş azalma “ qrafasının ləğv edilməsi və həmin qrafada mövcud olan 1609624,61 manat məbləğin silinməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma“ sütununda öz əksini tapan 1609624,61 manat vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, şəxsi hesab vərəqəsinin aşağı hissəsində “təsdiqlənməmiş azalma” adlı bir qrafa mövcuddur. Orada bir sıra hallarda fərqli vergi məbləğləri əks etdirilir və daha sonra vergi orqanı həmin qrafada olan məbləği vergi borcu olaraq qiymətləndirərək həmin vergi borcu ilə bağlı vergi ödəyicisinə vergi qanunvericiliyində nəzərdə tutulmuş məcburiyyət tədbirlərini, o cümlədən əmlakın siyahıya alınmasını, bankda olan hesablaşma hesablarına sərəncamların göndərilməsini və s. həyata keçirir. Hazırda cəmiyyətin şəxsi hesab vərəqəsində 1.609.624,61 manat təsdiqlənməmiş azalma məbləği mövcuddur. Şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma adlı qrafanın mövcudluğu və həmin qrafada olan məbləğə görə vergi ödəyicisinə məcburiyyət tədbirlərinin görülməsi tamamilə qanunszudur. Belə ki, vergi qanunvericiliyində “təsdiqlənməmiş azalma” anlayışı və ya bununla bağlı hər hansı mexanizm nəzərdə tutulmamışdır. Qeyd olunan qanunsuz hal ilə bağlı idiyyəti üzrə cavabdeh vergi orqanına müraciət edilsə də, cavabdeh vergi orqanı tərəfindən hər hansı müsbət addım atılmamışdır. İddiaçı tərəfindən müxtəlif ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən şəxsi hesab vərəqəsində azalma əməliyyatı həyata keçirilməli olduğu halda, həmin məbləğ əsassız şəkildə “Təsdiqlənməmiş azalmalar” qrafasına salınaraq iddiaçıya aktiv borc qismində əsassız vergi öhdəliyi yaradılır. Halbuki, Vergi Məcəlləsinin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi ödəyicisi Vergi Məcəlləsində nəzərdə tutulan müddətlərdə və qaydada vergi bəyannaməsi təqdim etməyə, həmin bəyannamədə hər hansı uyğunsuzluq aşkar edildikdə isə dəqiqləşdirilmiş vergi bəyanaməsi təqdim etməyə borcludur. Vergi orqanı isə təqdim edilmiş vergi bəyannaməsi ilə bağlı Vergi Məcəlləsinin 72.6- cı maddəsində nəzərdə tutulan hallardan hər hansı biri (və ya bir neçəsi) olduqda 3 iş günü ərzində vergi ödəyicisinə aşkar edilmiş dəqiqsizliklərin aradan qaldırılması barədə bildiriş göndərməli, hər hansı uyğunsuzluq aşkar edilmədikdə isə həmin bəyannaməni qəbul etməlidir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən müxtəlif aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 72.6-cı maddəsində nəzərdə tutulan hallardan hər hansı biri olmadığı, eləcə də bəyannamədə aşkar edilən uyğunsuzluğun aradan qaldırılması barədə hər hansı bildiriş göndərilmədiyi halda, cavabdeh vergi orqanı qanunsuz olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələri qəbul etməmiş və həmin bəyannamələr üzrə aparılmalı olan azalmaları “Təsdiqlənməmiş azalma” qrafasına salaraq iddiaçıya əsassız vergi öhdəliyi yaratmışdır. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən iddiaçı xx.xx.2020-ci il tarixli **********352000 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edildiyindən şəxsi-hesab vərəqəsində yaranmış təsdiqlənməmiş azalmanın təsdiqlənməsi məqsədəmüvafiq hesab edilməmişdir. Belə ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.7 yarımbəndinə uyğun olaraq 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs üzrə risk meyarı (meyarları) müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.83-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər. İş materiallarına əlavə edilmiş : - İddiaçı MMC tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan "təsdiqlənməmiş azalma" (və ya kameral yoxlanılmalı məbləğ) qrafasının ləğv edilməsi və həmin qrafada olan vergi məbləği silinməsi xahiş edilmişdir. - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********4 nömrəli bildirişdən görünür ki İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixə hesablanmış 2283519.90 manat, o cümlədən vergilər üzrə 1919030,43 manat maliyyə sanksiyaları üzrə 260 manat faizlər üzrə 364229,47 manat borcun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş **********52000 nömrəli qərardan görünür ki, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -xx.xx.2018-ci il tarixli faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsinə əsasən, "xxxx" ASC-nin dövlət büdcəsinə olan vergi borcu ümumilikdə 1.839.290,77 manat, o cümlədən vergilər üzrə 1.618.322,70 manat, maliyyə sanksiyası üzrə 109.790,0 manat, faizlər üzrə isə 111.178,07 manat təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanının hazırki mübahisə ilə bağlı əsaslandırması ondan ibarətdir ki, təsdiqlənməmiş azalma qrafasında olan məbləğ təqdim edilmiş ƏDV bəyannamələri üzrə büdcədən qaytarılmalı olan məbləğdir və həmin bəyannamə ilə bağlı 30 iş günü müddətində kameral vergi yoxlaması həyata keçirildiyindən azalma məbləği kameral vergi yoxlaması başa çatanadək təsdiqlənmədən saxlanılır. Məhkəmə araşdırması zamanı vergi orqanı tərəfindən kənarlaşma və ya uyğunsuzluqla bağlı iddiaçıya bildirişlər göndərilməsi müəyyən edilmədi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin : -72.1 -ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. -Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. -Məcəllənin 72.6, 72.6.1-72.6.5-ci maddələrinə əsasən vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: -vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; -vergi dövrü əks olunmadıqda; -vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; -vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. -vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. Vergi Məcəllənin 72.7-ci maddəsinə əsasən bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. Sadalanan normaların təhlilindən belə nəticə əldə olunur ki, vergi ödəyicisi Vergi Məcəlləsində nəzərdə tutulan müddətlərdə və qaydada vergi bəyannaməsi təqdim etməyə, həmin bəyannamədə hər hansı uyğunsuzluq aşkar edildikdə isə dəqiqləşdirilmiş vergi bəyanaməsi təqdim etməyə borcludur. Vergi orqanı isə təqdim edilmiş vergi bəyannaməsi ilə bağlı Vergi Məcəlləsinin 72.6-cı maddəsində nəzərdə tutulan hallardan hər hansı biri (və ya bir neçəsi) olduqda 3 iş günü ərzində vergi ödəyicisinə aşkar edilmiş dəqiqsizliklərin aradan qaldırılması barədə bildiriş göndərməli, hər hansı uyğunsuzluq aşkar edilmədikdə isə həmin bəyannaməni qəbul etməlidir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən müxtəlif aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 72.6-cı maddəsində nəzərdə tutulan hallardan hər hansı biri olmadığı, eləcə də bəyannamədə aşkar edilən uyğunsuzluğun aradan qaldırılması barədə hər hansı bildiriş göndərilmədiyi halda, cavabdeh vergi orqanı qanunsuz olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələri qəbul etməmiş və həmin bəyannamələr üzrə aparılmalı olan azalmaları "Təsdiqlənməmiş azalma” qrafasına salaraq iddiaçıya əsassız vergi öhdəliyi yaratmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi orqanının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən subutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçınə məxsus şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma“ sütununda öz əksini tapan 1609624,61 manat vergi məbləğinin silinməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçınə məxsus şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma“ sütununda öz əksini tapan 1609624,61 manat vergi məbləğinin silinməsi öhdəliyi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar