Məhkəmə qərarları › İş №e-2-1(118)-278/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-278/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-278/2024 20.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********2035200 nömrəli (2020-ci ilin mənfəət vergisi) qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı ƏVİ-nin xx.xx.2022-ci il tarixli **********305200 nömrəli və **********306900 qərarlarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdehin xx.xx.2022-ci il tarixli **********2035200 nömrəli (2020-ci ilin mənfəət vergisi) qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********305200 nömrəli və **********306900 qərarlarına əsasən kameral qaydada 2020-ci və 20221-ci illərin mənfəət vergisi üzrə müəssisəyə qanunsuz əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilən hüquqi əsaslara əsasən hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir : Müəssisənin əsas fəaliyyəti əhalidən ( fiziki şəxslərdən ) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması ( tullantıların utilizasiyası ) prosesi təşkil edir. Belə ki, ayrı - ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları ( mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri , məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri , latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları ) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq elektron alış aktı və kağız daşıyıcıda malların qəbul aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş ( saflaşdırılmış ) və xaricə ( satılmış ) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda ( “Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəflərindən həm elektron alış aktları, həm də kağız daşıyıcıda malların alış aktları ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları və kağız daşıyıcıda malların alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəfimizdən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən həmin aktlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamış və nəticədə mübahisələndirilən qərar qanunsuz qərar qəbul edilmiş və müəssisəyə əsassız əlavə vergi məbləği hesablanmışdır. Cavabdehə təqdim edilmiş izahat və alış aktları nəzərə alınmadığından 2020- ci ilin mənfəət vergisi üzrə 1342477.90 manat , o cümlədən 2021-ci ilin mənfəət vergisi üzrə 133795.21 manat xərclər həmin ilin mənfəət vergisindən çıxılmamışdır. Bu səbəbdən müəssisəyə kameral qaydada qanunsuz vergi məbləği hesablanmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə (VÖEN: **********) 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 268495,58 manat və 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə isə 26759,04 manat vergi məbləğləri hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən 2020-ci il üzə hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), "Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri" (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), "Rabitə xərcləri” (221.11-ci), "Mühafizə xərcləri" (221.12-ci), "Reklam xərcləri" (221.14-cü), "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər" (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (9302984.31 manat), iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi"nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal- material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (9683787.49 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (148805.80 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (9832593.29 manat) bəyannamənin 1 Ne-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1872086.88 manat) çıxılması nəticəsində yaranan (7960506.41 manat) məbləğin müqayisəsi nəticəsində 1342477.90 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixli **********970200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 268495,58 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********305200 nömrəli hesablama barədə qərar göndərilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən 2021-ci il üzə Kassa metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), "Malın dəyəri" (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), "Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri" (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 2835713.00 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 1872086.88 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş eqaimə-faktura və alış aktlarının məbləği (1852090.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (2427.06 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 12813.75 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 3739417.69 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 1037499.90 manat) çıxılması nəticəsində yaranan (2701917.79 manat) məbləğin müqayisəsi nəticəsində 133795.21 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********209300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” AVlS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 26759,04 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********319400 nömrəli hesablama barədə qərar göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********2035200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar; Mənfəət vergisi bəyannaməsi və ona edilmiş əlavələr; 9/7310 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı «XƏZƏR-2019” MMC barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********2035200 nömrəli ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyatına aid olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən əsaslı iddia olduğundan, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırki iş üzrə İddiaçı MMC barəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2035200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın mübahisələndirilməsindən ibarətdir və məhkəmə hesab edir ki, vergi orqanı vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Həmin maddəyə əsasən vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (38.3.5). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən məhz bu qaydada istifadə etməsinin səbəbini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddələrinə istinad etməklə kifayətlənmiş, lakin növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (xüsusilə mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Həmçinin vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, qanunun normasına bu şəkildə istinad edilməklə vergi ödəyicisinin barəsində yoxlama tədbiri keçirilməsi sahibkarlıq subyektinin fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və bu əsasla təyin edilmiş yoxlama qanuni sayıla bilməz. Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələblərinə zidd olaraq vahid məlumat reyestrinə daxil edilməmişdir, halbuki əsasnamənin 1.4-cü bəndinə görə qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Məcəllənin 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.11-ci maddəyə əsasən Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən görünür ki, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada hesablanmamaqla yanaşı, mənfəət vergisinə münasibətdə həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinə istinad edilməklə hesablanma aparılmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, mübahisələndirilən qərarla cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə iddiaçıya əlavə mənfəət vergisi hesablanmışdır. Halbuki, diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş digər üsulları tətbiq etmək hüququndan imtina edərək birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi vergi qanunvericiliyin yuxarıda sadalanan tələblərinə ziddir və bu cür metodla aparılmış hesablama qanuni sayıla bilməz. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun “Hüququn tətbiqindən imtinanın qadağan olunması” başlıqlı 16-cı maddəsinin tələblərinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur (maddə 16.1) və hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır (maddə 16.2). Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası əsasında məhkəməyə təqdim edilmiş 3/7310 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, müəssisənin 2020-ci ilin sonuna 1.872.086,90 manat məbləğində mal qalığının olması müəyyən edilir; 2020 yanvar 2020 dekabr ayları üzrə müəssisə xammal materialı olaraq ümumilikdə 11.045.086,00 manat məbləğində metal tullantısı fiziki şəxslərdən əldə etmiş və 32.113,35 manat məbləğində mal idxal edilmişdir; müəssisənin 2020-ci il üzrə xərcləri ümumilikdə 9.535.674,39 manat təşkil edir, müəssisənin 2020-ci il üzrə ödəməli olduğu mənfəət vergisinin məbləği 20.456,57 manat təşkil edir və belə olan halda vergi orqanının xx.xx.2022-ci il tarixli, **********2035200 nömrəli qərarı əsasında hesablanan əlavə vergi məbləğinin düzgünlüyü müəyyən olunmur. Eyni zamanda cavabdeh xammal alışını təsdiq edən aktları xərc sənədi kimi qəbul etməməsini, kağız alış aktları əsasında elektron alış aktı tərtib edilmədiyindən həmin xərclərin nəzərə alınmasının mümkün olmaması ilə əsaslandırır. İddiaçı bütün malların alışı zamanı ilk növbədə kağız alış aktının tərtib edildiyini, daha sonra onun əsasında elektron alış aktının formalaşdırıldığını, lakin elektron alış aktına dair məlumatlar sistemə yerləşdirilərkən texniki səhvə yol verildiyini, daha sonra məlumatların yerləşdirilməsi üçün 5 gündən çox müddət keçdiyindən elektron sistemə daxil edilməsi mümkün olmadığını bildirmişdir. Nəticədə , kağız aktlar mövcud olmasına baxmayaraq cavabdeh texniki səhvliyə görə ləğv edilmiş elektron aktlar üzrə nəzərdə tutulan xammal xərcini qanunsuz olaraq nəzərə almamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh yoxlayıcı orqanın Vergi Məcəlləsinin 67.1-67.9-cu maddələrinə uyğun olaraq vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək üçün kifayət qədər məlumat bazası(elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, idxal-ixrac əməliyyatları barədə yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarış, bank hesablarından çıxarışlar, podrat və subpodrat müqavilələri, cəmiyyət tərəfində görülmüş işlərə üzrə təhvil-təslim aktları, Forma 2 və Forma 3-lər, əvvəlki illərin illərin gəlir və zərərini əks etdirən mənfəət vergisi bəyənanmələri və s) mövcud olduğu halda həmin sənəd və məlumatlardan vergi ödəyicisinin gəlirinin müəyyən olunması məqsədləri üçün istifadə edilsə də, xərclərinə münasibətdə qeyd olunan sənədlər nəzərə alınmamışdır. Cavabdeh yoxlayıcı orqanın bu cür mövqe sərgiləməsi, vergitutmanın ədalətli olması prinsipinə xidmət etmir. Cavabdeh inzibatı orqanın iddiaçının gəlir və xərclərini sənədlər və rəsmi məlumatlar əsasında müəyyən etmək üçün kifayət qədər geniş informasiya bazası mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən VM-nin 67.1-67.9-cu maddələrində göstərilən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması aparılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67.15 və 159.1-ci maddələrləri düzgün tətbiq edilməmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən “Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir”. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 15.763,06 manat hesablansa da, ekspert tərəfindən müəssisənin 2020-ci il üzrə ödəməli olduğu mənfəət vergisinin məbləği 20.456,57 manat müəyyən edilmişdir. Belə olduğu halda 4693.51 manat fərq müəyyən edilir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2035200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğinin 4693.51 manat hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2035200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğinin 4693.51 manat hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 145,00 (bir yüz qırx beş) manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) köçürülsün. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar