Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-3046/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh XXXnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh XXXnə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərara əsasən 2023-cü ilin 1-ci rübünə 15.178,71 manat ödəmə mənbəyində tutulan vergi məbləği hesablanmışdır. Göstərilən qərarda həyata keçirilmiş hesablamalar belə əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2023-cü ilin 1 və 2-ci rübləri ərzində güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesabına ümumilikdə 2023-cü ilin 1-ci rübü fevral ayı üzrə 46.247,2 manat, mart ayı üzrə 105.539,9 manat və 2023-cü ilin 2-ci rübü aprel ayı üzrə 37.470,72 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin vergi orqanına təqdim edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 13.2.16.14-1, 125-1 və 150.1-ci maddələrinə müvafiq olaraq iddiaçı tərəfindən güzəştli vergitutulan ölkədə qeydiyyatdan keçmiş subyektə edilmiş ödənişə görə iddiaçıya ödəmə mənbəyində tutulmalı olan vergi kimi ümumilikdə 15.178,71 manat manat əlavə vergi məbləği hesablamışdır. Hesab edilir ki, cavabdeh iddiaçıya əlavə vergi məbləğini hesablayarkən, iddiaçının faktiki olaraq həyata keçirdiyi fəaliyyətin xarakterini nəzərə almamışdır. İddiaçı faktiki olaraq “Tik-tok” sosial platformasında qeydiyyatdan keçmiş şəxslərin başqa şəxslərə hədiyyə göndərmək məqsədilə istifadə etdiyi jetonların, həmin şəxslərin (istifadəçilərin) hesablarına yüklənməsinə yardım xidmətini həyata keçirir. Hər hansı şəxs “Tik-tok” platformasında öz hesabına jeton yükləmək istədikdə, həmin jetonun dəyərini (və iddiaçı tərəfindən müəyyən edilmiş əlavə xidmət haqqını) iddiaçının bank hesabına ödəyir, iddiaçı da öz növbəsində “Tik-tok” sosial şəbəkəsinin rəsmi internet səhifəsinə müraciət edən şəxsin istifadəçi adı və parolu vasitəsilə daxil olur və sifariş edilən sayda jetonu internet səhifəsində yaradılmış xüsusi elektron ödəmə sistemi vasitəsilə sifarişçinin şəxsi hesabına yükləyir. Bu zaman iddiaçı jetonun yüklənməsi ilə bağlı ödənişi məhz öz kartı vasitəsilə edir. Qeyd edilir ki, iddiaçı uzun müddət bu əməliyyatı öz şəxsi debit kartı vasitəsilə etmiş, lakin daha sonra bankın təkidi nəticəsində özünə biznes kartı açmış və ödənişləri həmin kart vasitəsilə etməyə davam etmişdir. Bu səbəbdən də cavabdeh iddiaçının “Tik-tok” sosial şəbəkəsinə jeton almaq müqabilində ödədiyi vəsaitləri sahibkarlıq fəaliyyəti çərçivəsində güzəştli vergitutulan ölkədə qeydiyyatdan keçmiş subyektə edilmiş ödəniş kimi qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçı etdiyi ödəmələrdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutmalı idi. Halbuki, birincisi, iddiaçının ödənişləri biznes kartı (sahibkar hesabı) üzərindən etməsi həmin ödənişlərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün edilmiş ödəniş kimi qiymətləndirilməsinə səbəb ola bilməz. Çünki, iddiaçı jetonu sifariş verən şəxsin vətəndaş qismində “Tik-tok” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi hesab üzərindən yükləyir. Başqa sözlə, jetonun alışı prosesi “Tik-tok” şirkəti ilə iddiaçı arasında bağlanmış hər hansı mülki xarakterli müqavilə əsasında deyil, sosial şəbəkənin internet səhifəsində yaradılmış onlayn ödəmə sistemi vasitəsilə istifadəçinin qeydiyyatdan keçdiyi hesaba yüklənməsi qaydasında həyata keçirilir. Göründüyü kimi, iddiaçı ilə “Tik-tok” şirkəti arasında hər hansı mülki hüquqi müqavilə mövcud olmamış, sadəcə hər hansı şəxsin müraciəti əsasında aldığı xidmət haqqı müqabilində həmin şəxsin öz hesabına jetonun yüklənməsinə vasitəçilik etmişdir. İkincisi, iddiaçının jeton alarkən etdiyi ödənişdən ödəmə mənbəyində vergi tutmaq imkanı və hüququ olmamışdır. Belə ki, iddiaçı ödənişləri “Tik-tok” sosial şəbəkəsinin rəsmi internet səhifəsindən jeton yüklənməsi üçün nəzərdə tutulmuş onlayn ödəmə sistemi vasitəsilə etmişdir. Bu halda internet səhifəsində jeton üçün nəzərdə tutulmuş qiymətdən aşağı qiymət ödəmək qeyri-mümkündür. Məsələn, əgər bir ədəd jetonun qiyməti 300 manatdırsa, iddiaçı ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutub “Tiktok” şirkətinə 270 manat ödəyə bilməzdi. Çünki bu halda jeton yükləmə prosesi vəsait az ödənildiyindən mümkün olmayacaqdı. Üçüncüsü, iddiaçı “Tik-tok” sosial şəbəkəsinin rəsmi internet səhifəsindən ödəmə edərkən həmin vəsaitin hansı ölkədə və ya ərazidə qeydiyyatdan keçmiş subyektə ödənilməsindən xəbərdar deyildi. Çünki, bu proses tərəflər arasında bağlanmış müqavilədə əvvəlcədən göstərilmiş bank hesabı üzərindən deyil, sosial şəbəkənin internet səhifəsində yaradılmış onlayn ödəmə sistemi üzərindən həyata keçirilir ki, bu zaman istifadəçi ödənişin hara getdiyini bilmir. Göründüyü kimi, iddiaçı ilə “Tik-tok” sosial şəbəkəsi arasında sahibkarlıq və ya hər hansı digər formada müqavilə münasibəti olmamış, iddiaçı ödəniş edərkən ödəmə mənbəyində hər hansı vergi tutmaq imkanına malik və ödənilmiş vəsaitin hansı ölkəyə və ya hesaba getdiyindən məlumatlı olmamışdır. İddiaçının sahibkarlıq fəaliyyəti yalnız sosial şəbəkənin Azərbaycanlı istifadəçilərinə jeton yüklənməsi ilə bağlı göstərdiyi xidmətlə bağlı olmuşdur. Qeyd edilir ki, ödəniş müqabilində yüklənən jeton sadəcə istifadəçinin hesabına yüklənə bilir və onun üçüncü şəxsə satılması qeyri-mümkündür. Başqa sözlə, iddiaçı jeton alqı-satqısı ilə məşğul olmamış, ola da bilməzdi. O sadəcə olaraq aldığı ödəniş müqabilində jetonu sifariş verən istifadəçinin şəxsi hesabına yüklənilməsini təmin etmişdir. Qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti məqsədi olmadan hər hansı şəxs tərəfindən güzəştli vergi tutulan ölkədə və ya ərazidə qeydiyyatdan keçmiş subyektə elektron ticarət qaydasında xidmətlərin alınması və ya şəxsi istehlak məqsədilə malların (işlərin, xidmətlərin), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı edilən ödənişlərdən ödəmə mənbəyində hər hansı vergi tutulmur. İşin hallarından aydın olur ki, iddiaçı tərəfindən müxtəlif sayda jetonlar, sifariş verən fiziki şəxslərin şəxsi istehlakı məqsədilə elektron ticarət qaydasında alınmışdır ki, bu halda həmin jetonlara görə edilən ödənişlərdən ödəmə mənbəyində verginin tutulması qanunda nəzərdə tutulmamışdır. Belə ki, ödəniş biznes kartı vasitəsilə edilməsinə baxmayaraq, əməliyyatın xarakteri sahibkarlıq münasibəti olmamış, əksinə burda vergi orqanında uçotda olmayan şəxslərin şəxsi istehlakı məqsədilə müxtəlif sayda jetonların yüklənməsi (alınması) prosesi baş tutmuşdur. Sadəcə olaraq iddiaçı bu prosesdə xidmət göstərən şəxs qismində çıxış edərək, ödəməni öz bank hesabı vasitəsilə etmişdir. Bu isə nəticə etibarilə jetonun iddiaçının deyil, məhz üçüncü şəxslərin (vergi orqanında uçotda olmayan fiziki şəxslərin) şəxsi istehlakı məqsədilə alındığı faktını dəyişdirmir. Həmçinin iddia tələbində qeyd edilmşdir ki, VM-in 17-ci maddəsində vergi agentinin tərifi, hüquq və öhdəlikləri müəyyən edilmişdir. Belə ki, VM-in 17.1-ci maddəsinə əsasən vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Lakin işin hallarından göründüyü kimi, iddiaçı “Tik-tok” sosial şəbəkəsinin internet səhifəsi üzərindən ödəniş edərkən texniki və hüquqi olaraq ödəmə mənbəyində vergini tutmaq imkanına malik olmamışdır. Bu səbəbdən də iddiaçı ümumiyyətlə vergitutma məqsədləri üçün vergi agenti hesab edilə bilməz. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərar vergi qanunvericiliyinin tələblərinin kobud pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın aidiyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh orqanın səlahiyyətli nümayəndəsi M.Əkbərov izahatında bildirmişdir ki, XXXnin yurisdiksiyasına Şamaxı, Ağsu və Qobustan rayonları daxildir. İddiaçı Ağsu rayonunda qeydiyyatda olduğu üçün, inzibati işə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh XXX tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi tələbi irəli sürülmüş və hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqan olan XXXnin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən və iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən yaşayış yeri Ağsu rayonu olduğundan iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Şəki İnzibati Məhkəməsidir. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (19.2-ci bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh XXXnə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova
Məhkəmə qərarları › İş №e-2-1(118)-3046/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-3046/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver