Məhkəmə qərarları › İş №e-2-1(118)-2240/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2240/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2240/2022 20.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 (Abşeron rayonu Hökməli bələdiyyəsində Vergi şöbəsinin rəisi işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Hökməli bələdiyyəsinə qarşı Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 03/01 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayonu Hökməli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 03/01 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Hökməli Bələdiyyəsinin 25 avqust 2021-ci il tarixli 03 saylı protokolunun 01 saylı qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan Hökməli qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinə görə 2019-cu ildən başlayaraq ötən dövrlər üzrə 2400 manat, 560 manat faiz, ümumilikdə 2960 manat vergi borcunun Hökməli bələdiyyəsinin yerli büdcəsinə məcburi ödənilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Hökməli bələdiyyəsi iddiaçıya məxsus Hökməli qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinə görə vergi borcunun ödənilməsi məsələsi barədə iclas keçirmiş, lakin iddiaçıya bununla bağlı hər hansı məlumat verməmiş və iştirakını təmin etməmişdir. Həmin torpaq sahəsinə görə 2019-cu ildən başlayaraq ötən dövrlər üzrə 2400 manat, 560 manat faiz, ümumilikdə 2960 manat vergi borcunun hansı əsasla hesablanması iddiaçıya məlum deyildir. Hökməli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03/01 saylı qərarı icraya yönəldilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən edilmiş zəngdən sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə həmin şöbəyə gedərək qərarı əldə etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bilidirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərzisənini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli 1 ha torpaq sahəsi İddiaçı xüsüsi mülkiyyətindədir. Vergi ödəyicisi İddiaçı bələdiyyə tərəfindən xx.xx.2021-ci tarixdə poçt vasitəsi ilə yaşadığı ünvana xəbərdarlıq məkubu ünvanlamışdır. Bundan sonra İddiaçı həmin məktuba cavab olaraq bələdiyyəyə xx.xx.2021-ci il tarixində ərizə ünvanlayaraq torpaq sahəsinin xüsusi mülkiyyətində olduğunu və həmin torpaq sahəsinin Hökməli bələdiyyəsnə aid olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya bir daha məktub və tədiyyə bildirişi poçt vasitəsi ilə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1.1 bəndinə əsasən fiziki şəxslər xüusi mülkiyyətlərində olan torpaq sahəsinə görə torpaq vergisi ödəməyə borcludurlar. Yəni torpaq sahəsinin xüsusi mülkiyyətinzdə olması fiziki şəxsi torpaq vergisini ödəməkdən azad etmir. Vergi ödəyicisi İddiaçı bu vaxta qədər mülkiyyətində olan torpaq sahəsinə görə torpaq vergisi ödəməkdən yayınmışdır. xx.xx.2022-ci il tarixə qədər onun torpaq vergi borcu 4047.2 manat təşkil edir. Buna görə də İddiaçı Hökməli bələdiyyəsi haqqında qaldırdığı iddia əsassızdır. İş materiallarında olan : -JN-0008 KOD 30800036 seriyalı dövlət aktından görünür ki, Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 16 saylı qərarı ilə X5 1 hektar torpaq sahəsi satılmışdır. -AN-İ №0221766 seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu, Hökməli qəsəbəsində yerləşən 1.0 ha torpaq sahəsini İddiaçı satmışdır. -MA № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki,Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 1.0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -Abşeron rayon Hökməli bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı 10 gün müddətinə vergi borcunun ödənilməsi tələb edilmişdir. -Abşeron rayon Hökməli bələdiyyəsinin 25 avqust 2021-ci il tarixli 03/01 saylı qərarından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı Hökməli qəsəbəsində yerləşən 1.0 ha torpaq sahəsinə görə 2019-cu ildən başlayaraq ötən dövrlər üzrə 2400 manat, 560 manat faiz, cəmi 2960 manat vergi borcunun olması müəyyən edilmiş və borcun ödənilməsi üçün qərarın icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Abşeron rayon Hökməli bələdiyyəsi mübahisələndirilən qərarla borcun iddiaçının mülkiyyətində 1.0 ha torpaq sahəsinə görə hesablanması; göstərilən əmlaka görə 2019-cu ildən başlayaraq ötən dövrlər üzrə 2400 manat, faiz üzrə 560 manat, ümumilikdə 2960 manat borcun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. -205-ci maddəsinə əsasən, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -206.1-ci maddəsinə əsasən 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 2 manat müəyyən edilir. -206.1-1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. -bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı 10.000 kv m torpaqlara münasibətdə torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 8 manat dərəcəsi tətbiq olunur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən .......................... habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisi üzrə vergitutma obyekti sayılır. Vergi Məcələsinin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. İstinad olunan normanın məzmunundan görünür ki, faiz bir ildən çox olmamaq şərti ilə tətbiq edilə bilər. Cavabdeh isə 3 il müddətinə vergi borcunu və həmin müddətə faiz borcunu hesablamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən inzibati icraat aparılmamış, işin halları ilə bağlı iddiaçıdan hər hansı sübut, material tələb edilməmiş, həmçinin belə bir qərarın mövcudluğundan iddiaçı sonradan məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi təqdim edilməsi barədə sənəd olmadığından iddia müddəti ötürülməmiş hesab edilməlidir. Belə ki, iddiaçı mübahisələndirilən qərar barədə icra məmuru vasitəsi ilə 2022-ci ilin iyun ayında xəbər tutduğunu izah etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Hökməli bələdiyyəsinin İddiaçı barəsində xx.xx.2021-ci il tarixli 03.01 saylı qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar