Məhkəmə qərarları › İş №e-2-1(118)-1825/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1825/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1825/2024 25.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 102.989,18 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 100.000,0 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, fərdi sahibkarın hazırkı tarixə vergilər üzrə 602.143,25 manat artıq ödəməsi mövcuddur.Qeyd edilən artıq ödəmənin qaytarılması barədə rəy verilməsi üçün cavabdeh vergi orqanına xx.xx.2023-cüil tarixli ərizə ilə müraciət etsək də, cavabdeh vergi orqanı qeyd olunan artıq ödəmənin qaytarılması üçün rəy verməkdən imtina edir. Belə ki, 2023-cü ilin iyul ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə uyğunsuzluğun aşkar edilməsini cavabdeh imtina səbəbi kimi göstərmişdir.Qeyd edir ki, cavabdehin imtinası tamamilə əsassız olmuşdur.Belə ki, hər hansı bəyannamə üzrə uyğunsuzluğun olması artıq ödəmənin qaytarılması üçün imtina səbəbi ola bilməz və şəxsi hesab vərəqəsində yaranmış artıq vergi ödəməsinin qaytarılmasından bu əsasla imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, əgər vergi ödəyicisinin vergi bəyannamələrində hər hansı uyğunsuzluq mövcud olmuşdursa, vergi orqanı bununla bağlı səyyar və ya kameral vergi yoxlaması həyata keçirmək hüququna malik olmuşdur.İddiaçı MMC artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsinə baxmayaraq, sonuncu Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərini pozaraq qanunla müəyyən edilmiş rəyi bügunki tarixədək tərtib etməmişdir.Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 100.000,0 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır.Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı MMC şəxsi hesab vərəqəsində yaranan 602.143,25 manat artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə **********579800 nömrəli ərizə ilə müraciət etmişdir.İddiaçı tərəfindən təqdim edilmiş 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində uyğunsuzluğun yaranması səbəbindən xx.xx.2023-cü il tarixli **********223400 nömrəli məktubla müraciətə imtina verilmişdir.Eyni zamanda müraciətə baxılan müddət ərzində yəni, xx.xx.2023-cü il tarixdə 2023-cü ilin iyun ayına cəmiyyətə 2.623,81 manat məbləğində kameral qaydada əlavə dəyər vergisi hesablanmış, artıq ödəmə məbləğinin azalması, başqa sözlə şəxsi hesab vərəqəsində 602.143,25 manat artıq ödəmə məbləğinin olmaması nəticəsində vergi ödəyicisinin müraciəti nəzərə alınmamışdır.Əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixdə 2023-cü ilin may, iyun aylarının əlavə dəyər vergisi bəyannamələrinin, 2023-cü ilin 2-ci rübünün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin vaxtında təqdim edilməməsi səbəbindən ümumilikdə 120 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi, 2023-cü ilin iyul ayına 656,70 manat məbləğində kameral qaydada əlavə dəyər vergisinin, xx.xx.2023-cü il tarixdə 7.715,23 manat məbləğində mənfəət vergisi üzrə cari hesablamanın aparılması, xx.xx.2023-cü il tarixdə 2023-cü ilin avqust ayına 751,86 manat məbləğində kameral qaydada əlavə dəyər vergisinin hesablanması nəticəsində artıq ödəmə məbləği azalmışdır. Həmçinin, iddiaçı tərəfindən 100 000,0 manat məbləğində artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı Sumqayıt inzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsindəki tələbi qanunun tələblərinə müvafiq deyildir. Belə ki, vergi ödəyicisi tərəfindən qeyd edilən məbləğdə artıq ödəmə məbləğnin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilməmişdir.İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara – cavabdehin **********368300 nömrəli imtina məktubunun surəti, hesabat sənədlərinin surəti, MMC-nin təsis sənədləri , cavabdehin etiraz ərizəsi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ büdcəyə ödədiyi artıq ödəmənin daxil edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının qanuni təmsilçisi olduğu şirkət 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşmiş və qeyd olunan ərazi üzrə hüquqi şəxslərin vergi yığımlarının qeydə alınması və müvafiq qeydlərin aparılması səlahiyyəti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə aiddir.Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və inzibati orqanın **********368300 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının faktiki ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı MMC ilk öncə xx.xx.2023-cü il tarixdə cavabdeh vergi orqanına müraciət edərək 602,143.25 manat məbləğində artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsini xahiş etmişdir.Cavabdeh vergi orqanı isə “Büdəcəyə artıq ödəmələrin qaytarılmasından imtina edilməsi haqqında” **********223400 nömrəli məktubda imtinanın səbəbi olaraq qeyd etmişdir ki, “2023-cü ilin iyul ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə uyğunsuzluq aşkar edilmişdir. Müvafiq uyğunsuzluq aradan qaldırıldıqdan sonra yenidən müraciət etməyiniz Sizə tövsiyə edilir”.Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən cavabdeh vergi orqanına müraciət edərək 102,989.18 manat məbləğində artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsini xahiş etmişdir.Cavabdeh vergi orqanı isə “Müraciətə baxılması haqqında” **********368300 nömrəli məktubda qeyd etmişdir ki, “artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinizə dair Sumqayıt İnzibati Məhkəməsində məhkəmə mübahisəsinin başa çatmaması ilə əlaqədar müraciətiniz nəzərə alınmamışdır. Məhkəmə mübahisəsi başa çatdıqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarının nəticəsindən asılı olaraq yenidən müraciət edə bilərsiniz”. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 102,989.18 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsindən imtina qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixə iddiaçının 384,143.59 manat artıq ödəməsi olmuş və 2022-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin şəxsi hesab vərəqəsinə işlənməsi nəticəsində artıq ödəmə məbləği 102,989.18 manat artaraq 487.143,59 manat olmuşdur.Eyni zamanda, şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə 590,194.31 manat artıq ödənilmiş vergi məbləği mövcuddur.Göründüyü kimi, iddiaçı şəxsi hesab vərəqəsində mövcud olan 590,194.31 manat arıq ödəmənin 102,989.18 manat hissəsinin geri qaytarılması barədə rəy verilməsini istəsə də, cavabdeh vergi orqanı 2023-cü ilin iyul ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə uyğunsuzluq aşkar edilməsini əsas gətirərək rəy verməkdən imtina etmişdir.Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh göstərilən əsasla rəy verməkdən imtina etməkdə haqlı olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur.Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: - digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (87.1.1); - vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (87.1.2). Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2.1-ci maddəsinə əsasən vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına.... müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: - vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər (4.1.1); - vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər (4.1.2); - Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər (4.1.3). Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.10-cu maddəsinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Yuxarıda sadalanan normaların birgə təhlilindən aydın olduğu kimi, vergi ödəyicisi artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası məbləğlərinin geri qaytarılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş formaya uyğun ərizə ilə vergi orqanına müraciət edir və sonuncu isə ərizənin daxil olduğu gündən qanunla müəyyən edilmiş müddət ərzində müvafiq rəyi tərtib edərək maliyyə orqanına göndərir. Hazırkı işin hallarından göründüyü kimi, İddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli ərizələr ilə cavabdeh vergi orqanına müraciət etməsinə baxmayaraq, sonuncu Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərini pozaraq qanunla müəyyən edilmiş rəyi tərtib etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinaya əsas olaraq göstərdiyi “2023-cü ilin iyul ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə uyğunsuzluğun aşkar edilməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh vergi orqanının iddiaçı tərəfindən təqdim edilmiş vergi bəyannamələri üzrə kameral və səyyar vergi yoxlamaları həyata keçirmək səlahiyyəti mövcuddur. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı artıq ödəmənin geri qaytarılmasından asılı olmayaraq qanunla müəyyən edilmiş müddət ərzində iddiaçıda kameral və ya səyyar vergi yoxlaması həyata keçirib, kənarlaşma aşkar etdiyi təqdirdə, əlavə vergi məbləği hesablamaq imkanına malikdir.Bundan başqa, iddiaçı məhz 2022-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə yaranan 102,989.18 manat artıq ödəmənin geri qaytarılmasını istədiyi halda, cavabdeh vergi orqanı uyğunsuzluğu 2023-cü ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində aşkar etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının 2023-cü il üzrə təqdim etdiyi ƏDV bəyannaməsində aşkar edilmiş kənarlaşma iddiaçıya əlavə vergi məbləğinin hesablanması ilə nəticələndiyi təqdirdə, hesablanmış vergi borcu iddiaçının şəxsi hesab vərəqəsində geridə qalan artıq ödəmə məbləğlərinə silinə, artıq ödəmə məbləği mövcud olmadığı təqdirdə isə, vergi borcunun ödənilməsi məqsədilə vergi qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər (bank hesablarına sərəncamların göndərilməsi, əmlakın siyahıya alınması və s.) həyata keçirilə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 87.1.2-ci maddəsinə əsasən artıq ödənilmiş vergi məbləğlərinin vergi ödəyicisinin sonrakı öhdəliklərinə aid edilməsi (silinməsi) yalnız vergi ödəyicisinin razılığı əsasında həyata keçirilə bilər. İndiki halda isə iddiaçı xx.xx.2022-ci ildə yaranmış artıq ödəmə məbləğinin sonrakı öhdəliklərə aid edilmədən geri qaytarılmasını xahiş edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 102,989.18 manat artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 102.989,18 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar