Məhkəmə qərarları › İş №e-2-1(118)-1420/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1420/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1420/2022 08.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi ev 4-də yaşayan) iştirakı ilə, Üçüncü şəxsin nümayəndəsi X2 ("xxxx" Bankı ASC-də hüquq məsləhətçisi işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********29-05101- 03017) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəm iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********29-05101- 03017) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29 mart 2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə İddiaçı Nüzəffər oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzili ilə bağlı qanunsuz olaraq iki hərrac keçirilmişdir. "xxxx" MMC xx.xx.2020-ci il tarixdə ipoteka predmetinin əldə olunmasına dair təklifi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" ASC-yə göndərmişdir. Lakin "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilmiş hərracın yekunları barədə 04/02 saylı protokol Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən imzalanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Sifarişə icra sənədinin surəti də əlavə olunur (61.3.1). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, hərracın yekunları barədə protokol hərrac keçirən qurum, hərracı sifariş verən icra şöbəsi və ipoteka saxlayan (ipoteka əldə etmə hüququna malik olan) tərəfindən imzalanmalıdır. Lakin iddiaçıya təqdim edilmiş hərracın yekunları barədə protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən imzalanmamış və təsdiq edilməmişdir. İddiaçı məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyöun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümaəyndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, qanunla müəyyən edilmiş qaydada müvafiq hüquqmüəyyənedici sənədlər əsasında ünvan 3 ünvanda yerləşən 21 nömrəli mənzil üzərində ‘‘Xalq Bank” ASC-nin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hərrac təşkilatının “Hərracın yekunları barədə” protokolunda sifarişçi icra idarəsinin möhür və imzasının vacibliyi qanunvericilikdə öz əksini tapmamışdır. Üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, "xxxx" ASC kərrac təşkilatı tərəfindən qanuni əsaslarla keçirilən hərrac nəticəsində ipoteka predmeti olmuş Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evdə yerləşən 21 saylı mənzili əldə etmişdir. Təqdim edilən protokol əsasında mənzil üzərində bankın mülkiyyət hüququ qeydə alınmışdır. Protokolda icra məmurunun imzasının mütləq vacibliyi hər hansı qanunvericilik aktında nəzərdə tutulmadığından həmin hal çıxarışın ləğvi üçün əsas ola bilməz. İş materiallarında olan: - Hərracın yekunları barədə 04/02 nömrəli protokoldan görünür ki, ipoteka predmetinin mülkiyyətçisi İddiaçı məxsus, dəyəri 28687.50 manat olan Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzil Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 35/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 46/61 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna və "xxxx" ASC-nin 17 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən hərraca çıxarılmışdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin "xxxx" MMC-yə ünvanlanmış 599 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mənzili Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 45000 manat məbləğin müəyyən olunmaqla hərracın təşkili barədə xx.xx.2020-ci il tarixdə 46/21 saylı məktubla "xxxx" MMC-yə müraciət olunmuşdur. İş üzrə kassasiya şikayəti verildiyi üçün Sumqayıt şəhəri 5-ci məhəllədə yerləşən 1/28 saylı binanın 21 saylı mənzilinin hərracının dayandarılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmttəə Birjasının "xxxx" MMC-yə qarşı hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə Bakl Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin ostonad olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X8 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfinfən verilmiş 29 aprel 2022-ci il tarixli cavab məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən "xxxx" ASC-nin adına olan ünvan 3 ünvanında yerləşən, 21 nömrəli mənzilə dair ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti sizə göndərilir.Əmlak üzərində qadağa qeydiyyata alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Göstərilən Qanunun Məcəllənin 42.8-ci maddəsinə görə hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi hərracın keçirilməsinin nəticələri barədə protokolun icra məmuru tərəfindən təsdiqlənməsi qanunvericilikdə birbaşa nəzərdə tutulmamışdır. Bundan başqa bu hal hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya əsas kimi göstərilməmişdir. Belə olan halda cavabdeh inzibati orqanın mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnu qeydə almaqda haqlı olmuşdur, onun imtina üçün hər hansı əsası olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iş üzrə məhkəmə inzibati məhkəmə icraatının çərçivəsində inzibati orqanın hərəkətlərinin qanuni və ya qeyri-qanuni olmasına qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qeyri-qanunilik müəyyən edilməmişdir. Cavabdeh orqan daxil olan sənədləri tam və əsaslı hesab edərək mənzil üzərində bankın mülkiyyət hüququnu qeydə almışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar