Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1675/2025 11.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” qərarın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə qərarların ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 11 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyun 2024-cü il tarixli, **********369300 nömrəli qərardan görünür ki, İddiaçı münasibətdə 2022-ci il hesabat dövrü üzrə gəlir vergisinə dair təqdim edilmiş bəyannamə, hesabat üzrə tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 15 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 13.135,50 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 13.120,50 manat olaraq göstərilmişdir.
2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 tarixli, 3-21-2-9/2-86762/2024 nömrəli qərarından görünür ki, İddiaçı münasibətdə 2022-ci il hesabat dövrü üzrə gəlir vergisinə dair təqdim edilmiş bəyannamə, hesabat üzrə tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 2.180 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 13.135,50 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 10.955,5 manat olaraq göstərilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı göndərilmiş “Riskli əməliyyatların araşdırılması barədə” məktubu.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyun 2024-cü il tarixli, **********369300 nömrəli qərardan görünür ki, İddiaçı münasibətdə 2022-ci il hesabat dövrü üzrə gəlir vergisinə dair bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 13.135,50 manat məbləğində hesablanmışdır.
5. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********260900 nömrəli, 30 may 2024-cü il tarixli, **********137800 nömrəli məktublar.
6. İddiaçı münasibətdə 2022-ci il hesabat dövrü üzrə gəlir vergisinin bəyannaməsi və 1- 3 nömrəli əlavələri.
7. İddiaçı şəxsi hesab vərəqəsi.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlavə vergilərin hesablanmasına əsas olmuş cavabdehin 25 iyun 2024-cü il tarixli, **********69300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbinin əsası ondan ibarətdir ki, cavabdehin 25 iyun 2024-cü il tarixli, **********69300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında iddiaçıya 2022-ci il üzrə 13.120,50 manat həcmində əlavə gəlir vergisi hesablanmışdır. Həmin qərara əsasən fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərinin qəbul olunmadığı əks olunmuşdur. Qeyd olunan yanaşmaya əsas kimi isə vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərini təsdiq edən sənədlərin (elektron qaimə-fakturalar) olmadığı əsas götürülmüşdür. Bundan başqa, vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2022-ci ilin mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən qəbul olunmayaraq, vergi orqanı tərəfindən bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən 2022-ci il ərzində “Yanğın qum şiti” təqdim edilməsi ilə bağlı "xxxx" QSC-yə (VÖEN: **********) 53.745,00 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 5.000 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 6.850 manat və "xxxx" MMC-yə (VÖEN: **********) 480 manat olmaqla, ümumilikdə 66.075 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, 2022-ci il ərzində bank hesabına satılmış mallarla bağlı 53.745 manat vəsait mədaxil edildiyi, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə-faktura və elektron alış aktlarının əldə edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı, yəni təsdiqedici sənədlərlə alınmayan malların satıldığı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına əsasən 2022-ci il ərzində vergi ödəyicisinin işçisinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, vergi orqanı tərəfindən 2022-ci il üçün gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində 66.075 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1226.2-ci (Sosial sığorta haqları) sətrində 397,50 manat qeyd edildiyi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - “VM”) 102.1.30-cu maddəsinə əsasən gəlir və xərclərinin uçotunun həmin məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı üçün VM-in qeyd olunan maddəsi ilə müəyyən edilmiş güzəşt hüququnu itirmiş hesab edildiyini nəzərə alaraq, 13.135,50 manat gəlir vergisi məbləği hesablanmışdır. 19 oktyabr 2023-cü il tarixdə vergi orqanı tərəfindən vergi ödəyicisinin Sumqayıt şəhəri, 11 mikrorayon, Çerkassi küçəsi, Zəngəzur avtoservisin yanında yerləşən təsərrüfat subyektində (obyektində) müşahidə baxış keçirildiyi, qeyd olunan təsərrüfat subyektinin A.K.Mamedov və A.N.X3 Mərdan Firmasına (VÖEN: 9********) məxsus olduğu, müşahidə baxış zamanı təsərrüfat subyektinin boş olduğu, Firmanın rəhbəri X1 izahatına əsasən fərdi sahibkar İddiaçı təqribən 2 il əvvəl obyektən çıxdığını bildirdiyi müəyyən edilmişdir. Vergi orqanı hazırkı mübahisə predmeti olan qərarı onunla əsaslandırmışdır ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyəti həyata keçirən zaman təqdim etdiyi malların əldə edilməsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Bu baxımdan, vergi ödəyicisinin təqdim etdiyi malların ümumi dəyəri gəlir hesab olunmaqla 20% dərəcə ilə gəlir vergisi hesablanmışdır. Bildirilir ki, vergi orqanının yanaşması tamamilə əsassızdır. Belə ki, vergi orqanı tərəfindən vergilər hesablanarkən qanunun normasına deyil, subyektiv “məqsədəmüvafiqlik” prinsipinə üstünlük verilmişdir. Çünki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 66.075 manat məbləğin tam olaraq gəlir kimi qəbul edilməsi, heç bir xərcin çəkiləməməsinin iddia olunması və 13.120,50 manat gəlir vergisi hesablanmasının heç bir iqtisadi əsası yoxdur, vergitutmanın ümumi, bərabər və ədalətli olması prinsipinə ziddir. Qanunvericiliyə əsasən vergi orqanı özü qeyd olunanları tətbiq edərək vergiyə cəlb olunan gəliri müəyyən etməli olduğu halda, bunu yerinə yetirmədiyi üçün iddiaçı könüllü şəkildə şərti rentabellik normasına uyğun bəyannamə təqdim edərək, gəlir vergisi məbləğini hesablamışdır. Vergi orqanı isə həmin bəyannaməni təsdiq etmək əvəzinə, yenidən xalis gəlir məbləğini gəlir vergisinə cəlb etmiş və qərar qəbul edərək, əlavə olaraq 13.120,50 manat gəlir vergi hesablamışdır. Vergi orqanı əgər xərcləri qəbul etmirsə, demək ki gəliri də qəbul etməməlidir, yox əgər gəlir qəbul olunursa, demək ki onun formalaşmasında xərc iştirak etmişdir. Çünki, gəliri formalaşdıran əmtəə maldır, xidmət və ya iş deyildir.
10. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, 149, VM-in 36.2, 53.4, 58.16, 67.1, 67.14, 83.9, 109.9, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı Qərarına, prosessual hüquqi əsası kimi 2.2.3, 8.1.2, 13, 33.2, 54.1-ci maddələrinə istinad edilmişdir.
11. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, əlavə vergilərin hesablanmasına əsas olmuş cavabdehin 29 dekabr 2024-cü il tarixli, 3-21- 2-9/2-86762/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 6 fevral 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
14. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçı 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 5.190,96 manat vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə qarşılıqlı əlaqələrin təhlili nəticəsində 2022-ci il üzrə gəlir və (və ya) xərclərinin olmasına baxmayaraq, həmin dövr üzrə mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 20 iyul 2023-cü il tarixli, **********260900 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən, kameral vergi yoxlamasına əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 13.135,50 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 2 avqust 2023-cü il tarixli, **********295600 nömrəli “Analoji hesablama barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 12 sentyabr 2023-cü il tarixli göstəricisiz dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, 16 oktyabr 2023-cü il tarixli, **********628500 nömrəli “Elektron kameral hesablama barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 24 may 2024-cü il tarixli dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, uçot məlumatları düzgün tərtib edilməmişdir. Təqdim edilmiş dəqiqləşdirilmiş 2022ci ilin gəlir vergisi bəyannaməsi üzrə müvafiq sətirlərdə göstərilmiş xərclərin cəmi məbləği ilə (66.000 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0,00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (0,00) istisna olmaqla) və alış aktlarının məbləği (0,00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0,00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0,00 manat) bəyannamənin 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (0,00 manat) məbləğin müqayisəsi nəticəsində 66.000 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar 30 may 2024-cü il tarixli, **********137800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə 25 iyun 2024-cü il tarixli, **********369300 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir.
16. Etirazın maddi hüquqi əsası kimi VM-in 16.1.3, 16.1.6, 16.1.7, 37.2, 37.2-1, 37.3, 37.4, 67.1, prosessual hüquqi əsası kimi isə İPM-in 48.2-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakları və izahatları:
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
22. Məhkəmənin əvvəlki tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X2 etiraz dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
24. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
25. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
26. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq:
28. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər (-) 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları (-) 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. (-) 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. (-)
Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: (-) 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; (-)
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; (-) 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; (-) 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. (-)
Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (-) 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. (-) Maddə 62. Şikayət verilməsi qaydası (-) 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir.
Maddə 64. Məhkəməyə verilmiş şikayətlərə baxılma Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (-)
29. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi
30. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını yuxarıda sadalanmış maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
31. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, cavabdeh orqan 2022-ci il üzrə mənfəət vergisini hesablayaraq, gəlirləri nəzərə alaraq, xərcləri, onlara dair sənədlərin mövcud olmadığından, nəzərə almamış, bununla da şərti rentabellik normasının tələblərini pozmuşdur (§9).
32. Cavabdeh orqanın etirazının əsaslarına görə, kameral vergi yoxlamasına əsasən iddiaçının 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 13.135,50 manat vergi məbləği hesablanmış, lakin iddiaçı tərəfindən 24 may 2024-cü il tarixli təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə uçot məlumatları düzgün tərtib edilməmiş, müvafiq sətirlərdə göstərilmiş xərclərin cəmi ilə əvvəlki il üzrə təqdim edilmiş gəlir vergisinin bəyannaməsinin əlavəsində müvafiq sütunlarında əks edilmiş məbləğin çıxılması nəticəsində yaranan məbləğin müqayisəsi nəticəsində 66.000 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir (§15).
33. Hazırkı iş üzrə mübahisəli hal iddiaçının 2022-ci il hesabat dövrü üzrə xərclərin bəyannamədə əks olunmadığı təqdirdə mənfəət vergisinin hesablaması ilə bağlıdır.
34. İş materialına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 tarixli, 3-21-2-9/2-86762/2024 nömrəli qərarından görünür ki, iddiaçıya münasibətdə 2022-ci il hesabat dövrü üzrə gəlir vergisinə dair təqdim edilmiş bəyannamə, hesabat üzrə tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 2.180 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 13.135,50 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 10.955,5 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, təqdim edilən bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), “Nəqliyyat xərcləri”; (1233cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (55.175 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0,00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturalann (rislki e-qaimə-fakturalann məbləği (0,00) istisna olmaqla) və alış aktlarının məbləği (0,00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materiallann (0,00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0,00 manat) bəyannamənin 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (0,00 manat) məbləğin müqayisəsi nəticəsində 55.175 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.
35. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının 66.075 manat məbləğində gəlirin olduğu, xərc məbləğini təsdiq edən hər hansı sənədin mövcud olmaması işin mübahisəsiz halıdır.
36. Hazırda iddiaçı VM-in 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı Qərarı ilə müəyyən edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydasına istinad etmişdir.
37. VM-in 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar (“Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı Qərarı) əsasında hesablanır.
38. Lakin istinad edilən VM-in 83.9-cu maddəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli, 1 yanvar 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş Qanun əsasında ləğv edilmişdir.
39. Göründüyü kimi, iddiaçı tərəfindən 2022-ci il hesabat dövrü üzrə xərclərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddia ərizəsində istinad edilmiş mənfəət vergisinin hesablanması qaydasına dair noma isə qanunvericiliklə ləğv olunmuşdur.
40. Bununla da, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdehə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 dekabr 2024-cü il tarixli, 3-21-2-9/2- 86762/2024 saylı qərarının ləğvi tələbinə dair iddiası təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
41. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova