Məhkəmə qərarları › İş №e-2-1(118)-163/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-163/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-163/2024 06.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. İş materiallarına əlavə edilən AT-İV № ******* əmək kitabçasından da göründüyü kimi o, həqiqətən də 1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sumqayıt Politexnik Texnikumunda texnik-elektromexanik peşəsi üzrə təhsil almışdır. 16 aprel 1985-ci il tarixdən 57 saylı sexə kip avtomatika priborları üzrə elektoslesar vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək 57 saylı sexə kip avtomatika priborları üzrə 3 dərəcəli elektroslesar vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 01 saylı sexdə 4 dərəcəli elektrik montyoru, xx.xx.2006ci il tarixdən-xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də katibə referent, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində satış üzrə menecer vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixədək olan müddət üçün ümumilikdə 26 ildən artıq sosial sığorta stajı var və bu müddətin 23 il 05 ay 23 günü yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləmişdir. Belə ki, çalışdığı 3-cü dərəcəli elektroslesar və daha sonra 4-cü dərəcəli elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın X bəndinə “Kimya istehsalatı” 2110B000-1753a peşələr bölməsinin təsiri altına düşür. İddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. O, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Ona ünvanlanmış 19 may 2022ci il tarixli **********2 nömrəli cavab məktubu ilə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 53760,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17253,92 manat təşkil edirdi. Buna görə də həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 4 ay 10 gün (xx.xx.1985- xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 2 il 8 ay), güzəştli iş stajı isə 18 il 2 ay 17 gün (xx.xx.1986-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək bildirmişdir ki, İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 4 ay 10 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 2 il 8 ay), güzəştli iş stajı isə 18 il 2 ay 17 gün (xx.xx.1986-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyasına əsasən qadınların pensiya yaşı 58 yaş müəyyən edildiyindən İddiaçı güzəştli şətlərlə yaşa görə əmək pensiyası təyin etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. - İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1985-xx.xx.1993-cü il tarixlərdə 57 saylı sexdə, xx.xx.2001-xx.xx.2006-cı il tarixlərdə 01 saylı sexdə, xx.xx.2006-xx.xx.2008-ci il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2008xx.xx.2009-cu il tarixlərdə "xxxx" MTK- işləmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 13 nömrəli arayışdan görünür ki, İddiaçı 57-ci sexdə və 01 İstehsalatda elektro montyoru və kip avtomatika priborları üzrə elektrolesar vəzifələrində işləmiş və müəssisə işləmədiyinə görə xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixinə kimi boşdayanmaya buraxılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 14 nömrəli arayışdan görünür ki, İddiaçı 16 aprel 1985-ci ildə 57 saylı sexə kip avtomatika priborları üzrə elektroslesar vəzifəsinə işə qəbul edilmişdir. Əmr № 74 xx.xx.1985 Əmr № 86 xx.xx.2001-ci il tarixdən 01 saylı sexdə elektrik mantyor vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2№-li siyahısının X bəndinin 2110 Б 000-1753A üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. - Məhkəmə sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2001-2006-cı illərə aid əmək haqqı cədvəllərə arayış və kadrlar şöbəsində saxlanılan t2 kartoçkasına əsasən boş dayanma haqqında arayış məhkəməyə göndərilmiş və həmin vaxta aid əmrlərin surətləri saxlanılmamışır. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 07 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı ildən “Sumqayıt Məişət Kimyası” İB-yi indiki "xxxx" ASC-də 57 saylı sexinə işə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixinə qədər boş dayanmada olmuşdur. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti məktubdan görünür ki, İddiaçı tərəfindən 1983-cü ildən xx.xx.1986-cı il tarixədək olan dövrdə əyani təhsil alması barədə arayış Mərkəzi Filiala təqdim edilmədiyi üçün həmin dövrün onun ümumi stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdə adıçəkilən şəxsin xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyətinin olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, Mərkəzi Filiala təqdim edilən "Azərbaycan Məişət Malları’’ ASC-nin İddiaçı dair arayışında qeyd olunanlara əsasən, müəssisə fəaliyyətini dayandırdığı üçün xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr adıçəkilən şəxsin sosial sığorta stajına daxil edilməmişdir. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasınin Milli Arxiv İdarəsinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Sumqayıt şəhər Politexnik Texnikumunda 1983-xx.xx.1986-cı illərdə təhsil almışdır. - Məhkəmənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1986-cı il tarixləri arasındakı dövr üzrə təhsil aldığı müddətlərin əyani olub-olmamasını təsdiq edən sənədlər Mərkəzi Filiala təqdim edilməmişdir. Bu səbəbdən də, həmin dövrün onun stajına daxil edilməsi mümkün deyil. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı tamam olmadığından, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyası təyin edilə bilməz. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının mövcud olması tələb olunur ki, iddiaçı həmin kapitala malik deyildir. Bununla bağlı ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Halbuki, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Hazırki iş üzrə cavabdeh iddiaçının güzəştli (xüsusi) stajını mübahisələndirməyərək qəbul edir, yalnız onun ümumi stajının 25 ildən az (21 il 4 ay 10 gün (xx.xx.2006-cı ildən sonrakı 2 il 8 ay daxil olmaqla)) olmasına istinad edərək imtina cavabı verir. Halbuki, bu tələb kişilərə aid tələbdir, qadınlara 52 yaşından əmək pensiyasının tələb olunması üçün onların xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi və 10 il xüsusi staja malik olması tələb edilir. Burada məhkəmə xüsusilə onu vurğulamağı zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1983-cü il tarixli 150-s saylı Sumqayıt Politexnikum Texnikimuna qəbul edildiyi və onun xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin texnikumda təhsil alması nəzərə alınmamışdır. Belə ki, cavabdeh iddiaçının əyani şöbədə təhsil alması barədə sənəd təqdim edilmədiyinə istinad etmişdir. Məhkəmənin bununla bağlı verdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1983cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin texnikumda əyani şöbədə təhsi almışdır. Lakin məhkəmə iddiaçının xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başladığını və həmin dövrün onun iş stajına daxil edildiyini nəzərə alaraq hesab edir ki, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr onun sosial sığorta stajına daxil edilməlidir ki, bu halda da qanunun xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi stajı tələbi yetirilmiş olur. Belə ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il (əmək fəaliyyətinə başladığı tarix) tarixədək təhsil aldığı dövr ( 1 il 6 ay 15 gün) xx.xx.2006-cı il tarixədək cavabdehin mübahisiləndirmədiyi 18 il 6 ay 10 gün müddətinə əlavə edildikdə 20 il 15 gün alınır ki, bu da ona 52 yaşından əmək pensiyasının təyin olunması üçün əsas verir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qeyd edilən sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın İİ bəndinin B yarımbəndində də nəzərdə nəzərdə tutulmuşdur. Berləliklə, iş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 10 il xüsusi və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablamaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. Bu səbəbdən iddiaçıya müraciətindən əvvəlki üç ildən əvvələ olan dövr üçün pensiya hesablana bilməz. İş materiallarından görünür ki, iddiaçının 52 yaşından əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdə yaransa da, o, bununla bağlı cavabdeh inzibati orqana ilk dəfə 23 fevral 2022-ci il tarixdə müraciət etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 23 fevral 2022-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar