Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1695/2024 16.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması haqqında qərarın ləğv edilməsi, xx.xx.1994-xx.xx.2005-ci illərin dövlət qulluğu stajına hesablanması və əmək pensiyasının pensiya kapitalına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1971-ci il tarixindən əmək fəaliyyətinə başlamış və 50 ilə yaxın əmək stajı vardır, iddiaçı 10 il 08 ay yəni xx.xx.1994-xx.xx.2005-ci il tarixlərində Mərkəzi Bankın qurumu olan X7 Ərazi idarəsinin rəisi vəzifəsində çalışmışdır. İddiaçıya 2007-ci ilə kimi qüvvədə olan qanunvericiliyinə uyğun olaraq dövlət qulluqçularının pensiya təminatı sistemi şamil edilmiş, iddiaçıya 25 aprel 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan əlavə İddiaçı təqaüdə çıxdıqdan sonra Ata Bank ASC-nin Xaçmaz filialının, Meqa Sığorta ASC-nin Xaçmaz filialının müdiri vəzifələrində çalışmışdır.İddiaçı pensiya kapitalının yenidən hesablanması ilə bağlı 17 mart 2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 07 sentyabr 2023-cü il tarixində ərizəçiyə xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli Bankın X2 Bankının Xudat şöbəsində işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması zamanı nəzərə alınmaması ilə imtina verilmiş, sabiq dövlət qulluqçusu kimi 2-ci dərəcə əlilliyə görə əmək pensiyası ödənişinin 01 may 2023-cü il tarixindən dayandırılması qərara alındığını bildirmişlər, iddiaçının müraciətinə qanuna zidd qaydada baxılmışdır, qəbul edilmiş qərar və hesablamalar yanlış və əsassızdır, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 23 iyun 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı oğiu 10 il 08 ay yəni xx.xx.1994-xx.xx.2005-ci ii tarixlərində Mərkəzi Bankın qurumu olan X7 Ərazi idarəsinin rəisi vəzifəsində çalışmış, iddiaçıya 2007-ci ilə kimi qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularının pensiya təminatı sistemi şamil edilmişdir.Digər tərəfdən cavabdeh orqanın imtinasında istinad etdiyi əmək kitabçasına əsasən iddiaçının işlədiyi dövrlərin dövlət qulluğu stajına hesablanmamasıda əsassız və qanunsuzdur (əmək kitabçasının surəti qoşmaya əlavə edilir). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu əvvəlki redaksiyada: 2.3. Bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna girmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğu keçən şəxslərə də şamil edilir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması haqqında qərar ləğv edilməli, xx.xx.1994xx.xx.2005-ci illərin dövlət qulluğu stajına hesablanması və əmək pensiyasının pensiya kapitalına əsasən yenidən hesablanması barədə qərar qəbul edilməlidir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya Fondun Xaçmaz rayon şöbəsi tərəfindən 25 aprel 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-cl maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət qulluğu vəzifəsində 5 il və daha yuxan qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 59.5-ci maddəsinin 6 noyabr 2007-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Mərkəzi Bankın (əvvəlki adı Milli Bank) Aparatının əməkdaşlarına dövlət qulluqçularının pensiya təminatı sistemi şamil olunurdu. Bununla əlaqədar iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli Bankın X3 şöbəsində və Azərbaycan Respublikası Milli Bankın Aqrar-Sənaye X1 şöbəsində işlədiyi (əmək kitabçasına əsasən) müddətin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası ödənişi 1 may 2023-cü il tarixindən dayandırılıb, iddiaçıya Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildirir ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 28 aprel 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı iddiaçının iştirakı ilə xx.xx.2023-cü il tarixində akt tərtib edilmişdir. Həmçinin iddiaçı barəsində xx.xx.2023-cü il tarixli əmək pensiyasının ləğv olunması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəfindən “inzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdehin hərəkətləri qanuni olduğundan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara; Cavabdehin 3-17-1/2-M-171426/2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi, iddiaçıya aid Əmək kitabçasının surəti, Mərkəzi Bank tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə ona ödənilmiş əmək pensiyası məbləğinin cavabdeh tərəfindən dayandırıldığı vaxtdan yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı X9 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və imtina məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Xaçmaz şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilirdi. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçıya keçmişdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən İİ dərəcə əlilliyə görə güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. Cavabdeh təşkilatın gətirdiyi arqumentlər məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, inzibati orqanını hərəkətləri qanunsuz olmuşdur. Belə ki, iddiaçıya aid əmək kitabçasından görünür ki, o, 10 il 08 ay (xx.xx.1994xx.xx.2005-ci il tarixlərində) Mərkəzi Bankın qurumu olan X7 Ərazi idarəsinin rəisi vəzifəsində çalışmış və onun işlədiyi vəzifə o zaman qüvvədə olan qanuna əsasən dövlət qulluğu vəzifəsi sayılırdı. Belə ki, həmin fakt Mərkəzi Bank tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayış ilə də öz təsdiqini tapmışdır. Belə olan halda cavabdeh təşkilatın gətirdiyi arqumentlər əsassız olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması haqqında qərarı ləğv edilsin, iddiaçıya aid xx.xx.1994-xx.xx.2005-ci illərin əmək stajı onun dövlət qulluğu stajına hesablanması və İddiaçı əmək pensiyasının pensiya kapitalına əsasən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-1695/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1695/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver