Məhkəmə qərarları › İş №e-2-1(118)-168/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-168/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-168/2023 03.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “təminat xərclərinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. 15 aprel 2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən iddiaçı iddia tələbini dəqiqləşdirərək Aşağıdakı ödənişlərin qanunvericiliyə uyğun qaydada hesablayıb birdəfəlik ödəmək vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir:

1. xidmət vaxtından artıq xidmətə görə ödəniş; 2. Xidməti yerdəyişmələr zamanı hərbi qulluqçulara ödənilən yol xərci müavinəti(Bakı Beynəlxalq Aeroportundan X3 Məntəqəsinə etdiyim xidməti yerdəyişmə üçün nəzərdə tutulmuş yol xərci müavinəti istisna olmaqla digər 3 xidməti yerdəyişmə üçün); 3. Hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; 4. Ezamiyyət xərcləri üçün nəzərdə tutulmuş ödəniş; 5. İlin sonunda verilən birdəfəlik pul mükafatı - yalnız 2021-ci il üçün. Ərizə onunla əsaslandırılmışdır ki, 2018-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinət 2018-ci ildə, Bakı Beynəlxalq Aeroportundan X3 Məntəqəsinə etdiyi xidməti yerdəyişmə üçün nəzərdə tutulmuş yol xərci müavinəti isə xx.xx.2022-ci il tarixdə ona ödənilmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, qoşmaya əlavə edilmiş DSX Sərhəd Nəzarətinin xx.xx.2018-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı DSX Sərhəd Nəzarətində "nəzarətçi heyətinin hazırlanması" kursuna cəlb olunmuşdur. Qoşmaya əlavə edilmiş DSX Sərhəd Nəzarətinin xx.xx.2018-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı DSX Sərhəd Nəzarətini "Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. Qoşmaya əlavə edilmiş DSX Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı DSX Sərhəd Nəzarətini "Biləsuvar” sərhəd nəzarəti şöbəsi sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. Qoşmaya əlavə edilmiş DSX Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı DSX X2 Artilleriya Briqadasında təlim kurslarına cəlb edilmişdir. Qoşmaya əlavə edilmiş DSX Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı DSX Sərhəd Nəzarətinin şəxsi heyətin siyahısıdan çıxarılmışdır. Qoşmaya əlavə olunmuş DSX-nin Maliyyə-Plan idarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı maddi yardım, məzuniyət müavinəti, ezamiyyə xərci, işdən çıxma müavinəti və xidməti yerdəyişməyə görə müavinət tam şəkildə hesablanaraq kart hesabına köçürülmüşdür. İlin yekunlarına görə birdəfəlik pul mükafatı hərbi hissə komandirinin əmri əsasında həyata keçirilir. İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6- cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və hərbi hissə komandirinin əmrinə əsasən, hər hansı bir mükafata layiq görülməmişdir. Məktubdan göründüyü kimi, İddiaçı xidməti yerdəyişmələr zamanı hərbi qulluqçulara ödənilən yol xərci müavinəti, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri və ezamiyyət xərcləri üçün nəzərdə tutulmuş ödəniş tam şəkildə hesablanaraq kart hesabına köçürülmüşdür. Xidmət vaxtından artıq xidmətə görə ödəniş tələbinə münasibətdə bildirirlər ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməmin 1.1-ci bəndinə görə DSX-nin hərbi qulluqçularının pul təminatı hərbi rütbə və vəzifə maaşlarından; pul təminatının əlavə növlərindən və yol təminatından ibarətdir. Göründüyü kimi, İddiaçı "xidmət vaxtından artıq xidmətə görə ödəniş edilməsi" ilə bağlı tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir, (çıxarış qoşmaya əlavə olunur) “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. Həmin Qanunun 23-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusıyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır: a) hərbi qulluqçuların tətil hüququ yoxdun b) hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər; v) hərbi qulluqçuların xüsusi sahibkarlıq faəliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması qadağandır; q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər; ğ) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas təhsil müəssisələrində təhsil almasına icazə verilmir; d) hərbi qulluqçuların daimi yaşamaq üçün xaricə getməsi qadağandır; e) hərbi hissələrin yerləşməsi şərtlərinə uyğun olaraq hərbi qulluqçuların yaşayış yeri seçməsi və hərəkət sərbəstliyi məhdudlaşdırılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi qulluqçuların istirahət müddəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər. Digər tərəfdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 №-li “Dövlət sərhədindən buraxılış məntəqələrində xidmətin təşkil edilməsi haqqında” əmrinin surətindən görünür ki, Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak üzərində etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti Dəniz limanlarında sərhəd nəzarəti şöbəsi, “Biləsuvar”, "Yalama", “Xanoba”, “Mazımqara” - 24 saatlıq iş rejimində, “Astara”, "Samur”, "Şirvanlı”, “Muğanlı", "Qırmızı Körpü”, “Böyükkəsik", “Sadıxlı”, “Gəncə", "Lənkəran" və “Qəbələ" dövlət sərhədindən buraxılış məntəqələrində - 12 saatlıq iş rejimində təşkil edilməsinə, X5 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçuların xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla), qadın hərbi qulluqçularına 12 saatlıq iş rejimi müəyyən edilməsinə əmr edilmişdir, (qoşmaya əlavə olunur) Hazırki iş üzrə İddiaçı hərbi qulluqçu kimi xidmət etdiyi “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin adıçəkilən əmri ilə Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak üzərində etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti 24 saatlıq iş rejimində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 562 nömrəli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmiş, o cümlədən zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən -pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu qeyd olunmuşdur. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Qeyd olunan qərar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərini müəyyən edir və həmin qərarda xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin “q" bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilmiş qaydada və Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 nömrəli əmrinə əsasən "Biləsuvar" sərhəd nəzarəti şöbəsinin şəxsi heyəti sutkalıq xidmətə cəlb olunduğu üçün sabiq hərbi qulluqçu İddiaçı da sutkalıq xidmətlərə təyin edilmişdir. Beləliklə də, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminat növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 19 oktyabr 1992- ci il tarixli Qərarında üstəlik pul təminatının növlərinə xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. Həmçinin bildirirlər ki, DSX rəisinin xx.xx.2021-ci il tarixli, 0130 №-li əmri ilə təsdiq olunmuş “DSX-nin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlama müddəti üzrə Siyahı"sını rəhbər tutularaq, "Biləsuvar” sərhəd nəzarəti şöbəsinin 2018-ci və 2019cu illərə dair “Sərhədin Mühafizə kitabı" aktlarla məhv edildiyi üçün qeyd olunan illər üzrə İddiaçı xidmətə təyin olunması barədə çıxarışların əldə olunması mümkün olmamışdır. Bununla belə, İddiaçı xidmətə təyin olunması barədə “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin 2020-ci ilə dair “Sərhədin Mühafizə kitabı”ndan çıxarışlar qoşmaya əlavə olunur. İlin sonunda verilən birdəfəlik pul mükafatı tələbinə münasibətdə bildirirlər ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 4.81-ci bəndinə görə, qoşunlarda yüksək döyüş hazırlığının saxlanılmasında nailiyyətlər əldə etmiş, xidməti vəzifələrini vicdanla yerinə yetirilmiş və nöqsansız xidmət etmiş zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına ilin yekunlarına görə əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir. Birdəfəlik pul mükafatının ödənişi barədə əmrin imzalandığı gün sərəncamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda (uşağa qulluq üçün verilən məzuniyyət dövründən başqa) olması ilə əlaqədar pul təminatını almaq hüququnu qismən və ya tam şəkildə itirmiş hərbi qulluqçulara birdəfəlik pul mükafatına layiq görüldüyü halda tutduqları sonuncu əsas vəzifə maaşı nəzərə alınır və pul mükafatının ödənişi faktiki xidmət etmiş tam aylara proporsional dtaraq (xidmətin hər bir tam təqvim ayı üçün 1/12-i qədər) həyata keçirilir. Birdəfəlik pul mükafatı adından da göründüyü kimi qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız intizama görə verilir. Yəni, birdəfəlik pul mükafatı hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq verilən pul təminatıdır. Hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq alınan əlavələrinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçunun həmin mükafata layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, yalnız hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçu birdəfəlik pul mükafatına layiq olduğu qənaətinə gəlindikdə müvafiq əmrlə pul mükafatı verilir. İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış (məlumat üçün bildiririk ki, iddiaçı xidməti uyğunsuzluğa görə əmrin ləğvini də məhkəmə qaydasında mübahisələndirmiş və hər üç məhkəmə instansiyasında İddiaçı iddiası təmin olunmamışdır) və hərbi hissənin rəhbərliyinin müvafiq əmrinə əsasən, hər hansı bir mükafata layiq görülməmişdir. Sadalananları ümumiləşdirərək bir daha bildirirlər ki, İddiaçı xidməti yerdəyişmələr zamanı hərbi qulluqçulara ödənilən yol xərci müavinəti, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri və ezamiyyət xərcləri üçün nəzərdə tutulmuş ödənişlər tam şəkildə hesablanaraq onun kart hesabına köçürülmüşdür. Xidmət vaxtından artıq xidmətə görə ödəniş və 2021-ci ilin sonunda verilən birdəfəlik pul mükafatı ilə əlaqədar iddianın əsassız olması isə yuxarıda göstərilən qanunvericilik normaları ilə təsdiqini tapmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İşin hallarından göründüyü kimi iddiaçının tələblərinin bir hissəsi cavabdeh tərəfindən təmin edilmiş, digər hissəsinə isə münasibət bildirimişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak etsədə, sonra məhkəmə iclaslarında iştirak etməmiş 15 aprel 2023-cü il tarixdə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələblərinin müəyyən hissəsinin təmin olunması, digər hissəsinə bildirilən münasibət qeyd edilənlərlərin araşdırlması üçün iddiaçının şəxsən iştirakı zəruri hesdab edilmişdir. Bundan sonra iddiaçının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq məhkəmə iclasında şəxsən iştirakı tələb olunmuşdur. Lakin iddiaçı 27 iyul 2023-cü il və 03 oktyabr 2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməməsini məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X4 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “təminat xərclərinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi”nə dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar