Məhkəmə qərarları › İş №e-2-1(118)-1390/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1390/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1390/2024 21.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı hərəkətlərin əsassız hesab edilməsi və iddiaçıya pensiyanın dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilərək əlilliyin qüvvədə olduğu xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il təvəllüdlüdür. O, uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuş və hazırda da əmək fəaliyyətini davam etdirməkdədir. İddiaçıya xx.xx.2017-ci il tarixdən 5 illik müddətə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra şəxsə təyin edilmiş əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixdən sistem tərəfindən dayandırılmışdır. İddiaçıya təyin edilmiş əlillik altsistemində aktiv olaraq qalmaqdadır. Yuxarıda sadalanan hallarla bağlı iddiaçının nümayəndəsi ərizə ilə cavabdehə müraciət edərək iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin hansı səbəblərdən dayandırılması barədə məlumat təqdim edilməsini, eyni zamanda ona təyin edilmiş pensiyanın ödənişinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçıya təyin edilmiş pensiya xx.xx.2021-ci il tarixindən sistem tərəfindən dayandırılmışdır. Əlilliyin bərpa olunması barədə müvafiq rəsmi məlumat cavabdehə daxil olduğu təqdirdə əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa olunması məsələsinə baxılacaqdır. Hesab edir ki, cavabdehin iddiaçının pensiyasının dayandırmaqda ifadə olunan hərəkətləri qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izah etdi ki, iddiaçı tərəfindən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı da iddia qaldırılmış, lakin həmin iş üzrə cavabdehin nümayəndəsi iddiaçıya təyin edilmiş əlilliyin xx.xx.2022-ci il tarixədək qüvvədə olduğunu bildirdiyindən iddiaçı iddiasını geri götürmüşdür. Cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütamadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə araşdırmalar aparılır. Bildiririk ki, İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən sistem tərəfindən dayandırılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0 1 -ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən işi qaydasında Dövlət Sosial Müdafiə Fonduna bildirilmişdir ki, iddiaçı əyani müayinəyə çağırılmış, bu barədə müvafiq akt tərtib edilmiş və daha sonra əlilliyi etibarsız hesab edilmiş və nəticə etibarı ilə əlilliyə görə əmək pensiyasının ödənişi də dayandırılmışdır. Cavabdehin nümayəndəsi eyni zamanda izah etdi ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna hər hansı məktub və ya rəsmi məlumat göndərilməmişdir. İş materiallarına əlavə edilmiş: -TSEK tərəfindən verilmiş alsistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (5 il müddətinə) ikinci dərəcəli əlillik (gözdən əlil) təyin edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi Şəxsin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti Şabran Rayon Mərkəzi Xəstəxanasının 0252003AADNU nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbi ilə 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlilik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra vətəndaşa dair Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən İ00145576NRJ nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin əlillik hüququnun operativ şəkildə müəyyənləşdirilməsi məqsədilə yaşadığı yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zərurəti yaranmışdır. Bu səbəbdən İddiaçı xx.xx.2024-cü il tarixdə 11 nömrəli Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X3-sosial Ekspertiza Komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşa dair aktiv pensiya ödənişinin dayandırılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna hər hansı bir müraciət ünvanlanmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci maddəsinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Məhkəmə araşdırmazı zamanı müəyyən edildi ki, iddiaçının xx.xx.2017-ci il tarixdən 5 il müddətinə təyin edilmiş əlilliyin qüvvədə olduğu halda, yəni əlilliyin ləğv edilməsi, etibarsız hesab edilməsi və ya hər hansı səbəbdən dayandırılması barədə hər hansı rəsmi məlumat (qərar) olmadan cavabdeh inzibati orqan 1 ildən çox müddət ərzində ona əlilliyə görə təyin edilmiş əmək pensiyasını ödəməmişdir. Məhkəmə qeyd edir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən də əlilliyin xx.xx.2022-ci il tarixədək qüvvədə olması və iddiaçının əmək pensiyasınnı dayandırılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna hər hansı çkildə müraciət edilməmişdir. Belə olan halda cavabdehin iddiaçının xx.xx.2021-xx.xx.2022-ci il tarixədək əlilliyə görə əmək pensiyasının ödəməməsi qanunsuz və əsassız olmuşdur. Cavabdeh işçi qaydasında əlilliyin dayandırılması ilə bağlı məlumat almasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və ümumiyyətlə, əlilliyin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə hər hansı qərar olmadan pensiyanı dayandırmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar