Məhkəmə qərarları › İş №e-2-1(118)-2929/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2929/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2929/2025 23.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “Təsdiqlənməmiş azalmalar” xanasında əks edilən kameral yoxlanılmalı məbləğdə azalmanın təsdiq edilməklə silinməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Təsdiqlənməmiş azalmalar” xanasında əks edilən kameral yoxlanılmalı məbləğdə azalmanın təsdiq edilməklə silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 aprel 2021-ci il tarixli, **********930600 nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən İddiaçı MMC 13 aprel 2021-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Sumqayıt İnzibati Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2-1(118)-2020/2024 nömrəli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli, **********811900 saylı qərar ləğv edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(105)-724/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2-1(118)-2020/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 8 oktyabr 2024-cü il tarixli, 3-21-2-9/2-36904/2024 nömrəli qərardan görünür ki, 2023-cü il hesabat dövrü üzrə mənfəət vergisinə dair “təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” 2.319,07 manat, “Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 13.495,06 manat, “kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği” 11.175,99 manat olaraq göstərilmişdir. Ödəyiciyə göndərilmiş 27 sentyabr 2024-cü il tarixli, **********556800 nömrəli uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, təqdim edilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (57.976,83 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaiməfakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0.00 manat) bəyannamənin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 57.976,83 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, e-2-2(113)-1916/2025 nömrəli qətnaməsi ilə vergi ödəyicisi olan İddiaçı MMC-nin 29 dekabr 2024-cü il tarixə dövlət büdcəsinə olan 123.947,64 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri, xx xxxxxxxx 1985-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatda olan Nümayəndə ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır.

6. İddiaçı MMC-nin 2023-cü il vergi dövrü üzrə “Mənfəət vergisinin bəyannaməsi”.

7. 2023-cü il vergi dövrü üzrə “Mənfəət vergisinin bəyannaməsi”nə 1, 2, 3, 4, 5 nömrəli Əlavələr.

8. İddiaçı MMC tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmiş 24 yanvar 2025-ci il tarixli şikayət.

9. İddiaçı MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş 7 fevral 2025-ci il tarixli ərizə.

10. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən elektron çıxarış.

11. İddiaçı MMC-nin nizamnaməsi.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 5 avqust 2022-ci il tarixli, **********448500 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

13. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 avqust 2024-cü il tarixli, 3-21-2-9/2-5611/2024 nömrəli qərardan görünür ki, 2022-ci il hesabat dövrü üzrə mənfəət vergisinə dair “təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” 35.200,83 manat, “əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı” 35.200,83 manat, “Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 6.013,40 manat, “kameral yoxlama nəticəsində verginin azaldılmış məbləği və ya sığorta haqqı” - 29.187,43 manat olaraq göstərilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 14 yanvar 2025-ci il tarixli, 3-21-2-9/2-Ə-xx-xx/2025 nömrəli “borcun olub-olmaması barədə” İddiaçı MMC-yə göndərilmiş məktubundan görünür ki, şəxsi hesab vərəqəsinə əsasən 14 yanvar 2025-ci il tarixə dövlət büdcəsinə 124.247,84 manat ödənilməmiş vergi borcu vardır.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21 fevral 2025-ci il tarixli, 3-21-2-9/2-Ə-3xx-xx/2025 nömrəli İddiaçı MMC-yə göndərilmiş məktubundan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 5 avqust 2022-ci il tarixli, **********448500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən cəmiyyət riskli vergi ödəyicisi qrupuna daxil edilmişdir. Qeyd olunan səbəbdən şəxsi-hesab vərəqəsində yaranmış kameral yoxlanılmalı məbləğin təsdiq edilməsi mümkün olmamışdır.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2024-cü il tarixli, 3-21-2-9/2-28596/2024 nömrəli məktubundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin İddiaçı MMC barəsində qanuni qüvvəyə minmiş 5 aprel 2024-cü il tarixli, 2-1(118)-2020/2024 nömrəli qəraraı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən icra edilərək, şəxsi hesab vərəqəsində müvafiq azalma verilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

17. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 8 oktyabr 2024-cü il tarixli, 3-21-2-9/2-36904/2024 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının şəxsi hesab vərəqəsində “Təsdiqlənməmiş azalmalar” qrafasında əks edilən kameral yoxlanılmalı məbləğin, yəni 117.811,98 manat məbləğində azalmanın təsdiq edilməsi, habelə 24 fevral 2025-ci il tarixə mövcud borc məbləğinin 6.435,86 manat olmaqla şəxsi hesab vərəqəsinin “Cəmi ödənməli borc” qrafasında göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 25 fevral 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 dekabr 2024-cü il tarixli, 3-21-2-9/2- 85001/2024 saylı qərar qəbul etmiş və həmin qərarda əlavə hesablanmış 11.175,99 manat məbləğin azaldıldığını göstərmişdir. Şəxsi hesab vərəqəsinə də nəzər yetirdikdə qeyd edilən məbləğ üzrə cədvəldə azalma verildiyi müəyyən edilmiş, lakin həmin azalma cədvəlin yekun bölməsində təsdiqlənməmişdir. Eyni zamanda, Sumqayıt İnzibati Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2-1(118)-2020/2024 saylı qanuni qüvvəyə minmiş qərarı üzrə azalmalar, habelə dəqiqləşdirilmiş hesabat verilən zaman sistemdə əks olunan azalmaların da şəxsi hesab vərəqəsinin yekun bölməsində təsdiq edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənləri əsas tutaraq, cavabdehə müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2-1(118)-2020/2024 saylı qərarının tam icra olunması, şəxsi hesab vərəqəsində “Təsdiqlənməmiş azalmalar” hissəsində əks edilən 117.811,98 manat məbləğ azalmanın təsdiq edilməsi və mövcud borc məbləğinin 6.435,86 manat olmaqla şəxsi hesab vərəqəsinin “Cəmi ödənməli borc” qrafasında göstərilməsi xahiş edilmişdir. Cavabdeh 21 fevral 2025-ci il tarixli, 3-21-2-9/2-Ə-3xx-xx/2025 nömrəli məktubla müraciəti cavablandırararq bildirmişdir ki, cavabdehin 5 avqust 2022-ci il tarixli, **********448500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən cəmiyyət riskli vergi ödəyicisi qrupuna daxil edilmişdir. Qeyd olunan səbəbdən şəxsi-hesab vərəqəsində yaranmış kameral yoxlanılmalı məbləğin təsdiq edilməsi mümkün olmamışdır. Hesab edilir ki, bu imtina əsassızdır.

20. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 37.2, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 54.1-ci maddələrinə istinad olunmuşdur.

21. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının şəxsi hesab vərəqəsində “Təsdiqlənməmiş azalmalar” qrafasında əks edilən kameral yoxlanılmalı məbləğin, yəni 117.811,98 manat məbləğində azalmanın təsdiq edilməklə silinməsi, habelə cari tarixə mövcud borc məbləğinin 6.435,86 manat olmaqla şəxsi hesab vərəqəsinin “Cəmi ödənməli borc” qrafasında göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 4 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

22. İddiaçı tərəfindən daha sonra yenidən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edilərək, iddiaçının şəxsi hesab vərəqəsində “Təsdiqlənməmiş azalmalar” xanasında əks edilən kameral yoxlanılmalı məbləğin, yəni 117.811,98 manat məbləğində azalmanın təsdiq edilməklə silinməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması xahiş olunmuşdur. Ərizə məhkəmənin 20 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

24. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı sonuncu etirazın dəlilləri

25. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.

26. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi-hesab vərəqəsində olan 124.247,84 manat vergi borcu məbləğinin 6.435,86 manat hissəsi vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən bəyan edilmiş vergi məbləği və 117.811,98 manat hissəsi isə kameral yoxlanılmalı məbləğdən yaranmışdır. Cavabdehin 5 avqust 2022-ci il tarixli, **********448500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən cəmiyyət riskli vergi ödəyicisi qrupuna daxil edilmişdir. Qeyd olunan səbəbdən şəxsi-hesab vərəqəsində yaranmış kameral yoxlanılmalı məbləğin təsdiq edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2024cü il tarixədək qüvvədə olan və Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndinə uyğun olaraq riskli vergi ödəyicilərinin siyahısına əlavə edilmiş və bu barədə 5 avqust 2022-ci il tarixli, **********448500 saylı qərar göndərilmişdir. Riskli halların yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri, habelə malların, işlərin və xidmətlərin alışı barədə izahatları qeydiyyatda olduğunuz vergi orqanına təqdim edilməsi tələb olunsa da, qeyd olunan sənədlər vergi orqanına təqdim edilməmişdir. Riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər.

27. Etirazın maddi hüquqi əsası kimi VM-in 13.2.69, 13.2.70, 13.2.83, prosessual hüquqi əsası kimi isə İPM-in 48.2-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakları və izahatları:

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər səlahiyyətli nümayəndələri ilə məhkəmə iclasında təmsil olunmamışdırlar.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

30. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

31. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

32. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

33. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində 117.811 manat məbləğində təsdiqlənməmiş azalmanın əks edilməsi vergi ödəyicisinə çətinliklər yaradır. Cavabdeh orqan tərəfindən həmin azalmanın təsdiq edilməməsi vergi ödəyicisi üçün yeni öhdəliklərin yaradılmasını, digər məhkəmə icraatında iddiaçının rəhbərinin ölkədən çıxışına məhdudiyyətin qoyulmasının xahiş olunduğunu bildirmiş, təsdiqlənməmiş azalma məbləği ilə əlaqədar qanunvericilikdə hər hansı müddəanın olmadığını qeyd etmişdir.

34. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X2 etirazın dəlillərini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

35. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

36. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

37. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

38. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

39. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.”

41. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; (-)

Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. (-)

Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.

Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 83.4. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvəllər hesablanmış vergi məbləğinə düzəliş edə bilər. 83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. 83.6. Vergilər bu Məcəllənin 5.0.1-ci və ya 221.4.1-ci maddələrinə uyğun olaraq alındıqda və vergi ödəyicisi vergi bəyannaməsini vermədiyi, vergi orqanı isə vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər məlumata əsasən hesablamadığı halda, hesab olunur ki, vergi orqanı vergi ödəyicisinin illik vergi öhdəliyini vergi ödəyicisinin il ərzində vergitutma bazasından tutulmuş və ya ödənilmiş vergi məbləğində hesablamış və verginin hesablanması barədə vergi ödəyicisinə bildiriş vermişdir. 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 83.8. Vergi ödəyicisinin bu Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını.

42. “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmişdir): 1.3. Kameral vergi yoxlamaları Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir: 1.3.1. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatlara, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu yarımbəndin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamələr və hesabatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; 1.3.2. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya 5 iş günü müddətində Vergi Məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın (bundan sonra - dəqiqləşdirilmiş bəyannamə), və ya məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatların 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş” göndərir; 1.3.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə, hesabat və ya və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən, sığortaedəndən və ya sığortalıdan əlavə məlumat, sənəd və izahat tələb edir. İlkin uçot sənədləri vergi orqanı tərəfindən əsaslandırılmaqla vergi ödəyicisindən tələb olunur; 1.3.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatda və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya 5 iş günü müddətində bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə Qərar” göndərilir; 1.3.5. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla), xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər; ... 10.2. Kameral yoxlamaların keçirilməsi zamanı vergi orqanı əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tələblərə və müddətlərə tam olaraq riayət edilməli, vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının fəaliyyətində kənarlaşma aşkar edildikdə qanun pozuntusuna yol verilməsinə tam əmin olmadan, ehtimallara əsasən hesablama aparılmamalı, yoxlama zamanı sual doğuran məqamlar müəyyən edildikdə əlavə araşdırmalar aparılmalı, bütün hesablamalar düzgün və dəqiq olmalıdır.

43. “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”də aşaöıdakılar nəzərdə tutulmuşdur.

2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs;[9] 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfaktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs.

44. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.”

“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi

45. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, işin hallarının maddi və prosessual hüquq normaları ilə qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

46. İddiaçı tərəfin mövqeyinə görə cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 dekabr 2024-cü il tarixli, 3-21-2-9/2- 85001/2024 saylı qərarda əlavə hesablanmış 11.175,99 manat məbləğin azaldıldığını göstərmişdir. Şəxsi hesab vərəqəsinə də nəzər yetirdikdə qeyd edilən məbləğ üzrə cədvəldə azalma verildiyi müəyyən edilmiş, lakin həmin azalma cədvəlin yekun bölməsində təsdiqlənməmişdir. Eyni zamanda, Sumqayıt İnzibati Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2-1(118)-2020/2024 saylı qanuni qüvvəyə minmiş qərarı üzrə azalmalar, habelə dəqiqləşdirilmiş hesabat verilən zaman sistemdə əks olunan azalmaların da şəxsi hesab vərəqəsinin yekun bölməsində təsdiq edilmədiyi müəyyən edilmişdir. Cavabdehin iddiaçını riskli vergi ödəyicisi qrupuna daxil etməsi əsası şəxsi-hesab vərəqəsində yaranmış kameral yoxlanılmalı məbləğin təsdiq edilməsinin mümkün olmamasına dair mövqeyi əsassızdır.

47. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçının şəxsi hesab vərəqəsində olan 124.247,84 manat vergi borcu məbləğinin 6.435,86 manat hissəsi vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən bəyan edilmiş vergi məbləği və 117.811,98 manat hissəsi isə kameral yoxlanılmalı məbləğdən yaranmışdır. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən iddiaçı riskli vergi ödəyicisi qrupuna daxil edilmişdir. Qeyd olunan səbəbdən şəxsi-hesab vərəqəsində yaranmış kameral yoxlanılmalı məbləğin təsdiq edilməsi mümkün olmamışdır.

48. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. İş materialında olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 8 oktyabr 2024-cü il tarixli, 3-21-2-9/2-36904/2024 nömrəli qərardan görünür ki, 2023-cü il hesabat dövrü üzrə mənfəət vergisinə dair “təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” 2.319,07 manat, “Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 13.495,06 manat, “kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği” 11.175,99 manat olaraq göstərilmişdir. Bununla bağlı iddiaçıya göndərilmiş uyğunsuzluq məktubunda təqdim edilən bəyannamədə olan məlumatlarda 57.976,83 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olduğunun müəyyən edildiyi qeyd edilmişdir.

50. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 5 avqust 2022-ci il tarixli, **********448500 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

51. Eyni zamanda, Sumqayıt İnzibati Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2-1(118)- 2020/2024 nömrəli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli, **********811900 saylı qərar ləğv edilmişdir. Həmin qərarla məhkəmə hesab etmişdir ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. İddiaçının ödəməli olduğu mənfəət vergisi 2022-ci il üzrə 6.103,40 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq, ümumilikdə 29.187,43 manat əlavə vergi məbləğ hesablanmışdır.

52. Cavabdeh orqanın 23 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin İddiaçı MMC barəsində qanuni qüvvəyə minmiş 5 aprel 2024-cü il tarixli, 2-1(118)-2020/2024 nömrəli qərarı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən icra edilərək, şəxsi hesab vərəqəsində müvafiq azalma verilmişdir.

53. İş materialına əlavə edilmiş iddiaçıya məxsus şəxsi hesab vərəqəsinə qeyd edilən məbləğ üzrə cədvəldə 117.811,98 manat məbləğində azalmanın olması öz təsdiqini tapır, lakin həmin azalma cədvəlin yekun bölməsində təsdiqlənmədiyi müəyyən edilir.

54. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018ci il tarixli, **********501600 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”na görə:

3. Hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun şəxsi hesab vərəqələrində aparılması qaydaları 3.1. Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu hər bir vergi ödəyicisi üzrə vergilər, faizlər, sığorta haqları, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə digər ödənişlər üzrə şəxsi hesab vərəqəsində (bu Qaydaların əlavəsinə uyğun olaraq) proqram təminatı vasitəsi ilə aparılır. 3.2. Hesablanmış və ödənilmiş vəsaitlərin uçotu bu Qaydaların tələblərinə əməl edilməklə aparılır. 3.3. Vergi uçotuna alınan hər bir vergi ödəyicisinə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır. Şəxsi hesab vərəqəsində olan məlumatlar X1 Sisteminin (bundan sonra - AVİS) müxtəlif altsistemləri vasitəsi ilə əks olunur. 3.4. Şəxsi hesab vərəqəsi: VÖEN/FİN nömrəli şəxsi hesab vərəqəsi, naməlum şəxsi hesab vərəqəsindən ibarətdir. 3.5. VÖEN/FİN nömrəli şəxsi hesab vərəqə aşağıdakı vərəqələrdən ibarət ola bilər: 3.5.1. Faiz hesablanan vergilər üzrə vərəqə: 3.5.1.1. İxracatdan qiymət fərqi üzrə vərəqə; 3.5.2. Faiz hesablanmayan vərəqələr: 3.5.2.1. Dövlət rüsumu üzrə vərəqə; 3.5.2.2. İnzibati cərimə üzrə vərəq4ə; 3.5.2.3. Əmlaka yönəldilən borclar üzrə vərəqə; 3.5.2.4. Daşımalar üzrə sadələşdirilmiş vergi üzrə vərəqə; 3.5.2.5. Ödəmə müddəti uzadılan borclar üzrə vərəqə; 3.5.2.6. Dövlət torpaqlarının icarə haqqı üzrə vərəqə; 3.5.2.7. Vaxtı ötmüş borclar vərəqəsi; 3.5.2.8. Sadələşdirilmiş vergi üzrə sabit məbləğ vərəqəsi; 3.5.2.9. Məhkəmə qərarları ilə təmin edilmiş məbləğ üzrə vərəqə; 3.5.2.10. Əmlak siyahıya alınması ilə bağlı olmayan vərəqə; 3.5.2.11. Tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi. 3.5.3. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə vərəqələr: 3.5.3.1. Məcburi dövlət sosial sığorta haqqı üzrə vərəqələr (məcburi dövlət sosial sığorta məqsədləri üçün müəyyən edilmiş hər bir fəaliyyət növü üzrə ayrılıqda); 3.5.3.2. İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə vərəqə; 3.5.3.3. İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər üzrə vərəqə; 3.6. Şəxsi hesab vərəqəsi vergi ödəyicisinin məlumatları üzrə detallı və detalsız formalardan ibarətdir. 3.7. Detallı şəxsi hesab vərəqələrində aşağıdakı məlumatlar əks olunur: 3.7.1. Vergi ödəyicisinin tam adı, VÖEN-i, fəaliyyət növü, mülkiyyət növü, təşkilati-hüquqi forması, ünvanı, telefonu, hüquqi şəxsin rəhbəri, ƏDV qeydiyyatına alındığı tarix; 3.7.2. hesablanmış, azaldılmış və ödənilmiş vəsaitlərin məbləğləri, yazılış tarixi, əməliyyatın adı; 3.7.3. artıq ödənilmiş vəsaitlərin bu Qaydalarda nəzərdə tutulmuş qaydada digər şəxsi hesab vərəqəsində əvəzləşdirilmiş məbləğləri; 3.7.4. vergi ödəyicisinə qaytarılmış vəsaitlər üzrə məbləğlər; 3.7.5. ödəmə müddəti gecikdirilən vəsaitə görə hesablanmış və ödənilmiş faiz məbləğləri. 3.8. Detalsız şəxsi hesab vərəqəsində vergi ödəyicisinin tam adı, VÖEN-i və bu Qaydaların 3.7.2 - 3.7.5-ci yarımbəndlərində olan məlumatlar əks olunur. 3.8.1. Şəxsi hesab vərəqəsinin müxtəlif formada alınması üçün “faiz hesablanması məqsədləri üçün”, “ilk/son tarixə görə”, “yazılma tarixinə görə”, “dövrə görə” filtrlərindən istifadə oluna bilər. Eyni zamanda şəxsi hesab vərəqəsinin yekununda pul növü (manatla, min manatla və s), çap olunma tarixi, əhatə olunan dövr, saldo (qalıq və ya artıq ödəmə), hesablanmış, ödənilmiş, azaldılmış, qaytarılmış, əmlaka yönəldilmiş məbləğlər, faiz üzrə saldo, çap tarixinə faiz borcu, əhatə etdiyi dövrün sonuna saldo, çap tarixinə saldo, cəmi ödənməli borc (və ya artıq ödəmə), möhlət verilmiş və vaxtı ötmüş borc göstərilir. 3.9. Şəxsi hesab vərəqəsində əməliyyatların məbləğlərinin uçotu manatla aparılır. Digər valyutada olan əməliyyatların uçotu məlumat üçün aparıla bilər. 3.9.1. Şəxsi hesab vərəqəsində əməliyyatların aparılması üçün vergi orqanının vəzifəli şəxslərinin parolları onların imzaları hesab edilir, vəzifəli şəxslər bu xüsusi parolların məxfiliyinin saxlanılmasına məsuliyyət daşıyırlar.

55. Göründüyü kimi, yuxarıda qeyd edilən Qaydalarla müəyyən edilən şəxsi hesab vərəqəsində “kameral yoxlanılmalı məbləğ” adlı xana nəzərdə tutulmamışdır.

56. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin hüquq və vəzifələri Vergi Məcəlləsi ilə tənzimlənir. İddiaçının riskli vergi ödəyicisi qrupunda olması onun şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğin saxlanılması müddəası Vergi Məcəlləsində olmamaqla, cavabdeh qurumun belə hüququ (səlahiyyəti) nəzərdə tutulmamışdır.

57. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

58. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir.

59. Beləliklə, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, şəxsi hesab vərəqəsinin kameral yoxlanılmalı məbləğ (“təsdiqlənməmiş azalma”) xanasında qeyd olunmuş məbləğin silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

60. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı şəxsi hesab vərəqəsinin “Təsdiqlənməmiş azalmalar” xanasında əks edilən kameral yoxlanılmalı məbləğin, yəni 117.811,98 manat məbləğində azalmanın təsdiq edilməklə silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğuQərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar