Məhkəmə qərarları › İş №e-2-1(118)-3274/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-3274/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3274/2025 18.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilə görə ƏDV-nin qaytarılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “mənzilə görə ƏDV-nin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 18 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 18 avqust 2022-ci il tarixli, **********43418 nömrəli “Alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı "xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) inşa olunan, bina 6, 13-cü mərtəbə, 87 (studiya) (mərtəbə 13, mənzil 3) nömrəli, studiya tipli mənzili tikib və alıcı Nümayəndə mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil 66.729 manat, ilkin ödənişi 20,12%, yəni ƏDV daxil 13.429 manat, qalan ƏDV daxil 53.300 manat məbləğində hissəsinin alıcı ilə "xxxx" ASC arasında bağlanacaq kredit müqaviləsinə əsasən ödənilməsinin həyəta keçirilməsi göstərilmişdir.

2. 18 avqust 2022-ci il tarixli, ƏXZ/2 seriyalı, 083236 nömrəli “Kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, Nümayəndə tərəfindən 6-cı bina, 13-cü mərtəbə, 87 saylı mənzilin ilkin ödənişi üçün 13.429 manat məbləğində ödəniş "xxxx" ASC-nin hesabına mədaxil edilmişdir.

3. 24 avqust 2022-ci il tarixli, 006PY/KB nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, borc verən "xxxx" ASC borc alan Nümayəndə 180 ay müddətinə 53.300 manat məbləğində kreditdən istifadəyə görə illik 10% ödəmək şərtilə kredit vermişdir. Kreditin təyinatı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) inşa olunan, bina 6, 13-cü mərtəbədə yerləşən 87 nömrəli mənzil olaraq göstərilmişdir.

4. 24 avqust 2022-ci il tarixli, 006PY/KB nömrəli “Kredit müqaviləsi”nə 1 nömərli Əlavə.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 14 fevral 2023-cü il tarixli, **********721600 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödəniliş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarından görünür ki, Nümayəndə 9 fevral 2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciəti təmin edilməmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 yanvar 2024-cü il tarixli, **********663200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödəniliş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarından görünür ki, Nümayəndə 8 yanvar 2024-cü il və 22 yanvar 2024-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciəti təmin edilməmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 22 oktyabr 2024-cü il tarixli, **********709100 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödəniliş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarından görünür ki, Nümayəndə 5 oktyabr 2024-cü il və 18 oktyabr 2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciəti təmin edilməmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

8. İddiaçı Nümayəndə (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 22 oktyabr tarixli, **********709100 saylı qərarın ləğv olunması və ƏDV-nin bir hissəsinin qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin hallarına (§1-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı portal vasitəsilə 8 yanvar 2024-cü il tarixdə müraciət etmişdir. Lakin portal üzrə müraciətinə cavabdeh tərəfindən baxılaraq ƏDV-nin geri qaytarılmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Səbəb kimi də bir cümlə olaraq Azərbaycan Respublikası Prezidentinin 2022ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil olmaqla) nağdsız qaydada satıcının bank hesabına ödənildiyi, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilmədiyi göstərilmişdir. Daha sonra Portal vasitəsilə yenidən 22 yanvar 2024-cü il tarixdə müraciət etmişdir ki, həmin müraciətinə cavabdeh tərəfindən cavab olaraq bildirilmişdir ki, vətəndaş tərəfindən Qaydanın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilmədiyi müəyyən edilmişdir. Sonuncu dəfə Portal vasitəsi yenidən 18 oktyabr 2024-cü il tarixində Dövlət Vergi Xidmətinə müraciət etmiş, bununla bağlı 22 oktyabr 2024-cü il tarixli, **********709100 saylı qərar qəbul edilmiş və cavab olaraq bildirilmişdir ki, inzibati iş üzrə mübahisə həll edildiyindən eyni məzmunlu təkrar ərizəyə baxılması üçün əsaslar aradan qalxmışdır. "xxxx" ASC həmin elektron-qaiməni iddiaçıya təqdim etməmişdir. Vergi orqanı bu məqamları araşdırmır və yaxud həmin məqamların üzərindən bilərək keçir. Qanunun tələbələrinə uyğun olaraq həmin elektron-qaimə iddiaçıya təqdim edilsə idi, hal-hazırda ƏDV məbləğinin geri qaytarılması daha asan olacaqdı. Cavabdeh birinci növbədə həmin elektronqaiməni tikinti şirkətindən tələb etməli idi. Hal-hazırda həmin ərazidə "xxxx" ASC-dən alınmış evlərlə bağlı elektron-qaimələrin olub-olmamasından asılı olmayaraq, ƏDV məbləğinin qaytarılması işlərinin aparılması barədə məlumatlıdır. Bu barədə məlumatı iddiaçıya "xxxx" MMC-nin əməkdaşları vermişdir. Vergi orqanı öz səhlənkarlığını bu cür aradan qaldırmağa çalışdığı halda, hal-hazırda ilkin ödənişin nağd qaydada ödənilməsi əsası ilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciətindən imtina edilir. Vergi orqanının vətəndaşlar arasında bu cür ayrı-seçkiliyə yol verməsi qanuna ziddir və iddiaçının Konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 2022ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24, 67.1, 67.2, 67.3, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2.1, 2.2.3-cü maddələrinə istinad edilmişdir.

11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. Məhkəmənin 10 iyun 2025-ci il tarixli, e-2-1(118)-3274/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi, əlavə dəyər vergisinin qaytarılması” tələbinə dair iş üzrə "xxxx" ASC-nin (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.

15. Belə ki, iddiaçının elektron portal üzərindən müraciət etdiyi, müraciətində satıcı "xxxx" ASC ilə bağlanmış alqı-satqı müqaviləsi, mənzilin ilkin dəyərinin nağd ödənişini təsdiq edən (ƏDV daxil olmaqla) kassa mədaxil orderinin qəbzi və mənzilin qalan hissəsinin dəyərinin nağdsız ödənişini təsdiq edən (ƏDV daxil olmaqla) ödəniş tapşırığı müəyyən edilmişdir. Ərizə üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, iddiaçının ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilməlidir. Vətəndaş tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilmədiyi müəyyən edilmişdir.

16. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4, 5.6-cı maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakları və izahatları:

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdırlar.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPMin 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, üçüncü şəxs tərəfindən iddiaçıya Vergi Xidməti ilə danışıqların aparılması, müvafiq siyahının göndərilməsi bildirmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Qeyd etmişdir ki, o, nağd ödəniş həyata keçirməmiş, sadəcə olaraq, müvafiq məbləği üçüncü şəxsin kassasına yerləşdirmişdir.

23. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X1 etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, cavabdeh tərəfindən yenidən araşdırmanın aparıldığı, iddiaçının nağdsız deyil, nağd ödəniş yolu ilə mənzilin əldə edilməsinin müəyyən edildiyini bildirmişdir. Qeyd etmişdir ki, cavabdeh tərəfindən müvafiq sərəncamın tələblərinin pozulması və vətəndaşa ƏDV-nin geri qaytarılması mümkün deyildir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

25. İPM-52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İddianın məzmununa və işin hallarına əsaslanaraq məhkəmə müəyyən edir ki, iddiaçının hazırkı iddia tələbi mənzilin alqı-satqısı ilə bağlı ödədiyi pul məbləği üzrə ƏDV-nin geri qaytarılması üçün müvəkkil banka məlumat vermək öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarətdir.

27. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddianın göstərilən qaydada qaldırılması Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tələblərinə uyğundur.

28. Belə ki, Qaydaların 2.0.6-cı bəndinə əsasən müvəkkil bank - ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır.

29. Qaydaların 2.0.4-cü bəndinə görə, operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir;

30. Qaydaların 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir.

31. Qaydaların 6.2-ci maddəsinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

32. Qaydaların tələblərindən göründüyü kimi, ƏDV məbləğinin qaytarılması ilə bağlı cavabdeh tərəfindən müvəkkil banka məlumatın ötürülməsi nəzərdə tutulmuşdur ki, bu iddia cavabdehin üzərinə inzibati akt qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli hərəkətin edilməsi öhdəliyinin qoyulmasına dair öhdəliyin icrası haqqında iddiadır.

33. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

34. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

35. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

36. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

37. Hazırkı iddia tələbi ondan ibarətdir ki, iddiaçı 66.729 manat dəyərində Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) inşa olunan, bina 6, 13-cü mərtəbə, 87 (studiya) (mərtəbə 13, mənzil 3) nömrəli, studiya tipli mənzili alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsdən əldə etmiş, lakin ödənişə dair əlavə dəyər vergisindən nəzərdə tutulan hissəsinin qaytarılması cavabdeh tərəfindən imtina edilmiş, baxmayaraq ki, üçüncü şəxs tərəfindən elektron-qaimə iddiaçıya təqdim edilməmişdir.

38. Cavabdeh isə iddia tələbinə qarşı etirazını bildirərək, alqı-satqı predmeti olan əmlakın tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilmədiyi müəyyən edilmişdir.

39. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

40. Həmin Məcəllənin 165.6-cı (1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyada). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

41. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda nəzərdə tutulmuşdur: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. ... 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); ... 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; ... 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:

1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi;

2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi;

3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaiməfakturanın məlumatlarının eyniləşdirilməsi; 3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir; 3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portalda yerləşdirir. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. ... 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. ... 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. ... 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

42. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, VM-in 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmiş, həmçinin, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir.

43. Həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(102)-1498/2024 nömrəli qərarında müəyyən edilmişdir ki, “bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır.”

45. Beləliklə, mövcud olan normativ hüquqi aktlara uyğun olaraq, hazırkı iddia tələbinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın keçid normalarının təsiri altına düşüb-düşməməsi müəyyən edilməlidir.

46. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən müəyyən edilir ki, həmin müqavilə tərəflər arasında 18 avqust 2022-ci il tarixdə, yəni Qaydaların qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra bağlanılmışdır. Odur ki, hazırkı mübahisəyə istinad edilən Qaydaların keçid müddəaları deyil, 5.1-ci bəndi tətbiq olunmalıdır.

47. Qeyd edilən bəndin tələbinə əsasən, ƏDV-nin qaytarılması üçün yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə ödənilməlidir.

48. Hazırkı iş üzrə müəyyən edilən hallardan görünür ki, iddiaçı ilə kredit müqaviləsi bağlanaraq, ona 53.300 manat məbləğində kredit verilmişdir. Digər hissəsinin isə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş olaraq 13.429 manat (ƏDV daxil) məbləğində satıcının bank hesabına ödənilməsi razılaşdırılmışdır.

49. İddiaçı tərəfindən təqdim edilmiş kassa mədaxil orderinin qəbzindən alqı-satqı predmeti olan mənzilin ilkin ödənişi üçün 13.429 manat məbləğinin üçüncü şəxsin hesabına mədaxil edilməsi müəyyən edilmişdir.

50. Məhkəmə bildirir ki, Qaydaların tələbinə əsasən iddiaçı tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış sahəsinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəmək imkanı olmuş, lakin həmin məbləğlərin ödənişi Qaydaya uyğun aparılmamış, hər iki məbləğ birlikdə alıcının bank hesabına ödənilmişdir.

51. Göründüyü kimi, məhkəməyə tərəflərin təqdim etdiyi sənədlərə əsasən qeyd edilən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi sübuta yetirilməmiş, Qaydaların 5.1 və 5.1.2-ci bəndlərində göstərilən “ƏDV-nin qaytarılması məqsədilə alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədin skan edərək portala göndərilməsi” qaydanın tələbi ödənilməmişdir.

52. Məhkəmənin hazırkı mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2-1(102)-400/2025 nömrəli qərarında qeyd olunmuş mövqeyə uyğundur.

53. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək, yuxarıda istinad edilən normativ hüquqi aktların müddəalarını tətbiq edərək hеsаb еdir ki, iddiaçının iddia tələbi qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün, təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

54. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar