Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2539/2022 23.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********438600 nömrəli və xx.xx.2022-ci il tarixli **********210400 nömrəli Qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********438600 nömrəli Qərara əsasən 2021-ci ilin may ayına ƏDV üzrə 248148.71 manat, xx.xx.2021-ci il tarixli **********210400 nömrəli qərara əsasən 2021-ci ilin Mənfəət vergisi üzrə 340046.06 əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarlarda hesablamanın əsası kimi ƏDV bəyannamələrində və Mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən dövriyyənin az bəyan edilməsi göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasan cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********438600 nömrəli və xx.xx.2021-ci il tarixli **********210400 nömrəli qərarları qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı MMC təqdim etdiyi mallara görə əldə etdiyi vəsaiti tam şəkildə ƏDV və Mənfəət vergisi bəyannamələrində əks etdirmişdir. Lakin cavabdeh vergi orqanı ona məlum olmayan səbəblərdən həm ƏDV, həm də Mənfəət vergisi bəyannamələri üzrə vergiyə cəlb edilən dövriyyəni kəskin şəkildə artıraraq cəmiyyətə əsassız əlavə vergi məbləği hesablamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli Qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “Vergilərin, Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********896100 nömrəli, xx.xx.2022-ci il tarixli, **********518500 nömrəli və xx.xx.2022-ci il tarixli **********518800 nömrəli Qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 65.343,21 manat, 2021 -ci ilin may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 248.148,71 manat və 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 340.046,06 manat vergi məbləğləri hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi araşdırılmış və aparılan araşdırmaya əsasən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 317.189,85 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir.Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli **********143700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.İddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 61.051,60 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********915700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2022-ci il tarixlərdə boş bəyannamə təqdim edilmiş və hesablanmış vergi məbləği azaldıldığından vergi ödəyicisinə yenidən xx.xx.2022-ci il tarixli **********702200 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş, kameral vergi yoxlamasına əsasən həmin vergi məbləği bərpa edilmiş və xx.xx.2022-ci il tarixli **********518500 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 316659,11 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 68510,40 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 248148,71 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli **********808900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2021 -ci ilin may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 248.148,71 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********438600 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə boş bəyannamə təqdim edilmiş və hesablanmış vergi məbləği azaldıldığından yenidən kameral vergi yoxlamasına əsasən həmin vergi məbləği bərpa edilmiş və xx.xx.2022-ci il tarixli **********896100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, Hesablama metodu ilə təqdim edilmiş 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), “Mühafizə xərcləri” (221.12- ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (1700362,00 manat), vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 Ns-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (12,00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0 manat) məbləği (+)bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (12,00 manat) bəyannamənin 1 Ns-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (12,00 manat) məbləğin müqayisəsi nəticəsində 1700350,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********074400 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir.Lakin iddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2021 -ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 340.046,06 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********210400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir.İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək hesablanmış vergi məbləğini azaltmış, vergi orqanı tərəfindən yenidən xx.xx.2022-ci il tarixli **********633200 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmiş və kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********518800 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi X1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli Qərarların surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı MMC barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli Qərarlarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2021-ci ilin Mənfəət vergisi üzrə 340 046.06 əlavə vergi məbləği hesablamışdır. İş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518500 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2019-cu ilin Mənfəət vergisi üzrə 65 343.21 manat əlavə vergi məbləği hesablamışdır. Cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-yə 2019-cu ilin Mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518500 nömrəli Qərarda hesablamaya əsas olaraq qeyd edilir ki, “tərəfinizdən xx.xx.2022-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi araşdırılmış və aparılan araşdırmaya əsasən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 317 189.85 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Eyni zamanda bildiririk ki, tərəfinizdən təqdim edilmiş 2019-cu il üzrə mənfəət vergi bəyannaməsindəki hesablanmış verginin dövriyyədə xüsusi çəkisi analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ilə müqayisədə aşağı olduğu aşkar edilmiş və bu hal hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmişdir.” Bundan başqa, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinə əsasən iddiaçının həmin il üzrə ümumi gəlirləri (sətir 218) 0 manat, ümumi gəlirdən çıxılan xərcləri (sətir 236) 13 286.93 manat (o cümlədən əmək haqqı xərci 11 093.0 manat, sosial sığorta haqları 2 193.93 manat) olmuş və müəssisə hesabat ilini 13 286.93 manat zərərlə başa vurmuşdur. Cavabdeh vergi orqanı tərəfindən 2019-cu hesabat ili ilə bağlı həyata keçirilmiş kameral vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən vergi orqanı tərəfindən iddiaçının həmin il üzrə ümumi gəlirləri 1 768 451.0 manat, ümumi gəlirdən çıxılan xərcləri 1 441 734.93 manat (o cümlədən əmək haqqı xərci 11 093.0 manat, sosial sığorta haqları 2 193.93 manat, malın dəyəri 1 428 448.0 manat), vergitutma məqsədləri üçün mənfəəti 326 716.07 manat, ödənilməli mənfəət vergisi isə 65 343.21 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı 2019-cu il üzrə ümumi gəlirlərini 0 (sıfır) manat bəyan etdiyi halda, cavabdeh vergi orqanı həmin il üzrə iddiaçının ümumi gəlirini 1 768 451.0 manat müəyyən etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, vergilərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********518500 nömrəli qərarda hesablamanın səbəbi “idxal edilmiş malların faktiki qiymətləri ilə statistik qiymətləri arasındakı fərq”, “xərclərin şişiridilməsi”, “analoji vergi ödəyicilərinin uçot göstəriciləri ilə müqayisədə vergilərin az göstərilməsi” ilə əlaqələndirilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hesablamanın əsl səbəbi iddiaçı tərəfindən 2019-cu il üzrə Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Mallar” başlıqlı 1.3.2-ci sətrində əks etdirdiyi hesabat ilinin sonuna olan (növbəti hesabat ilinə keçirilən) 1 754 875.0 manat məbləğində mal qalığının vergi orqanı tərəfindən təqdim edilmiş mal kimi qiymətləndirilməsi olmuşdur. Belə ki, iddiaçının 2019-cu il ərzində malların (işlərin, xidmətlərin) təqdim edilməsindən hər hansı gəliri olmadığı halda, cavabdeh vergi orqanı bununla razılaşmamış və vergi bəyannamnəsində göstərilən 1 754 875.0 manat mal qalığını iddiaçının gəliri kimi qiymətləndirərək vergiyə cəlb etmiş, lakin istər vergilərin hesablanması barədə qərarda, istərsə də, məhkəmə araşdırması bunu hansı səbəbdən etdiyini əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bir haldakı iddiaçının 2019-cu il ərzində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən hər hansı gəliri olmamış və cavabdeh vergi orqanı da iddiaçının həmin il ərzində malların təqdim edilməsindən 1 768 451.0 manat gəlir əldə etdiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir, bu halda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518500 nömrəli Qərar əsasında hesablanmış 65 343.21 manat əlavə vergi məbləğinin düzgünlüyü öz təsdqini tapmır. Cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin Mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli Qərarda hesablamanın əsası olaraq qeyd edilir ki, “Hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, “Enerji xərcləri”......sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (1 700 362.0 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) + cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (12.0 manat) + cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materlların (0.0 manat) məbləği......cəmi məbləğindən (12.0 manat) bəyannamənin 1 nömrəli Əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.0 manat) çıxılması nəticəsində yaranan (12.0 manat) məbləğin müqayisəsi nəticəsində 1 700 350.0 manat məbləğində sənədlərlə təsdiqini tapmayan gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.” İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində hesabat ili ərzində əldə edilmiş ümumi gəlirlər 1 704 700.0 manat, ümumi gəlirdən çıxılan xərclər 1 706 837.0 manat (o cümlədən əmək haqqı xərci 5 180.0 manat, sosial sığorta haqları 1 295.0 manat, malın dəyəri 1 700 362.0 manat) bəyan edilmiş və müəssisə hesabat ilini 2 137.0 manat zərərlə başa vurmuşdur. Cavabdeh vergi orqanı tərəfindən 2021-ci hesabat ili ilə bağlı həyata keçirilmiş kameral vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən vergi orqanı tərəfindən iddiaçının həmin il üzrə ümumi gəlirləri 1 704 704.55 manat, ümumi gəlirdən çıxılan xərcləri 4 474,25 manat (o cümlədən əmək haqqı xərci 3 650.0 manat, sosial sığorta haqları 812.25 manat, sığorta üzrə xərcləri 12.0 manat), vergitutma məqsədləri üçün mənfəəti 1 700 230.30 manat, ödənilməli mənfəət vergisi isə 340 046.06 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı 2021-ci il üzrə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində hesabat ili ərzində təqdim edilmiş malların dəyərini 1 700 362.0 manat bəyan etdiyi halda, cavabdeh vergi orqanı həmin xərc məbləğini təsdiqedici sənəd olmadığından qəbul etməmiş və bu əsasla iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanının iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş 1 700 362.0 manat xərc məbləğinə münasibətdə apardığı qiymətləndirmə düzgün olmamış və nəticədə iddiaçıya əsassız vergi məbləği hesablamışdır. Belə ki, iş materialarına əlavə edilmiş iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Mallar” başlıqlı 1.3.2-ci sətrində hesabat dövrünün sonuna olan mal qalığı 1 754 875.0 manat bəyan edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Mallar” başlılqı 1.3.2-ci sətrində qeyd edilənlərə əsasən, iddiaçı 2019-cu ildən 2020-ci ilə qalıq olaraq keçmiş 1 754 875.0 manat mal qalığının 54 513.0 manat hissəsini təqdim etmiş (satmış) və hesabat ilinin sonuna müəssisənin mal qalığı 1 700 362.0 manat olmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının 2021-ci ilin əvvəlinə mal qalığı 1 700 362.0 manat olmuş və həmin hesabat ili üzrə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində “Malın dəyəri” başlıqlı 221.4-cü sətirdə təqdim edilmiş malların dəyərini haqlı olaraq 1 700 362.0 manat bəyan etdiyi halda, cavabdeh vergi orqanı həmin xərci hər hansı əsas olmadan qəbul etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli Qərara əsasən hesablanmış 340 046.06 manat əlavə vergi məbləği öz təsdiqini tapmadığından ləğv edilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli Qərarlar ləğv edilməli və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-2539/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2539/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver