Məhkəmə qərarları › İş №e-2-1(118)-3791/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-3791/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-3791/2024 01.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - “iddiaçılar”) cavabdeh Sumqayıt bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) qarşı 24 avqust 2023-cü il tarixli 40.623,03 manat məbləğində torpaq vergisi borcunun ödənilməsi barədə Sumqayıt bələdiyyəsinin qərarının (bundan sonra – “qərar”) ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. 29 avqust 2024-cü il tarixdə iddiaçıların vəkili və nümayəndəsi, 30 sentyabr 2024-cü il tarixdə isə cavabdeh orqan “Elektron kabinet” vasitəsilə məhkəməyə 1 avqust 2024-cü il tarixli “Barışıq sazişi”ni təqdim etmişdirlər.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında təmsil edilməmişdirlər və bu barədə heç bir məlumat verməmişdirlər.

5. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

7. Bundan əlavə, təqdim edilmiş sazişdə qeyd olunmuşdur ki, bu barışıq sazişini imzalamaqla tərəflər məhkəmədən barışıq sazişini təsdiq edərək, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan e-2-1(118)-3791/2024 saylı inzibati iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Hər biri Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri ilə tanış olmuş və barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri tərəflərə məlumdur.

8. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ:

9. Hazırkı iş üzrə tərəflər mübahisəni öz aralarında qarşılıqlı razılaşma əsasında həll etmək üçün barışıq sazişi bağlayıb məhkəməyə təqdim etmişdirlər:

10. Təqdim edilmiş “Barışıq sazişi”nin şərtlərinə görə: “Biz, aşağıda imza edənlər, İddiaçı1 və İddiaçı2 (bundan sonra “Vergi ödəyiciləri” adlandırılacaq) bir tərəfdən və Sumqayıt Bələdiyyəsi (bundan sonra “Bələdiyyə” adlandırılacaq) digər tərəfdən bu barışıq sazişini tərtib edirik ondan ötrü ki,Sumqayıt şəhəri, Çerkassı küçəsi,498 ünvanında yerləşən və İddiaçı1 ilə İddiaçı2 ümumi birgə mülkiyyətində olan sahəsi 2,630521 ha torpaq sahəsinə görə “Bələdiyyə” tərəfindən qəbul edilmiş 24 avqust 2023-cü il tarixli,13 saylı iclasının 5 saylı qərarı ilə 40623,03 manat məbləğində torpaq vergisi borcunun ödənilməsi barədə mübahisəni aşağıdakı şərtlərlə barışıq yolu ilə həll etməyə razılığa gəlirlər:

1. “Vergi ödəyiciləri” və “Bələdiyyə” Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan e-2-1(118)-3791/2024 saylı inzibati iş üzrə barışıq sazişi bağlayaraq razılığa gəlirlər ki, Sumqayıt Bələdiyyəsinin 24 avqust 2023-cü il tarixli, 13 saylı iclasının 5 saylı qərarı ilə ödənilməsi müəyyən edilmiş 40623,03 (qırx min altı yüz iyrimi üç manat üç qəpik) məbləğində torpaq vergisi borcunun son 3 ilin, yəni 2021-2023-cü illərin vergi borcu olaraq 10 226,49 (on min iki yüz iyirmi altı manat qırx doqquz qəpik) manat hissəsi “Vergi ödəyiciləri” tərəfindən ödənildiyi təqdirdə, borcun qalan hissəsi tələbetmə müddəti keçmiş borc olaraq “Bələdiyyə” tərəfindən “Vergi ödəyiciləri”ndən tələb olunmayacaqdır;

2. “Vergi ödəyiciləri” tərəfindən vergi borcunun 5000 (beş min) manatı Sumqayıt Bələdiyyəsinin büdcəsinə ödənilmişdir. Qalan 5226,49 (beş min iki yüz iyirmi altı manat qırx doqquz qəpik) manat məbləğində torpaq vergisi borcunu isə “Vergi ödəyiciləri” barışıq sazişinin imzlandığı aydan etibarən 5 ay müddətində - 2024-cü ilin avqust, sentyabr,oktyabr və noyabr aylarında hər ay 1.000 (bir min) manat,dekabr ayında isə 1.226,49 (bir min iki yüz iyirmi altı manat qırx doqquz qəpik) manat olmaqla “Bələdiyyə”yə ödəməyi, “Bələdiyyə” də həmin pul vəsaitini qeyd olunan müddətlərdə qəbul etməyi öhdəsinə götürürlər;

3. Barışıq sazişi tərəflərdən biri tərəfindən pozulduqda, digər tərəf onun məhkəmə qaydasında icrasını tələb etmək hüququna malikdir;

4. Bu barışıq sazişini imzalamaqla tərəflər məhkəmədən barışıq sazişini təsdiq edərək, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan e-2-1(118)-3791/2024 saylı inzibati iş üzrə icraata xitam verilməsini xahiş edirlər;

5. Bizim hər birimiz Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri ilə tanış olmuşuq və barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri bizə məlumdur;

6. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir.”

11. Məhkəmə hesab edir ki, tərəflər arasında Barışıq Sazişi təsdiq olunmalıdır.

12. Belə ki, İPM-in: Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. 15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Maddə 66. Barışıq sazişinin mümkünlüyü 66.1. Mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. 66.2. Barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. 66.3. Məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər. 66.4. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir.

13. Normaların məzmunundan aydın olur ki, İPM-in 15.2-ci maddəsinə əsasən, icraatın nə zaman və necə başa çatması barədə qərarı da, prinsip etibarilə iddiaçı verir. O, qanunla müəyyən edilmiş hədlər daxilində qarşı tərəflə İPM-in 66-cı maddəsinə əsasən, barışıq sazişi bağlaya bilər.

14. İPM-in 66-cı maddəsində barışıq sazişinin təsdiqlənməsindən imtina edilməsi üçün əsaslar nəzərdə tutulmuşdur. Hazırkı işdə barışıq sazişinin təsdiqlənməsindən imtina üçün əsas olan hallar müəyyən edilməmişdir – tərəflərin barışıq sazişinin şərtləri ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyin tələblərinə zidd deyil, eləcə də mübahisənin həlli xüsusi ictimai maraq kəsb etmir.

15. Həmçinin, saziş tərəflərin iradə ifadəsinə uyğundur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiqlənməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən barışıq sazişi təsdiq edilməlidir.

16. Bundan əlavə, bu qərardad qəbul edilənədək tərəflər barışıq sazişi haqqında müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət etməmişlər.

17. Nəzərə alınmalıdır ki, İPM-in 117.1.3-cü maddəsinə əsasən, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi icra sənədi sayılır.

18. Barışıq sazişi tərəflərin öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisələrini və ya qeyri-müəyyənlikləri qarşılıqlı güzəştlər yolu ilə həll etməsi haqqında bağladıqları müqavilədir. Bununla da mübahisəyə son qoyulur. Məhkəmədən kənar bağlanmış barışıq sazişindən fərqli olaraq, məhkəmə prosesində bağlanmış barışıq sazişi prosessual hərəkət kimi qiymətləndirilir və bir qayda olaraq icraatın başa çatmasına səbəb olur (iddia predmetini tam əhatə etməyən barışıq sazişləri istisna olmaqla). Buna görə də barışıq sazişi ikili təbiətə malikdir. Bir tərəfdən o müqavilədir, digər tərəfdən isə o, həm də prosessual hərəkətdir. Amma icra sənədi kimi ikinci xüsusiyyət daha həlledici rol oynayır. Belə ki, prosessual hərəkəti təs diq edən məlikəmə qərardadı icra sənədi kimi çıxış edir və digərlərindən bu müqaviləyə tabe olmağı tələb edir. (S.Kərimov, G.Vəliyeva. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Kommentariyası. Bakı – 2009. Sh.277.)

19. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. qərara aldı:

Yuxarıdakılara əsasən və İPM-in 15, 66, 80, 85.1-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Tərəflər arasında Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. “Vergi ödəyiciləri” və “Bələdiyyə” Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan e-2-1(118)-3791/2024 saylı inzibati iş üzrə barışıq sazişi bağlayaraq razılığa gəlirlər ki, Sumqayıt Bələdiyyəsinin 24 avqust 2023-cü il tarixli, 13 saylı iclasının 5 saylı qərarı ilə ödənilməsi müəyyən edilmiş 40623,03 (qırx min altı yüz iyrimi üç manat üç qəpik) məbləğində torpaq vergisi borcunun son 3 ilin, yəni 2021-2023-cü illərin vergi borcu olaraq 10 226,49 (on min iki yüz iyirmi altı manat qırx doqquz qəpik) manat hissəsi “Vergi ödəyiciləri” tərəfindən ödənildiyi təqdirdə, borcun qalan hissəsi tələbetmə müddəti keçmiş borc olaraq “Bələdiyyə” tərəfindən “Vergi ödəyiciləri”ndən tələb olunmayacaqdır.

2. “Vergi ödəyiciləri” tərəfindən vergi borcunun 5000 (beş min) manatı Sumqayıt Bələdiyyəsinin büdcəsinə ödənilmişdir. Qalan 5226,49 (beş min iki yüz iyirmi altı manat qırx doqquz qəpik) manat məbləğində torpaq vergisi borcunu isə “Vergi ödəyiciləri” barışıq sazişinin imzlandığı aydan etibarən 5 ay müddətində - 2024-cü ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında hər ay 1.000 (bir min) manat, dekabr ayında isə 1.226,49 (bir min iki yüz iyirmi altı manat qırx doqquz qəpik) manat olmaqla “Bələdiyyə”yə ödəməyi, “Bələdiyyə” də həmin pul vəsaitini qeyd olunan müddətlərdə qəbul etməyi öhdəsinə götürürlər.

3. Barışıq sazişi tərəflərdən biri tərəfindən pozulduqda, digər tərəf onun məhkəmə qaydasında icrasını tələb etmək hüququna malikdir.

4. Bu barışıq sazişini imzalamaqla tərəflər məhkəmədən barışıq sazişini təsdiq edərək, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan e-2-1(118)-3791/2024 saylı inzibati iş üzrə icraata xitam verilməsini xahiş edirlər.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri çərçivəsində barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri ilə razılaşırlar.

6. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir.

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar