Məhkəmə qərarları › İş №e-2-1(118)-3343/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-3343/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3343/2024 10.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Kamal qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və həqiqi xidmətə qəbul edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və həqiqi xidmətə qəbul edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandrılmışdır ki, o, xx.xx.1995-cü il təvəllüdlüdür, 2013-2017-ci illərdə Sumqayıt Dövlət Universitetində təhsil almışdır. 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayınadək (1 il müddətinə) Fövqalada Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2019-cu il Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində gizir rütbəsi ilə baş məsul icraçısı vəzifəsində işə başlamışdır. 2022-ci ilin may ayında xidməti imtahan verərək 5/5 almışdır. 2022-ci ilin iyun ayından iddiaçıya zabit vəzifəsi verilmişdir. Xidmətdə olduğu müddətdə ona hər hansı intizam tənbehi tətbiq edilməmişdir. xx.xx.2023-cü il tarixdə xidmət vaxtından kənar vaxtda gecə saat 02 radələrində kiçik bir münaqəşinin subyekti olmuş və xx.xx.2023-cu ildə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətani törətməkli təqsirli bilinmişdir. Həmin hadisələr olan zaman dərhal idarə rəhbərliyi tərəfindən məlumatlandırılmış və bundan sonra xx.xx.2023-cü il tarixdən sərəncamda olmuşdur. Təxminən 1 il müddətində sərəncamda olmuş, halbuki bu müddət 4 aydan artıq təşkil edə bilməzdi. 2024-cü il yanvar ayında iş yoldaşlarının verdiyi məlumata əsasən iddiaçı ilə heç bir söhbət aparılmadan, ona məlumat verilmədən xidməti uyğunsuzluğa görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluqla) ehtiyata buraxılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə sənədləri götürmək üçün müraciət etsə də, iddiaçıya təyinat vərəqəsi təqdim edilməmiş və bildirilmişdir ki, Şabran şəhərində qeydiyyatda olduğu üçün Xidmətin Şabran rayon idarəsinin həqiqi hərbi xidmət çağırış şöbəsindən götürə bilər. Ora müraciət etdikdə yenə də təyinat vərəqəsi iddiaçıya təqdim edilməmişdir. Bu günə kimi təyinat vərəqəsi iddiaçıya təqdim edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. İddiaçıya ehtiyyata buraxılması ilə bağlı heç bir məlumat verilməmişdir. Bütün göstərilənlər bir daha sübut edir ki, onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cə maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən ehtiyata buraxılmağı barədə əmr qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, Xidmətin sərəncamında olan gizir İddiaçı 2022-ci ilin sentyabr ayında Xidmətin Xətai rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən tanışı Elvin Cabbarlı ilə birgə ünvan 2 ünvandakı “La Corne” hotelinin “Fuud Lac” adlı restoranını cari ilin fevral ayınadək icarə əsasında işlətməklə sahibkarlıq fəaliyyətilə məşğul olmuşdur. Gizir İddiaçı dövlət hakimiyyəti nümayəndəsi kimi qanunçuluğa, nizam-intizama riayət edilməsində başqalarına nümunə göstərməli olduğu halda, həmin restoranda xx.xx.2023cü il tarixdə saat 02:00 radələrində sifarişin hesabını ödəməkdən yayınan vətəndaş Həsən Dadaşovla xəsarətlə nəticələnən münaqişə yaratmış, eləcə də intizam məsuliyyətindən kənarda qalması üçün hadisə barədə idarə rəhbərliyini dərhal məlumatladırmamışdır. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində faktla bağlı araşdırma aparılmış, İddiaçı əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinin tərkib əlaməti olduğundan toplanmış material xx.xx.2023-cü il tarixdə baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmiş və sonuncu məhkəmənin qərarı ilə həmin maddəyə əsasən təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin İddiaçı şikayəti əsasında həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək iş üzrə icraat baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3-1(093)-47/2023 nömrəli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Xidmətin sərəncamında olan gizir İddiaçı izahatında 2022-ci ilin sentyabr ayında Xətai rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən dostu Elvin Cabbarlının ona birgə pul qazanmaq məqsədi ilə ünvan 3 ünvanda yerləşən “La Corne” hotelinin 1-ci və 5-ci mərtəbəsindəki “Fuud Lac” adlı restoranı icarəyə işlətmələrini təklif etdiyini, aralarındakı razılaşmaya əsasən sonuncuya 5.000 manat pul verdiyini və əldə ediləcək aylıq qazancın 20%- nin ona veriləcəyi üçün həmin iaşə obyektinin faəliyyətinə və əldə edilən gəlirə nəzarət etmək məqsədilə mütəmadi olaraq həftədə 1-2 dəfə iş saatlarından sonra oraya getdiyini, xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində restoranda olan zaman hotelin 504-cü otağında qalan, adını sonradan bildiyi Həsən Dadaşovun restorandan otağına spirtli içki və meyvə sifariş verdiyini, lakin pulunu ödəməməklə yanaşı ofsianta qarşı kobud davrandığını öyrəndiyini, dostu E.Cabbarlı ilə birgə məsələni aydınlaşdırmaq üçün həmin otağa getdiklərini, H.Dadaşovun dostunu nalayiq söyüşlərlə söydüyündən aralarında dava etdiklərini, onları ayırmağa çalışan zaman özünün də xəsarət aldığını, növbəti gün Nərimanov rayon Polis İdarəsinə çağıralaraq orada 1 gün, növbəti gün isə həmin idarənin 17-ci polis şöbəsində saxlanıldıqdan sonra Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İnzbati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 ay müddətinə inzibati qaydada həbs edildiyini, şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Nərimanov rayon Məhkəməsinin qərarının ləğv olunduğunu, iş üzrə icraat baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərildiyini, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən İXM-nin 157-ci maddəsində (döymə) nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimələndiyini bildirmişdir. Aparılmış xidməti təhqiqat nəticəsində vətəndaş Elvin Cabbarlı izahatında tanışı İddiaçı göstərdiklərini özünə aid hissədə təsdiqləmişdir. Bu səbəbdən Xidmət rəisinin xx.xx.2024-cü il tarixli müvafiq əmri ilə Xidmətin Xətai rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinin və Azərbaycan Respublikası Silahlı X1 tələblərini pozaraq iaşə obyektini icarə əsasında işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, hesabı ödəməkdən yayınan vətəndaş H.Dadaşovla xəsarətlə nəticələnən münaqişə yaratdığına, intizam məsuliyyətindən kənarda qalması üçün hadisə barədə idarə rəhbərliyini dərhal məlumatladırmadığına görə Xidmətin sərəncamında olan gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan: - Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3-1(093)-47/2023 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına görə Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizaminaməsində təsbit olunmuş əsaslara görə hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Bundan başqa, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; döyüşçü yoldaşlığına sadiq olmalı öz yoldaşlarına sözü və işi ilə kömək etməli onları nalayiq hərəkətlərdən çəkindirməli həyatını əsirgəmədən təhlükədən xilas etməlidir. «Hərbi vəzifə və hərbi xidmət» haqqında Azərbaycan Respublikası Qanununun 24-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

1. Bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); (-). «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanunu (-). Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (-); 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Maddə 43. Ehtiyata keçirilmə 43.1. Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. 43.2. Ehtiyatda xidmətin başlanğıcı hərbi qulluqçunun adının hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması anından hesablanır. İş materiallarından müəyyən edilir ki, cavabdeh İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrini onunla əsaslandırmışdır ki, o, Xidmətin Xətai rayon İdarəsinni Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Silahlı X2 tələnlərini pozaraq iaşə obyektini icarə əsasında işləməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, hesabı ödəməkdən yayınan vətəndaş H.Dadaşovla xəsarətlə nəticələnən münaqişə yaratdığına, intizam məsuliyyətindən kənarda qalması üçün hadisə barədə idarə rəhbərliyini dərhal məlumatlandırmamışdır. İddiaçı öz izahatında hadisənin ertəsi günü rəhbəliyə məlumat verməsini, əlinin sınmasını bildirdiyini və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını izah etdi. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmadı, cavabdeh də bu faktı təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Lakin iddiaçının hərbi qulluqçunun adına uyğun olmayan hərəkətlərə yol verməsi məhkəmənin qanunui qüvvəyə minmiş qərarı ilə də ös təsdiqini tapır və təkzib edilmir. Azərbaycan Respublikası Silahlı X1 3-cü maddəsinə əsasən, hərbi intizam hər bir hərbi qulluqçunu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarının 1 nömrəli əlavəsinə əsasən, hərbi qulluqçu Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların tələblərini, komandir və rəislərin əmrlərini, sərəncamlarını, ona tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyini, törətdiyi hüquqazidd əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tam məsuliyyət daşımağı barədə öhdəlik daşıyır. Göründüyü kimi, həm Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)-47/2023 nömrəli qərarında, həm də Xidmət tərəfindən aparılan araşdırma materiallarında İddiaçı ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməsi təsdiqini tapmış və bütün bunlar onun hərbi xidmətdən xidməti uygunsuzluğa görə ehtiyata buraxılmasına əsas verir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ehtiyata biuraxıması qanunauğyundur. Onun ehtiyata buraxılmasına dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar