Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3708/2024 20.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı “onun 2013-cü ilin iyun ayında təlim vaxtı hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı “başın ənsə nahiyəsində və üzün sağ yarısında köhnə çapıq toxumalar” diqaqnozu ilə olan xəsarətin hərbi xidmətlə səbəbli əlaqəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib onun 2013-cü ilin iyun ayında xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin təyin edilməsinə dair qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci ilədək H.Əliyev adına AAHM-də kursant kimi, 2011-ci ilin avqust ayından 2012-cı ilin iyul ayınadək isə SQ Təlim- Tədris Mərkəzində dinləyici kimi xidmət etmişdir. 2012-ci ilin iyul ayından isə Naxçıvan Muxtar Respublikasında yerləşən N nömrəli hərbi hissədə atəş taqım komandiri vəzifəsində xidmətə başlamışdır. 2015-ci ilin noyabr ayında hərbi xidmətdən ehtiyata tərxis olmuşdur. 2013-cü ilin iyun ayında Türkiyə SQ ilə birgə təlim zamanı minaatan batereyasının baş zabiti kimi iştirak etmişdir.Həmin vaxt əsas atəş mövqeyindən ehtiyyat atəş mövqeyinə keçmə dair göstəriş gəlmişdir. Bu zaman 82 mm-lik minaatan toplan hərbi maşnıa yükləməyə başlamışlar, o, yuxarıda maşının, yük yerində topları yerləşdirərkən arxa tərəfinə qoyulmuş minaatanını tavanın görmədiyi üçün ayağı ilişərək başı üstə yerə yığılan minaatanların üstünə yıxılaraq baş və üz nahiyəsindən, bir neçə yerdən xəsartətlər almışdır. Lakin təlimin vacibliyi və tabeliyindəki 32 nəfər şəxsi heyətin olduğunu nəzərə alaraq təlimin nəzarətçi həkiminə başına sarğı qoyduraraq xidməti vəzifəsinin icrasına davam etmişdir. Təlim 2 həftədən yuxarı çox çəkmişdir.Bu səbəbə görə də İddiaçı həmin vaxt aldığı xəsarətləri rəsmiləşdirə bilməmiş və hərbi hissənin zədələnmələrin və travmalarının qeydiyyatı kitabına qeydiyyata alına bilməmişdir. Aldığı xəsarətlərin müəyyən edilib hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi üçün xx.xx.2021-ci ildə ərazə ilə MN MHHK-na müraciət etmişdir.Lakin MN MHHK-nın xx.xx.2021-ci il tarixli məktubda xəsarətlərini təsdiq edən tibbi sənədlər olmadığı üçün həmin xəsarətlərin təyin edilməsinin mümkün olmadığı göstərilmişdir.Ancaq yuxarıda qeyd etdiyi kimi aldığı xəsarətləri vaxtında rəsmiləşdirə bilmədiyinə görə bu barədə tibbi sənədləri MN MHHK-na təqdim edə bilməmişdir.Bu səbəbdən həmin vaxt aldığı xəsarətlərin məhkəmə yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır.Onun xəsarət alma faktını hərbiçi yoldaşları təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə prosesində iştirak edən iddiaçınn nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələıi. olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə - tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər.Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. İddiaçı iddia ərizəsində 2013-cü ilin iyun ayında təlim vaxtı xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin hərbi xidmətə səbəb əlaqəsinin təyin edilməsini xahiş etmişdir.Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 209cu maddəsinin tələblərinə uyğun olaraq İddiaçı aldığı xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi üçün onun qeydiyyatda olduğu SHXÇDX-nın müvafiq rayon idarəsindən göndəriş, onun xəsarət almasını təsdiq edən tibbi sənədlər və hərbi xidmət keçməsinə dair arayış (arayışda nə vaxtdan nə vaxta kimi hansı hərbi hissələrdə hərbi xidmət və hərbi toplanış keçdiyi, nə vaxt kimin əmri ilə Silahlı Qüvvələrdə ehtiyata buraxıldığı; əgər vətəndaş ehtiyata buraxılmayıbsa onun hərbi xidmət yeri üzrə hərbi prokurorluğun cinayət işinə xitam verilməsi və ya barəsində cinayət işi olmamasına dair məktubuna və ya amnistiya aktına əsasən qeydiyyata götürüldüyü qeyd olunmalıdır) MN MHHK-na göndərilməlidir. Qeyd olunan sənədlər MN Mərkəzi Hərbi Həkim Komissiyasına daxil olduqdan sonra İddiaçı aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi məsələsinə baxılacaqdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2021-ci il tarixli, 1230 nömrəli məktubu, etiraz ərizəsi, 23 nömrəli, xx.xx.2025-ci il tarixli X1 surəti, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 K/251-2024 nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1.5-ci bəndinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 1.8-ci bəndinə əsasən Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - 1.9-cu bəndinə əsasən vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarını çıxarır; - 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir; - 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim kimissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. İş materiallarında olan Cavabdeh 1455 nömrəli, xx.xx.2015-ci il tarixli qərarında aşağıdakılar bildirilmişdir:Anamnezi: deməsinə görə xx.xx.2013-cü il tarixdə Şirvan şəhərində yaşadığı evdə qaynı tərəfindən bıçaqla vurulması nəticəsində burnun, boynun və döş qəfəsinin çoxsaylı bıçaq yaralanmasım almışdır (təsdiqedici sənəd təqdim edilməmişdir). Təcili Şirvan şəhər xəstəxanasına aparılmış, yaraları birincili-cərrahı işlənmiş, sağtərəfli tokakotomiya, ağciyər, perikard və ürəyin sağ qulaqcığı yaralam tikilməsi, plevra boşluğunun drenaj olunması cərrahi əməliyyatı icra olunmuşdur. Vəziyyəti stabilləşdikdən sonra xəstə xx.xx.2013-cü ildə müalicəni davam etdirilməsi məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürülmüşdür. Müalicə nəticəsində ağciyər açılmış, hemopnev- motoraks sorulmuşdur. Müalicədən sonra xx.xx.2014-cü il tarixdə hospital hərbi-həkim komissiyası tərəfindən “Xəstəliklər cədvəli”nin 53-cü maddənin İİİ qrafası üzrə şəhadətləndirilmiş və xəstəliyə görə 30 (otuz) gün müddətim məzuniyyət verilmişdir. Məzuniyyət müddəti bitdikdən sonra hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yərarlılıq dərəcəsini təyin etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Aparılan müayinələrdən sonra şəhadətləndirilmiş və xəstəliyə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilərək, ambulator şəraitdə tənəffüs qimnastika və fizioterapiyanın aparılması tövsiyə edilmişdir. Lakin, icra olunan tövsiyələrə baxmayaraq, döş qəfəsinin sağ yarısında ağrılar aradan qalxmamış, təngnəfəslik yaramış, bununla əlaqədar olaraq döş qəfəsi orqanlannm rentgenoloji müayinəsi aparılmış, sağ qabırğadiafraqmal sinusda kobud plevra bitişməsi aşkar edilmişdir. 2014-cü ilin noyabr ayında SQ BKH-da müayinə olunmuş, müayinələr başa çatdıqdan sonra xx.xx.2014-cö il tarixdə hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Hərbi xidmətə yararlı" sayılmışdır. Hərbi hissəyə qayıtdıqdan bir müddət sonra döş qəfəsinin sağ yarısındakı əğrılaria, təngnəfəsliyin olması ilə əlaqədar hərbi hissədə fiziki məşğələrdən azad edilmişdir. Xəstəliyi ilə bağlı 2015-ci ilin oktyabr ayında hərbi hissədə dispanser nəzarətə götürülmüşdür. 2015-ci ilin noyabr ayında MN-nin müvafiq əmrinə əsasən Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Xəstəliyi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi tərəfindən hərbi xidmətə yərarlılıq dərəcəsini təyin etmək məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Müayinələr nəticəsində döş qəfəsinin sağ yarısında ağrılar, təngnəfəslik, sağ qabırğa-diafraqmal sinusda kobud plevra bitişməsinin olması ilə əlaqədar xəstəyə xx.xx.2015-ci il tarixdə X5 institutunda spiroqraftya müayinəsi aparılmış və “restriktiv tipii mötədil ventilyasiya pozulməsı“ aşkarlanmışdır..... Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhknın qərarı: Burnun, boynun sağ yarısının, döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, sağ ağciyəri, perikardı, ürəyin sağ qulaqcığını zədələyən çoxsaylı deşilmişkəsilmiş bıçaq yaralanmasım görə (xx.xx.2013) aparılmış sağtərəfli torakotomiya, ağciyərin, perikardın, sağ qulaqcığın yaralarının tikilməsi, plevra boşluğunun drenajından, yaraların birincil-cərrahi işlənməsi əməliyyatından (xx.xx.2013) sonrakı payarası, qabırğadiafraqmal pievranm qalınlaşması, kobud bitişmələri nəticəsində restriktiv tip İİ (ikinci) dərəcə tənəffüsün çatışmazlığı ilə. Travmadır, hərbi xidmət dövründə almışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılııq haqqında qərarı:"Xəstəliklər cədvəlinin 83 b maddəsinin İİİ grafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qaran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yayararsız, müharibə dövründə məhdud yararlıdır. Həmçinin, iddiaçının tələbinin ədalətli araşdırılması məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 K/251-2024 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məhkəmətibbi ekspertizası zamanı onun başın ənsə nahiyəsində və üzün sağ yarısında köhnə çapıq toxumalar aşkar edilmişdir. İddiaçı xəsarət alması (yaralanması) barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin əmələ gəlmə mexanizmi və müddəti barədə hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində küt mexanizmdən, yəni bərk-küt əşyanın təsirindən əmələ gəlmiş yaraların sağalmış izləridir və bu xəsarətlərin müayinə olunanın göstərdiyi şəraitdə 2013-cü ilin iyun ayında alınması inkar edilmir”. Göründüyü kimi iddiaçıda olan xəsarətin hərbi xidmət vəzifələrinin icrası zamanı alması istisna deyil. İş materiallarında olan iddiaçıya məxsus EZ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 2011-ci il tarixdən 2015-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan hazırda mübahisələndirilən qərarın qəbulunu şərtləndirən hallara dair yetərli sübutlar, o cümlədən hazırkı İddiaçı münasibətdə AR NK-nın 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin məhz “ç” yarımbəndinin tətbiq olunmasının yolverilənliyini əsaslandıran sübut və dəlil təqdim etməməsi onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh inzibati orqan Əsasnamənin 7.2-ci bəndinin “e” bəndi üzrə qərar qəbul etməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, 17-ci və 24-cü maddələrinin tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə mübahisələndirilən qərarın əsaslı olması qənaətinə gəlmir. Bu səbəbdən də cavabdehin 1455 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı qismən qanuna zidd sayılmalı və dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı 2013-cü ilin iyun ayında təlim vaxtı hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı “başın ənsə nahiyəsində və üzün sağ yarısında köhnə çapıq toxumalar” diaqnozu ilə olan xəsarətin hərbi xidmətlə səbəbli əlaqəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 2013-cü ilin iyun ayında təlim vaxtı hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı “başın ənsə nahiyəsində və üzün sağ yarısında köhnə çapıq toxumalar” diaqnozu ilə olan xəsarətin hərbi xidmətlə səbəbli əlaqəsinin təyin edilməsi öhdəliyi Cavabdehna havalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-3708/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-3708/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver