Məhkəmə qərarları › İş №e-2-1(118)-3157/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-3157/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3157/2024 04.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Maraqlı şəxs2 və Maraqlı şəxs1 Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən 74 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2 və Maraqlı şəxs1 Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən 74 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması, üçüncü şəxlər Maraqlı şəxs2 və Maraqlı şəxs1 ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməklə üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 həmin yaşayış sahəsini özlərinə məxsus əşyalarla birlikdə boşaldılması (ondan istifadəni dayandırılması) barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Maraqlı şəxs2 və Maraqlı şəxs1 Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən 74 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs2 və Maraqlı şəxs1 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən 74 nömrəli mənzil İddiaçı və bibiləri Maraqlı şəxs2 və Maraqlı şəxs1 paylı mülkiyyətində olmuşdur. İddiaçı cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən ümumi sahəsi 58 kv m o cümlədən yaşayış sahəsi 37,20 kv.metr, (1 otaq 16.2 kv m, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv m olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin 21 kv m yaşayış sahəsi olan 1 otağa İddiaçı payının naturada ayrılması, ümumi əmlakdan (evdən) payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən ümumi sahəsi 58 kv m, o cümlədən yaşayış sahəsi 37,20 kv m, (1 otaq 16.2 kv m, 1 otaq 21 kv m) yardımçı sahəsi 20.8 kv m olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçilərinin arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə, yəni paylarına bərabər hissələrdə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçının apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(102)- 3736/ 2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(105)-3385/2021 nömrəli qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-285/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)- 1704/2021- 008 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərilmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə açıq hərrac keçirilmiş və sözügedən mənzili 62400 manata hərracda satışa çıxarılmış və mənzil 62400 manata tələbkar İddiaçı tərəfindən alınmışdır. Hərracın yekunları üzrə hərrac təşkilatı ilə İddiaçı arasında əmlakın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq mənzilin dəyəri (62400 manat) İddiaçı tərəfindən ödənilmiş, həmin məbləğin borclular Maraqlı şəxs2 və Maraqlı şəxs1 çatası 27184 manat hissəsi Sumqayıt şəhər İcra İdarəsinin depozit hesabına keçirilmişdir. xx.xx.2023-cü il tarixdə borclu Maraqlı şəxs1 icra idarəsinə ərizə ilə müraciət edərək, 27184 manat pul vəsaitindən payına düşən 13592 manat məbləğin onun hesabına köçürüldüyünü, mübahisəli mənzilin satılmasını təsdiq edən hərrac protokolunu aldığını, narazılığının olmadığını və gələcəkdə məhkəmələrdə hər hansı mübahisənin qaldırmayacağını bildirmişdir. Daha sonra sözügedən Sumqayıt şəhəri, 2ci məhəllə, ev 11/12 ünvanında yerləşən 74 nömrəli mənzil tam və yeganə mülkiyyətçi kimi xx.xx.2023-cü il tarixdə adına qeydiyyata alınmış və müvafiq çıxarış təqdim edilmişdir. İddiaçı sonradan həmin mənzilə mülkiyyət hüququndan istifadə edərək, sözügedən mənzildə qeydiyyatda olan Maraqlı şəxs2 və Maraqlı şəxs1 qeydiyyatdan çıxarılmaları üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin Sumqayıt şəhər Polis İdarəsi həmin şəxslərin qeyd edilən mənzildən qeydiyyatdan çıxarılmalarından imtina etmiş və müvafiq inzibati məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, **********64-05101-093027 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 İddiaçı mülkiyyətindədir. - DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-285/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən ümumi sahəsi 58 kv m, o cümlədən yaşayış sahəsi 37,20 kv m, (1 otaq 16,2 kv m, 2 otaq 21 kv m) yardımçı sahəsi 20,8 kv m olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri İddiaçı, Maraqlı şəxs2 və Maraqlı şəxs1 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə bölünmsi qərrara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında müraciəti edilməsi övsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan evdən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisəsi gedən mənzilin açıq hərracda satılması və əldə edilmiş pulun mülkiyyətçilər arasında bölünməsi qət edilmişdir. Həmin qətnamənin icrası nəticəsi olaraq mənzil açıq hərraca çıxarılmış və digər mülkiyyətçilərə çatası pul vəsaiti İddiaçı tərəfindən ödənilməklə mənzil tamamilə onun mülkiyyətinə keçmişdir. Hazırda mülkiyyətçi üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir və o, həmin hüququndan istifadə edərək hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Maraqlı şəxs2 və Maraqlı şəxs1 Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən 74 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar