Məhkəmə qərarları › İş №e-2-1(118)-3490/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-3490/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3490/2024 14.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X7in cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********6 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, cavabdeh orqanın 3-17-1/3-7- 15005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 54 saylı 07 fevral 2006-cı il tarixli Qanununun 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən 16.000 (on altı min) manat məbləğində pensiyanın birdəfəyə ödənilməsini və xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya təyin olunmuş və verilmiş pensiyanın, 2023-cü ilin sentyabr ayından bərpa olunmuş pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmasını dayandırmaq və həmin dövr üçün, yəni oktyabr 2023-cü il tarixdən qanunsuz tutulan pulun iddiaçıya qaytarılması haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, İddiaçı 1985-1987-ci illərdə mənsub olduğu SSRİ dövlətinin Silahlı Qüvvələrinin Macarıstan Respublikasında dislokasiya olunmuş hərbi hissəsinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra, yəni 1987-1991-ci illərdə hərbi xidmətini X3 Respublikasında yerləşən hərbi hissəsində, gizir rütbəsində davam etdirmişdir. 1991-ci ilin sonunda SSRİ dövləti dağıldıqdan sonra iddiaçı, xidmət etdiyi hərbi hissənin tərkibində 1991-1992-ci illərdə Ukrayna Respublikasında xidmət etmişdir. Daha sonra, yəni 1992-ci ildə iddiaçı xidmət etdiyi hərbi hissə Özbəkistan Respublikasına köçürülmüş və 2011-ci ilədək, artıq Özbəkistanda gizir rütbəsi olmadığına görə serjant rütbəsində hərbi xidmətini davam etdirmişdir. 2011-ci ildə təqvim hesablama ilə 26 il stajla Özbəkistan Respublikasında əmək pensiyasına çıxmışdır. 2014-cü ildə iddiaçının raportuna əsasən pensiyanın Azərbaycan Respublikasında verilməsi üçün pensiya işi Azərbaycan Respublikasına göndərilmişdir. İddiaçının pensiya işi Azərbaycan Respublikasının rəsmi dövlət orqanına, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxil olduqdan sonra, o Azərbaycan Respublikasına çağırılmışdır. Bakı şəhərində Dövlət Sosial Müdafiə Fondunda olmuş və xx.xx.2014-cü il tarixdən iddiaçıya təqvim hesablama ilə 26 il stajla, 76 faizlə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilməsi haqqında məlumat verilmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir problem olmadan o pensiyasını vaxtında almışdır. Ancaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona əmək pensiyasının verilməsi 01 avqust 2021-ci il tarixdən qanunsuz olaraq dayandırılmışdır. İddiaçının əmək pensiyasının dayandırılmasını Mərkəzi filial onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yalnız daimi yaşayan əcnəbilərin (qanunda daimi sözü yoxdur) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Qanunda nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüquqi vardır. Buna görə o Özbəkistan Respublikasının vətəndaşı olduğu üçün və ona Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verildiyinə görə iddiaçının pensiyası dayandırılmışdır. Baxmayaraq ki, o Azərbaycan Respublikasında daimi yaşamışdır. Bir daha bildirir ki, iddiaçının əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmış və xx.xx.2023-cü il tarixdə, yəni Dövlət Miqrasiya Xidməti tərəfindən onA ******* blank saylı daimi yaşamaq üçün icazə vəsiqəsi verildikdən sonra bərpa edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilərkən və sonrakı dövrlərdə daimi yaşamaq üçün icazə vəsiqəsinin alınması haqda xəbərdarlıq edilməmişdir. Hörmətli məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının ailə üzvləri, o cümlədən həyat yoldaşı və 3 nəfərdən ibarət övladları Azərbaycan Respublikasının vətəndaşları olmuşlar və hal-hazırda Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçıya təyin edilmiş əmək pensiyası Azərbaycan Respublikasına köçürüldükdən sonra onun Azərbaycan Respublikasında aşağıdakı qaydada qeydiyyatı olmuşdur: 1. xx.xx.2014-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 2. xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 3. xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 4. xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 5. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 6. 16. 09.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 62, mənzil 38 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 7. 17. 09.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 62, mənzil 38 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 8. 18. 09.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 62, mənzil 38 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Hörmətli məhkəmənin bir daha nəzərinə çatdırır ki, xx.xx.2021-ci il tarixdə İddiaçı əmək pensiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Mərkəzi Filial pensiyanın verilməsinin dayandırılmasını onunla əsaslandırmışdır ki, Xaliq Yusif oğlu X5 Xidməti tərəfindən əcnəbi vətəndaş kimi daimi yaşamaq üçün yox, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Həmin ərəfədə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2 il müddətə ona Dövlət Miqrasiya Xidməti tərəfindən yeni müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verildiyinə görə onun pensiyası xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (25 ay 18 gün) verilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə növbəti müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdikdən və xx.xx.2023-cü il tarixdən daimi yaşamaq üçün icazə vəsiqəsi verildikdən sonra onun əmək pensiyasının verilməsi bərpa edilmişdir. Beləliklə 25 ay 18 gün ona verilməli olan əmək pensiyası, hər ay 626 manat məbləğində (cəmi 16.000 manat) qanunsuz olaraq verilməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “qərarın ləğv edilməsi və pensiyadan tutulan məbləğinin geri qaytarılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, icraatınızda olan 2-1(118)- 3490/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Bildirirlər ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir. Qanunun 3.2ci maddəsinə əsasən Azərbaycan Respublikas! ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. “Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Höküməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in 5-ci maddəsinə əsasən Tərəflərin vətəndaşlarına pensiya təyin olunması onların ərazisində daimi yaşadıqları Tərəfin qanunvericiliyinə müvafiq həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 52-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 01,03.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının sonuncu təminat xərcliyinin – 824,50 manat (vəzifə maaşı - 470 manat, rütbə maaşı - 115 manat, xidmət illərinə görə əlavəsi - 175,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat) 76%-i, yəni 626,62 manat məbləğində əmək pensiyasının müvafiq bank hesabına ödənişi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamasına baxmayaraq səhvən xx.xx.2021-ci il tarixədək təmin edilmiş və daimi yaşamaq üçün icazəsi olmadığından həmin tarixdə əmək pensiyası təminatı hüququ yaranmadığı üçün pensiya ödənişi dayandırılmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yalnız daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Buna baxmayaraq İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda ona 1 mart 2014-cü il tarixdən 440,88 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 31 iyul 2021-ci il tarixədək ödənilmişdir (sonuncu pensiya ödənişi 626,62 manat). İddiaçıya Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı dövrdə (xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) ümumilikdə 45322,17 manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar İddiaçı artıq ödənilmiş 45322,17 manat vəsait son üç il üzrə məhdudlaşdırılaraq 18599,52 manata azaldılmışdır. Eyni zamanda bildiririk ki, 18 sentyabr 2023-cü il tarixdən iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətində qeyd olunan məlumatlara əsasən ölkə ərazisində daimi yaşamaq icazəsi 18 sentyabr 2023cü il tarixdən qüvvəyə minmişdir. Bununla əlaqədar cari ilin oktyabr ayında İddiaçı əmək pensiyası təminat xərcliyinin (824,50 manat) 76 faizi-626,62 manat məbləğində olmaqla bərpa edilmişdir. Eyni zamanda 18 sentyabr 2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməli olan 271,53 manat pul vəsaiti müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya məhdudlaşdırılaraq artıq ödənilmiş 18599,52 manat pul vəsaitindən ona ödənilməli olan 271,53 manat pul vəsaiti çıxılaraq bücəyə bərpa olunmuşdur. Qalıq 18327,99 manatın 125,32 manatı cari ilin noyabr və dekabr aylarında hissə- hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödəmə 18202,67 (18327,99-125,32) manat təşkil edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Belə ki, pensiya təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırki qərara qanunla nəzərdə tutulmuş müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2, 64.1, 72 və 82-ci maddələrini rəhbər tutaraq borclu İddiaçı ümumilikdə 396,85 manat iddiaçının bərpa edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutularaq bərpa edilmişdir. Göründüyü kimi mərkəzi filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: MB 005078 saylı vəsiqənin surəti; MYİ ******* seriyalı, MYİ ******* seriyalı və MYİ ******* seriyalı müvəqqəti yaşamaq üçün icazə vəsiqələri; cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30 dekabr 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı X7 xx.xx.1966-cı il təvəllüdlü olmaqla, ona xx.xx.2014-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması səbəbi əsas gətirilərək pensiya məbləğinin ödənişi dayandırılmış və xx.xx.2021-ci il tarixdə “Əmək pensiyasının dayandırılması haqqında” Qərar qəbul edilmişdir. Daha sonra X7 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi aldığı üçün onun əmək pensiyası həmin ilin oktyabr ayında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-15005/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən iddiaçının pensiyası 626,62 manat məbləğində (yəni təminat xərcliyinin 76 faiz məbləğində) bərpa edilmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının pensiya məbləğindən ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verildiyi dövr ərzində artıq ödənilmiş pensiya məbləğinin hazırki pensiyasından tutulması qərar alınmış və iddiaçıya ödənilməli olan pensiya məbləği 271,53 manat müəyyən edilmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi yazılı etirazda iddiaçıya Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı dövrdə (xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) ümumilikdə 45322,17 manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edildiyi və Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulması nəzərdə tutulduğu üçün İddiaçı artıq ödənilmiş 45322,17 manat vəsait son üç il üzrə məhdudlaşdırılaraq 18599,52 manata azaldıldığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********6 saylı “Əmək pensiyasının dayandırılması haqqında” Qərarı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-15005/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı (pensiya məbləğindən tutulma aparılması hissəsində) üzrə inzibati icraat aparılmadığından və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanununun 3-cü maddəsinə əsasən: 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 3.4. Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir. “Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Höküməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” in 3-cü maddəsinə Tərəflər öz ərazisində digər Tərəfdən daimi yaşamağa gəlmiş vətəndaşlara pensiya təminatı sahəsində öz vətəndaşları ilə bərabər eyni hüquqlar verir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Tərəflərin vətəndaşlarına pensiya təyin olunması onların ərazisində daimi yaşadıqları Tərəfin qanunvericiliyinə müvafiq həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya Özbəkistan Respublikasında yaşadığı dövrdə (2011-2014-cü illər) pensiya təyin edilmiş, daha sonra Azərbaycan Respublikasına gəldiyi zaman xx.xx.2014-cü il tarixdə ona hərbiçi olduğu üçün güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İş materialları ilə müəyyən edilir ki, vətəndaş X6 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən MYİ ******* seriyalı, MYİ ******* seriyalı, MYİ ******* seriyalı, MYİ ******* seriyalı, MYİ 0366389, MYİ ******* və MYİ ******* seriyalı müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmişdir. 18 sentyabr 2023-cü il tarixdə isə vətəndaşa DYİ ******* seriyalı daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, istinad edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin əmək pensiyası təminat hüququ vardır. Göründüyü kimi vətəndaş X7 2014-cü il tarixdən daimi olaraq Azərbaycan Respublikasında yaşamış, ona əvvəlcə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmiş, sonda isə 2023-cü il tarixdə daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan sözləri qeyd edilsə də, müvəqqəti yaşamaq üçün icazə vəsiqələri əsasında yaşayanlara hər hansı məhduduiyyət qoyulmamışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2014-cü il tarixindən müvəqqəti yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasında yaşamış, beləliklə o daimi yaşayan hesab edilməklə qanunvericiliyə uyğun olaraq əmək pensiyası hüququna malik olmuşdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı inzibati icraat düzgün aparılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 2.0.2-ci bəndinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Qanunun 21-ci maddəsinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qanunun 25.1-ci maddəsinə görə Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki,“İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Lakin göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edilən zaman, inzibati orqan tərəfindn inzibati icraatın prinsipləri pozulmuş, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş və işdə onların iştirakını təmin etməmişdir. Həmçinin cavabdeh orqan tərəfindən inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verilməmiş və bu barədə onların mülahizələri dinlənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqayisəli təhlildən göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********6 saylı “Əmək pensiyasının dayandırılması haqqında” Qərarı və xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-15005/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı “ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması” hissəsində iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********6 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, cavabdeh orqanın 3-17-1/3-7-15005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun iddiaçıya qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. X7 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********6 saylı “Əmək pensiyasının dayandırılması haqqında” Qərarı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 15005/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı “ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması” hissəsində ləğv edilsin. X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, xx.xx.2023-cü il tarixdən pensiyasından qanunsuz olaraq hissəhissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar