Məhkəmə qərarları › İş №e-2-1(118)-1428/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1428/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1428/2022 29.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin rəisinin müavini-X1 xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək onun ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində gizir kimi həqiqi hərbi xidmətə başlamış, xx.xx.2018-ci il tarixdə xidmətini davam etdirmək üçün X6 Məntəqəsinə nəzarətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixədək X6 Məntəqəsində nəzarətçi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə xidmət yeri DSX-nın Qazax rayonunda yerləşən N nömrəli hərbi hissəsinə (kəşfiyyatçı vəzifəsinə), xx.xx.2021-ci il tarixdə Füzuli rayonunda yerləşən N nömrəli hərbi hissəsinə (taqım komandiri vəzifəsinə), xx.xx.2021-ci il tarixdə Qubadlı rayonunda yerləşən N nömrəli hərbi hissəsinə (taqım komandiri vəzifəsinə) dəyişdirilmişdir. xx.xx.2021-ci ildə DSX-nın N nömrəli hərbi hissəsindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. N nömrəli hərbi hissədə hərbi xidmət etdiyi vaxt xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri raportla müraciət edərək onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə müraciət məktubunun N nömrəli hərbi hissəyə çatdırılması barədə poçt xəbərnaməsi ona verilmişdir. Lakin xx.xx.2021-ci ilədək nə ehtiyata buraxılmamış, nə də raportuna rəsmi cavab verilməmişdir. Şifahi müraciətlərinə də müsbət cavab verilməmişdir. Komandanlıq tərəfindən ona ehtiyata buraxılmağın yeganə yolunun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə ehtiyata buraxılmaq istəməyi barədə müraciət etmək olduğu bildirildi. İlk müraciətinə heç bir cavab verilmədiyini və ehtiyata buraxılmaq məsələsinin həll olunmadığından xx.xx.2021-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə ehtiyata buraxılmaq istəməyi barədə hərbi hissə komandirinə raportla müraciət etmiş və həmin maddə ilə də Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək onun ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmr vermələrini xahiş etmiş, Dövlət Sərhəd Xidməti ona xx.xx.2021-ci il tarixli məktubla müraciəti təmin olunmasından imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, DSX- nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır.Belə ki, sabiq hərbi qulluqçu İddiaçı 07 sentyabr 2021-ci il tarixdə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını, buraxılacağı təqdirdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsinə ehtiyacı olmadığını və hərbi qeydiyyata götürülmək üçün şəxsi iş materiallarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsinə göndərilməsini xahiş etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə raportla müraciəti əsasında İddiaçı ilə söhbət aparılmış, xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, ona qalıb xidmət etməsi təkılf olunsada o, fikrində qəti olduğunu, xidmət etmək arzusunda olmadığını, eyni zamanda hərbi hissədə hər-hansı bır şəxsə qarşı iddiasının olmadığını, ehtiyata buraxıldıqdan sonra Dövlət Sərhəd Xidmətində yenidən xidmətə qəbul edilməsi üçün müraciət etməyəcəyini bildirmişdir, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və digər normativ hüquqi aktların tələbləri İddiaçı nəzərinə çatdırılmış, ona ehtiyata ehtiyata buraxılması barədə qərar verməyə tələsməməsi barədə tövsiyyələr verilmiş, fikrinin dəqiqləşdirilməsi üçün vaxt verilmiş, lakin ikinci söhbətə ehtiyacının olmadığını bildirərək tez bir zamanda Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı Mütalıb oğlu 07 sentybar 2021-ci il tarixli raportu əsasında Dövlət Sərhəd Xidməti rəisinin müavini, X3 xx.xx.2021-ci il tarixli, 682 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş raportun, söhbət vərəqələrinin, X3 xx.xx.2021-ci il tarixli, 682 ş/h nömrəli əmrin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun müvafiq əmrin verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xidmət hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin dövrdə Xidmətin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Dövlət Sərhəd Xidməti hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının qeydiyyatda olduğu yer Abşeron rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini X3 xx.xx.2021-ci il tarixli, 682 ş/h nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, gizir Əliyev X5 Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarına əlavə edilmiş gizir İddiaçı ilə aparılmış 07 sentyabr 2021-ci il tarixli söhbət haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, söhbət zamanı onun xidməti fəaliyyəti ətraflı təhlil edilmiş, şikayət və təklifləri dinlənilmişdir. İddiaçı hərbi xidmətini davam etmək arzusunda olmadığını və tərxis olunmaq istəyinin təmin olunmasını israrla xahiş etmişdir. Həmçinin gizir İddiaçı ordu sıralarından tərxis olunancağı tədqirdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən, yəni xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılacağı bildirilmiş və qeyd olunanlarla razılaşaraq arayışı imzalamışdır. İş materiallarına əlavə edilmiş gizir İddiaçı tərəfindən verilmiş raportun təsdiq edilmiş surətindən görünür ki, o, 82 mm-lik minatan divizion komandiri Müşfiq Quliyevə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən DSX-dən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmiş, Sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar həkim komissiyasında şəhadətləndirilməyə, müalicə və müayinəyə ehtiyacı olmadığını bildirmişdir. Onun Silahlı Qüvvələrdən qısa müddətdə ehtiyata buraxıldığı təqdirdə sənədlərinin SHXÇDX-nın Abşeron rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təstiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.10.3-cü bəndinə əsasən gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olullar. Həmin Qaydadaların 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Həmin Qaydaların 3.23-cü bəndinə əsasən hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir. Həmin Qaydaların 3.25.2-ci bəndinə əsasən gizirlər və miçmanlar üçün - 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır; Yuxarıda sadalanan normalarda ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların hansı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları müəyyən edilmişdir ki, onlardan biri də hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətməsi, törətdiyi cinayətlə əlaqədar məhkum olunması, səhətinin xidmətə yol verməməsi, attestasiyanın nəticələrinin mənfi olması və qanunvericiliklə müəyyən olunmuş digər səbəblərlə əlaqədar xidməti uyğunsuzluqla bağlıdır. Nəzərə alınmalıdır ki, İddiaçı üzərinə götürdüyü öhdəliyə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında üzərinə düşən vəziləri 5 il müddətinə yerinə yetircəyinə dair üzərinə öhdəlik götürmüşdür, lakin o,vaxtından əvvəl bağlaşmanın ləğv edilməsini tələb etmişdir. Qeyd olunan bağlaşmanın ləğvi qaydası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir və həmin maddələrin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzuları ilə ehtiyyata buraxıla bilər. Hesab olunur ki, qeyd olunan Qanunun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün nəzərdə tutulmuş hər hansı digər halın İddiaçı mübasibətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq edilməsi düzgün olmazdı. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun məhz xidmətə uyğun olmadığı qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin mövqeyinə görə hazırkı halda mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi halda, iddiaçı tərəfindən mübahisəli əmrdə dəyişiklik edilərək, onun verilməsinə əsas kimi «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) qeyd olunması üçün yetərli əsasların olması iş üzrə müəyyən olunmur. İddiaçı tərəfindən komandanlığa birinci dəfə müraciətinin onun ordu sıralarından «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsi ilə tərxis olunmasına dair gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, sonradan onun tərəfindən 41.0.6-cı maddə ilə tərxis olunma ilə bağlı verdiyi ərizə ilə ilkin ərizə öz əhəmiyyətini itirmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı halda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin X3 xx.xx.2021-ci il tarixli, 682 ş/h nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə təsdiq edilmədiyindən iddia əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin rəisinin müavini-X1 xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək onun ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar