Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-322/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 13 mart 2020-ci il tarixli, AZ-İİ seriyalı, 061846 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 21 fevral 2020-ci il tarixdə kəskin ağciyər emboliyası səbəbindən vəfat etmişdir.
2. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Qobustan Rayon Polis Şöbəsi tərəfindən verilmiş 7 dekabr 2022-ci il tarixli, 145-14990/1222 saylı arayışın surətindən görünür ki, İddiaçı mərhum həyat yoldaşı X2 28 avqust 2002-ci ildən 21 fevral 2020-ci il tarixə kimi Qobustan rayon polis şöbəsinin post-patrul xidməti tağımının polis nəfəri vəzifəsində xidmət etmiş, hesablanmış əmək haqqı 705,70 manat təşkil etmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 mart 2023-cü il tarixli məktubunun (surəti) görünür ki, X1 ölüm faktını təsdiq edən sənədin - ölüm haqqında şəhadətnamənin tarixi 13 mart 2020-ci ilə aid olduğundan, icbari sığorta ödənişinin verilməsi ilə bağlı aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət edilməsi tövsiyə olunmuşdur.
Mübahisə ilə əlaqəli məhkəmə işləri:
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(006)- 1412/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırda iddiaçı mərhum həyat yoldaşının ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin ödənilməsini məhkəmədən tələb edir. Cavabdeh tərəf iddia tələbi ilə razı deyildir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 18 may 2021ci il tarixli, 1340 nömrəli Fərmanını rəhbər tutaraq hesab edir ki, hazırki iddia tələbi ilə bağlı sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd 30 noyabr 2022-ci il tarixinə aid olduğundan sığorta ödənişinin verilməsi "xxxx" ASC tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Bundan başqa, məhkəmə iddiaçının sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin ölüm haqqında şəhadətnamə olması iddiasına münasibətdə qeyd edir ki, hazırki iddia üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd ölüm haqqında şəhadətnamə deyil, məhz sığorta olunanın ölümünün xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə DİN tərəfindən təsdiq edilmiş rəydir. Belə ki, “Məhkəmə və hüquq-mühafizə orqanları X5 şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1 yanvar 2022ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı ilə birlikdə həlak olma (ölüm) halında sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surətini təqdim edir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, e-2(006)- 1412/2023 saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu X8 nümayəndəsi Nümayəndə2 Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)-1412/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilmədiyi əsası ilə geri qaytarılmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(006)- 1412/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(006)-1412/2023 saylı qətnaməsi Dövlət Sosial Müdafiə Fondu X8 maraqlarına və hüquqlarına toxunduğu üçün, onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(103)-5645/2024 saylı qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin Cavabdeh qeyd edilən mülki iş üzrə tərəf olmamışdır. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hallar Cavabdeh üçün preyudisial əhəmiyyət daşımır. İddiaçı X3 eyni tələblə bağlı Cavabdehnə qarşı iddia irəli sürərsə belə, həmin iddia tələbi ümumi qaydada baxılaraq iddianın Dövlət Sosial Müdafiə Fondu” X7rşı əsaslı olması sübut olunmalıdır. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 saylı qətnaməsi Cavabdeh marağına toxunmur. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar yoxdur.
8. Bakı İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2-1(112)-10145/2023 saylı qərardadı ilə iddia tələbinə dair iş baxılması üçün, aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
9. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “həyat yoldaşı X1 21 fevral 2020-ci ildə ölümü ilə baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X2 28 avqust 2002-ci ildən 21 fevral 2020-ci ilədək Daxili İşlər Nazirliyi Qobustan Rayon Polis Şöbnəsində post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət etmişdir. Həyat yoldaşı xidmətdə olarkən 21 fevral 2020-ci ildə “kəskin ağciyər emboliyası” səbəbindən vəfat etmişdir (§1). Himayəsində işləməyən pensiyaçı anası və üç yetkinlik yaşına çatmayan oğlu vardır. Həyat yoldaşı vəfat etdikdən sonra işbari şəxsi sığorta üzrə sığorta ödənişlərinin verilməsi üçün, nümayəndəsi vasitəsilə cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır (§3). İmtina məktubunda qeyd edilənlərə görə sığorta şirkəti olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin şirkət də öz növbəsində bildirmişdir ki, icbari sığorta ödənişinin verilməsi ilə bağlı aidiyyəti üzrə cavabdehə müraciət etməlidir. Buna baxmayaraq, icbari sığorta ödənişinin verilməsi vəzifəsinin sığorta şirkətinin üzərinə qoyulması barədə iddia tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir (§4).
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7, “Məhkəmə və X6 X5 Şəxsi Sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddələrinə istinad etmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
14. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 21 fevral 2020-ci ildə ölümü ilə baş vermiş sığorta hadisəsi ilə əlaqədar onun aylıq 705,70 manat olmuş 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin verilməsi vəzifəsinin orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin 12 fevral 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri
15. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, mərhum X1 vəfat etməsi ilə əlaqədar tərtib edilmiş AZ-İİ 061846 nömrəli ölüm haqqında şəhadətnamənin (sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin) tarixi 13 mart 2020-ci ilə aiddir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən təmin edilir. Qeyd olunanları nəzərə alaraq, mərhum X1 vərəsə və ya vərəsələrinə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyildir.
Tərəflərin iştirakı və izahatları:
17. Məhkəmə iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahatında etirazın dəlillərini müdafiə edərək, iddia tələbi üzrə cavabdeh orqan olmadıqlarını bildirmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında təmsil olunmamışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə etdiklərini bildirərək, tələbin təmin olunmasını xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
24. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
25. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
26. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
27. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.
28. Belə ki, məhkəmə və X6 işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri “Məhkəmə və X6 X5 şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 5 oktyabr tarixli 705-İQ nömrəli Qanunu tənzimlənir.
29. Qanunun 2.1.9-cu maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti, sığorta hadisəsi isə Qanunun 2.1.6-ci maddəsinə uyğun olaraq sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal hesab edilir. Qanunun 5-ci maddəsinin “a” bəndinə əsasən, sığortaolunan məhkəmə və ya X6nda xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) sığorta məbləğinin 100 faiz miqdarında sığorta ödənişi verilir.
30. Həmin Qanunun 7.1-ci maddəsinə uyğun olaraq sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur
31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli, 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın 4.2.1 və 4.2.2-ci bəndlərinə əsasən, sığorta ödənişi almaq hüququ olan şəxs sığortaolunanın ölümü haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edir.
32. Göründüyü kimi sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısında baş vermiş hadisənin sığortaolunanın xidməti vəzifələrinin icrası ilə bağlı olması barədə sənədin (rəy və ya arayışın) təqdim edilməsi qeyd edilməmişdir. Beləliklə, sığortaolunanın həlak olmasına (vəfat etməsinə) görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd olaraq sığortaolunanın ölümü haqqında şəhadətnamə müvafiq normativ hüquqi aktla müəyyən edilmişdir.
33. 13 mart 2020-ci il tarixli, AZ-İİ seriyalı, 061846 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 21 fevral 2020-ci il tarixdə kəskin ağciyər emboliyası səbəbindən vəfat etmişdir.
34. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda, "xxxx" ASC tərəfindən təmin edilir. (18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.7-ci bənd yeni redaksiyada verilmişdir.Əvvəlki redaksiyada deyilirdi: 2.7. 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir.)
35. Beləliklə, qanunvericilik normalarının təhlili ilə müəyyən olunur ki, hazırki iş üzrə iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu deyildir.
36. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
37. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “həyat yoldaşı X1 21 fevral 2020-ci ildə ölümü ilə baş vermiş sığorta hadisəsi ilə əlaqədar onun aylıq 705,70 manat olmuş 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova