Məhkəmə qərarları › İş №e-2-1(118)-160/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-160/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-160/2025 07.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 10 fevral 2023-cü il tarixli, **********926700 saylı, 10 fevral 2023cü il tarixli, **********927400 saylı və 20 fevral 2023-cü il tarixli, **********994000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf daha sonra məhkəməyə vəsatətlə müraciət edərək, iddia tələbinə dair mübahisənin aradan qalxdığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli, **********189562 saylı qərara əsasən dekabr 2017-ci il – oktyabr 2024-cü il tarixlərini əhatə edən səyyar vergi yoxlaması keçirilmiş, yoxlama nəticəsində 9 aprel 2025-ci il tarixli, **********190745 saylı səyyar yoxlama aktı və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 may 2025-ci il tarixli, **********194292 saylı qərar qəbul edilmişdir. Müvafiq qərar əsasında hazırkı mübahisənin predmeti olan 2021-ci ilin gəlir vergisi üzrə hesablanmış 2.250.925,79 manat gəlir vergisi artıq hesablandığı üçün azaldılmış, əlavə dəyər vergisi ümumiyyətlə ləğv edilmiş, hazırkı icraatda olan iş üzrə mübahisələndirilən qərarın mübahisələndirilməsinə səbəb olan şərait aradan qalxmışdır. Məhkəmənin 6 oktyabr 2025-ci il tarixli sorğusuna cavab olaraq, cavabdehin 4 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş 20 oktyabr 2025-ci il tarixli, 3-21-2-9/2-205626/2025 saylı məktubunda qeyd olunmuşdur ki, “2021-ci ilin aprel ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanılmış 155.505,66 manat və 2021-ci ilin dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanılmış 10.899,86 manat vergi məbləğləri səyyar vergi yoxlamasına əsasən tərtib edilmiş 9 aprel 2025-ci il tarixli, **********190745 nömrəli akta əsasən qüvvədə saxlanılmışdır. Həmçinin 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanılmış 2.250.925,79 manat vergi məbləğinin 2.212.487,34 manat hissəsi həmin akta əsasən azaldılmış və əlavə 38.438,45 manat vergi məbləği qüvvədə saxlanılmışdır” qeyd olunsa da, cavabdeh inzibati orqan bu xüsusatları Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən tərtib edilmiş 9 aprel 2025-ci il tarixli, **********190745 nömrəli səyyar vergi yoxlaması aktına istinad etməklə faktiki olaraq mübahisələndirilən hər 3 kameral vergi yoxlamasının nəticəsi barədə qəbul edilmiş qərarların qüvvədə olmadığını bəyan etmişdir. Həmçinin eyni tərəf, eyni predmetlə bağlı Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmuş (İddiaçı 2022-ci il gəlir vergisi və 2022-ci ilin ƏDV üzrə vergi mübahisəsi üzrə) iş üzrə də cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd olunan oxşar məzmunlu məhkəmənin sorğusuna cavab məktubu təqdim edilmişdir. Nəticədə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)- 348/2025 saylı, 31 oktyabr 2025-ci il tarixli qərardadı ilə iddia tələbi üzrə mübahisənin aradan qalxdığından İPM-nin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, həmçinin təqdim edilmiş vəsatəti müdafiə edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi vəsatət təmin edilərək, iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPMin 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş vəsatəti nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarın mübahisələndirilməsinə səbəb olan şəraitin aradan qalxmasına əsas verən hal - mübahisənin predmeti olan 2021-ci ilin gəlir vergisi üzrə hesablanmış 2.250.925,79 manat gəlir vergisi artıq hesablandığı üçün azaldılması, əlavə dəyər vergisinin isə ümumiyyətlə ləğv edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 9 aprel 2025-ci il tarixli, **********190745 nömrəli “Səyyar vergi yoxlaması aktı”ndan görünür ki, 17 dekabr 2024-cü il tarixli, **********189562 saylı qərarına əsasən həmin İdarənin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi tərəfindən iddiaçı üzrə “sadələşdirilmiş vergi: 4-cü rüb 2017-ci il – 3-cü rüb 2024-cü il, aksiz vergisi: dekabr 2017-ci il – oktyabr 2024-cü il, əlavə dəyər vergisi: dekabr 2017-ci il – oktyabr 2024-cü il, mədən vergisi: dekabr 2017-ci il – oktyabr 2024-cü il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: 4-cü rüb 2017-ci il - 3-cü rüb 2024-cü il, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), əmlak vergisi: 2017-ci il – 2023-cü il, gəlir vergisi: 2017-ci il – 2023-cü il, torpaq vergisi: 2017-ci il – 2024-cü il, ödəmə mənbəyində tutulan vergi: 4-cü rüb 2017-ci il – 3-cü rüb 2024-cü il, yol vergisi: 2017-ci il – 2023-cü il” tədiyyə və dövrlərdə Azərbaycan Respublikası Vergi məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Eyni zamanda, iddiaçı tərəfin istinad etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 15 may 2025-ci il tarixli, **********194292 nömrəli qərarına əsasən iddiaçı vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmiş, eyni zamanda xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən yoxlama ilə əhatə olunan dövr üzrə əldə olunmuş gəlirə 20% şərti rentabellik tətbiq etməklə 2021-ci il üzrə 1.713.936 manat (ƏDV-siz) gəlirə görə 57.131,20 manat (1.713.936/120 x 20 x 20%), 2022-ci il üzrə 44.951.675.75 manat (ƏDV-siz) gəlirə 1.498.389,17 manat (44.951.675,75/120 x 20 x 20%) və 2023-cü il üzrə 111.272,38 manat ƏDV-siz gəlirə görə 3.709,08 manat (111.272,38/120 x 20 x 20%) olmaqla cəmi 1.559.229,45 manat (57.131,20 + 1.498.389,17 + 3.709,08) gəlir vergisi hesablanmış, nəticədə səyyar vergi yoxlaması ilə fərdi sahibkara kameral qaydada 2021-ci il üzrə 2.212.487,34 manat (2.269.618,54 – 57.131,20), 2022-ci il üzrə 1.621.967,11 manat (3.120.356,28 – 1.498.389,17) və 2023-cü il üzrə 1.079.783,79 manat (1.083.492,87 – 3.709,08), cəmi 4.914.238,25 manat (6.473.467,69 – 1.559.229,47) gəlir vergisinin artıq hesablandığı müəyyən edilmişdir. İPM-in: 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər; 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər; 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hazırki iş üzrə iddiaçı tərəfin artıq iddia üzrə icraatın davam etdirilməsinə marağının olmamasını nəzərə alaraq, hesab edir ki, onun tərəfindən verilmiş vəsatət təmin edilməli və iş üzrə icraata İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və İPM-in 67, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********926700 saylı, 10 fevral 2023-cü il tarixli, **********927400 saylı və 20 fevral 2023cü il tarixli, **********994000 saylı qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar