Məhkəmə qərarları › İş №e-2-1(118)-2637/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2637/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2637/2023 06.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlununun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1712.84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2000 manat məbləğində siyahıya alınmış əmlakının satılması öhdəliyinin iddiaçının üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1712.84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2000 manat məbləğində siyahıya alınmış əmlakının satılması öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi üçün cavabdehə bildiriş verilsə də cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə vergi orqanı xx.xx.2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1712,84 manat borcuna görə 2000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğlərindən Dövlət Sosial Müdafiə Fonduna 1712,84 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 06 iyul 2023-cü il tarixə təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • “Əmlakın siyahıya alınması haqqında” **********6 nömrəli, xx.xx.2023-cü il tarixli qərara, həmin qərar əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli protokola və ona edilmiş 1 nömrəli Əlavəyə əsasən cavabdehə məxsus daşınmaz əmlak (torpaq sahəsi – 0,4 ha) siyahıya alınmışdır. • Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akta əsasən siyahıya alınmış əmlak cavabdeh tərəfindən məsul saxlanmaya təhvil alınmış və həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi ona xəbərdarlıq edilmişdir. İddiaçı Cavabdeh aktı və protokolu imzalayaraq surətlərini qəbul etmişdir. • İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən də iddiaçının müvafiq fonda borcunun olması müəyyən olunur. • Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Şamaxı rayonunun Avaxıl kəndində yerləşən 0,2 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hazırkı iddia mümkün iddiadır. Belə ki, iddianı mümkünsüz edən hər hansı bir hala rast gəlinməmişdir. Həmçinin, cavabdehin ünvanı Şamaxı rayonu olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Tədqiq olunmuş iş materialları ilə müəyyən edilmişdir ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə fiziki şəxs Cavabdeh xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1712,84 manat məbləğində borcu olmuşdur. Həmin borcun ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən cavabdeh vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və həmin Qərar əsasında 30 yanvar 2023-cü il tarixinədək Dövlət Sosial Müdafiə Fonduna 1712,84 manat borcuna görə 2000 manat məbləğində əmlakı siyahıya alınaraq, bu barədə 02 fevral 2022-ci il tarixdə protokol tərtib edilmişdir. Həmin Protokolda vergi ödəyicisinə məxsus Şamaxı rayonunun Avaxıl kəndində yerləşən torpaq sahəsi cavabdehin iştirakı ilə siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisinə elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir (16.1.1.). Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur (23.1.6.). Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur (24.0.1 və 24.0.12.). Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur (77.1.). Həmçinin, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər (89.1.). Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (90.1). Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər (90.3-1). Beləliklə, təhlil olunan normalardan da göründüyü kimi Dövlət Sosial Müdafiə Fonduna 1712,84 manat məbləğində borc ödənilmədiyi üçün xx.xx.2023-cü il tarixli, **********6 nömrəli protokol əsasında siyahıya alınmış Cavabdeh məxsus əmlakın satılması ilə əlaqədar verilmiş iddia tələbi əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər. Ona görə də hazırkı işdə əmlakın dəyərinin borc məbləğindən çox olduğunu nəzərə alaraq, cavabdehin əmlakı satıldıqdan sonra onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu ödənilib, artıq qalan məbləğ vergi ödəyiciyinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1712.84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2000 manat məbləğində siyahıya alınmış əmlakı satılsın, satışdan əldə edilən vəsait hesabına borc çıxıldıqdan sonra yerdə qalan vəsait Cavabdeh qaytarılsın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar