Məhkəmə qərarları › İş №e-2-1(118)-2266/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2266/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2266/2022 12.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1 ünvanında yerləşən 40 saylı evdə faktiki yaşamayan və istifadə hüququ olmayan X10, X13, X7 və Həmzəzadə Cahid Asəf oğlunun həmin mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1 ünvanında yerləşən 40 saylı evdə faktiki yaşamayan və istifadə hüququ olmayan X10, X13, X7 və Həmzəzadə Cahid Asəf oğlunun həmin mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 126/35 ünvanında yerləşən 40 saylı mənzil xx.xx.2020-ci ildən paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə X2 və 4/5 hissədə isə Qanuni nümayəndə mülkiyyətindədir. 17 avqust 2007-ci il təvəllüdlü X10 və 15 avqust 2014-cü il təvəllüdlü X1 Gülxar Məhəmməd qızının nəvələridir. Onlar halhazırda anaları X5 ilə birlikdə yaşayırlar. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2015-ci il tarixli qətnaməsi ilə X6 ilə X5 arasında bağlanmış nikaha xitam verilmiş, birgə nikahlarından olan 17 avqust 2007-ci il təvəllüdlü X10 və 15 avqust 2014-cü il təvəllüdlü X13 anaları X3 yanında qalması qət edilmişdir. Həmin tarixdən etibarən onlar sözügedən mənzildə yaşamırlar. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalırlar. Eyni zamanda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qərarına əsasən X3 Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 126/35 ünvanında yerləşən 40 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Həmçinin Qanuni nümayəndə nəvələri 16 fevral 2011-ci il təvəllüdlü X7 və 04 aprel 2012-ci il təvəllüdlü Həmzəzadə Cahid Asəf oğlu da sözügedən mənzildə yaşamırlar. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalırlar. Belə ki, X4 ilə X15 arasında bağlanmış nikah 07 may 2021-ci il tarixdə pozulmuş, birgə nikahlarından olan övladlarından X11 anasının, X7 və Həmzəzadə Cahid Asəf oğlu isə atalarının himayəsinə verilmişdir. Həmin tarixdən etibarən X7 və Həmzəzadə Cahid Asəf oğlu ataları X15 ilə birlikdə yaşayırlar. Sözügedən ünvanda yaşamırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarının ikinci bəndinə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli qərarına əsasən X12 və X8 həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt Şəhər Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq göndərilmiş məktubda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X10, X13, X7 və Həmzəzadə Cahid Asəf oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğun olduğu qeyd olunmuşdur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, X10, X13, X7 və Həmzəzadə Cahid Asəf oğlununhəmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və iddiaçının mənzilindən qeydiyyatdan çıxarılmalıdır. Çünki, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X10, X13, X7 və Həmzəzadə Cahid Asəf oğlu ünvan 3 ünvanında qeydiyyatdadırlar. - “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında 4/5 hissədə Qanuni nümayəndə məxsusdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında 4/5 hissədə Qanuni nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər X10, X13, X7 və Həmzəzadə Cahid Asəf oğlu qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının nümayəndəsi və vəkilinin müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 126/35 ünvanında yerləşən 40 saylı evdə faktiki yaşamayan və istifadə hüququ olmayan X10, X13, X7 və Həmzəzadə Cahid Asəf oğlunun həmin mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 126/35 ünvanında yerləşən 40 saylı evdə faktiki yaşamayan və istifadə hüququ olmayan X10, X13, X7 və Həmzəzadə Cahid Asəf oğlunun həmin mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar