Məhkəmə qərarları › İş №e-2-1(118)-2304/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-2304/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-2304/2024 29.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

1. İddiaçı "xxxx" MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsinin borc vərəqəsində mövcud olan 2.227.172,27 manat əsas vergi borcu, 3.167.760,40 manat faiz borcu və 18.083,28 manat maliyyə sanksiyası borcu olmaqla, ümumilikdə 5.413.015,95 manat vergilər üzrə borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbinin əsasları: - iddiaçı tərəfindən 2.227.172,7 manat əsas vergi borcu, 3.167.760,40 manat faiz borcu və 18.083,28 manat maliyyə sanksiyası borcu olmaqla, ümumilikdə 5.413.015,95 manat ümidsiz vergi borclarının silinməsi üçün cavabdehə ərizə ilə müraciət edilmişdir. Cavabdeh tərəfindən ümidsiz vergi borclarının silinməsindən əsassız olaraq imtina edilmişdir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarında, eləcədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar mübahisəli işləri üzrə Qərarlarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmaqla hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulması ilə bağlı VM-in 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitməsi səbəbindən həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, VM-in 85.4, 93.1, 93.2, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 9-1.1, 35-ci maddələrinə istinad olunmuşdur.

4. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

5. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 - 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

6. Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim edilmişdir. Etirazın dəlilləri: - iddiaçı iddia ərizəsində onun şəxsi hesab vərəqəsində olan 2.227.172,27 manat vergi borcu, 3.167.760,95 manat faiz borcu, 18.083,28 manat maliyyə sanksiyası borcu olmaqla, ümumilikdə 5.413.015,95 manat vergi borcunun VM-in 93.1.1-ci maddəsinə əsasən, 5 illik tələbetmə müddətin bitməsi əsas gətirilərək ümidsiz borc kimi silinməli olduğunu qeyd etmişdir. İddiaçı barəsində 7 yanvar 2024-cü il tarixdə xeyli miqdarda vergilərin, icbari tibbi sığorta və məcburi sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 213.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Bu səbəbdən tələbetmə müddəti bitmiş vergi borclarının silinməsi ilə bağlı məsələlər VM-in deyil, CM-in təsiri altına düşdüyü üçün, cinayət işi üzrə yekun qərar çıxarılanadək həmin borcların ümidsiz borc kimi silinməsi məsələsinə baxılacaqdır; - vergidən yayınma faktı üzrə CM-in 213-cü maddəsinə əsasən, cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, inzibati orqana müraciət ilə məhkəməyə müraciət eyni olmadığı üçün, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı ümidsiz borcun silinməsi üçün 23 avqust 2023-cü il tarixdə müraciət etsə də, müraciət zamanı miqdar göstərilmədiyi üçün, müvafiq hesablamaları aparmaq mümkün olmamışdır. Əgər iddiaçı konkret olaraq məbləğin miqdarını göstərməklə müraciət etsə idi, həmin məsələ ilə bağlı hesablama aparmaq mümkün olardı.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı 29 mart 2024-cü il tarixli məhkəmə iclasında öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

10. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

11. Məhkəmənin 23 fevral 2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil izahatında iddia ərizəsində qeyd olunanları müdafiə edərək, iddia tələbinin mümkün hesab edilməsini xahiş etmişdir.

12. Məhkəmənin sonuncu iclası ilə bağlı iddiaçının səlahiyyətli nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirakının qeyri-mümkün olduğunu bildirərək, iclasın növbəti tarixə təxirə salınmasını xahiş etsə də, “qeyri-mümkünlüyü”n səbəbləri qeyd olunmamışdır.

13. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

14. Eyni zamanda, məhkəmə tərəfindən nəzərə alınmışdır ki, əvvəlki məhkəmə proseslərində tərəflər öz sübutlarını təqdim etmiş olsalar belə, məhkəmə iclasını hər iki tərəfin xahişini nəzərə alaraq, təxirə salınmışdır.

15. Odur ki, məhkəmə, məhkəmə iclasının (29 mart 2024-cü il tarixli) tarixinin tərəflərlə iştirakı ilə əvvəlcədən təyin edildiyini, iddiaçının səlahiyyətli nümayəndəsinin əvvəlki prosesdə mövqeyinin öyrənildiyini, bütün sübutların elektron kabinetdə yerləşdiyini, tərəfin yazılı və ya elektron kabinet vasitəsi ilə də məhkəməyə müraciət etmək imkanının olduğunu, o cümlədən İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alaraq işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

16. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər

19. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

20. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

21. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

22. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

23. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

25. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.

26. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı tərəf İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına 30 avqust 2023-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, MMC-nin şəxsi hesab vərəqəsində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar mövcuddur. Belə ki, VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda, VM-in 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, MMC-yə aid vaxtı ötmüş ümudsiz borc məbləğlərini şəxsi hesab vərəqəsindən silinməsi xahiş olunmuşdur.

27. Cavabdeh tərəfin isə mövqeyinin əsasında iddiaçının cavabdehə müraciətində “MMC-yə aid vaxtı ötmüş ümudsiz borc məbləğlərini şəxsi hesab vərəqəsindən silinməsi” olduğu halda, iddia ərizəsində nınıçaiddi“ şəxsi hesab vərəqəsinin borc vərəqəsində mövcud olan 2.227.172,27 manat əsas vergi borcu, 3.167.760,40 manat faiz borcu və 18.083,28 manat maliyyə sanksiyası borcu olmaqla, ümumilikdə 5.413.015,95 manat vergilər üzrə borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” ilə bağlıdır.

28. Məhkəmə araşdırılması ilə məlum olur ki, hazırki mübahisə predmeti ilə iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti müxtəlif olmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə, cavabdeh tərəfin mövqeyi əsaslıdır, iddia mümkün sayılmamalıdır.

29. Məhkəmə həmçinin qeyd edir ki, iddia mümkün sayılmadığından, ekspertizanın keçirilməsi haqqında vəsatətə baxılmasına zərurət qalmamışdır.

30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ:

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar