Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-2956/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: a) İddiaçı tərəfindən təqdim olunmuş və iş materialına əlavə edilmiş sənədlər:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X3 6 iyun 2023-cü il tarixli, 3-17-1/2-H-126605/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz regional filialı tərəfindən 12 yanvar 2000-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək İİ qrup əlilliyə görə əmək pensiyası almışdır. 1 oktyabr 2021-ci il tarixdən isə İİİ qrup əlilliyə görə əmək pensiyası alır. Halhazırda pensiyanın aylıq məbləği 327,21 manat təşkil edir. Pensiyanın bitmə müddəti 31 oktyabr 2026-cı il tarixdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 dekabr 2023-cü il tarixli, 3-17-4/2-H- 314xx/xx/2023 nömrəli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı müraciətinə əsasən, 7 iyul 2022-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı 1 oktyabr 2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə (1 oktyabr 2026-cı il tarixədək) üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin edildiyi halda əlillik müddətsiz müəyyən edilir. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müddətində müəyyən olunduğu halda, fərqli faiz aralıqları üzrə həmin Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qeyd olunanlara əsasən, İddiaçı aparılmış əlillik təyinatı ilə bağlı müddətlər qanunvericilikdə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı müəyyən edilən yuxarıdakı şərtlərə uyğun gəlmədiyindən müddətli əlilliyin təyin edilməsi barədə qərar qanuni və əsaslıdır.
b) Cavabdeh tərəfindən təqdim edilmiş və iş materialına əlavə edilmiş sənədlər:
3. Tibbi Sosial Ekspert Komissiyasının “Qiymətləndirmə nəticələri”ndən görünür ki, 1 oktyabr 2021-ci il tarixdə İddiaçı beş il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 16 mart 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı göndərişin natamam doldurulmasına görə əlillik verilməsindən imtina edilmişdir.
5. “Altsistemdən çıxarış”dan görünür ki, İddiaçı 17 mart 2022-ci il tarixdə “0244003AAQLY nömrəli göndəriş natamam doldurulmasından Səhiyyə müəssisəsinə geri qaytarılmışdır” məzmununda SMS göndərilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 7 iyul 2022-ci il tarixli qərarından görünür ki, 3 nəfər vətəndaşın məhkəmə qərardadına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsi həyata keçirilmişdir. İddiaçı - “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, texniki təhlükəsiz şəraitdə, hərəkətdə olan maşın-mexanizmlərdən, elektrik və yüksəklikdən kənar olmaqla yüngül işlərdə işləyə bilməsi qərara alınmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(118)-1642/2022 nömrəli qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 30 sentyabr 2021-ci il tarixdən ömürlük ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri
8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 oktyabr 2021-ci il tarixdən təyin edilmiş üçüncü qrup əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbinin əsası kimi iddiaçı bildirmişdir ki, o (xx xxx 1978-ci il təvəllüdlü) uşaqlığından bu günə kimi epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar bir çox müalicələr alsa da, müalicələrin heç bir faydası olmamışdır. Xəstəliyilə bağlı əmək qabiliyyəti zəiflədiyi üçün 12 yanvar 2000-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası almağa başlamışdır. İddiaçıya təyin edilən ikinci qrup əlilliyə görə əmək pensiyası 21 ildən sonra 30 sentyabr 2021-ci il tarixdə əlilliyin müddəti bitdiyi əsası ilə dayandırılmış, çoxsaylı şikayətlərindən sonra üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin pensiyanın hesablanma tarixi fasilə olmadan 1 oktyabr 2021-ci il tarixdən hesablanmağa başlamış, lakin əlillik müddəti iddiaçıdan asılı olmayan səbəbdən beş illik təyin edilmişdir. Hal-hazırda rəsmi olaraq 2000-ci ildən əlilliyi müəyyən edilmiş epilepsiya xəstəsi olan bir şəxsdir. Onun xəstəliyi müalicə ilə sağalan xəstəlik deyildir. Əgər sağalsa idi, 1983-cü ildə Uşaq Nevroloji xəstəxanasında, 1985-ci ildə Neyrocərrahiyyə xəstəxanasında, daha sonralar isə Quba rayonlararası Psixonevroloji reabilitasiya mərkəzində və Quba rayon Mərkəzi xəstəxanasında aldığı müalicələrlə sağalardı və bu gün cavabdeh təşkilatlara müraciət etmək məcburiyyətində qalmazdı. Onun xəstəliyi müalicə ilə sağalan xəstəlik olmadığı, o cümlədən, fasiləsiz olaraq 23 ildən artıq əlilliyi müəyyən edilmiş şəxs kimi ona müddətsiz əlillik təyin edilməli olduğu halda, iddiaçıya beş il müddətinə üçüncü qrup əlillik təyin edilmişdir. O, hər dəfə əlillik müddəti bitdikdə əziyyətlə tibbi yoxlanışlardan keçir, sonra müxtəlif bəhanələrlə ona əlillik təyin etməkdən imtina edilməyə çalışır və aidiyyəti qurumlara şikayətlər etdikdən sonra iddiaçının əlillik müddəti uzadılır. Bu isə onun səhhətini daha da ağırlaşdırır. Ona görə də cavabdeh qurumdan haqqı olan müddətsiz əlilliyin təyin edilməsini tələb edir. Bununla bağlı bu günə kimi etmiş olduğu müraciətlərə isə cavabdeh tərəfindən əlillik təyinatı ilə bağlı aparılmış müddətlər qanunvericilikdə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı şərtlərə uyğun gəlməməsi əsası ilə imtina cavabı verilir. Cavabdeh tərəfindən iddiaçıya müddətsiz üçüncü qrup əlillik təyin edilməsindən əsassız və qanunsuz müxtəlif bəhanələrlə imtina edilir. Cavabdeh tərəfindən birbaşa pozulan qanunvericilik normaları isə istinad etdikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndidir. İddiaçının fərqli dərəcələr (faiz aralıqları) üzrə əlillik müddəti fasiləsiz olaraq 23 ildən artıqdır. Ona üçüncü qrup əlillik təyin edilən vaxt da ikinci qrup üzrə əlillik müddəti 21 il təşkil edirdi ki, bu halın özü iddiaçıya müddətsiz əlillik təyin edilməsi üçün kifayət idi. Lakin məlum olmayan səbəblərdən cavabdeh tərəfindən iddiaçının qeyd edilən hüququ pozulmuşdur.
10. İddia tələbinin maddi hüquqi əsası kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.2, 4.2-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 34.1-ci maddəsinə istinad olunmuşdur.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
11. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək, iddianın mümkün sayılmaması xahiş edilmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin göndərişləri əsasında 4 dekabr 2021-ci il və 16 mart 2022-ci il tarixlərdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişdə qeyd edilmiş məlumatlar, xəstəliyin xarakteri ilə xəstənin sosial vəziyyəti arasında uyğunsuzluqlar aşkar edildiyindən, əlillik təyinatı aparmaq mümkün olmamış və hazırkı vəziyyətin dəqiqləşdirilməsi üçün göndərişin natamam doldurulması səbəbi ilə imtina qərarı verilmişdir. Məhkəmə qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı 26 sentyabr 2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunaraq “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 30 sentyabr 2015-ci il tarixdə təkrar müayinə zamanı bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar qüvvədə saxlanılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə müvafiq olaraq 30 sentyabr 2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, dəri və görünən selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Obyektiv müayinə zamanı periferik limfa düyünləri əllənmir, aşağı ətraflarda ödem yoxdur. Kəllə beyin sinirləri tərəfindən patologiya aşkar edilmir. Sümüküstü-vətər refleksləri yüksəkdir, D=S. Romberq vəziyyətində dayanıqsızdır, əllərdə tremor müşahidə edilir. EEQ müayinəsində beynin paroksizmal aktivliyinin artması, qıcolma həddinin enməsi qeyd edilir. Xəstə mütamadi olaraq antikonvulsiv preparatlar qəbul etdiyini bildirir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4-cü bəndinə müvafiq olaraq “ümumi xəstəlik" səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan xəbəri 17 mart 2022-ci il tarixdə ona SMS göndərilməsindən sonra olmuşdur. Bundan 1 il 10 aydan sonra məhkəməyə müraciət etdiyindən iddia tələbi mümkünsüz hesab olunmalıdır.
13. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4-cü bəndinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(102)-912/2022 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 12.1-ci maddəsinə istinad olunmuşdur.
Etiraza dair iddiaçı tərəfin münasibəti (mülahizəsi)
14. İddiaçı cavabdehin etirazı ilə razılaşmayaraq bildirmişdir ki, ona inzibati orqanın imtinası 17 mart 2022-ci il tarixdə çatmamışdır. Belə ki, cavabdeh inzibati orqanın öz etirazına əlavə etdiyi 7 iyul 2022-ci il tarixli qərarından da görünür ki, iddiaçının məhkəmə qərardadı əsasında əyani müayinəsi mart ayında deyil, 7 iyul 2022-ci il tarixdə həyata keçirilmişdir. 7 iyul 2022-ci il tarixli qərar da iddiaçıya heç bir zaman rəsmi qaydada təqdim edilməmişdir. O, həmin qərarın məzmunu ilə hal-hazırda həmin qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edildikdən sonra tanış olmuşdur. Qərarla tanış olarkən isə məlum olmuşdur ki, qərarın 1-ci bəndində iddiaçıya ümumi xəstəlik səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsinin qərara alındığı, qərarın 1.1-ci bəndində isə iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsinin qərara alındığı qeyd edilmişdir. Əgər həmin qərarda ona ikinci dərəcə əlillik təyin edilməsi qərara alınmışdırsa, onda nəyə görə üçüncü qrup əlilliyə görə pensiya verilir? Əgər qərarda texniki səhv var idisə, nəyə görə bu günə kimi həmin səhv düzəldilməmişdir? Hal-hazırda da cavabdeh 2022-ci ilin iyul ayında qəbul edilmiş qərarı iddiaçının 2022-ci ilin mart ayında aldığını qeyd etməklə iddianın mümkünlüyünü mübahisələndirir. Qeyd edilir ki, 7 iyul 2022-ci il tarixdə qəbul edilmiş qərar rəsmi qaydada iddiaçıya təqdim edilməmiş, həmin qərarda hüquqi müdafiə vasitələri barədə zəruri məlumatlar da öz əksini tapmamışdır. Eyni zamanda, iddiaçının hazırkı iddia tələbi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı yeni inzibati aktın qəbul edilməsinə yönəlmişdir ki, bu halda da 7 iyul 2022-ci il tarixli qərarla bağlı müddətlər də hazırkı iş üzrə heç bir əhəmiyyət kəsb etmir. Bütün bunlar isə onu göstərir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab verir, iddiaçı heç bir müddəti ötürməmişdir. Eyni zamanda, cavabdeh imtinadan 17 mart 2022-ci il tarixdə SMS göndərilməsindən sonra məlumatlı olduğunu göstərsə də, etiraza əlavə olunmuş 17 mart 2022-ci il tarixli SMSin mətnində göndərişin natamam doldurulduğu üçün səhiyyə müəssisəsinə geri qaytarıldığı göstərilmişdir. Həmin SMS-in hansı hissəsində ona beş il müddətinə əlilliyin təyin edilməsi müəyyən olunmamışdır. Cavabdeh etirazında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(102)-912/2022 saylı qərarındakı mövqeyinə istinad edir, həmin qərarla tanış olduqda görünür ki, həmin işin hallarının hazırkı işə heç bir aidiyyəti yoxdur. Qeyd edilən işdə şəxs tibbi müayinədən keçməmişdir. İddiaçı isə tibbi müayinədən dəfələrlə keçmişdir və ona təyin edilən əlillik fasiləsiz olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. İş materiallarına əlavə edilən arayışdan da göründüyü kimi, iddiaçının fərqli dərəcələr (faiz aralıqları) üzrə əlillik müddəti fasiləsiz olaraq 23 ildən artıqdır. Ona üçüncü qrup əlillik təyin edilən vaxt da ikinci qrup üzrə əlillik müddəti 21 il təşkil edirdi ki, bu halın özü iddiaçıya müddətsiz əlillik təyin edilməsi üçün kifayət idi. Hazırkı iddia tələbində hər hansı müddətin ötməsindən söhbət gedə bilməz. Çünki, iddiaçı müddətsiz əlilliyin təyin edilməsindən imtina ilə bağlı hüquqi müdafiə vasitələri özündə əks etdirməyən cavabı aldıqdan sonra müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Müddətin 17 mart 2022-ci il tarixdən hesablanması isə yuxarıda qeyd edilənlərə əsasən tamamilə əsassızdır. İddiaçının iddia tələbi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı yeni inzibati aktın qəbul edilməsinə yönəlmişdir. Hüquq ədəbiyyatında olan mövqe, o cümlədən, cavabdehin istinad etdiyi Ali Məhkəmənin qəbul etdiyi qərardakı mövqeyi də ondan ibarətdir ki, şərtsiz və müddətsiz inzibati aktın qəbul edilməsini arzu edən şəxs məcburetmə haqqında iddia qaldırır. Mübahisələndirmə haqqında iddianın predmetini əlverişsiz inzibati akt təşkil edir. İddia tələbində isə iddiaçıya əlilliyin müddətsiz verilməməsi onun hüquqi vəziyyətini, yəni əlil olduğu gerçəyini dəyişmir, sadəcə onun hüquqlarının genişlənməsinin qarşısını alır. Bu halda da əlbəttə ki, mübahisələndirmə haqqında deyil, məcburetmə haqqında iddia qaldırıla bilər.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında iddia ərizəsinin dəlillərinə (§ 9) və etiraza dair mülahizəyə (§ 14) istinad edərək iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh orqanın səlahiyyətli nümayəndəsi izahatında bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin qərardadından da (§ 7) görünür ki, iddiaçı cavabdeh orqanın 7 iyul 2022-ci il tarixli qərarından məlumatı olmuşdur. Buna görə də şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddət ötürülmüş hesab olunmaqla iddia mümkün sayılmamalıdır.
İDDİANİN MÜMKÜNLÜYÜ İLƏ BAĞLİ MƏHKƏMƏNİN MÖVQEYİ:
17. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1517/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.
18. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd).
20. İş üzrə iddiaçı müvafiq səlahiyyət verdiyi vəkil ilə təmsil olunmuşdur.
21. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimllənməsi məqsədi ilə qəbul edilir. Qanun Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir. Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında vəkillik hüquqi müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Qanunun 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir.
22. Bu səbəbdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda göstərilən müddəalarını əsas götürərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 3.3 və 3.4-cü bəndlərinin tələbləri yerinə yetirilmişdir.
23. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
25. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
26. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
27. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
28. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
32. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.
33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
35. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə icmal” məktubunda qeyd olunmuşdur ki, “60. Əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən eddilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, bəzi hallarda əlilliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. ...
62. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyin dəyişdirilməsinə dair iddia qaldıra bilər.”
37. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.”
38. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırkı məsələyə münasibətdə həmçinin, tərəfin məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
40. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə etirazın dəlillərini (§ 12) əsaslı hesab etməklə, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır.
41. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. NƏTİCƏVİ HİSSƏ
42. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova