Məhkəmə qərarları › İş №e-2-1(118)-1885/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1885/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1885/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin 3 fevral 2017-ci il tarixli, 20/608 nömrəli İddiaçı onun 9 yanvar 2017-ci il tarixdə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyi ərizəsinə cavab olaraq göndərilmiş məktubundan görünür ki, 1 yanvar 2006-cı il tarixədək ümumi sosial sığorta stajı 18 il 5 ay 12 gün, güzəştli iş stajı isə 5 il 14 gün təşkil edir. 1 yanvar 2006-cı il tarixdən sonrakı sosial sığorta stajı və pensiya kapitalı barədə forma 4 arayışı alınması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş və İri sığortaedənlərlə İş İdarələrinə sorğular verilmişdir. Sorğulara gələn cavabda 4 il 5 ay sosial sığorta stajının olması qeyd edilmişdir. Təqdim edilən sənədlərə əsasən ümumi sosial sığorta stajı 22 il 10 ay 12 gün, güzəştli iş stajı 7 il 6 ay təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 9 dekabr 2019-cu il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 may 2024-cü il tarixli, 3-17-1/2-H-124198/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatın təxirə salınması haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala 1979-1980-ci illər üzrə təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən müvafiq məlumatları özündə əks etdirən güzəştli əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir.

4. X1 "xxxx" ASC-nin 3 may 2016-cı il tarixli, 92 nömrəli arayışından görünür ki, İddiaçı Kalinin icrayə komitəsinin daxili işlər idarəsinin tikinti quraşdırma İdarəsində 21 sentyabr 1987-ci tarixdən (əmr №95 ) 18 iyul 1991-ci il tarixədək sahə ustası vəzifəsində işləmişdir. 22 iyul 1991-ci il tarixdən (əmr №145) 30 dekabr 1992-ci il tarixədək X5 Sənaye Kombinatında inşaat ustası vəzifəsində işləmişdir. 14 sentyabr 1993-cü il tarixədən (əmr №iq-20) 19 yanvar 1994-cü il tarixədək 19 saylı zonalararası İTTQİ-də iş icraçısı vəzifəsində işləmişdir. 2 fevral 1994-cü il tarixdən (əmr №05k) 6 mart 1995-ci il tarixədək 2 nömrəli Kəndtikinyi trestində iş icraçısı vəzifəsində işləmişdir. 15 mart 1995-ci il tarixdən (əmr №17) 12 may 1997-ci il tarixədək 2 nömrəli Kəndtikinyi trestinin 28 nömrəli THTS-də iş ustası vəzifəsində işləmişdir. 30 mart 2012-ci il tarixədən (əmr №60) bu günə kimi "xxxx" ASC-də iş İcraçısı vəzifəsində işləyir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2-ci siyahısının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290100b-23419 və 2290100b-24441 koduna əsasən güzəştli pensiyaya çıxmaq hüququ vardır.

5. X1 "xxxx" ASC-nin 12 iyun 2019-cu il tarixli, 58 nömrəli arayışından görünür ki, İddiaçı 30 mart 2012-ci il tarixdən (əmr №60) 25 oktyabr 2018-ci il tarixə kimi “X1 "xxxx" ASC-də iş icraçısı vəzifəsində işləmişdir və yenidən 7 noyabr 2018-ci tarixdən (əmr №iq-l06) “X1 "xxxx" ASC-yə icraçısı vəzifəsinə işə qəbul olunaraq bu günə kimi həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2-ci siyahısının XXV11 “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290100b-23419 və 2290100b-24441 koduna əsasən güzəştli pensiyaya çıxmaq hüququ vardır.

6. X1 "xxxx" ASC-nin 25 iyun 2024-cü il tarixli, 506/24 nömrəli arayışından görünür ki, İddiaçı 30 mart 2012-ci il tarixdən (əmr №60) 25 oktyabr 2018-ci il tarixə kimi X1 "xxxx" ASCdə iş icraçısı vəzifəsində işləmişdir və yenidən 7 noyabr 2018-ci tarixdən (əmr №iq-106) X1 "xxxx" ASC-yə icraçısı vəzifəsinə işə qəbul olunmuş və 8 sentyabr 2021-ci il tarixdə (əmr № 148) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixdə təsdiq edilmiş qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının (29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri əsasən) Güzəştli əmək stajı 9 il 4 ay 28 gün olaraq qeyd edilmişdir. Əlavə olaqaq bildirilmişdir ki, 9 yanvar 2013-cü il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin VŞVD-nin KHŞDQİ-də "xxxx" ASC-nin adı dəyişdirilərək X1 "xxxx" ASCsi adlandırılmışdır.

7. İddiaçı məxsus 24 iyul 1980-ci il tarixli, ИТ-İ seriyalı “Əmək kitabçası”nın surəti.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlər:

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 5 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-213010/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktub (§3); - X1 "xxxx" ASC-nin 3 may 2016-cı il tarixli, 92 nömrəli, X1 "xxxx" ASC-nin 12 iyun 2019-cu il tarixli, 58 nömrəli arayışları (§5, 6); - İddiaçı Böyükkağa oğluna dair “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 9 dekabr 2019-cu il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubu (§3); - İddiaçı Böyükkağa oğluna məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”. - İddiaçı Böyükkağa oğluna məxsus 13 iyun 1990-cı il tarixli, PB seriyalı, 239955 nömrəli “Diplom”. - İddiaçı Böyükkağa oğluna məxsus Azərbaycan SSR X8 Təhsili Komitəsinin 4659 nömrəli attestatından görünür ki, İddiaçı Böyükkağa oğlu 1 sentyabr 1979-cu il tarixdə Bakı şəhəri Azərbaycan SSR 54 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 21 iyul 1980-ci il tarixdə suvaqçı-tavaqçı-üzlükçü peşəsi üzrə texniki məktəbənin tam kursunu bitirmişdir. - dair X1 sığortaedən "xxxx" ASC, sığortaolunan İddiaçı Böyükkağa oğluna dair 13 iyun 2019-cu il tarixli “Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat” - İddiaçı məxsus 24 iyul 1980-ci il tarixli, ИТ-İ seriyalı “Əmək kitabçası”nın surəti.

9. Azərbaycan Respublikası Elm və Təhsil üzrə Dövlət Agentliyinin 21 aprel 2025-ci il tarixli, 3-29-63/2-295/2025 nömrəli məktubundan görünür ki, İddiaçı 1 sentyabr 1979-cu il tarixdə 54 nömrəli Texniki Peşə Məktəbinin “Suvaqçı-tavaqçı-üzlükçü” ixtisasına qəbul olmuş və 21 iyul 1980-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış 4659 nömrəli attestat təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.

10. X1 "xxxx" ASC-nin 29 aprel 2025-ci il tarixli, 358/25 nömrəli arayışından görünür ki, İddiaçı 30 mart 2012-ci il tarixdən (əmr №60) 25 oktyabr 2018-ci il tarixə kimi X1 "xxxx" ASCdə tikinti sahələrində iş icraçısı vəzifəsində işləmişdir və yenidən 7 noyabr 2018-ci tarixdən (əmr №iq-106) X1 "xxxx" ASC-yə icraçısı vəzifəsinə işə qəbul olunmuş və 8 sentyabr 2021-ci il tarixdə (əmr № 148) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixdə təsdiq edilmiş qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinin “b” bəndinə əsasən (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - iş icraçılar). Güzəştli əmək stajı 9 il 4 ay 28 gün təşkil edir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 aprel 2016-cı il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət edilmiş, həmin müraciətinin nəticəsi barədə 16 iyul 2024-cü il tarixdə rəsmi cavab məktubu təqdim edilərək 1979-1980-ci illər üzrə təhsil aldığı müddətlər əyani olub-olmamasını təsdiq edən sənədlər təqdim edilmədiyindən və işəgötürən tərəfindən əmək pensiyası hüquq verən işdə işləməyi barədə arayış təqdim edilmədiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Qeyd edilir ki, 10 aprel 2016-cı il tarixdə iddiaçının 57 yaşı tamam olan vaxtda 25 il 5 ay 12 gün ümumi əmək stajı və həmin əmək stajının 12 il 10 ay 3 gün əmək şəraiti zərəli işlər təşkil edir. Belə ki, 1 sentyabr 1979-cu il tarixdən 21 iyul 1988-ci il tarixədək (10 ay 20 gün) texniki peşə məktəbini bitirmiş, 16 iyul 1980-ci il tarixdən 15 fevral 1982-cü il tarixədək (1 il 6 ay 11 gün) Baş Yol Tikinti İdarəsində suvaqçı və texnik işləmiş, 19 fevral 1982-ci il tarixdən 14 mart 1983-cü il tarixədək (1 il 15 gün) Baş Yol Tikinti İdarəsində suvaqçı işləmiş, 5 aprel 1983-cü il tarixdən 30 iyul 1983-cü il tarixədək (3 ay, 25 gün) kolxozçu işləmiş, 15 avqust 1983-cü il tarixdən 24 dekabr 1983-cü il tarixədək (4 ay 9 gün) sürücülük kursunu bitirmiş, 12 yanvar 1984-cü il tarixdən 16 aprel 1984-cü il tarixədək (3 ay 4 gün) 6 saylı Körpü Tikinti İdarəsində 19 saylı Körpü Tikinti Dəstəsində avtomobil çilingəri işləmiş, 17 aprel 1984-cü il tarixdən 30 iyun 1985-ci il tarixədək (1 il 2 ay 13 gün) betonçu və sürücü vəzifələrində işləmiş, 9 iyul 1985-ci il tarixdən 9 sentyabr 1985-ci il tarixədək (2 ay) 3-cü dərəcəli suvaqçı işləmiş, 24 sentyabr 1985-ci il tarixdən 17 mart 1986-ci il tarixədək (5 ay 23 gün) sürücü işləmiş, 19 mart 1986-cı il tarixdən 18 iyul 1991-ci il tarixədək (5 il 3 ay 21 gün) qaraj rəisi və usta vəzifələrində işləmiş (3 il 9 ay 9 gün usta vəzifəsi əmək şəraiti zərərli), 22 iyul 1991-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək (1 il 5 ay 8 gün əmək şəraiti zərərli) usta vəzifəsində işləmiş, 4 yanvar 1993-cü il tarixdən 5 fevral 1993-cü il tarixədək (1 ay 1 gün) mühəndis vəzifəsində işləmiş, 1 mart 1993-cü il tarixdən 13 sentyabr 1993-cü il tarixədək (6 ay 12 gün) mexanik vəzifəsində işləmiş, 14 sentyabr 1993-cü il tarixdən 19 yanvar 1994-cü il tarixədək (4 ay 5 gün əmək şəraiti zərərli) iş icraçısı işləmiş, 2 fevral 1994-cü il tarixdən 6 mart 1995-ci il tarixədək (1 il 1 ay 4 gün əmək şəraiti zərərli) iş icraçısı işləmiş, 15 mart 1995-ci il tarixdən 12 may 1997-ci il tarixədək (2 il 1 ay 27 gün əmək şəraiti zərərli) iş ustası işləmiş, 1 iyun 2008-ci il tarixdən 13 may 2010-cu il tarixədək (1 il 11 ay 12 gün) sanitar vəzifəsində işləmiş, 30 mart 2012-ci il tarixdən 10 aprel 2016-ci il tarixədək (4 il 10 gün əmək şəraiti zərərli) iş icraçısı vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının ümumi əmək stajı 25 il 5 ay 12 gün və həmin əmək stajının 12 il 10 ay 3 gün vardır. Əmək şəraiti zərərli və ümumi iş stajı olduğundan güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır ki, cavabdeh iddiaçıya əmək pensiyası təyin etməmişdir.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 38, 60, 71, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8, 21.2.3, 23.2, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.1, 2.2.7-ci maddələrinə istinad olunmuşdur.

14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

16. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından və arayışlardan görünür ki, onun ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan azdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 1979-1980-ci illərdə əyani təhsil aldığını təsdiq edən hər hansı bir sübut da yoxdur.

18. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.8, 7, 9.1, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 8-ci bəndinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçının 2016-cı ildə, yəni 1 iyul 2017-ci il tarixədək pensiya hüququnun əldə edildiyi üçün pensiya kapitalı ilə qanunvericilikdə nəzərdə tutulmuş şərt ona tətbiq edilməməlidir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdeh orqan tərəfindən hazırkı iş üzrə araşdırılma və yenidən hesablama aparılmış, iddiaçının pensiya kapitalının pensiya təyinatı üçün lazımi şərtlərin ödənilmədiyi müəyyən edilmişdir. Pensiya kapitalının məbləğinin 14.132 manat məbləğində təşkil etdiyini və bu son kapital 2024-cü il tarixə münasibətdə olduğunu qeyd etmiş, öncəki illərdə iddiaçı tərəfindən bu tələbin ödənilib-ödənilməməsinin məlum olmadığını bildirmişdir. Eyni zamanda, təhsil müddətinin yenidən hesablanma zamanı nəzərə alındığı müəyyən olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

30. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (-) iş icraçıları

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş 2ci Siyahı:

XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (-) 2290100b—23419 tikinti və quraşdırma işlərinin ustaları 2290100b—24441 iş icraçıları

33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.

Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. ... Maddə 52. Məhkəmə baxışının hədləri

Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. ...

Məhkəmənin mövqeyi:

34. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

35. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

36. İddiaçı tərəfin mövqeyinə görə, 10 aprel 2016-cı il tarixdə onun 57 yaşı tamam olan vaxtda 25 il 5 ay 12 gün ümumi əmək stajı və həmin əmək stajının 12 il 10 ay 3 gün əmək şəraiti zərəli işlər təşkil edir.

37. Nəzərə alınmalıdır ki, iddiaçıya 57 yaşının tamam olduğu 10 aprel 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; - həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması.

38. Cavabdeh tərəfin mövqeyinə görə iddiaçının ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan azdır.

39. Göründüyü kimi, cavabdeh orqan həm ümumi, həm də ümumi stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması ilə bağlı tələbin ödənilmədiyinə əsaslanır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən etirazın dəlilləri ilə razılaşmır.

40. Belə ki, məhkəməyə təqdim edilmiş X1 "xxxx" ASC-nin arayışlarından müəyyən edilir ki, iddiaçı Kalinin icrayə komitəsinin daxili işlər idarəsinin tikinti quraşdırma İdarəsində 21 sentyabr 1987-ci tarixdən 18 iyul 1991-ci il tarixədək sahə ustası, 22 iyul 1991-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək X5 Sənaye Kombinatında inşaat ustası, 14 sentyabr 1993-cü il tarixədən 19 yanvar 1994-cü il tarixədək 19 saylı zonalararası İTTQİ-də iş icraçısı, 2 fevral 1994-cü il tarixdən 6 mart 1995-ci il tarixədək 2 nömrəli Kəndtikinyi trestində iş icraçısı, 15 mart 1995-ci il tarixdən 12 may 1997-ci il tarixədək 2 nömrəli Kəndtikinyi trestinin 28 nömrəli THTS-də iş ustası, 30 mart 2012-ci il tarixdən 25 oktyabr 2018-ci il tarixə kimi “X1 "xxxx" ASC-də iş icraçısı vəzifəsində işləmişdir və yenidən 7 noyabr 2018-ci tarixdən “X1 "xxxx" ASC-yə icraçısı vəzifəsinə işə qəbul olunaraq, 8 sentyabr 2021-ci il tarixdə işdən azad edilmişdir.

41. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

42. İş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair əlavə edilmiş arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.

43. İddiaçının peşə təhsili ilə əlaqədar olan cavabdehin etiraz dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçı 1 sentyabr 1979-cu il tarixdə Bakı şəhəri Azərbaycan SSR 54 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 21 iyul 1980-ci il tarixdə suvaqçı-tavaqçı-üzlükçü peşəsi üzrə texniki məktəbənin tam kursunu bitirmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş məlumat ilə müəyyən olunur ki, 1 sentyabr 1979-cu il tarixdə 54 nömrəli Texniki Peşə Məktəbinin “Suvaqçı-tavaqçı-üzlükçü” ixtisasına qəbul olmuş və 21 iyul 1980-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış 4659 nömrəli attestat təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Eyni zamanda, qanunvericiliyə əsasən Azərbaycan Respublikası ərazisində peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.

44. Belə ki, hazırkı halda iddiaçının attestatının mötəbərliyi mübahisələndirilmir və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən onun qiyabi formada peşə təhsilin alınması qeyri-mümkündür. Həmçinin, məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi izahatında iddiaçının peşə təhsilinin qiyabi olubolmadığını mübahisələndirilmədiyini və ümumi iş stajına əlavə olunduğunu bildirmişdir.

45. Eyni zamanda qeyd edilməlidir ki, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununun 10.7-ci maddəsinə əsasən peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 2-1(102)-1360/2025 Qərardadına əsasən “15. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “norma dispozitiv məzmunlu deyildir və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda qiyabi sözü belə işlədilməmişdir. Cavabdeh orqanın mövqeyi ehtimala söykəndiyi üçün, məhkəmə prosesi gedişində beynəlxalq təcrübələr də araşdırılmışdır. Nümunə kimi Türkiyə Respublikasının “X7” tədqiq edilmişdir. Lakin bu Qanunda belə peşə təhsili əyani qeyd olunmuşdur. Digər ölkələrdə peşə təhsili kolleclərdən kənarda əyani şəkildə aparılır.”

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.”

47. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

48. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Belə ki, iddiaçının əmək kitabçasında və digər sənədlərdə (attestat, hərbi bilet) olan məlumata əsasən iddiaçının 10 aprel 2016-cı il tarixi üçün ümumi iş stajı 25 il 6 ay 1 gün (2 may 1977-ci il – 17 aprel 1979-cu il; 16 iyul 1980-ci il – 15 fevral 1982-ci il; 19 fevral 1982-ci il – 14 mart 1983-cü il, 5 aprel 1983-cü il – 30 iyul 1983-cü il, 15 avqust 1983-cü il – 24 dekabr 1983-cü il, 12 yanvar 1984-cü il – 16 aprel 1984-cü il, 17 aprel 1984-cü il – 30 iyun 1985-ci il, 9 iyul 1985-ci il - 9 sentyabr 1985-ci il, 24 sentyabr 1985-ci il – 14 mart 1986-cı il, 19 mart 1986-cı il – 18 iyul 1991-ci il, 22 iyul 1991-ci il – 30 dekabr 1992-ci il, 4 yanvar 1993-cü il – 5 fevral 1993-cü il, 8 fevral 1993-cü il – 13 sentyabr 1993-cü il, 14 sentyabr 1993-cü il – 19 yanvar 1994-cü il, 2 fevral 1994-cü il - 6 mart 1995-ci il, 15 mart 1995-ci il - 12 may 1997-ci il, 1 iyun 2008-ci il - 3 may 2010-cu il, 30 mart 2012-ci il – 10 aprel 2016-cı il tarixlər), güzəştli şərtlərlə yaşa görə əmək stajı isə 12 il 10 ay 28 gün təşkil edir (21 sentyabr 1987-ci il – 18 iyul 1991-ci il, 22 iyul 1991-ci il – 30 dekabr 1992-ci il, 14 sentyabr 1993-cü il – 19 yanvar 1994-cü il, 2 fevral 1994-cü il – 3 mart 1995-ci il, 15 mart 1995-ci il – 12 may 1997-ci il, 30 mart 2012-ci il – 10 aprel 2016-cı il tarixlər).

49. Beləliklə, məhkəmə araşdırılması nəticəsində iddiaçının 57 yaşı tamam olduğu 10 aprel 2016-cı il tarixədək azı 25 il ümumi stajı, həmin əmək stajından azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır olan işlərdə əmək fəaliyyətinin mövcud olduğu təsdiq edilmişdir.

50. Bundan əlvə, iddiaçı tələbində ona 10 aprel 2016-cı il tarixdən pensiya təyin edilməsi ilə bərabər, həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

51. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. (-)

52. İPM-in 98-1-ci maddəsi: (-) 98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. 98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. (-) 98-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. (-)

53. Sadalanmış normaların məzmunundan aydın olur ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında əsas məqsəd hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etməkdən, fərqli yanaşma hallarına son qoyulmasından, maddi və prosessual hüquq normalarının birinci instansiya, apelyasiya və kasasiya məhkəmələrində eyni cür tətbiqinə nail olmaqdan ibarətdir. Vahid məhkəmə təcrübəsi isə Ali Məhkəmənin kollegiyalarının, konkret işlər üzrə Plenum qərarlarının, habelə Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar, o cümlədən məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlar vasitəsi ilə formalaşdırılır.

54. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

55. 69. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli, 3 saylı Qərardadında qeyd olunmuşdur ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”

57. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana ilkin müraciət etdiyi tarixdən etibarən, yəni 9 yanvar 2017-ci il tarixdən (§1), o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli, 3 saylı Qərardadında qeyd olunan müddəalar (Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla – Qanunun 47-ci maddəsinə əsasən, bu Qanun 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minir) nəzərə alınmaqla ödənilməlidir.

58. İşin yuxarıda müəyyən edilmiş hallarından aydın şəkildə görünür ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçıya 57 yaşının tamam olduğu 10 aprel 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli, həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

59. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 10 aprel 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən etibarən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar