Məhkəmə qərarları › İş №e-2-1(118)-2416/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2416/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2416/2024 13.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 13 oktyabr 2023-cü il tarixli 16 saylı protokolu əsasında qəbul edilmiş qərarının 2400 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdehin 13 oktyabr 2023-cü il tarixli 16 saylı protokolu əsasında qəbul edilmiş qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, Qəbristanlığı ərazisi yaxınlığında tikinti məqsədi üçün Sumqayıt şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 12 saylı qərarı ilə “ALOV” kiçik müəssisəsinə 1 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. Həmin torpaq sahəsi Sumqayıt 3 saylı DNK-nun xx.xx.2006-cı il tarixli 3M/618 nömrəli müqaviləsi ilə onun istifadəsinə keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2007-ci il tarixində istifadəsində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmışdır.Sumqayıt şəhər İcra və Probasiya İdarəsindən icra məmurunun bildiriş smsi aldıqdan sonra ona məlum olmuşdur ki, Sumqayıt Bələdiyyəsi heç bir əsas olmadan yuxarıda qeyd etdiyi torpaq sahəsinə dair əmlak vergisi hesablamış, heç bir bildiriş təqdim etmədən, məlumat vermədən öz mülahizələrinə görə xeyli miqdarda vergi borcu hesablayaraq tutulmasına dair qərar qəbul etmişdir. Həmin qərarı ona göndərməmiş, əksinə qanunun tələbləri pozmaqda davam edərək qərarı məcburi icraya yönəltmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir, onun sadəcə olaraq istifadəsinə verilmişdir. Üzərində hazırda heç bir əmlak yoxdur.Hesab edir ki, Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2023-cü il tarixli qərarı maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bu səbəbdən cavabdehin yol verdiyi qanunsuzluqlar birbaşa onun hüquq və qanuni mənafeyinə toxunduğundan, məhkəməyə müraciət etməyə və yol verilmiş qanun pozuntularının aradan qaldırılaraq, hüquqlarının bərpasını tələb etməyə məcbur olmuşdur.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki,iddia tələbini 3 il müddətinə hesablanmış vergi borcunun ödəniməsi iuddiaçının vergi borcu olaraq qiymətləndirilməlidir. Qeyd olunanları qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 13 oktyabr 2023-cü il tarixli 16 saylı protokolu əsasında qəbul edilmiş qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biidir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində bələdiyyə tərəfindən 13 oktyabr 2023-cü il tarixli 16 saylı protokolu əsasında qəbul edilmiş qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Sumqayıt Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Sumqayıt Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Sumqayıt Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Sumqayıt Bələdiyyəsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2023-cü il tarixli 16 saylı protokolu əsasında qəbul edilmiş qərarının Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Sumqayıt Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin İdarənin yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Həmin Məcəllənin 5.0.3-cü maddəsinə vergi məbləğlərinin tutulma formalarından biri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) vergitutmadır. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yenidən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və nəqliyyat vasitələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyrirezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 81.1 -ci maddəsinə görə inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni Qanunun 82.3-cü maddəsinə görə tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Sadalanan normalardan göründüyü kimi bələdiyyə vergilərin hesablanması barədə inzibati aktın məcburi icrasını qanunla müəyyən edilmiş hərəkət ardıcıllığına riayət etməklə təmin edə bilər. İşin hallarından müəyyən olunur ki, Sumqayıt Bələdiyyəsi tərəfindən mülkiyyətçi vergi ödəyicisi kimi qeydiyyata alınmış və 7467,12 manat vergi borcunun olması müəyyən edilmişdir. Daha sonra iş materialları Sumqayıt şəhəri üzrə İcra şöbəsinə göndərilərək, icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh ilə qarşılıqlı razılaşmaqla hesablanan veriginin so 2 ili hissəsi saxlanılmaqla qalan məbləğin silinməsi razılaşdırılmışdır. Bu səbəbdən də mübahisələndiriliən qərarı ləğv edərəkən 2400 manat hissəsi istisna olunmaqla qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçıya vergi borcunun ödənilməsi ilə bağlı nə xəbərdarlıq bildirişi , nə də mübahisələndirilən qərar iddiaçıya təqdim edilməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Bundan əlavə tədiyyə bildirişi ümumiyyətlə keçən illər ərzində iddiaçıya verilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bələdiyyə vergi borcunun ödənilməsi barədə inzibati aktın məcburi icrasınadək qanunla nəzərdə tutulmuş qaydalara riayət etməmişdir. Belə olan halda, cavabdehin 13 oktyabr 2023-cü il tarixli 16 saylı protokolu əsasında qəbul edilmiş qərarı qanunsuz inzibati akt olmaqla ləğv edilməlidir. Bundan başqa, məhkəmə mübahisəli vergi borcu məbləğinin əsaslılığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, cari il üçün bələdiyyələr verginin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1dən gec olmayaraq verməli, verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15dək və noyabrın 15-dək vergi ödəyiciləri tərəfindən ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 13 oktyabr 2023-cü il tarixli 16 saylı protokolu əsasında qəbul edilmiş qərarı 2400 manat hissəsi istisna olmaqla qalan hissədə qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2023-cü il tarixli 16 saylı protokolu əsasında qəbul edilmiş qərarının 2400 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar