Məhkəmə qərarları › İş №e-2-1(118)-3711/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-3711/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3711/2024 10.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-1415/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-1415/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. xx.xx.1977ci il tarixdən xx.xx.1979-cu il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1976-xx.xx.1977, xx.xx.1979-xx.xx.1979, xx.xx.1979-xx.xx.2012, xx.xx.2013xx.xx.2015, xx.xx.2016-xx.xx.2016-cı illərdə müxtəlif idarələrdə müxtəlif vəzifələdə işləmişdir. Hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixə 28 il 11 ay 22 gün ümumi iş stajı vardır. AR DNŞ-nin X2 Trestinin tabeliyində olan X3 İdarəsində işlədiyi dövrdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, «araşdırma zamanı Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamamlandığı xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı xx.xx.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub». İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına getmiş və dinləmələrdə iştirak etmişdir. Orada iddiaçıya artıq pul vəsaitinin ödənildiyi və həmin pulun əmək pensiyasından tutulması üçün yazılı razılıq verməyi xahiş edilmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq heç bir sənədi imzalamamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək, xx.xx.2024-cü il tarixdə keçirilmiş dinləmə nəticəsində qəbul edilmiş qərarın surətinin verilməsini xahiş etmişdir. Lakin filialın əməkdaşı bildirmişdir ki, həmin qərar məxfi xarakter daşıdığından iddiaçıya təqdim edilməsi mümkün deyildir. Eyni zamanda, filialın əməkdaşı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş inzibati icraatın nəticəsi ilə bağlı 1 (bir) ay müddətində rəsmi qaydada məktub göndəriləcəkdir və həmin məktubu əldə etdikdən sonra narazı qaldığı halda məhkəmədə iddia qaldıra bilər. İddiaçı xx.xx.2024-cü il tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 15(112)-101/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə keçirilmiş inzibati icraatın nəticəsində qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-1415/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarın surəti məhkəmə tərəfindən iddiaçıya təqdim edilmişdir. Həmin qərardan görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2011-ci il tarixdə DSMF-nun Suraxanı rayon şöbəsi tərəfindən təyin olmuşdur. Hazırki pensiya məbləği 1488,38 manat, yenidən hesablanmış pensiya məbləği isə 532.96 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 28 il 11 ay 22 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006cı il tarixədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,22 manat (28,98 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,03 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8353,44 manat sığorta kapitalına uyğun 58,01 (8353,44:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 199,04 manat (56,03+58,01+85,00) (indeksləşdirilməklə xx.xx.2012-ci il tarixinə 208,05 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Eyni zamanda Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanlara əsasən, xx.xx.2012-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3814,40 manat sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 128 (144 ay - 16 (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölünərək 29,80 manat (3814,40/128) əmək pensiyasının (208,05 manat) üzərinə əlavə edilərək həmin tarixə pensiya məbləği 237,85 manat (208,05+29,80) (indeksləşdirilməklə xx.xx.2015-ci il tarixinə 260,46 manat) müəyyən edilib. Eyni zamanda, xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 539,54 manat sığorta kapitalının Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 106 (144 ay - 38 (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölünərək 5,09 manat (539,54/106) əmək pensiyasının (260,46 manat) üzərinə əlavə edilərək həmin tarixə pensiya məbləğinin 265,55 manat (260,46+5,09) (indeksləşdirilməklə xx.xx.2016-ci il tarixinə 282,17 manat) müəyyən edilib. Həmçinin, xx.xx.2016-cı il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsiylə əlaqədar işləyən əmək pensiyaçısı olduğunun dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 79,31 manat sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 103 (144 ay - 41 (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölünərək 0,77 manat (79,31/103) əmək pensiyasının (282,17 manat) üzərinə əlavə edilərək həmin tarixə pensiya məbləğinin 282,94 manat (282,17+0,77) (indeksləşdirilməklə 25.01,2022-ci il tarixinə 445,09 manat) müəyyən edilib. Qeyd olunanlara əsasən, xx.xx.2022-ci il tarixində iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsiylə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 349,20 manat sığorta kapitalının Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddənin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 120 (65 il - 62 il 9 ay = 27 ay+144 ay-51 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) aya bölünməklə 2,91 manat (349,20/120) əmək pensiyasının (445,09 manat) üzərinə əlavə edilərək pensiya məbləğinin həmin tarixdən 448,00 manat (2,91+445,09) (indeksləşdirilməklə xx.xx.2024-cü il tarixinə 592,65 manat) müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılmışdır. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə xx.xx.2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. İddiaçı mülahizəsinin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala gəlmiş, lakin tərtib edilən akt iddiaçı tərəfindən imzalanmamışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 31471,68 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 31471,68 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının mümkün qısa müddətdə təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən razılıq təqdim olunmamışdır. İş materiallarından məlum olur ki, ididaçı İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. ƏƏSMN DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-1415/2024 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət oluna bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçıya əlilliyə görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə qeyd edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, iddiaçının qanunla müəyyən edilmiş qaydada razılığı alınmadan ödənilmiş pensiya məbləğinin müəyyən hissəsini geri tutmağa başlanılmışdır. İddiaçı qanunla qorunan etimad hüququna malik olduğundan, ondan artıq ödənilmiş pensiya məbləğinin tutulması yolverilən deyil. Maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini (növünün dəyişdirilməsi) və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının növünün dəyişdirilməsi və ya hesablanması barədə qərar qanunsuz hesab edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1415/2024 nömrəli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar