Məhkəmə qərarları › İş №e-2-1(118)-3399/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-3399/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3399/2023 27.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “X2 və yetkinlik yaşına çatmayan övladı 13 noyabr 2011-ci il təvəllüdlü X10 ilə birgə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, 2 saylı evin 10 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X2 və yetkinlik yaşına çatmayan övladı 13 noyabr 2011-ci il təvəllüdlü X10 ilə birgə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, 2 saylı evin 10 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X5 zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 14 iyun 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 20 məhəllə, 2 saylı evin, 10 saylı mənzili tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh X5 oğlu X7 həyat yoldaşı, iddiaçının gəlini olmuşdur. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X10 adlı övladları vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-603/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuş, X6 anasının yanında saxlanılması qət edilmişdir. Nikaha xitam verildikdən sonra keçmiş gəlinim, cavabdeh uşağı və mənzildə olan bütün əşyalarını da götürüb evdən çıxıb getmişdir. Cavabdeh başqa şəxslə yenidən nikah bağlayaraq ailə qurmuş, yeni nikahından övladı dünyaya gəlmişdir. Üçüncü şəxslər mənzildə qeydiyyatda olsalar da, burada yaşamır və harada yaşamaları iddiaçıya məlum deyildir. Onların qeydiyyatda qalması bir mülkiyyətçi kimi iddiaçının mənzil hüquqlarını pozur. Məcbur qalıb onların da yerinə kommunal xərclərini ödəyir. Bu da maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Yenidən ailə qurduğuna görə üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxacağını düşünürdü, lakin 1 saylı Asan Xidmət Mərkəzindən əldə etdiyim arayışdan aydın olmuşdur ki, cavabdeh qeydiyyatda qalmışdır. Onların mənzilə hüquqlarına xitam verilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2077 saylı 02 may 2023-cü il tarixli Qərardadına əsasən X2 yetkinlik yaşına çatmayan övladı X10 ilə birgə qeydiyyatdan çıxarılmaları ilə bağlı ilkin olaraq Abşeron Rayon Polis İdarəsinə müraciət edilməsi, imtina olunduğu halda isə müvafiq inzibati məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Abşeron Rayon Polis İdarəsinə yazılı ərizə ilə müraciət etsə də müraciəti xx.xx.2023-cü il tarixli imtina məktubu ilə təmin edilməmişdir. Odur ki, inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır . Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən X8 ilə X9 arasında Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış 03 dekabr 2010-cu il tarixli nikah pozulmuş, 13 noyabr 2011-ci il təvəllüdlü X6 anası X4 yanında qalması qət edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin 30 may 2023-cü il tarixli, 562 saylı arayışında X8 və X6 ünvan 1 ünvanında yaşamadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 və X6 iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, 2 saylı evin 10 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar