Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2394/2023 24.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 6 il və daha çox işləyərək qazandığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə müraciət etmiş, müraciətinə birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Departamenti tərəfindən cavab verilib. Verdikləri cavab məktubuna görə onun hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Qanuna əsasən pensiyasının əlavəsinin azaldılmış məbləğ miqdarında bərpa edilməsi mümkün deyil. O verilən cavab məktubu ilə razı deyil, pensiya təminatı hüququnun pozulmasını hesab edir, bununla bağlı şikayətçidir. Belə ki, o xx.xx.2017-ci il tarixədək pensiyaya çıxan hərbi pensiyaçısıdır. xx.xx.2017-ci il tarixədək pensiyaya çıxanların qulluq illərinə görə pulunun yenidən hesablanması qaydası Prezident tərəfindən müəyyən edilib və bu Əmək pensiyaları haqqında Qanunun 26.3-cü maddəsi ilə Prezidentə həvalə olunub. xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanla təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması QAYDASİ" nın 2.6-cı bəndi ilə onun pensiyasının qulluq illərinə görə əlavəsinin yenidən hesablanması Əmək pensiyaları haqqında Qanunun 29.2-ci bəndinə göndərilib. 29.2-ci maddə isə ona xx.xx.2019-cu il tarixdən etibarən tətbiq olunmağa başlayıb. Əmək pensiyaları haqqında Qanun müddətindən asılı olmayaraq keçmiş illərdə yaranmış hüququ tanıyır. Əks halda keçmiş müddət ərzində alınmamış üç ilin pulunun ödənilməsini nəzərdə tutmazdı. Qanun keçmiş üç il ərzində pensiyaçının almadığı pulunun verilməsini nəzərdə tutur, bu o deməkdir ki, hüququn yaranması tarixindən asılı olmayaraq keçmişdə yaranan hüququ tanıyır. Onun da pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ xx.xx.2019-dək yarandığı üçün və o xx.xx.2017-dək pensiyaya çıxdığı üçün, barəsində Prezidentin Fərmanı ilə təsdiq edilmiş Qaydalar tətbiq olunduğu üçün onun qulluq illərinə görə pulumun azaldılması yolverilməzdir və ona 29.2-ci maddə tətbiq oluna bilməz.Cavabdeh tərəfindən verilmiş cavaba etiraz edir, Cavabdeh Konstitusiya Məhkəməsinin Qərarında yazılanları təhrif olunmuş şəkildə təqdim edir. Konstitusiya Məhkəməsinin xx.xx.2022 tarixli Qərarında birbaşa yazılıb: Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi Konstitusiya Məhkəməsi “müraciət edildiyi gündən" ifadəsini yalnız 9.6-cı maddəyə münasibətdə şamil edir. Eyni zamanda həmin Qərarın təsviri əsaslandırıma hissəsində də eyni məzmunlu ifadə məhz 9.6-cı maddəyə münasibətdə şamil edilir. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya 8 noyabr 2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. İddiaçının sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 876,53 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir:-əmək pensiyasının sığorta hissəsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavəsi-633,23 manat.; İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 32806,91 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin 32806,91 manat nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 37.3.1 -ci, 29.2-ci və 45-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli müvafiq Qərarına və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 -ci, 65.3.3-cü və 65.3.4-cü maddələrinin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyansının sığorta hissəsi yenidən hesablanmışdır. Nəticədə:-əmək pensiyasını sığorta hissəsi-603,82 manat; qulluq stajına görə əmək pensiysına əlavə-272,71 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına və həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmış, yəni sözügedən pensiya sığorta kapitalı iddiaçının müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də iddiaçının pensiyasının tərkib hissələrinin yenidən hesablandığı tarixədək topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli elektron imtina məktubu, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir . Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli elektron imtina cavabını almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. X2 qeyd edilmişdir ki, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən - sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 yanvar 2023-cü ilədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2002-ci il tarixdən ehtiyyata buraxılmış və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra digər sahədə 6 ildən çox əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığılmışdır. Cavabdeh tərəfindən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən müvafiq hesablanmaya qədər 876.53 manat olmaqla iddiaçının əmək pensiyasının sığorta hissəsi 243,30 manat, qulluq stajına əlavə 633,23 manat olmuşdur. xx.xx.2023-cü ildən isə iddiaçıya 964,18 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası verilir. Göründüyü kimi, iddiaçının fərdi şəxsi hesabında yığılmış kapitalı nəzərə alınmaqla onun pensiyası yenidən hesablansa da, ididaçının tələbinin əsası məhz yenidən hesablanma zamanı qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin sığorta hissəsindəki artımlar qədər azaldılmaması ilə bağlıdır. İddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1 -ci maddəsi təşkil edir. Cavabdehin etirazının əsas dəlili ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub, iddiaçının əmək pensiyası Qanunun 29.2-ci maddəsinin Mərkəzi Filiala müraciət etdiyi tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği sığorta hissəsindəki artımlar qədər azaldılmaqla yenidən hesablanıbdır. Məhkəmə cavabdeh təşkilatın etirazında göstərlmiş dəlilinə cavab olaraq qeyd edir ki, xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimi olmuşdur: 2017-ci il iyulun 1dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır. Həmçinin, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli Qanunun 1.12.2-ci bəndinə əsasən Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Qanunun 29.2-ci maddəsi ləğv edilməsəydi belə Qanunun 37.3.1-ci maddənin 29.2-ci maddə ilə qarşılıqlı əlaqəsi mövcud deyildi. Əvvəla nəzərə alınmalıdır ki, Qanunun 29.1-ci maddəsi əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədardır, yəni əmək haqlarında orta illik artım nəzərə alınmaqla dövlət tərəfindən şəxsin pensiya kapitalı ildə bir dəfə dövlət tərəfindən əvəzsiz olaraq artırılır. Qanunun qüvvədən düşmüş 29.2-ci maddəsi isə 29.1-ci maddənin davamı olaraq Qanunun 20-ci maddəsində pensiyaları əmək haqqı nisbətində hesablanan (50-80%) peşələri göstərilmiş şəxslərin pensiya kapitalının hesablanmasına aiddir. Belə ki, həmin şəxlərin pensiya kapitalı Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə nəticəsində artırıldıqdan sonra dövlət tərəfindən əmək haqlarına edilmiş artımların nəticəsi olaraq pensiya kapitalları 2 dəfə əsassız olaraq artır. Ədalətsiz artımın (əsassız varlanmanın) qarşını almaq niyyəti ilə 2019-cu ildə 29.2-ci maddə Qanuna əlavə edilmişdir. Lakin hazırkı hal üzrə cavabdeh təşkilat heç bir əsas olmadan Qanunun 37.3.1-ci maddəsinə əsasən şəxsin öz əməyi ilə əldə etdiyi pensiya kapitalını yenidən hesablayarkən 29.2-ci maddənin tələblərinə istinad etməklə azaltmışdır.Hesab olunur ki, şəxsin pensiyaya çıxdıqdan sonra 6 ildən artıq işləməsi nəticəsində əldə etdiyi kapitalın yenidən hesablanmasını nəzərdə tutan 37.3.1-ci maddədən fərqli olaraq 29.1-ci maddədə nəzərdə tutulmuş artım (indeksləşdirmə) dövlət tərəfindən pensiya kapitalına əvəzsiz olaraq verilən ianə kimi qəbul olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-2394/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2394/2023
24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver