Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-1739/2023 06.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər X5 Stansiyasına, Sumqayıt Tibbi Mərkəzi 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə, Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinə qarşı “ Sumqayıt şəhər X5 X3 Şəxsinə, onun tərəfindən təqdim edilmiş 1347 saylı arayışda Ərizəni imzalayan şəxs haqqında məlumat: müvafiq dəyişiklik edilməsi vəzifəsinin həvalə edilməsi, Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzinə, onun tərəfindən tərtib edilmiş **********27 saylı “Ölüm haqqında tibbi Şəhadətnamədə” müvafiq dəyişiklik edilməsi vəzifəsinin həvalə edilməsi, Sumqayıt “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə, onun tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli, AZ-İİ № 285635 saylı “Ölüm haqqında Şəhadətnamədə” müvafiq dəyişiklik edilməsi” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıdakı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əri X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəziyyəti pisləşən zaman tərəfindən cavabdeh Sumqayıt şəhər X5 X3 Şəxsinə zəng edilərək tibbi yardım istənmişdi. Həkim briqadası gələnədək mərhum əri artıq vəfat etmişdi. Bundan sonra qanunamüvafiq olaraq, cavabdeh təşkilat digər cavabdeh Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzinə 1347 saylı arayış təqdim etmişdir. Həmin arayışda guya mərhum ərinin uzun müddətdir ki, ürək çatışmamazlığından əziyyət çəkdiyi qeyd edilmişdir. Bu arayış əsasında da Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzi tərəfindən “Ölüm haqqında Tibbi Şəhadətnamə” tərtib etmişdir. Həmin Şəhadətnamədə də mərhum ərinin ölüm səbəbi guya 8 il ərzində müşaiyət olunan ürək çatışmamazlığı kimi qeyd edilmişdir. Həmin şəhadətnamə əsasında digər cavabdeh Sumqayıt “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin verdiyi “Ölüm haqda Şəhadətnamədə” də ölüm səbəbi ürəyin hipertenziv xəstəliyi göstərilmişdir. İddiaçının mərhum əri hərbçi olmuş və yalnız Sərhəd Xidmətinin xəstəxanasında qeydiyyatda olmuşdur. Yuxarıda adları çəkilən cavabdeh tibb idarələrində qeydiyyatda olmamış və tibbi kartı mövcud deyil. Hərbçi kimi hər ildə iki dəfə tam müayinədən Sərhəd Xidmətinin xəstəxanasında keçmişdir. Onun tibbi kartından görünür ki, mərhum ərində hər hansı bir ürək çatışmamazlığı olmamışdır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh təşkilatlara tərəfindən müraciət edilərək müvafiq dəyişikliyin edilməsini xahiş etmişdir. Beləki cavan yaşda belə ani ölümün baş verməsi yalnız tromboemboliyadan ola bilərdi. Lakin 1-ci cavabdeh Sumqayıt şəhər X5 X3 Şəxsi tərəfindən iddiaçının müraciətinə yazılı cavab olaraq bildirilmişdir ki, guya hansısa qohunu tərəfindən həkim briqadasında ərinin uzun illərdir ki, ürək çatışmamazlığından əziyyət çəkdiyi bildirilmişdir. Digər cavabdeh Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzinə öz məktubunda isə 1-ci cavabdehin arayışına əsaslandığını demişdir. 3-cü cavabdeh isə ümumiyyətlə hər hansı bir rəsmi cavab verməmişdir. Hesab edir ki, cavabdehlərin törətdikləri qanunsuzluqdur və müvafiq sənədlərdə düzəliş edilmə vəzifəsi onlara həvalə edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, iddiaçı məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçının tələbi 3 hissədən ibarətdir:
1. Sumqayıt şəhər X5 X3 Şəxsinə, onun tərəfindən təqdim edilmiş 1347 saylı arayışda Ərizəni imzalayan şəxs haqqında məlumat: müvafiq dəyişiklik edilməsi vəzifəsinin həvalə edilməsi,
2. Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzinə, onun tərəfindən tərtib edilmiş **********27 saylı “Ölüm haqqında tibbi Şəhadətnamədə” müvafiq dəyişiklik edilməsi vəzifəsinin həvalə edilməsi,
3. Sumqayıt “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə, onun tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli, AZ-İİ № 285635 saylı “Ölüm haqqında Şəhadətnamədə” müvafiq dəyişiklik edilməsi
Məhkəmə ilk növbədə qeyd edir ki, arayış inzibati akt deyildir, inzibati məhkəmə icraatı qaydasında ayrıca mübahisələndirilməsi nəzərdə tutulmamışdır. İş materiallarından görsənir ki, ölümün qeydə alınması ilə bağlı hüquqi nəticə yaradan ilkin sənəd isə Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş **********27 saylı “Ölüm haqqında tibbi Şəhadətnamə”dir. Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzi isə inzibati orqan deyildir və onun tərəfindən verilmiş “Ölüm haqqında tibbi Şəhadətnamə” isə mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid deyil, ona görədə iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş **********27 saylı “Ölüm haqqında tibbi Şəhadətnamə”ni mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev