Məhkəmə qərarları › İş №e-2-1(118)-2730/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-2730/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-2730/2024 04.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə iddiaçının ərizəsinə məhkəmənin inzibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı “cavabdehin 21 noyabr 2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 231,60 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 480 manat məbləğində siyahıya alınmış əmlakının (100 manat dəyərində bir ədəd “VAZ 2107” markalı maşın üçün “rulavoy kolonka”, 100 manat dəyərində bir ədəd “VAZ 2106” markalı maşın üçün “rulavoy kolonka”, hər birinin dəyəri 65 manat olmaqla, ümumi dəyəri 130 manat olan 2 ədəd “Niva” markalı maşın üçün radiator, hər birinin qiyməti 50 manat olmaqla, ümumi dəyəri 150 manat olan 3 ədəd “VAZ 2106” markalı maşın üçün arxa qazan) satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 21 noyabr 2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 21 noyabr 2023-cü il tarixə yaranan 413,2 manat borcuna görə 480 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 21 noyabr 2023-cü il tarixli, **********1 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 27 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 21 noyabr 2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 231,60 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə mümkünlük icraatı başlanılmışdır. İddiaçı 4 aprel 2024-cü il tarixdə “elektron kabinet” vasitəsilə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən borcunun tam ödənilməsinə görə iddia ərizəsini geri götürülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddianın geri götürülməsinə dair ərizə təmin edildiyindən iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 21 noyabr 2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 231,60 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 480 manat məbləğində siyahıya alınmış əmlakının (100 manat dəyərində bir ədəd “VAZ 2107” markalı maşın üçün “rulavoy kolonka”, 100 manat dəyərində bir ədəd “VAZ 2106” markalı maşın üçün “rulavoy kolonka”, hər birinin dəyəri 65 manat olmaqla, ümumi dəyəri 130 manat olan 2 ədəd “Niva” markalı maşın üçün radiator, hər birinin qiyməti 50 manat olmaqla, ümumi dəyəri 150 manat olan 3 ədəd “VAZ 2106” markalı maşın üçün arxa qazan) satılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar