Məhkəmə qərarları › İş №e-2-1(118)-3350/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-3350/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3350/2024 13.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: prokurorluq orqanlarında qulluq etmiş şəxsin pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı 6 avqust 1963-cü il tarixdə doğulmuşdur.

2. İddiaçı məxsus 8 sentyabr 1980-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”.

3. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 yanvar 2024-cü il tarixli, 3-17-1/2-8583/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanmasının təxirə salınması haqqında” məktubundan görünür ki, İddiaçı 8 avqust 2023cü il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə 4.371,77 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi müvafiq arayışa əsasən onun əmək pensiyası 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti əsas götürülməklə hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.955 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 879,75 manat, rütbəyə görə əlavəsi 138 manat, digər növ əlavələri 1.681,24 manat olmaqla orta aylıq əmək haqqısı 4.653,99 manat təşkil etmişdir. Belə olan halda, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 29 il 9 ay 26 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (4.653,99 manat) 80 faizi – 3.723,19 manat müəyyən ediləcək. Göründüyü kimi, sözügedən dövr adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı hesablanarkən əsas götürülərsə əmək pensiyasının məbləği 4.371,77 manatdan 3.723,19 manata azalacaqdır.

Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

4. İddiaçı məxsus 8 sentyabr 1980-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”;

5. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 7 avqust 2023-cü il tarixli, 10/483-k “İddiaçı haqqında” Əmrindən görünür ki, Azərbaycan Respublikalı Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru (Sumqayıt şəhər, Abşeron, Xızı və Siyəzən rayon prokurorluqları üzrə) baş ədliyyə müşaviri İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 7 avqust 2023-cü il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş, prokurorluq orqanlarında uzunmüddətli qüsursuz fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanı ilə təltif edilmişdir.

6. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 noyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-265694/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 8 avqust 2023-cü il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə 4.371,77 manat məbləğində əmək pensiyası təyin edilərək müavafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, təqdim edilən müvafiq arayışa əsasən əmək pensiyası 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətini əsas götürülməklə hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.955 manat, quİluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 879,75 manat, rütbəyə görə əlavəsi 138 manat, digər növ əlavələriniz 1.681,24 manat olmaqla orta aylıq əmək haqqı 4.653,99 manat təşkil etmişdir. Belə olan halda əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 29 il 9 ay 26 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4.653,99 manat) 80 faizi – 3.723,19 manat müəyyən ediləcək. Göründüyü kimi, sözügedən dövr vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülərsə əmək pensiyanın məbləği 4.371,77 manatdan 3.723,19 manata azalacaqdır. Bu səbəbdən də əmək pensiyanın yenidən hesablanması təxirə salınıb.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 4 mart 2024-cü il tarixli, 2-2- 20/2-62/2024 nömrəli məktubundan görünür ki, Kəlbəcər rayon prokurorunun vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2018-ci il tarixli, 203-16 nömrəli Qərarına əsasən 1 mart 2018-ci il tarixdən 1.485 manat, 24 noyabr 2022-ci il tarixli, 419 nömrəli Qərarına əsasən 1 dekabr 2022-ci il tarixdən 1.955 manat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə 1 avqsut 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli, 625-Vİ nömrəli Qanuna dəyişilikliyə əsasən 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavə müəyyən edilmişdir. Qoşma şəklində 1 iyul 2011-ci il tarixdən 31 oktyabr 2016-cı il tarixədək ona hesablanmış ödənişlərə dair arayış təqdim edilmişdir: 2011-ci il üzrə cəmi hesablanmış ödənişlər: 14.086,28 manat; 2012-ci il üzrə - cəmi: 34.396,02 manat; 2013-cü il üzrə - cəmi: 34.503,43 manat; 2014-cü il üzrə cəmi 35.921,53 manat; 2015-ci il üzrə - cəmi 37.342,17 manat; 2016-cı il üzrə - cəmi 31.568,12 manat. 1 iyul 2011-ci il tarixdən 31 oktyabr 2016-cı il tarixədək ona hesablanmış ödənişlər 187.817,55 manat olmuşdur.

8. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 5 mart 2024-cü il tarixli, 3-17-1/2-53027/2024 nömrəli məktubundan görünür ki, İddiaçı 8 iyul 2011-ci il – 27 oktyabr 2016-cı il və 1 avqust 2021-ci il – 6 avqust 2023-cü il tarixləri arasındakı dövrlər ərzində “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı müddətdə orta aylıq əməkhaqqı məbləği barədə müvafiq əmək haqqı arayışlarının təsdiq edilmiş surətlərini təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, 27 oktyabr 2016-cı il – 8 iyul 2023-cü il tarixləri arasındakı dövr ərzində “Kəlbəcər rayon prokuroruna” ödənilən əmək haqqındakı sonrakı artımlar barədə məlumatların əks olunduğu arayış adıçəkilən şəxs tərəfindən Mərkəzi Filila təqdim olunmamışdır. - 1 iyul 2011-ci il tarixdən 31 oktyabr 2016-cı il tarixədək ona hesablanmış ödənişlərə dair arayış (§5); - 2021-ci il üzrə cəmi hesablanmış ödənişlər: 18.961,50 manat; - 2022-ci il üzrə - cəmi 59.214,89 manat; - 2023-cü il üzrə - cəmi 33.471,75 manat; - 1 avqust 2021-ci il tarixdən 6 avqust 2023-cü il tarixədək hesablanmış ödənişlər 111.648,14 manat olmuşdur.

9. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 7 mart 2024-cü i tarixli, 3- 34/2-123/02-2/2024 nömrəli məktubundan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı vəzifələr (peşələr) üzrə orta aylıq nominal əmək haqqına dair göstəricilər nəzərdə tutulmamışdır. Bu səbəbdən sorğuda qeyd edilmiş “prokuror” vəzifəsinə dair məlumatların təqdim edilməsi mümkün deyil.

10. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 mart 3-17-1/2-61544/2024 nömrəli məktubundan görünür ki, İddiaçı 8 avqust 2023-cü il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə 4.371,77 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, adıçəkilən şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim etdiyi müvafiq arayışa əsasən 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.955 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 879,75 manat, rütbəyə görə əlavəsi 138 manat və digər növ əlavələri 1.681,24 manat olmaqla orta aylıq əmək haqqısı 4.653,99 manat təşkil etmişdir. Belə olan halda, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 29 il 9 ay 26 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (4.653,99 manat) 80 faizi miqdarında, yəni 3.723,19 manat müəyyən ediləcəkdir. Göründüyü kimi, sözügedən dövrdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı əsas götürülərsə, adıçəkilən şəxsin əmək pensiyasının məbləği 4.371,77 manatdan 3.723,19 manata azalacaqdır. Bu səbəbdən də əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır.

11. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30 may 2024-cü il tarixli, 3-17-1/2-126178/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun qulluq illəri 29 il 9 ay 26 gün (11 oktyabr 1993-cü il – 7 avqust 2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Eyni zamanda bildirilmişdir ki, 8 avqust 2023-cü il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə 4.371,77 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Belə ki, adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.520 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 684 manat, rütbəyə görə əlavəsi 138 manat, vəzifə maaşına görə əlavə 1.630,83 manat və digər növ əlavələri 1.491,88 manat olmaqla orta aylıq əmək haqqısı 5.464,71 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2ci maddəsinə əsasən 29 il 9 ay 26 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (5.464,71 manat) 80 faizi - 4.371,77 manat məbləğində hesablanmışdır. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar pensiyası cari ilin fevral ayında 4.861,41 manata artırılıb, həmçinin yanvar ayı üzrə ona ödənilməli olan 489,64 manat fərq məbləği hesablanıb. Həmin 489,64 manat fərq məbləği əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Məlumat üçün bildirilmişdir ki, əmək pensiyası müəyyən edilərkən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının hesablanması zamanı 1 avqust 2021-ci il - 31 iyul 2023-cü il tarixləri arasındakı dövr əsas götürülüb. Əlavə olaraq, pensiya işinə dair sənədlərin və Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri qoşma şəklində göndərilmişdir: - “Əmək pensiyasının təyin edilməsi haqqında” 1 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-3- 17551/2023 nömrəli Qərarından görünür ki, İddiaçı 4.371,77 manat yaşa görə əmək pensiyası təyin edilmişdir; - “Dövlət qulluğu stajının hesablanması”ndan çıxarış

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 avqust 2023-cü il tarixdə təyin edilmiş əmək pensiyasının onun ardıcıl gələn 60 ay ərzində 8 iyul 2011-ci il tarixdən 27 oktyabr 2016-cı il tarixədək “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı müddət əsas götürülməklə, pensiya təyinatı tarixinədək “Kəlbəcər rayon prokuroru”nun əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə (§1-3) onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının əmək pensiyasına əlavələrin yenidən hesablanması məqsədilə 2011-2016-cı illərdə “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı ardıcıl gələn 60 ayı əsas götürərkən, yalnız müvafiq arayışda əks olunan “Kəlbəcər rayon prokuroru”nun həmin dövrdəki əmək haqqını nəzərə alaraq (sonrakı artımları nəzərə almayaraq) yenidən hesablama aparmış, bununla iddiaçının əmək pensiyası məbləğinin azalması nəticəsinə gəlmişdir. Hesab edilir ki, cavabdehin bu istiqamətdə apardığı inzibati icraat və iddiaçının müraciətinin təxirə salınması barədə imtinası qanunvericiliyin tələblərinə uyğun deyil və əsassızdır. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, əmək pensiyaçısı olan şəxsin seçimi ilə onun əmək pensiyasına əlavə təyin edilərkən istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə hesablanmalıdır. Lakin cavabdeh iddiaçının 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətini əsas götürərkən iddiaçının həmin dövrdəki aldığı əmək haqqının orta aylıq məbləğini əsas götürərək, “Kəlbəcər rayon prokuroru” vəzifəsinə görə əmək haqqıya sonrakı (7 il ərzində, yəni 8 avqust 2023-cü il tarixədək olan) artımları nəzərə almadan hesablama apararaq, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin tələblərini pozmuşdur.

14. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1, 16.1, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33.1-ci maddələrinə istinad olunmuşdur.

15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

17. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Etirazın əsasları: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 15 noyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə- 265694/2023 nömrəli və 16 yanvar 2024-cü il tarixli, 3-17-1/2-8583/2024 nömrəli məktublarda bildirilmişdir ki, ona 8 avqust 2023-cü il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə 4.371,77 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda qeyd olunmuşdur ki, təqdim edilən müvafiq arayışa əsasən iddiaçının yaşa görə əmək pensiyası 1 sentyabr 2011-ci il - 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti əsas götürülməklə hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə maaşı 1.955 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 879,75 manat, rütbəyə görə əlavə 138 manat, digər növ əlavələr 1.681,24 manat olmaqla orta aylıq əmək haqqı 4.653,99 manat təşkil etmişdir. Belə olan halda iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 29 il 9 ay 26 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4.653,99 manat) 80 faizi - 3.723,19 manat məbləğində müəyyən ediləcəkdir. Göründüyü kimi, sözügedən dövr vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülərsə, iddiaçının əmək pensiyasının məbləği 4.371,77 manatdan 3.723,19 manata azalacaqdır. Bu səbəbdən də iddiaçının əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli, 627 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan “(sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri çıxarılmışdır.

19. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4, 20.1.5, 20.8, prosessual hüquqi əsası kimi İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.

Etiraza dair iddiaçı tərəfin yazılı münasibəti (1)

20. İddiaçı etiraza dair yazılı izahat təqdim edərək, aşağıdakıları qeyd etmişdir: 1) Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filial tərəfindən təqdim olunan etirazda 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti sonrakı artımlar nəzərə alınmaqla hesablanacağı təqdirdə iddiaçının əmək pensiyasında artım olmayacağı qeyd olunmuşdur. Etirazda qeyd olunan bu əsas cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim olunmuş imtina məktubu ilə eyni məzmundadır. Lakin məhkəmə prosesinin gedişində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 5 mart 2024-cü il tarixli, 3-17-1/2-53027/2024 nömrəli “Məlumatların göndərilməsi haqqında” məktubda “27 oktyabr 2016-cı il - 8 iyul 2023-cü il tarixləri arasındakı dövr ərzində “Kəlbəcər rayon prokuroruna” ödənilən əmək haqqındakı sonrakı artımlar barədə məlumatların əks olunduğu arayışın iddiaçı tərəfindən cavabdehə təqdim olunmaması” qeyd olunmuşdur. Bununla əlaqədar hesab edilir ki, iddiaçı barəsində inzibati icraat aparan inzibati orqan tərəfindən əmək pensiyasının məbləği hesablanarkən iddiaçının əməkhaqqındakı sonrakı artımların nəzərə alınmadığı bildirildiyi təqdirdə, daha sonradan sonrakı artımlara istinad edilərək və ətraflı hesablamalar göstərilmədən iddiaçının iddia tələbinin imtina olunmasına istinad etmək ən azından inzibati orqan tərəfindən etimad hüququnun gözlənilməməsi kimi qiymətləndirilməlidir. Sözügedən əsas ilə bağlı əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə təqdim olunmuş 2-2-20/2-62/2024 nömrəli məktubunda qeyd olunur ki, “Kəlbəcər rayon prokurorunun vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2018-ci il tarixli, 203-16 nömrəli Qərarına əsasən 1 mart 2018-ci il tarixdən 1485 manat, 24 noyabr 2022-ci il tarixli 419 nömrəli Qərarına əsasən 1 dekabr 2022-ci il tarixdən 1.955 manat olmuşdur. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən, prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli, 625-Vİ nömrəli Qanuna dəyşilikliyə əsasən 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavə müəyyən edilmişdir.” Lakin həm cavabdeh inzibati orqanın imtina məktubunda, həm də eyni məzmunlu etiraz məktubunda iddiaçıya yaşa görə əmək pensiyası 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti əsas götürülməklə hesablanacağı təqdirdə, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.955 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 879,75 manat, rütbəyə görə əlavə manat, digər növ əlavələr 1.681,24 manat olmaqla orta aylıq əmək haqqı məbləği 4.653,99 manat hesablanmışdır. Göründüyü kimi, iddiaçının əmək haqqının orta aylıq məbləği hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli, 625-Vİ nömrəli Qanuna dəyşilikliyə əsasən 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavənin hesablanıb hesablanmadığı, əgər hesablanmışsa bununla əlaqədar konkret hesablamalar inzibati orqan tərəfindən göstərilməmişdir. Lakin əgər sözügedən əlavələr hesablanarsa; vəzifə maaşı 1.955 manat + qulluq illərinə görə əlavə 879,75 manat + rütbəyə görə əlavə 138 manat + digər növ əlavələr 1.681,24 manat + Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən hesablanan əlavə 1.955*100% = cəmi orta aylıq əmək haqqı məbləği: 6.608,99 manat “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 20.8.2-ci yarımbəndinə əsasən, prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İddiaçının 29 il 9 ay 26 gün qulluq stajı olduğu nəzərə alındıqda, orta aylıq əmək haqqı* 80% = 6.608,99 *80% = 5.287,19 manat. Odur ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda bəhs olunan dövrlərin nəzərə alınıb-alınmaması nə inzibati icraat nəticəsində, nə də məhkəmə prosesinin gedişində konkret şəkildə ifadə olunmamasına baxmayaraq, iddiaçının 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti və sonrakı artımlar əsas götürülərək əmək pensiyası hesablanarsa, hazırda aldığı 4.371,77 manat əmək pensiyası məbləği 5.287,19 manata qalxacaqdır ki, bu da öz növbəsində iddiaçının əmək pensiyasının 20,94% artımı deməkdir. Artım faizi = (5.287,19 – 4.371,77)/4.371,77 * 100% = 20,94% 2) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli, 627-VİQD nömrəli qanunun 1.1, 1.3, 1.8 və 1,9-cu bəndlərinə əsasən, sonrakı artımlar ifadəsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci, 20.2-ci, 20.3-cü və 20.21-ci bəndlərindən çıxarılmışdır. Lakin prokurorluq orqanlarında qulluqla əlaqədar əmək pensiyasının təyin olunması ilə bağlı ictimai münasibətləri tənzimləyən və hazırkı iş üzrə qanuni əsas qismində çıxış edən norma müvafiq qanunun 20.8-ci bəndidir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci bəndində isə “sonrakı artımlar” ifadəsi qalmaqdadır.

Cavabdeh tərəfindən təqdim edilmiş etiraza əlavə

21. Cavabdeh tərəfindən ünvanlanan 4 iyul 2024-cü il tarixli, 3-17-1/3-1-52110/2024 nömrəli xidməti məktubda iddia tələbi bir daha əsassız hesab edilmiş və əlavə olaraq qeyd olunmuşdur:“A. X2 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun qulluq illəri 29 il 9 ay 26 gün (xx.xx.1993-xx.xx.2023-cü İl tarixləri arasındakı dövr) təşkil edir. Məlumat üçün bildiririk ki, İddiaçı əmək pensiyası müəyyən edilərkən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqısının hesablanması zamanı xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr əsas götürülmüşdür və pensiya məbləği 4371,77 manat məbləğində müəyyən edilmişdir. Lakin adıçəkilən şəxs əmək pensiyasının 2011-2016-cı İllər üzrə ona ödənilmiş əməkhaqqı əsas götürülməklə yenidən hesablanmasını və bu zaman ona 2021- 2023-cü illər üzrə Ödənilmiş əlavələrin də nəzərə alınmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.19-cu maddəsinə əsasən əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alma bilməz. Bu səbəbdən də, A. Əliyevə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş vəzifə maaşına əlavələrin nəzərə alınmaqla əmək pensiyasının 2011- 2016-cı illər üzrə əməkhaqqı əsasında hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin əmək pensiyası 2011-2016-cı illərin əmək haqqısı əsas götürülməklə yenidən hesablanacağı halda müəyyən olunacaq 4748,79 manat pensiya məbləği ona hazırda ödənilən 4861,41 manat pensiya məbləğindən az təşkil edəcəkdir.”

Etiraza dair iddiaçı tərəfin yazılı münasibəti (2)

22. İzahatda qeyd olunmmuşdur ki, iddiaçı 2011-2016-cı illərdə sözügedən növ əlavələri almış və həmin gəlirlərdən məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Odur ki, həmin növ əlavələrdəki artımların hazırkı vəziyyətdə inzibati orqan tərəfindən iddiaçıya tətbiq edilməməsi tamamilə əsassızdır. Bununla yanaşı qeyd edilir ki, hazırkı iş üzrə mübahisənin əsasını təşkil edən cavabdehin 15 noyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə- 265694/2023 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, sözügedən dövr vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülərsə, əmək pensiyanın məbləği 4.371,77 manatdan 3.723,19 manata azalacaqdır. Bu səbəbdən də əmək pensiyanın yenidən hesablanması təxirə salınıb. Bundan sonra cavabdeh inzibati orqan tərəfindən məhkəmə prosesinin gedişində 13 mart 2024-cü il tarixli 3-17-1/2-61544/2024 nömrəli məktubla, 4 aprel 2024-cü il tarixli, 3-17- 1/2-76502/2024 nömrəli etirazla qeyd olunanları təsdiq edərək, iddaçının pensiyasının 8 iyul 2011-ci il tarixdən 27 oktyabr 2016-cı il tarixədək “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı müddət (ardıcıl gələn 60 ay) nəzərə alınmaqla hesablanacağı təqdirdə, əmək pensiyası məbləğinin 4.371,77 manatdan 3.723,19 manata azalacağını bildirmişlər. Lakin cavabdeh daha sonra 12 avqust 2024-cü il tarixli, 3-17-1/2-191703/2024 nömrəli etiraza əlavə ilə (sənədin ikinci səhifəsinin son abzası) bildirmişdir ki, iddiaçının əmək pensiyası 2011-2016-cı illərin əmək haqqı əsas götürülməklə yenidən hesablanacağı halda müəyyən olunacaq 4.748,79 manat pensiya məbləği ona hazırda ödənilən 4.861,14 manat pensiya məbləğindən az təşkil edəcəkdir. Cavabdeh inzibati orqan eyni dövrə, eyni sənədlər (məlumatlar) əsasında imtina məktubunda başqa məbləğ (3.723,19 manat), icraatın gedişində başqa məbləğ (4.748,79 manat) hesablamaqla (fərq – 1.025,60 manat) hesablama üsulu və hesablamanın mötəbərliyini şübhə altına almışdır ki, bu hala məhkəmənin qiymət verməyi xahiş edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilmməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

25. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

29. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

30. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

31. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

32. Belə ki, iddiaçı tələbinin əsası kimi bildirmişdir ki, cavabdeh onun 1 sentyabr 2011-ci il-31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətini əsas götürərkən iddiaçının həmin dövrdəki aldığı əmək haqqının orta aylıq məbləğini əsas götürərək, “Kəlbəcər rayon prokuroru” vəzifəsinə görə əmək haqqıya sonrakı (7 il ərzində, yəni 8 avqust 2023-cü il tarixədək olan) artımları nəzərə almadan hesablama apararaq, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin tələblərini pozmuşdur.

33. Cavabdeh tərəf isə iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, iddia tələbində qeyd edilən sözügedən dövr vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülərsə, iddiaçının əmək pensiyasının məbləği azalacaqdır. Bu səbəbdən də iddiaçının əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli, 627 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan “(sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri çıxarılmışdır.

34. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir; 21.2-1-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.

35. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli qərarı ilə, Azərbaycan Respublikasının prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə müəyyən edilmiş və Qərar 2020-ci il avqustun 1-dən qüvvəyə minmişdir.

36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir.

37. Qeyd olunmuş normanın məzmunundan görünür ki, əmək pensiyasına əlavələr aşağıdakı qaydada müəyyən edilir: - prokurorluq orqanlarında qulluğun son 24 ayı; - istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.

38. İstinad olunmuş normanın məzmununa görə əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir, yəni qeyd olunan halların ikisi də eyni vaxtda tətbiq edilməməlidir. Norma bu hissədə dispozitiv məzmunlu deyildir.

39. Məhkəmə İPM-in 11, 12, 15-ci maddələrinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyini və təqdim etdikləri sənədləri araşdıraraq müvafiq sorğular da göndərməklə araşdırmışdır.

40. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, §63; McMichael Birləşmiş Krallığa qarşı, §80; Vermeulen Belçikaya qarşı, §33; Lobo Portuqaliyaya qarşı, §31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).

41. Məhkəmə tərəfindən iş materialına əlavə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının qulluq illəri 29 il 9 ay 26 gün (11 oktyabr 1993-cü il – 7 avqust 2023cü il tarixləri arasındakı dövr) təşkil edir. Kəlbəcər rayon prokurorunun vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2018-ci il tarixli, 203-16 nömrəli Qərarına əsasən 1 mart 2018-ci il tarixdən 1.485 manat, 24 noyabr 2022-ci il tarixli, 419 nömrəli Qərarına əsasən 1 dekabr 2022-ci il tarixdən 1.955 manat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə 1 avqsut 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli, 625-Vİ nömrəli Qanuna dəyişilikliyə əsasən 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavə müəyyən edilmişdir. İddiaçıya 8 avqust 2023-cü il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə 4.371,77 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar pensiyası cari ilin fevral ayında 4.861,41 manata artırılıb, həmçinin yanvar ayı üzrə ona ödənilməli olan 489,64 manat fərq məbləği hesablanmışdır. Həmin 489,64 manat fərq məbləği əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının əmək pensiyası müəyyən edilərkən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı 1 avqust 2021-ci il - 31 iyul 2023-cü il tarixləri arasındakı dövr əsas götürülmüşdür.

42. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinin tələbləri baxımından cavabdeh orqan prokurorluq orqanlarında qulluğun son 24 ayı əsas götürülməklə əmək pensiyasını hesablamış, daha sonra isə indeksləşdirilmə aparılaraq pensiya məbləği artırılmaqla yanvar ayı üzrə ona ödənilməli olan fərq məbləği hesablanmışdır.

43. Məhkəmə prosesinə dəvət edilmiş filialın Əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisi X1 bildirmişdir ki, iddiaçının Kəlbəcər prokuroru işlədiyi dövrü 2011-2016-cı illər hesablayan zaman dövlət məvacibi 4.653 manat olduğu müəyyən olunur. Son 24 ay Baş Prokurorluqda işlədiyi dövrü hesablananda dövlət məvacibi 5.464.71 manat müəyyən olunur. Bu qeyd etdikləri 8 avqust 2023-cü il tarixə aiddir. 1 yanvar 2024-də bu məbləğ dəyişir. Pensiyanın kökündən danışanda son 24 ay daha yüksəkdir. İddiaçı maaşa 1 qat əlavə aldığını desə də, əslində isə əlavə almamışdır. Əmək pensiyaları haqqında qanuna əsasən ya 24 ayı ya da 60 ayı əsas götürməldiir. Lakin 60 ayda əlavə almadığı üçün, hazırda nəzərə alınmır. Vəzifə maaşındakı sonrakı əlavələrin nəzərə alınması 2021-ci ildə qüvvədən düşmüşdür. 1 yanvar 2023-cü il tarixli Prezidentin Fərmanına əsasən əlavələr pensiyaya təsir etmir. 60 ay əlavə almadığı, MDSS ödənmədiyi üçün nəzərə alınmamalıdır. Həmin dövrlər nəzərə alınarsa, pensiya məbləği 6.608 manat edir. Qanunda 1 yanvar 2023-ə qədər qeyd olunmuşdur ki, vəzifə maaşında hər artım pensiyanın hesablanmasında şərtdir. 1 yanvar 2023-cü ildən sonra yalnız illik indeksiyasiya tempinə əsasən artırıla bilər. 1 yanvar 2023-cü ildə növbəti artımların nəzərə alınması qüvvədən düşmüşdür. Bu hal bütün pensiyaçılara aiddir. İddiaçı pensiyaya 2023-cü ilin avqust ayında çıxmışdır. Nə qədər pensiya almışdırsa, 2024-cü ildə ona uyğun hesablanır. Əmək haqqının tərkibinə mükafat da adiddir. Bu artımlar isə vəzifə maaşında nəzərdə tutur. Vəzifə maaşı artan zaman pensiya yenidən hesablanmır. Artımlar da vəzifə maaşına əsasən hesablanır. Orada əlavələrdən söz getmir. Həmin dövrdə iddiaçı əlavə almamışdır. 2011-2016 əmək haqqı arayışında artım almadığı üçün, pensiya da hesablana bilməz. 2011-2016-da iddiaçıya bir misli əlavə ödənməmişdir. Hakimlərdə belə 2023-cü ilin yanvar ayına qədər minimum əmək haqqın ilə hesablanırdı, minimum əmək haqqı artan zaman hakimlərin pensiyası yenidən hesablanırdı. Amma 2023-cü ilin yanvar ayından indeksasiyaya əsasən pensiyalar artmışdır.

44. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

45. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

46. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz.

47. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır.

NƏTİCƏVİ HİSSƏ

49. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “8 avqust 2023-cü il tarixdə təyin edilmiş əmək pensiyasının onun ardıcıl gələn 60 ay ərzində 8 iyul 2011-ci il tarixdən 27 oktyabr 2016-cı il tarixədək “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı müddət əsas götürülməklə, pensiya təyinatı tarixinədək “Kəlbəcər rayon prokuroru”nun əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar