Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-1423/2025 24.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 X14 şöbəsinə qarşı “cavabdehin təhqiqat aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 X14 şöbəsinə qarşı “cavabdehin təhqiqat aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən "xxxx" MMC-nin sabiq işçisi X1 xx.xx.2017-ci il tarixdə səhhətinin pozulması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədilə X4 Abşeron-Xızı Regional şöbəsində Təhqiqat Komissiyası yaradılmış və həmin Komissiyaya iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X12 üzv təyin edilmişdir. Təhqiqat Komissiyasının sədri, X14 şöbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi X8 tərəfindən işəgötürən İddiaçı MMC-nə, nümayəndə qismində X9 Təhqiqat Aktı təqdim edilmişdir. Həmin Təhqiqat aktı sədr və üzvü X14 şöbəsinin məsləhətçisi – əmək müfəttişi X13 tərəfindən imzalanmışdır. Aşağıda sadalanan əsaslara və hüquq normalarına görə həmin Təhqiqat Aktını qanunsuz hesab edir. Belə ki, Təhqiqat Komissiyasının natamam tərtib etdiyi Təhqiqat Aktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarına ziddir; həmin Təhqiqat Aktı mövcud araşdırmanı əks etdirməyən qeyri-obyektiv sənəddir. Hesab edirəm ki, həmin Akt ləğv edilməli və təhqiqat davam etməli, araşdırmanın bütün məlum hallar təsvir edilməli və obyektiv yekun sənəd tərtib edilməlidir. Əvvəla, "xxxx" MMC-nin sabiq işçisi X1 xx.xx.2017-ci il tarixdə zəhərlənməsi bədbəxt hadisə deyildir. Təhqiqat Komissiyası tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmamış və işəgötürən MMC tərəfindən təqdim edilmiş heç bir sübut nəzərə alınmamışdır. NK-nın xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.2-ci bəndində işçilərin səhhətinin pozulması halları sadalanmışdır: əmək vəzifələrini yerinə yetirərkən, həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində və sair. Sabiq işçi N.Məmmədovanın izahatından və digər sənədlərdən də göründüyü kimi səhhətinin pisləşməsi əmək vəzifələrinin icrası zamanı, müəssisədən çıxan zaman baş verməmişdir. Bununla bağlı, sabiq işçi N.G.Məmmədovanın səhhətinin pisləşməsi, 2014-cü il tarixindən etibarən zəhərlənmə, ürəkbulanma və digər şikayətləri ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) və Respublika Toksikologiya Mərkəzinə müraciət edilmişdir. Bu barədə Təhqiqat Komissiyasına və Xidmətə məlumat verilmişdir. Lakin edilmiş müraciətlərə cavab alınmadan, araşdırma üçün xüsusi əhəmiyyət kəsb edən hallar müəyyən edilmədən Təhqiqat aktı tərtib edilmişdir. Hesab edir ki, "xxxx" MMC-nin sabiq işçisi X1 xx.xx.2017-ci il tarixdə zəhərlənməsi əmək fəaliyyəti və istehsalatla əlaqədar deyildir. Komissiyaya işə götürən MMC tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin məktubu ümumiyyətlə Aktda qeyd olunmamışdır. Halbuki Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF PARK” yaşayış kompleksində restoran və digər ictimai-iaşə obyektlərinə dezinfeksiya xidmətlərini həyata keçirən "xxxx" MMC məktubunda bildirmişdir ki, N.Məmmədova heç bir dezinfeksiya işində iştirak etməmiş, dezinfeksiya işləri MMC-nin nümayəndələri tərəfindən həyata keçirilmişdir. Lakin araşdırma zərurəti ilə əlaqədar, "xxxx" MMC-dən müvafiq sənədləri əldə etmədən və ya səlahiyyətli şəxsin izahatını almadan Akt tərtib etmişdir. Bu da səthi araşdırmanın nəticəsidir. Onun tərəfindən N.G.Məmmədovanın “AAAF Park” yaşayış massivi ərazisində əmək fəaliyyətindən kənar, əlavə qazanc məqsədilə qeyri-rəsmi “dezinfektor” kimi fəaliyyət göstərməsi faktı bildirilməsinə baxmayaraq araşdırılmamışdır. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.4-cü bəndinə əsasən, İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü. Nəzərə alınmalıdır ki, “AAAF Park” yaşayış massivi təxminən 30.000 sakini olan, çoxsaylı restoran, tədris-təhsil müəssisələrinin və ictimai-iaşə obyektlərinin yerləşdiyi Kompleksdir. Maddi normanın tətbiqinə əsas yarandığı halda təhqiqat aparılmamışdır. Təhqiqat Aktının 2-ci bəndində qeyd olunur ki, bədbəxt hadisə xx.xx.2017-ci il tarixdə X1 "xxxx" MMC-nin ərazisində dezinfeksiya işləri görülən zaman xlorun iyindən zəhərlənməsi nəticəsində baş vermişdir. Həmin Aktın 3-cü bəndində bədbəxt hadisənin şəraiti təsvir edilən zaman ancaq sabiq işçi N.Məmmədovanın, sonuncunun təqdim etdiyi vətəndaş X3 izahatlarına və “Məhkəmə- Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin “Sağlamlığa zərər vurmanın tətbiqinə dair” 2838 nömrəli xx.xx.2022-ci il tarixli Ekseprtiza rəyinə istinad edilməklə kifayətlənmişdir. Sabiq işçi N.Məmmədovanın ziddiyyətli izahatları dəqiqləşdirilməmişdir. Qeyd olunan hadisəyə heç bir aidiyyatı olmayan vətəndaş X3 izahatına istinad edilmişdir. “Məhkəmə- Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin “Sağlamlığa zərər vurmanın tətbiqinə dair” 2838 nömrəli xx.xx.2022-ci il tarixli Ekseprtiza rəyinə əsasən, müstəntiq tərəfindən qoyulmuş sual (aldığı xəsarətin şikayət olunan tarixə xarakterik olması?) üzrə 2017-ci il tarixdə inhalyasion (tənəffüs yolları) yolla qəbul edilmiş flüor üzvi birləşmələrin təsirindən əmələ gələ bilərdi. Vətəndaşın aldığı xəsarətin digər şəraitdə (əmək fəaliyyətindən kənar) xarakterik olması halı aydınlaşdırılmamışdır. Belə qəbul etmək olar ki, 2017-ci il tarixində vətəndaşın zəhərlənməsi işdən kənar, naməlum şəraitdə də baş verməsi mümkündür. NKnın xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.3-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Lakin Komissiya tərəfindən bununla bağlı hər hansı bir hərəkət görülməmişdir. Komissiya üzrə olaraq o, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) müraciət edərək Komissiyaya (DƏMX) məlumat verməyimə baxmayaraq nəticə gözlənilməmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin 11 dekabr 2020-ci il tarixində açılmış, 20202 nömrəli Məsləhət Vərəqi AXTV əsasən, 1969-cu il təvəllüdlü Nəzmiyyə Məmmədova müvafiq diaqnoz qoyulmaqla “xəstənin psixiatorun nəzarəti məsləhət” görülmüşdür. Xəstə 2019-cu il dövr üçün beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infaktı” və “G45.0 vertebrobazilyar arterial sistem sindromu” diaqnozu ilə terapiya şöbəsində stasionar müalicə almışdır. Ümumiyyətlə, tərəflər arasında mövcud olan, uzun müddətli, təkrarlanan məhkəmə çəkişmələrində iddiaçı N.Məmmədovanın davranışları, emosional və psixoloji-fərqləndirici-dəyişkən hərəkətləri onun səhhətində yaranan problemin zəhərlənmə ilə deyil, üzvi mənşəli dissosiativ pozuntunun (mənbə: AR SN Psixi Sağlamlıq Mərkəzinin 2403 saylı xx.xx.2020-ci il tarixli diaqnozu) olması əlaqəli olması fikrini sürməyə əsas verir. Üzvi mənşəli dissosiativ pozuntu (Multiple-çoxlu) isə insanın şüur səviyyəsində bir-birindən fərqli ən azı iki şəxsiyyətə sahib olması və bu şəxsiyyət strukturları arasında keçidlər yaşaması ilə xarakterizə olunan psixoloji xəstəlikdir. Daha sonra, iddiaçı X2 xəstə qismində 2019-cu il dövr üçün beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infaktı” və “G45.0 vertebrobazilyar arterial sistem sindromu” diaqnozu ilə terapiya şöbəsində stasionar müalicə almışdır. Bu isə nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bunun da zəhərlənmə ilə heç bir əlaqəsi yoxdur. Vertebro-bazilyar sindrom (VBS), vertebro-bazilyar arterial sistem sindromu – bu, bazilyar və ya vertebral arteriyalarda qan axınının zəifləməsi nəticəsində baş beyin fəaliyyətinin pozulmasıdır. Bu hala ümumiyyətlə əhəmiyyət verilməmişdir. Müddətli və müvəqqəti yaradılan Təhqiqat komissiyasının funksiyası hadisənin araşdırılması, onun bədbəxt hadisə olub-olmamasını müəyyən etməkdir. Abşeron rayon Saray Ailə Sağlamlıq Mərkəzinin "xxxx" MMC-nə ünvanlanmış məktubundan da görünür ki, “xx.xx.1969-cu il təvəllüdlü X2 2017-ci ilin dekabr ayında Saray qəsəbə xəstəxanasına zəhərlənmə ilə müraciət etməmişdir. Xəstə 2019-cu il dövr üçün beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infaktı” və “G45.0 vertebrobazilyar arterial sistem sindromu” diaqnozu ilə terapiya şöbəsində stasionar müalicə almışdır.“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarında Təhqiqat komissiyasının işinin təşkili ilə əlaqədar müvafiq müddətlər müəyyən edilmişdir. Komissiyasının aktında araşdırma müddətinin uzadılması, müddətin sərəncam (əmr) verən orqan tərəfindən artırılma əks olunmamışdır....Cavabdehin hərəktləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı münasibət bildirməmişdir.Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək, təhqiqat aktının inzibati akt olmaması səbəbindən iddianın mümükün sayılmamasını məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. X1 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatətlərinə münasibətdə bildirirlir ki, hazırkı iş üzrə iddia tələbi mümkün sayılmadığından onun üçüncü şəxs qismində cəlb edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmədi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır.İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2). Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İşdən göründüyü kimi iddiaçının əməkdaşı olan üçüncü şəxs istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Cavabdeh isə öz səlahiyyətləri daxilində "xxxx" MMC-də araşdırma aparmış və aparılmış təhqiqatın nəticəsinə dair təhqiqat aktı tərtib etmişdir. İddiaçı həmin aktın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda göstərilmişdir ki, bu Qaydalar “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrası olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsinin və uçota alınmasının vahid qaydasını müəyyən edir (giriş hissə). Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X11 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X11 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır (2.1.). Təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər (3.1.). Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib təhqiqat aktında göstərməlidir (4.1.). Qeyd olunan normalardan görünür ki, təhqiqat aktı əməyin təhlüksizliyinə nəzarət edən orqan tərəfindən aparılmış araşdırmanın nəticələrini özündə əks etdirən bir sənəddir. Həmin sənəd müəyyən məsələnin həllinə yönəlməyib, konkret şəxs və ya şəxslər dairəsinə ünvanlanmayıb və məcburi hüquq və vəzifələr yaratmır. Təhqiqat aktı inzibati aktın xarakterik xüsusiyyətlərini özündə əks etdirmədiyi üçün inzibati akt sayıla bilməz və inzibati qaydada mübahisələndirilə bilməz. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 X14 şöbəsinə qarşı “cavabdehin təhqiqat aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X18
Məhkəmə qərarları › İş №e-2-1(118)-1423/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-1423/2025
24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver