Məhkəmə qərarları › İş №e-2-1(118)-1916/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1916/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1916/2022 15.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (Bakı şəhəri 14 saylı Vəkil Bürosunda vəkil işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona təyin edilmiş 2-ci dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə Laçın rayonunda anadan olmuşdur. Könüllü olaraq Laçın rayonunda yaradılmış könüllü özünümüdafiə dəstələrinə qoşularaq hərbi xidmətə başlamışdır. Həmin taborun ləğvi ilə əlaqədar Qubadlı rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə xx.xx.1992-ci il tarixdən daxil olmuşdur. İddiaçı 1992-ci ilin sentyabr ayında Laçın rayonunun Qızqəbiri ətrafında gedən döyüşlərdə Ermənilərin atdığı artileriya mərmisi partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları almışdır. Lakin həmin dövrdə yaralanması ilə bağlı sənədləşmələr lazımi qaydada həyata keçirilmədiyindən bu barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidməti vəzifəsini yerinə yetirərkən 1992-ci ilin sentyabr ayında Laçın rayonunun Qızqəbiri istiqamətində gedən döyüşlərdə yaralanması faktı müəyyən edilmişdir. Həmin qətnamədən sonra o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 463 nömrəli xx.xx.2012-ci il tarixli Qərarı ilə iddiaçının diaqnozu olan “qəlpə yaralanmalarından sonra başın sağ ənsə nahiyyəsinin, sağ göz altının, sol qaşın, sol baldırın orta 1/3-nin arxa səthinin çapıq toxumaları, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır qeydi ilə təsdiq edilmişdir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyinin 12 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya ilk öncə 2013-cü ildə 1 il müddətinə, daha sonra isə xx.xx.2014-cü il tarixdə müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir. Həmin təyinat zamanı əlilliyin səbəbi kimi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi əks olunmuşdur. Bundan sonra iddiaçı uzun müddət ərzində əlilliyə görə pensiyanı almış və onun əlilliyi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı bir irad və nöqsan bildirilməmişdir. Lakin təxminən 2022-ci ilin mart ayında iddiaçının əlilliyə görə aldığı pensiya dayandırlmışdır. Dəfərlərlə müraciət etdikdən sonra iddiaçıya bildirilmişdir ki, onun əlilliyi xx.xx.2022-ci il tarixli cavabdeh inzibati orqanın qərarı ilə dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etmişdir ki, audit yoxlamaları aparılan zaman şübhəli əsaslar yarandıqda şəxs yenidən müayinəyə çağırılaraq əlilliyi yenidən qiymətləndirilə bilər. Belə yoxlamalar nəticəsində iddiaçı X3 da əyani müayinəyə çağırılmış və protokol tərtib edilmişdir. İş materiallarında olan : - TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx.xx.2014-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. - TSEK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəb kimi “Tam reabilitasiya olması” qeyd edilmişdir. -Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1314/2012 saylı 20 aprel 20212-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidməti vəzifəsini yerinə yetirərkən 1992-ci ilin sentyabr ayında Laçın rayonu Qızqəbiri istiqamətində gedən döyüşlərdə yaranlamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. - Mərkəzi Hərbi Həkim Komissiyasının 463 nömrəli xx.xx.2012-ci il tarixli qərarından görünür ki, İddiaçı Aslan oğlunun xətəliyinin səbəbli əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə kı, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarlılığı ilə əsaslı şübhələrin olması qeyd edilsə də, bunu təsdiq edən hər hasnı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh yalnız müvafiq elektron sistemdə düzəliş etməklə kifayətlənmiş, qanunvericilik normalarının tələbləri pozularaq əlilliyin ləğv edilməsi barədə hər hansı inzibati qərar qəbul edilməmiş, bu barədə iddiaçıya məlumat verilməmişdir. İş materiallarından görünür ki, iddiaçıya 2013-cü ildə 1 il müddətinə, 2014-cü ildə isə müddətsiz ikinci qrip əllilik dərəcəsi təyin edilmişdir. 2022-ci ilin fevral ayınadək o, əmək pensiyası almışdır. Sonradan iddiaçıya məlum olmayan səbəbdən onun əlilliyi Əlillik altsistemində etibarsız edilmişdir. Bununla əlaqədar xüsusi olaraq qeyd olunmalıdır ki, iddiaçının 2-ci dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinəin nəticələrinə əsasən TESK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə qeyd edir ki, əyanimüayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinləmilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyin ləğv edilməsi “İnzibati icraat” haqqında Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlılığına və hüquqi qüvvəsinə zidd olardı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-cı maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləvğ edilməsi ilə bağlı inzibatı orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya huquqı şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparmalı, bu zaman həmin icraatda aidiyyəti iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun inzibati icraat aparmaqla iddiaçının səhhəti ilə bağlı ona təyin edilmiş əlillik dərəcəsinin qanuna müvafiq olub-olmaması barədə müvafiq qərar qəbul etməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar