Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1393/2025 09.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: hərbi xidmət müddətinin xidmət illərinə əlavə edilməsi, vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Əzimova Pəri Mübariz qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət müddətinin xidmət illərinə əlavə edilməsi, vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N oktyabr 2017-ci il tarixli, 4303 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissənin həmlə taborunda müddətdən artıq artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş və hərbi qulluqçuların hazırlığının yoxlanılması məqsədi ilə qəbul edilən sınaq imtahanlarından qeyri-məqbul qiymət aldığına görə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat Səfərbərlik İdarəsinin 29 yanvar 2021-ci il tarixli, 20/670 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxılan hərbi qulluqçuların təkrar hərbi xidmətə qəbulu məqsədəuyğun hesab olunmadığına görə barəsində müsbət qərar qəbul edilməmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N may 2021-ci il tarixli, 1533 nömrəli İddiaçı göndərilmiş məktubundan məktubundan görünür ki, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş İddiaçı döyüş hazırlığı, ixtisas hazırlığı və fiziki hazırlıqdan zəif nəticələr göstərdiyinə görə müvafiq komissiya tərəfindən tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilərək “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən 1-ci Ordu Korpusu komandirinin müvafiq əmri ilə ehtiyata buraxımışdır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N fevral 2024cü il tarixli, 541 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Ordusundan qanunsuz ehtiyata buraxılmasını bildirməklə pozulmuş hüquqların bərpa olunması barədə müraciət etmişdir. İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin müvafiq qərarı əsasında İddiaçı yenidən həqiqi hərbi xidmətə qəbul olunması məqsədə uyğun hesab edildiyinə görə yenidən həqiqi hərbi xidmətə qəbul edilmişdir.
5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 23 aprel 2024-cü il tarixli, 3-25- 19/2-Z-6xx-xx/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, həqiqi hərbi xidmətə yenidən çağırılmağı məhkəmə qərarı əsasında deyil, sadəcə Müdafiə nazirinin əmri ilə həyata keçirilmişdir. Belə ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin elektron məlumatlar bazasında mövcud olan məlumatlara əsasən 5 iyul 2006-cı il tarixdən 4 aprel 2008-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, 7 iyul 2012-ci il tarixdən 7 iyul 2006-cı il tarixədək (həbs olunanadək) Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmət keçmişdir. Müdafiə nazirinin 3 iyun 2022-ci il tarixli müvafiq əmrinə əsasən yenidən həqiqi hərbi xidmətə çağırılaraq hal-hazırda “gizir” hərbi rütbəsində həqiqi hərbi xidmətini davam etdirir. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, 7 iyul 2017-ci il tarixdən 3 iyun 2022-ci il tarixədək həbsdə və ehtiyatda olduğu müddət əmək pensiyasının təyin olunması zamanı nəzərə alınan həqiqi hərbi xidmət illərinə daxil edilməsi qanuna müvafiq deyildir.
6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 9 yanvar 2025-ci il tarixli, 3-25- 4/2-130/25 nömrəli məktubundan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərin həqiqi hərbi xidmətə bərpası ehtiyata buraxılması üçün əsas olmuş əmrin ləğv edilməklə, həmin vəzifəyə və ya ona bərabər vəzifəyə təyin edilməsini özündə ehtiva edir. Əlverişsiz inzibati aktın (əmrin) ləğv edilməsi isə yalnız inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyi halda mümkündür. Hərbi xidmətə qəbul və imtinası üçün əsaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli, 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda müəyyən edilmişdir. Həmin Qaydanın 3.9-cu bəndinə müvafiq olaraq xidmətə qəbula mane olan hallar müəyyən edildikdə inzibati orqan bağlaşmanın imzalanmasından öz diskression səlahiyyətləri çərçivəsində imtina edə bilər.
7. İddiaçı məxsus SQ seriyalı, ******* nömrəli vəsiqənin surəti.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı Rayon Bölməsinin 31 iyul 2024-cü il tarixli, 3-43-29/2-541/2024 nömrəli məktubundan görünür ki, Xızı rayon, Sitalcay kəndində qeydiyyatda olan 11 iyun 1988-ci il təvəllüdlü İddiaçı barədə N saylı hərbi hissədən daxil olmuş məktuba əsasən 14 mart 2022ci il tarixdə hərbi qeydiyyatdan çıxarılaraq “gizirlərin və miçmanların həqiqi hərbi xidməti” nə qəbul edilmişdir.
9. Azərbaycan Respublikası Baş Prokurorluğun 3 iyul 2025-ci il tarixli, 2-2-030/2- 138055/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda birgə istintaq qrupu tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının fiziki və psixi zor tətbiq edilməklə işgəncə vermələri faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılmış cinayət işləri üzrə İddiaçı iş üçün əhəmiyyət kəsb edən xüsusatlarla bağlı şahid qismində dindirilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
10. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 iyun 2017-ci il tarixdən 3 iyun 2022-ci il tarixə qədər olan beş illik dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ilin iyul ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamışdır. İddiaçı xidmətini davam etdirmək üçün 2016cı ilin oktyabr ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. İddiaçı 2017-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğu-sualın, dindirmələrin və ağır işgəncələrə məruz qalmış hərbi qulluqçuların işgəncə yerlərinə aparılmasının şahidi olmuşdur. Hadisələrin gedişində heç bir əsas və səbəb olmadan 7 iyun 2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra bir neçə dəfə cavabdeh və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə hərbi xidmətə bərpa olunmasına dair ərizə ilə müraciət etsə də, onu xidmətə bərpa etməkdən imtina edilmişdir. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. İddiaçı həmin hadisələr zamanı fiziki və psixi zorakılığa məruz qalmasa da, həmin hadisələrin şahidi olduğundan, həmin dövrdə tamamilə əsassız və qanunsuz olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığından hüquqlarının bərpasına yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir. Müraciətdən sonra iddiaçı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən qəbul edilmiş, onun izahatı alınmış, hadisələr zamanı heç bir zərər görmədiyindən o, zərərçəkmiş şəxs qismində tanınmamışdır. Lakin Baş Prokurorluq həm iddiaçının, həm də çoxsaylı digər hərbi qulluqçuların hüquqlarının qorunaraq xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmalarına dair əmrlərin ləğv edilməsi və onların yenidən hərbi xidmətə bərpa olunmaları üçün müvafiq qərar qəbul edərək Müdafiə Nazirliyinə müraciət etmişdir. Nəticədə iddiaçının xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmr ləğv edilmiş və o, 3 iyun 2022-ci il tarixli əmrlə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilməklə həqiqi hərbi xidmətini bərpa etmişdir. Hazırda həmin hərbi hissədə “gizir” hərbi rütbəsində xidmətini davam etdirir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 2017-ci ilin may ayında xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Onun ehtiyata buraxılması barədə əmrin sonradan ləğv edilməsi ona dəlalət edir ki, həmin əmrin verilməsi zamanı qanunvericiliyin pozulması hallarına yol verilib və ehtiyata buraxılma ilə əlaqədar yeni hallar aşkar edilib, əks halda iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması əmri Əsasnamənin 168-ci maddəsinin tələbləri baxımından ləğv edilə bilməzdi. İddiaçı öz arzusuna və iradəsinə zidd olaraq hərbi qulluqçu statusundan məhrum edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Nəticə etibarilə iddiaçı xidmət illərini itirmiş, həmçinin həqiqi hərbi xidmət üçün nəzərdə tutulmuş əmək haqqı və digər ödənişlərdən məhrum edilməklə maddi ziyan çəkmişdir.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1, 26, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70, 168-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.3, 2.2.7, 34.1-ci maddələrinə istinad olunmuşdur.
13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddiaçının iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 7 iyun 2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə nazirinin 3 iyun 2022-ci il tarixli müvafiq əmri ilə iddiaçı yenidən hərbi xidmətə çağırılmışdır və 7 iyun 2017ci il tarixli əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156, prosessual hüquqi əsası kimi İPM-in 35.1-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1N may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
25. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
29. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
30. İddiaçı tərəfin mövqeyinə görə o, 2017-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğu-sualın, dindirmələrin və ağır işgəncələrə məruz qalmış hərbi qulluqçuların işgəncə yerlərinə aparılmasının şahidi olmuş, hadisələrin gedişində heç bir əsas və səbəb olmadan 7 iyun 2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciəti nəticəsində 3 iyun 2022-ci il tarixli əmrlə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilməklə həqiqi hərbi xidmətinə bərpa edilmiş, bu səbəbdən də ehtiyata buraxıldığı 7 iyun 2017-ci il tarixdən xidmətə bərpa olunduğu 3 iyun 2022-ci il tarixədək olan müddət xidmət illərinə əlavə edilərək, həmin dövr üçün vurulmuş maddi ziyana görə kompensasiya ödənilməlidir.
31. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçı 7 iyun 2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə nazirinin 3 iyun 2022-ci il tarixli müvafiq əmri ilə iddiaçı yenidən hərbi xidmətə çağırılsa da, 7 iyun 2017-ci il tarixli əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin həmlə taborunda müddətdən artıq artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş və hərbi qulluqçuların hazırlığının yoxlanılması məqsədi ilə qəbul edilən sınaq imtahanlarından qeyri-məqbul qiymət aldığına görə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Eyni zamanda, iddiaçı hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxılan hərbi qulluqçuların təkrar hərbi xidmətə qəbulu məqsədəuyğun hesab olunmadığına görə barəsində müsbət qərar qəbul edilməmişdir. İddiaçı daha sonra Müdafiə nazirinin 3 iyun 2022-ci il tarixli müvafiq əmrinə əsasən yenidən həqiqi hərbi xidmətə çağırılaraq hal-hazırda “gizir” hərbi rütbəsində həqiqi hərbi xidmətini davam etdirir.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
34. Məhkəmə cavabdehin etiraz dəlilində istinad olunmuş əsasla razılaşaraq bildirir ki, iddiaçının ehtiyata buraxılması ilə əlaqədar olan 7 iyun 2017-ci il tarixli əmri ləğv edilməmiş, iddiaçının özü tərəfindən də məhkəmə qaydasında mübahisələndirilməmişdir.
35. İddiaçı tələbində qeyd etmişdir ki, onun xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmr ləğv edilmiş və o, 3 iyun 2022-ci il tarixli əmrlə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilməklə həqiqi hərbi xidmətini bərpa etmişdir. Hazırda həmin hərbi hissədə “gizir” hərbi rütbəsində xidmətini davam etdirir.
36. Lakin iş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, həqiqi hərbi xidmətə yenidən çağırılmağı müvafiq qərar əsasında deyil, sadəcə Müdafiə nazirinin əmri ilə həyata keçirilmişdir. Cavabdeh orqanın 23 aprel 2024-cü il tarixli məktubunun məzmunundan da görünür ki, Müdafiə nazirinin 3 iyun 2022-ci il tarixli müvafiq əmrinə əsasən yenidən həqiqi hərbi xidmətə çağırılaraq hal-hazırda “gizir” hərbi rütbəsində həqiqi hərbi xidmətini davam etdirir.
37. Həmçinin, cavabdeh orqanın 9 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərin həqiqi hərbi xidmətə bərpası ehtiyata buraxılması üçün əsas olmuş əmrin ləğv edilməklə, həmin vəzifəyə və ya ona bərabər vəzifəyə təyin edilməsini özündə ehtiva edir. Əlverişsiz inzibati aktın (əmrin) ləğv edilməsi isə yalnız inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyi halda mümkündür. Hərbi xidmətə qəbul və imtinası üçün əsaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli, 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda müəyyən edilmişdir.
38. Həmin Qaydanın 3.9-cu bəndinə müvafiq olaraq xidmətə qəbula mane olan hallar müəyyən edildikdə inzibati orqan bağlaşmanın imzalanmasından öz diskression səlahiyyətləri çərçivəsində imtina edə bilər.
39. Belə ki,“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda aşağıdakılar nəzərdə tutulmuşdur: 1.1. “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” (bundan sonra - Qayda) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. 1.2. Bu Qayda Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. (-) 3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: 3.9.1. ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəlikləri olduqda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla); 3.9.2. məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə; 3.9.3. təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar olunduqda; 3.9.4. Hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə; 3.9.4-1. icbari narkoloji müayinənin keçirilməsi zamanı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehlak olunması aşkar edildikdə; 3.9.5. peşə psixoloji seçimdən keçmədikdə; 3.9.6. bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş tələblərə cavab vermədikdə; 3.9.7. öyrənilmə tədbirləri keçirilən zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən edildikdə. (-)
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
41. İPM-in 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
42. Yuxarıda sadalanmış normaların məzmunundan da aydın olur ki, diskresion səlahiyyət qanunla müxtəlif cür nəzərdə tutula bilər. Qanun müəyyən hərəkəti etməyi inzibati orqan üçün vəzifə kimi müəyyən edə, lakin hərəkətin formaları arasında seçim qoya bilər. Həmçinin, qanun inzibati orqan üçün müəyyən hüquqi nəticəni əldə etməyi vəzifə kimi müəyyənləşdirə və bu nəticənin əldə edilməsi üçün istifadə edilən vasitələr arasında seçim etməyi nəzərdə tuta bilər. Hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqan diskresion səlahiyyətdən qanunla müəyyən olunmuş qaydada istifadə etməlidir. İnzibati orqanın diskresion səlahiyyətləri həyata keçirməsi zamanı iki cür qüsurun ola bilməsi ehtimalını göstərir; inzibati orqanın diskresion səlahiyyətlərin həddini aşması və inzibati orqanın diskresion səlahiyyətdən onun qanunla müəyyən olunmuş məqsədinə uyğun istifadə etməməsi.
43. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
44. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə tərəfindən hazırkı iş üzrə cavabdeh orqanın mövqeyində hər hansı bir hüquq pozuntusu müəyyən edilməmişdir. Odur ki, iddiaçının “hərbi xidmət müddətinin xidmət illərinə əlavə edilməsi” tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia tələbi “vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsi” hissəsində də təmin edilməməlidir.
45. İPM-in müvafiq müddəalarına əsasən: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova