Məhkəmə qərarları › İş №e-2-1(118)-1477/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-1477/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-1477/2023 28.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunması üçün müsbət qərar qəbul edilməsi və bu istiqamətdə lazımi tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunması üçün müsbət qərar qəbul edilməsi və bu istiqamətdə lazımi tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə hərbi xidmətə çağırılmış, 44 günlük Vətən müharibəsində iştirak etmişdir. O, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində pulemyotçu kimi iştirak etmişdir. Düşmınin əraz anbarını parlatmış, verilən bütün döyüş tapşırıqlarını layiqincə icra etmişdir. xx.xx.2020-ci il tarixdə ayağı düşmənin aşdığı mimomyotdan açdıöı atəş nəticəində yaralanmış, Beyləqan rayonu ərazisində salınmış Xocavənd rayon Xəstəxanasında 3 gün ərzində müalicə alaraq, xx.xx.2020-ci il tarixdə yenidən cəbhəyə yollanmışdır. Ağrıları şiddətləndiyindən xx.xx.2020-ci il tarixdə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına yerləşdirilmiş, xx.xx.2020ci il tarixdə hospitaldan çıxdıqdan sonra Xocavəndə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. O, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə fəal iştirak etməsinə baxmayaraq müvafiq medallarla təltif edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdi və iddia ərziəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütovlüyü uörunda gedən döyüşlərdə “Füzulinin azad olunmasına görə “ və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunması üçün N nömrəıi hərbi hissə tərəfindən yuxarı komandanığıa rəsmi olaraq müraciət olunmuş və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli 523 nömrəli məktubla məlumat verilmişdir. İddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması halı mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyası Maddə 109. 23-cü bəndi Azərbaycan Respublikası Prezidenti dövlət təltifləri ilə təltif edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 16.2. Xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə hərbi qulluqçuların mükafatlandırılma hüququ vardır, vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər. Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may 2004-cü il tarixli 223 №li Əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimat Maddə 3. Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikası orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenlərinin statusuna və medalları haqqında əsasnamələrə uyğun olaraq (Əlavə №1) hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimzəməyə qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. Maddə 7. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. X2 səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Maddə 10. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiyada baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. ...hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. ...təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. ...kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Füzulinin işğaldan azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə Maddə 1. “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Müvafiq müddəalar Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Cəbrayılın işğaldan azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qeyd olunan qanunvericilik normalarının tələbindən görünür ki, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Qanuna əsasən göstərilən medallar müvafiq rayonların işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Həmçinin, qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən hərbi qulluqçular vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər, müvafiq medalla təltif edilmə isə məhz Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Eyni zamanda qeyd olunmalıdır ki, hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi ilə bağlı sənədlərin hazırlanması qaydaları və proseduru, təltif edilmə ilə bağlı təqdimatın verilməsi və təltif edilmə ilə bağlı qaydalar müvafiq Təlimatda öz əksini tapmışdır. Belə ki, ilk öncə müvafiq təltif sənədlərin hazırlanması və tərtibi həyata keçirilir ki, bununla bağlı ümumi rəhbərliyi müvafiq cavabdeh inzibati orqanın kadrlar idarəsi tərəfindən həyata keçirilir. Daha sonra həmin sənədlərə müvafiq komissiyada baxıldıqdan sonra müsbət qərar qəbul olunduğu halda, həmin təltif sənədləri Azərbaycan Respublikası Müdafiə nazirinə təqdim olunur, haqqında müsbət qərara qəbul edilmiş təqdimatlar əsasında medal ilə təltif olunma barədə Azərbaycan respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Azərbaycan Respublikasının orden və medalları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir. Göründüyü kimi, hərbi qulluqçuların müvafiq medalla təltif eidlməsi məhz Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə aid olmuş, yalnız həmin təltif sənədlərinin hazırlanması və bununla bağlı təqdimat verilməsi cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur ki, hazırki işin halarına görə iddiaçının təltif olunması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Məhkəmə qeyd edir ki, göstərilən Əsasnamənin tələblərinə görə hərbi qulluqçuların təltif edilməsinə əsas həmin rayon uğrunda gedən döyüşlərdə iştirak etməsi halı ilə yanaşı, həmçinin, onların göstərdiyi igidlik, şücaət göstərilməsi halları olmuşdur. Eyni zamanda hərbi qulluqçuların medalla təltif edilməsi ilə bağlı qaydalarda da şəxsin medalla təltif olunması onun xidməti vəzifələrinin icrası zamanı göstərdiyi rəşadət, fədakarlıq və digər xidmətlərinin olması kimi hallarla əlaqələndirilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hərbi qulluqçuların həmin medalla təltif edilməsi əsası kimi çıxış edən hərbi qulluqçunun şücaət və igidlik göstərməsi halı məhz cavabdeh iznibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməklə, onun xüsusi diskression səlahiyyət forması kimi qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunması üçün müsbət qərar qəbul edilməsi və bu istiqamətdə lazımi tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunması üçün müsbət qərar qəbul edilməsi və bu istiqamətdə lazımi tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar