Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2527/2022 25.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə qarşı “onun müddətli həqiqi hərbi xidmət keçmək üçün çağrılmasına dair qərarının ləğv edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü Xeyrullayev X2 və Hərbi Xidmətə Çağırış üzrə Şabran Bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmət keçmək üçün çağrılmış və ona 9100 qısa SMS nömrəsindən Daxili Qoşunlara təyin edilməsi barədə bildiriş göndərilmişdir. Lakin şəxsin müddətli həqiqi hərbi xidmətə çağrılmasma dair müvafiq qərar ona təqdim edilməmişdir. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 45 saylı tam orta məktəbi bitirmiş, bununla bağlı xx.xx.2022-ci il tarixdə Attestat almışdır. Təhsilini davam etdirmək üçün sənədlərini Türkiyə Respublikası Gümüşhane Universitetinə təqdim etmiş və qeyd edilən Universitetin “İktisadi və X4”nə daxil olmuşdur. Universitetin “2022-2023 X3 Mektubu”ndan görünür ki, tədris ili 4 il olmaqla, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Universitetə canlı qeydiyyatdan keçməklə müraciət edilmə tarixi müəyyən edilmiş və 05-09 sentyabr 2022-ci il tarixdən tədrisə başlamaq üçün qəbul işləri həyata keçirilməlidir. Bununla bağlı, Universitet tərəfindən göndərilən məktub Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli həmin məktubdan görünür ki, İddiaçı Türkiyə Respublikası Gümüşhane Universitetinin “İktisadi və X4 Siyaset və X6 gündüzlü (əyani)” şöbəsinə daxil olmuşdur. Daha sonra iddiaçı eyni zamanda Türkiyə Respublikası Hitit Universiteti İqtisadi və İnzibati Elmlər fakültəsi Menecment ixtisası hazırlıq kursuna daxil olmuşdur və təhsilini həmin Universitetdə davam etdirməkdədir. Hesab edir ki, cavabdehin ona aid hissədə qəbul etdiyi qərar qanunsuzdur və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iddiaçı və onun vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, xx.xx.2004-cü il təvəllüdlü İddiaçın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şabran bölməsi tərəfindən onun müddətli həqiqi hərbi xidmət keçmək üçün çağrılmasına dair 2022-ci il iyul çağırışı üzrə əmri (qərarı) ona aid hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə təqdim etdiyi arayışda İddiaçı Türkiyə Respublikası Gümüşhane Universitetinin “İktisadi və X4 Siyaset və X6 gündüzlü (əyani)” şöbəsinə daxil olması və Universitetin birinci kursunda oxumağı qeyd olunmamışdır. Həmin arayışda İddiaçı həmin Universitetə sənədlərinin verildiyi və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Universitetə canlı qeydiyyatdan keçməklə müraciət edə biləcəyi qeyd edilmişdir. 2022-ci ilin iyul çağırışının 01 iyuldan 30 iyuladək olduğunu nəzərə alıb çağırışçı İddiaçı müddətli həqiqi hərbi xidmətə yola salınacağı təqdirdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Universitetə canlı qeydiyyatdan keçməklə müraciət edə bilməz. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə rəsmi şəkildə müraciəti olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə göndərilmiş pretenziya məktubunun surəti, Türkiyə Respublikası Gümüşhane Universitetinin məktubu, Türkiyə Respublikası Hitit Universitetinin məktubu, Attestatın surəti, cavabdehin etiraz ərizəsi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Şabran rayon bölməsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan əmr (qərar) Şabran rayon bölməsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı Şabran şəhəridir, iddiaçının ünvanı Şabran rayon bölməsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə müddətli həqiqi hərbi xidmətə çağırılması Şabran rayon bölməsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Şabran rayon bölməsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə əmrin (qərarın) ləğv edilməsi ilə bağlı Şabran rayon bölməsi müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Lakin, iddiaçıya həmin qərar (əmr) təqdim edilmədiyindən, iddiaçı müvafiq qərarın ləğvi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İşin müəyyən edilən hallarından məlum olur ki, Şabran rayon bölməsi tərəfindən qəbul edilmiş 2022-ci ilin iyul ayı üzrə müddətli həqiqi hərbi xidmətə çağırış müvafiq yaş həddinə çatmış hərbi mükəlləfiyyətli hər bir vətəndaşa şamil olunan qərardır və iddiaçı qərarın ona aid olan hissədə ləğv edilməsini cavabdehdən istəmiş və onun tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Şabran rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Xeyrullayev X2 və Hərbi Xidmətə Çağırış üzrə Şabran Bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmət keçmək üçün çağrılmış və ona 9100 qısa SMS nömrəsindən bildiriş göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 45 saylı tam orta məktəbi bitirmiş, bununla bağlı xx.xx.2022-ci il tarixdə Attestat almışdır. Təhsilini davam etdirmək üçün sənədlərini Türkiyə Respublikası Gümüşhane Universitetinə təqdim etmiş və Universitetinin “İktisadi və X4 Siyaset və X6 gündüzlü (əyani)” şöbəsinə daxil olmuşdur. İddiaçı eyni zamanda Türkiyə Respublikası Hitit Universitetinə də qəbul olunmaq üçün sənədlərini təqdim etmiş və müvafiq Universitetin İqtisadi və İnzibati Elmlər fakültəsi Menecment ixtisası hazırlıq kursuna tələbə qismində daxil olmuşdur və hal-hazırda da təhsilini həmin Universitetdə davam etdirməkdədir. İddiaçı təhsilini davam etdirmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şabran rayon bölməsi tərəfindən onun müddətli həqiqi hərbi xidmət keçmək üçün çağrılmasına dair 2022-ci il iyul çağırışı üzrə əmri (qərarı) ona aid hissədə ləğv edilməsi üçün xx.xx.2022-ci ildə pretenziya məktubu ilə cavabdehə müraciət edilmiş, lakin Şabran rayon bölməsi tərəfindən onun müraciəti təmin edilməmiş və bu səbəbdən də məhkəməyə müraciət edərək Şabran rayon bölməsinin müddətli həqiqi hərbi xidmət keçmək üçün çağrılmasına dair 2022-ci il iyul çağırışı üzrə əmri (qərarı) ona aid olan hissədə ləğv edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və Şabran rayon bölməsinin müddətli həqiqi hərbi xidmət keçmək üçün çağrılmasına dair 2022-ci il iyul çağırışı üzrə əmri (qərarı) ona aid olan hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Konstitusiyanın 72-ci maddəsinə əsasən hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılıllar.Həmin Qanunun 18.1.3-cü maddəsinə əsasən təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir. Həmin Qanunun 21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışçılara bir dəfə möhlət verilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında vətəndaşlar ildə 4 dəfə- yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Təhsilini davam etdirmək üçün təhsil müddəti başa çatanadək bir dəfə rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə möhlət verilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmalıdırlar. Yəni qeyd olunan Sərəncamdan bəlli olur ki, iyulun 1-dək 18 yaşı tamam olmuş 2004-cü il təvəllüdlü şəxslər üçün çağırışın son müddəti iyulun 30-dək müəyyən olunub. İddiaçı Zaur oğlunun daxil olduğu Türkiyə Respublikası Türkiyə Respublikası Hitit Universitetinin İqtisadi və İnzibati Elmlər fakültəsi Menecment ixtisası hazırlıq kursunun tələbə adını qazanmış və halhazırda da təhsilini həmin Universitetdə davam etdirməkdədir. Belə ki, Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Təhsil Müşavirliyinin verdiyi xx.xx.2022-ci il tarixli və Hitit İniversitetinin tələbə işləri üzrə şöbə rəhbərliyinin xx.xx.2022-ci il tarixli məlumatlarından bəlli olur ki, İddiaçı tələbəlik fəaliyyəti aktivdir, fakültəsi əyani, tədris ili 4 il təşkil edəcək. Cavabdeh təşkilatın nümayəndəsinin iddiaçının Universitetə deyil hazırlıq kursuna daxil olması ilə bağlı gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, hazırlıq kursu təhsil müddətinə daxil edilməklə iddiaçıya tələbə statusu vermiş və qeyd olunan bir illik müddətin qurtarması iddiaçının Universitetə daxil ediilməsini mücərrəd edə bilməz. Belə ki, Hitit Universitetinin xx.xx.2022-ci il tarixli arayışdan məlum olmuşdur ki, hazılıq adlanan mərhələ tələbəlik müddətini əhatə edir, yəni qeyd olunan kursun adının hazırlıq olması iddiaçının tələbə statusunun əldə edilməməsinə dəlalət edə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Hitit Universitetinin tələbəsi statusunu əldə etmiş İddiaçı hərbi çağırışa çağırılması haqqında cavabdeh təşkilatının qəbul etdiyi 2022-ci ilin iyul ayı üçün həqiqi hərbi xidmətə çağırılmış şəxlərlə bağlı qəbul etdiyi əmr iddiaçıya münasibətdə qanunsuz hesab edilməlidir. Beləliklə, qanunvericilik normalarının iddiaçıya verdiyi hüquqların hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. Bu səbəbdən də Şabran rayon bölməsinin müddətli həqiqi hərbi xidmət keçmək üçün çağrılmasına dair 2022-ci il iyul çağırışı üzrə əmri (qərarı) İddiaçı Zaur oğluna aid olan hissədə ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2004-cü il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırılmasına dair 2022-ci il iyul çağırışı üzrə əmri (qərarı) ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-2527/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2527/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver