Məhkəmə qərarları › İş №e-2-1(118)-1824/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1824/2025

07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1824/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 27 yanvar 2020-ci il tarixdə qiymətləndirilmiş, “Mərkəzi sinir sisteminin üzvi zədələnməsinin ayrı-ayrı dağınıq üzvi mikroocaqlı nişanələr, kəllə daxili hipertenziya və vegetativ damar davamsızlığı ilə təzahür edən nəticəsi Mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə. 3-cü mərhələli ensefalopatiya. Tez-tez baş verən qıcolma (ayda 6- 7 dəfə) tutmaları. Kəllədaxili hipertenziya. Kəskin nəzərə çarpan asteno-nevrotik vəziyyət. Daimi təzahür edən vegetativ damar davamsızlığı tez-tez baş verən vegetativ krizlərlə” diaqnozu, “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb-əlaqəsi ilə 27 yanvar 2025-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 13 iyun 2024-cü il tarixli, 3-17- 4/2-M-16469/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4-cü bəndinə uyğun olaraq 27 yanvar 2020-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən üçüncü dərəcə 5 il müddətinə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün 20 noyabr 2023-cü il tarixdə Agentliyə dəvət olunmuşdur. Lakin Agentliyə müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barəsində 20 noyabr 2023-cü tarixdən diaqnoz öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15 fevral 2019-cu il tarixli, 26 nömrəli İddiaçı dair “Xəstəlik haqqında şəhadətnamə”.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 198 nömrəli İddiaçı dair arayış.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinə göndərilmiş “Xidməti məktub”dan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq tibb müəssisələrinin hazırladığı göndərişlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində olan Tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Əlavədə təqdim olunmuş 71 vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasında əyani müayinələrinin həyata keçirilməsi üçün qeydiyyat ünvanlarına müvafiq qaydada dəvət məktubu göndərilmişdir. Həmin siyahı üzrə vətəndaşların qeydiyyat ünvanlarına dəvət məktubu göndərilməsinin təmin edilməsi məqsədi ilə X3 və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göstəriş verilməsi və həmin şəxslərin əyani müayinəsinin xüsusi komissiya tərəfindən həyata keçirilməsinə köməklik göstərməsi xahiş edilmişdir.

6. 18 oktyabr 2023-cü il tarixli, 3-17-4/2-M-27420/2023 nömrəli İddiaçı göndərilmiş əyani müayinəyə dəvət edilməsi barədə bildiriş.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 20 noyabr 2023-cü il tarixli, 50G5B70007 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun öz təsdiqinin tapmaması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 1 dekabr 2023-cü il tarixli, 3-17-4/3-3-19291/2023 nömrəli qərarından görünür ki, Sumqayıt şəhər sakini xx xxx 1980-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0033003AAC45 nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyasında 27 yanvar 2020-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4-cü bəndinə müvafiq olaraq “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-27420/2023 nömrəli məktub əsasında 20 noyabr 2023-cü il tarixə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan haqqında müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılan 27 yanvar 2020-ci il tarixdən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

9. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əlillik diaqnozunun öz əksini tapmaması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətə başlamışdır. Səhhətində yaranmış narahatçılıqla bağlı 1 dekabr 2017-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reabilitasiya bölməsinə müraciət etmişdir. Hospitaldan verilmiş çıxarış epikrizi əsasında baş beyinin üzvi zədələnməsi və hər iki gözün miopiyası diaqnozu ilə müalicə almışdır. Sonradan səhhətinin yenidən pisləşməsi nəticəsində 30 mart 2018-ci il tarixdən 13 aprel 2018-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalının nevrologiya bölməsində müalicə almışdır. 20 sentyabr 2018-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi həkim komissiyası tərəfindən verilmiş 198 saylı arayışa əsasən mərkəzi sinir sisteminin üzvi zədələnməsi, vegetativ damar davamsızlığı və hər iki gözün astiqmatizmi diaqnozu ilə nəticələnən xəstəliyin hərbi xidmət dövründə alınması təsdiq edilmiş və sıradankənar hərbi xidmətə yararlılığına qərar verilmişdir. Daha sonra 13 iyul 2018-ci il tarixdən 1 avqust 2018-ci il tarixədək, 11 oktyabr 2018-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək, 29 noyabr 2018-ci il tarixdən 18 dekabr 2018-ci il tarixədək, 21 yanvar 2019-cu il tarixdən 6 fevral 2019-cu il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə almışdır. 15 fevral 2019-cu il tarixdə verilmiş xəstəlik haqqında 26 saylı şəhadətnaməyə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı olduğu müəyyən edilmiş və ordu sıralarından xəstəliklə əlaqədar olaraq tərxis olunmuşdur. 27 yanvar 2020ci il tarixdə isə barəsində 5 il müddətinə 27 yanvar 2025-ci il tarixədək üçüncü dərəcəli əlillik müəyyən edilmiş və pensiya təyin olunmuşdur. Həmin vaxtdan 15 dekabr 2024-cü il tarixədək vaxtlı-vaxtında pensiya ödənişi həyata keçirilmişdir. Lakin 2024-cü ilin yanvar ayından etibarən pensiya təminatı dayandırılmışdır. Bu barədə Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən göndərilmiş cavab məktubunda iddiaçının 20 noyabr 2023-cü tarixdə müayinədən keçdiyi cavabdeh tərəfindən əlillik barədə diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edildiyi bildirilmişdir. Qeyd olunan qərarın araşdırılması üçün cavabdehə rəsmi müraciət edərək qərar barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 11 iyul 2024-cü il tarixdə göndərilmiş cavab məktubunda şablon olaraq əlilliyin ləğv edilməsi barədə qərarın qəbul olunduğu bildirilmiş, lakin heç bir qərar təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh heç bir əsas olmadan əlilliyin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, iddiaçı 20 noyabr 2023-cü il tarixdə ümumiyyətlə heç bir həkim müayinəsindən keçməmişdir. Bu səbəbdən onun əlilliyinin olmamasını iddia etmək belə qanunsuzdur. Qeyd edilmişdir ki, inzibati orqan tərəfindən qanunvericiliyinin tələbləri nəzərə alınmamış, iddiaçını pensiyanın dayandırılması barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq, barəsində əlilliyin ləğv edilməsi kimi faktiki hərəkətlər edilmişdir. Bundan əlavə, inzibati orqan pensiya ödənişinin dayandırılmasına əsas kimi istinad etdiyi iddiaçının xəstəliyinin 3-cü qrup əlilliyə görə əmək pensiyası hüququ verib-verməməsini inzibati icraat zamanı yoxlamamış, bunun üçün müvafiq sorğular, yerində müayinə və s. kimi sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməmiş, bütün bunları iddiaçının iştirakı ilə aparmamış və yekun olaraq əlverişli inzibati aktı qüvvədən salan maddi və prosessual normalarla əsaslandırılmış inzibati akt qəbul etməmişdir. Hesab edilir ki, cavabdehin əlilliyinin ləğv olunması və pensiya təminatının dayandırılması barədə iddiaçıya sadəcə olaraq məktub göndərməsi yetərli sayıla bilməz. Bu hal şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Qeyd edilir ki, cavabdeh əlilliyin ləğv edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Əlavə olaraq iddiaçıya təyin edilmiş 5 illik əlillik dərəcəsinin müddəti bitmədən yenidən komissiyaya cəlb edilməsini zəruri edən hallar barədə heç bir məlumat yoxdur. Yalnız öz məktubunda şübhə doğuran halların olduğunu qeyd edərək, qeyd olunan halların nədən ibarət olduğu barədə heç bir sübut təqdim etməmişdir . Hesab edilir ki, cavabdeh tərəfindən şəxsi mülahizəsi əsasında vətəndaşa verilmiş hüququn məhdudlaşdırılması və əsassız əngəllərlə bu hüququn həyata keçirilməsinə mane olması qanunsuz və əsassızdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1, 24.3, 61.1, 61.2, 65.1, 67.1, 67.2, 67.6, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə, prosessual hüquqi əsası kimi İPM-in 2.2.1, 2.2.4, 14.3, 34.2, 70-ci maddələrinə istinad olunmuşdur.

12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirmə ərizəsini təqdim edərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əlillik diaqnozunun öz əksini tapmaması barədə xxxxxxx0007 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

15. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0033003AAC45 nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyasında 27 yanvar 2020-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4-cü bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün iddiaçı 3-17-4/2-M-27420/2023 nömrəli məktub əsasında 20 noyabr 2023-cü il tarixə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan haqqında müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılan 27 yanvar 2020-ci il tarixdən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

16. Etirazın maddi hüquqi əsası kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na, 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X4 etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

24. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-)

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması

67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. (-) 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması

68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

34. Məhkəmə tərəflərin mövqelərini araşdıraraq və sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

35. İddia tələbinin əsaslarına görə, iddiaçının hərbi xidməti ilə əlaqədar 27 yanvar 2020ci il tarixdə 27 yanvar 2025-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmiş, lakin 2024-cü ilin yanvar ayından etibarən pensiya təminatı dayandırılmış, bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının 20 noyabr 2023-cü tarixdə müayinədən keçdiyi, əlillik barədə diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edildiyi bildirilmiş, daha sonra cavabdehə rəsmi müraciət edilərək qərar barədə məlumat verilməsi xahiş edilmiş, lakin heç bir qərar təqdim edilməmiş, inzibati orqan tərəfindən qanunvericiliyinin tələbləri nəzərə alınmamış, iddiaçını pensiyanın dayandırılması barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq, barəsində əlilliyin ləğv edilməsi kimi faktiki hərəkətlər edilmişdir.

36. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək bildirir ki, iddiaçının əlillik vəziyyəti 15 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında 27 yanvar 2020-ci il tarixdə elektron qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 5 il müddətinə üçüncü dərəcə ilkin əlillik təyinatı barədə qərar qəbul edilmiş, cavabdeh orqanın daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 71 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə iddiaçının qeydiyyat ünvanına bildiriş məktubu göndərilərək 20 noyabr 2023-cü il tarixə müayinəyə dəvət edilsə də, iddiaçı müayinədə iştirak etməmiş, mövcud sənədlər, həmçinin ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

37. İş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı göndərilmiş sorğularına cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıya 27 yanvar 2020-ci il tarixdə “Mərkəzi sinir sisteminin üzvi zədələnməsinin ayrı-ayrı dağınıq üzvi mikroocaqlı nişanələr, kəllə daxili hipertenziya və vegetativ damar davamsızlığı ilə təzahür edən nəticəsi Mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə. 3-cü mərhələli ensefalopatiya. Tez-tez baş verən qıcolma (ayda 6-7 dəfə) tutmaları. Kəllədaxili hipertenziya. Kəskin nəzərə çarpan asteno-nevrotik vəziyyət. Daimi təzahür edən vegetativ damar davamsızlığı tez-tez baş verən vegetativ krizlərlə” diaqnozu ilə 27 yanvar 2025-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir.

38. Daha sonra əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün iddiaçı əyani müayinəyə dəvət olunmuş, iddiaçı əyani müayinədə iştirak etməmiş, cavabdeh tərəfindən iddiaçıya dair mövcud sənədlər və digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlilliyin təyininə əsas verən diaqnozun əsaslığı təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılmış 27 yanvar 2020-ci il tarixdən diaqnozun təsdiqinin tapmaması barədə qərar qəbul edilmişdir.

39. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

40. Göründüyü kimi, cavabdeh orqana müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: - TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması; - şəxsin əyani müayinəyə cəlb olunması.

41. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq bildirir ki, əlilliyin təyin edilməsi ilə əlaqədar qərarların ləğv edilməsi ilə bağlı işlər üzrə Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə görə, əlilliyin inzibati orqan tərəfindən müəyyən olunduğu hallarda, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

42. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır.

43. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.

45. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş qərarın düzgünlüyünün şübhə altında olduğu sübuta yetirilməmiş, daxili audit yoxlamasına istinad edilərək, iddiaçı ilə bağlı hər hansı hallar müəyyən edilmədən əlillik dərəcəsi ləğv edilmişdir.

46. Bundan əlavə, əlilliyin təyin edilməsi barədə qərarın ləğv edilməsi üçün barəsində inzibati icraat aparılan şəxsin əyani müayinəyə cəlb edilməsi şərtinin zəruri olduğu halda, hazırkı iş üzrə təqdim edilmiş sənədlərdən, həmçinin iddiaçı tərəfin bildirdiyi hallar əsasında müəyyən edilir ki, təyin edilmiş əlilliyin əsaslı olub-olmamasının araşdırılması zamanı iddiaçı müayinədən keçməmişdir.

47. Cavabdeh orqan iddiaçıya müayinədən keçmək üçün müvafiq bildirişin göndərilməsini bildirsə də, həmin bildirişdən iddiaçı tərəfin məlumatlı olub-olmaması, ona çatdırılıb-çatdırılmamasına dair mötəbər sübut təqdim edilməmişdir (iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədə həmin göndərişin kimə ünvanlandığı, kim tərəfindən təhvil alındığı müəyyən olunmur).

48. Eyni zamanda, yuxarıda istinad edilən icmal məktubunda qeyd edilmişdir ki, “bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verəcək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır.” Bununla bağlı məhkəmə bildirir ki, cavabdeh orqan 2020-ci il tarixdən 2025-ci il tarixədək təyin etdiyi əlillik dərəcəsinin müddətinin bitməsinə təxmini 1 il qalmış TSEK-in əvvəlki qərarının düzgünlüyünün yoxlanılmasında haqlı deyildir.

49. Hazırkı iş üzrə məhkəmə tərəfindən tibbi ekspertiza təyin edilməmişdir. Çünki, iddiaçının iddia tələbi əlillik dərəcəsinin müəyyən edilməsi deyil, 2020-ci ildə təyin edilmiş əlillik dərəcəsinin ləğv edilməsinə dair qərarın ləğvi ilə əlaqədardır.

50. Məhkəmə icraatı zamanı tərəflərin mövqeyi bir daha müzakirə edilmiş və iddiaçı tərəf iddia tələbinin əlilliyin müəyyən edilməsi ilə bağlı olmadığını, əlilliyin ləğvinə dair qərarın mübahisələndirilməsindən ibarət olduğunu təsdiq etmişdir.

51. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

52. Məhkəmə hesab edir ki, iddiaçının tibbi ekspertizası nəticəsində müəyyən ediləcək hazırkı vəziyyəti 5 il bundan əvvəl təyin edilmiş əlilliyin əsaslı olub-olmamasının araşdırılması üçün hər hansı əhəmiyyət kəsb etməyəcək.

53. Beləliklə, yuxarıda sadalanan hallara əsasən, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.

NƏTİCƏVİ HİSSƏ

54. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 noyabr 2023-cü il tarixli, xxxxxxx0007 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar