Məhkəmə qərarları › İş №e-2-1(118)-3844/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-3844/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-3844/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Quba Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “arayışda düzəlişlərin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi X12 20 aprel 2022-ci il tarixli, 15 nömrəli arayışından görünür ki, Şabran rayonu, Padar kənd sakini X24 6 iyun 2020-ci il tarixdə Quba RPM-ə daxil olub. 8 iyun 2020-ci il tarixdə diri, çəkisi – 2.800, boyu 50 sm, cinsi oğlan uşağı anadan olmuşdur.

2. Azərbaycan Respublikası Şabran rayonu İcra Hakimiyyəti Başçısının Rəhimli inzibati ərazi dairəsinin 14 fevral 2024-cü il tarixli, 5-74/2-68 nömrəli arayışından görünür ki, Abdullayeva X6 yaşayır və X7, X8, X10, X13 onun ailə üzvləridir.

3. Azərbaycan Respublikası Şabran rayonu İcra Hakimiyyəti Başçısının Rəhimli inzibati ərazi dairəsinin 14 fevral 2024-cü il tarixli, 5-74/2-69 nömrəli arayışından görünür ki, İddiaçı 2020-ci ildə oğlu doğulmuşdur. Lakin uşaq haqqında dair heç bir hüquqverici sənəd təqdim edilmədiyi üçün onun valideyinin və qonşularının fikrinə əsaslanaraq, o, X2 tanınır.

4. Şabran Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, e-2(031)-408/2024 saylı qərardadı ilə (hakim – İ.Cabbarov) "Quba Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsini maraqlı şəxs qismində cəlb elədiyi xx.xx.2020-ci il təvəllüdlü X4 “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin doğum şöbəsində anadan olması faktının müəyyən edilməsi və ona Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi” tələbinə dair iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, iddiaçıya hazırki iş üzrə iddia tələbi ilə aidiyyəti üzrə sumqayıt inzibati məhkəməsinə müraciət etməli olması izah edilmişdir.

MÜBAHiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi

5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Quba Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 iyun 2020-ci il təvəllüdlü X4 doğum faktı barəsində cavabdeh tərəfindən verilmiş arayışa müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması və həmin arayış əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbinin əsasları aşağıdakı kimi olmuşdur: - iddiaçı 2018-ci ildən X7 ilə qeyri-rəsmi nikah münasibətindədir və bu nikah münasibətlərindən onun üç övladı doğulmuşdur. Birinci övladı 8 iyun 2020-ci il təvəllüdlü X3 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin doğum şöbəsində doğulmuşdur. Xəstəxanaya həmin vaxt iddiaçı sənədlərini tapa bilmədiyinə görə şəxsiyyət vəsiqəsi təqdim edə bilməmişdir. Quba RMX PHŞ-in direktor müavini Quba RPM-in rəhbəri xanım Ş.Ə.Həsənovanın imzaladığı 20 aprel 2022-ci il tarixli, 15 nömrəli arayışda uşağın anasının adı “X24” kimi qeyd olunmuşdur. Buna görə də hazırkı tarixədək onun adına doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. İkinci övladı X10 21 iyun 2022-cı il tarixdə Şabran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin doğum şöbəsində doğulmuşdur. Bununla bağlı ona Şabran rayon qeydiyyat şöbəsi tərəfindən AZ- İV 720789 saylı Doğum haqqında şəhadətnamə verilmişdir. Digər övladı X13 16 yanvar 2024-cü il tarixdə Şabran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin doğum şöbəsində doğulmuşdur. Bununla bağlı ona Şabran rayon qeydiyyat şöbəsi tərəfindən AZ- İV 949796 saylı Doğum haqqında şəhadətnamə verilmişdir. - X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 234.1 və 296.2ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ittiham aktı ilə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilmiş və 1(031)-14/2024 saylı cinayət işi məhkəmənin icraatındadır. - Hazırda iddiaçının uşağın doğum faktının müəyyən edilməsi ilə bağlı sənədlərin toplanması üçün müvafiq aidiyyəti qurumlara getməyi üçün himayəsində qalan azyaşlı uşaqlara görə mümkün deyildir. - Buna həm də iddiaçının maddi imkanı yol vermir. - X5 doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin verilməsinə, məktəbəqədər və tam orta təhsil, müvafiq peşə və ali təhsil almasına, gələcəkdə əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək (nəzərə almaq lazımdır ki, bir müddət sonra uşaq məktəbəqədər təhsillə bağlı qeydiyyatdan keçməlidir). Göründüyü kimi, X5 doğum faktının tanınması zərurəti yaranmışdır və ona müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Bununla bağlı Şabran rayon Qeydiyyat Şöbəsinə bu barədə müraciət edilsə də, iddiaçıya doğum haqqında şəhadətnamə verilməmiş və iddiaçının əlində olan təkcə Quba RMX PHŞ-ın düzgün məlumatlar qeyd olunmayan arayışını sənəd kimi ona aid olduğunu qəbul edilməmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

8. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, hazırkı iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

9. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı tərəf (iddiaçı etibarnamə verdiyi vəkil ilə təmsil olunmuşdur) məhkəmə iclasında iştirak etməmiş, cavabdeh qurum isə məhkəmə iclasında səlahiyyətli nümayəndəsi ilə təmsil edilməmişdir.

10. Bu səbəbdən, məhkəmə iclası iki dəfə təxirə salınmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.”

12. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

13. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

14. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. İddiaçının vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində olan “Elektron kabinet” vasitəsilə mümkünlük iclasında iddiaçının iştirakı olmadan iddia tələbinə baxılması ilə əlaqədar müvafiq məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının məhkəməyə təqdim olunmalı iddia tələblərinə əlavə edə biləcək hər hansı digər bir sənədinin olmamasını, 8 iyun 2020-ci il təvəllüdlü X4 doğum faktı barəsində məhkəmə qərarı olmadan “Doğum haqqında şəhadətnamə”nin tərtib edilməsinin mümkün olmadığını bildirmişdir və qanunvericiliyin tələbinə görə doğumun və ölümün dövlət qeydiyyatı məcburi olduğunu və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməsini qeyd etmişdir. İDDİANİN MÜMKÜNLÜYÜ İLƏ BAĞLİ MƏHKƏMƏNİN MÖVQEYİ:

16. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2023cü il tarixli, 2-1(102)-1517/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.

18. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd).

20. İş üzrə iddiaçı müvafiq səlahiyyət verdiyi vəkil ilə təmsil olunmuşdur.

21. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimllənməsi məqsədi ilə qəbul edilir. Qanun Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir. Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında vəkillik hüquqi müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Qanunun 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir.

22. İddiaçı tərəfə göndərilmiş 9 aprel 2024-cü il tarixli, 24 may 2024-cü il tarixli və 27 may 2024-cü il tarixli bildirişlərində inzibati mübahisəyə şifahi icraat qaydasında mümkünlük iclasının keçiriləcəyi qeyd olunmuşdur.

23. Bu səbəbdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda göstərilən müddəalarını və tərəfin mümkünlük iclasına çağırılacağı barədə məlumatlı olmasını əsas götürərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 3.3 və 3.4-cü bəndlərinin tələbləri yerinə yetirilmişdir.

24. Məhkəmə hesab edir ki, hazırki iddia bir neçə səbəbdən mümkün sayılmamalıdır.

25. Birincisi – İddiaçı “8 iyun 2020-ci il təvəllüdlü X4 doğum faktı barəsində cavabdeh tərəfindən verilmiş arayışa müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması və həmin arayış əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini” xahiş etmişdir. Beləliklə tələb iki hissədən ibarətdir: a) 8 iyun 2020-ci il təvəllüdlü X4 doğum faktı barəsində cavabdeh tərəfindən verilmiş arayışa müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması; b) həmin arayış əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi.

26. Göründüyü kimi iddiaçı iki cavabdehə qarşı iddia qaldırmışdır. Daha doğrusu iki orqanın üzərinə vəzifə kimi qoyması istədiyi tələbləri bir icraatda birləşdirmişdir.

27. İPM-in 37-ci maddəsi bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi ilə bağlı məsələləri tənzimləyir. Normada qeyd olunmuşdur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

28. Beləliklə, iddiaçının bir neçə iddianı bir iddiada birləşdirilməsinə dair imkan qeyriməhdud deyildir. Belə ki, qanunvericilik iddiaçının iddia tələblərini bir iddiada birləşdirməsinin aşağıdakı əlamətlərlə məhdudlaşdırır: - iddialar bir-biri ilə əlaqəli olmalı, o cümlədən onlara birlikdə baxılması işin baxılmasının çətinləşdirməməlidir. Bir-biri ilə əlaqəli olmayan iddiaların bir iddiada birləşdirilməsi yolverilməzdir. Bəzi hallarda iddiaçı tərəfindən irəli sürülən tələblər bir-biri ilə əlaqəli olsa da, daha çox onların asılılığı müşahidə oluna bilər. Bir tələbin təmin edilməsi digər tələbin də təmin edilməsinə şərait yaratmış olur. Belə olan halda iddialar bir-biri ilə əlaqəli olsa da, onların təmini bir-biri ilə eyni hüquqi qüvvəyə malik olmur; - İddialar bir cavabdehə qarşı yönəlməlidir. Qeyd olunan əlamət məhz iddiaların subyekt tərkibi ilə bağlıdır. “İnzibati məhkəmə icraatinda iddianin mümkünlüyünə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

29. Göründüyü kimi hazırki iş üzrə iddia ilə inzibati məhkəməyə müraciət edilərkən İPMin 37-ci maddəsinin tələbi gözlənilməmişdir.

30. İkinci – İddia tələbində doğum faktı barəsində cavabdeh tərəfindən verilmiş arayışa müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması xahiş edilir. Yəni, bu iddia İPM-in 2.2.3-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddiadır.

31. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, ... yoxlamalıdırlar (2.3-cü bənd). ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).

34. İddia ərizəsinə qoşma kimi əlavə edilmiş cavabdehin (vəkil sorğusuna əsasən cavab olaraq bildirdiyi) 1 mart 2024-cü il tarixli, 18-1-56/2-A-1143-42-947/2024 saylı məktubundan görünür ki, həmin sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar, tərəflərindən müvafiq araşdırma aparılmış və 8 iyun 2020-ci il tarixdə, saat 17:40-da diri, çəkisi 2800, boyu 50 sm, cinsi oğlan uşağının anasına dair qeydlərin, həmin şəxsin, şəxsiyyətini təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən, onun özü tərəfindən verilmiş məlumatlar əsasında aparılmışdır.

35. Göründüyü kimi Xəstəxananın məktubu hazırki tələbə münasibətdə imtina məzmununa malik deyildir, bu səbəbdən məhkəmə, qeyd olunan məlumat xarakterli məktubu imtina kimi qəbul etmir.

36. Üçüncü – “doğum faktı barəsində cavabdeh tərəfindən verilmiş arayışa müvafiq düzəlişlərin edilməsi”. İddiaçı bildiri ki, hazırda iddiaçının uşağın doğum faktının müəyyən edilməsi ilə bağlı sənədlərin toplanması üçün müvafiq aidiyyəti qurumlara getməyi üçün himayəsində qalan azyaşlı uşaqlara görə mümkün deyil və onun maddi imkanı buna imkan vermir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

38. MPM-in 3.7.2-ci maddəsinə əsasən, Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: (-) 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; (-)

39. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iş materialına əlavə edilmiş sənədlərə əsasən, “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi X12 20 aprel 2022-ci il tarixli, 15 nömrəli arayışından görünür ki, Şabran rayonu, Padar kənd sakini X24 6 iyun 2020-ci il tarixdə Quba RPM-ə daxil olub. 8 iyun 2020-ci il tarixdə diri, çəkisi – 2.800, boyu 50 sm, cinsi oğlan uşağı anadan olmuşdur. Azərbaycan Respublikası Şabran rayonu İcra Hakimiyyəti Başçısının Rəhimli inzibati ərazi dairəsinin 14 fevral 2024-cü il tarixli, 5-74/2- 68 nömrəli arayışından görünür ki, Abdullayeva X6 yaşayır və X7, X8, X10, X13 onun ailə üzvləridir. Azərbaycan Respublikası Şabran rayonu İcra Hakimiyyəti Başçısının Rəhimli inzibati ərazi dairəsinin 14 fevral 2024-cü il tarixli, 5-74/2-69 nömrəli arayışından görünür ki, İddiaçı 2020-ci ildə oğlu doğulmuşdur. Lakin uşaq haqqında dair heç bir hüquqverici sənəd təqdim edilmədiyi üçün, onun valideyinin və qonşularının fikrinə əsaslanaraq, o, X2 tanınır (§ 1-3).

40. Göründüyü ki, hazırki iş üzrə X21 İddiaçı olması ilə bağlı heç bir sənəd iş materialında mövcud deyildir. Digər tərəfdən, valideynin və qonşularının fikrinə əsaslanaraq, uşağın X2 tanınmasının, habelə onun hazırki iddiaçının oğlu olmasının özü belə qeyri-müəyyəndir. Bu qeyri-müəyyənliyin aradan qaldırılması isə inzibati icraatın vəzifəsi deyildir.

41. Dördüncü – “8 iyun 2020-ci il təvəllüdlü X4 doğum faktı barəsində cavabdeh tərəfindən verilmiş arayışa müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması ...” xahiş edilsə də, “müvafiq düzəlişlər”ə dəqiq şəkildə göstərilməmişdir.

42. Beşinci – iddiaçı arayışa düzəlişin edilməsini xahiş edir. Qeyd olunan arayışda Şabran rayonu, Padar kənd sakini X24 6 iyun 2020-ci il tarixdə Quba RPM-ə daxil olub. 8 iyun 2020-ci il tarixdə diri, çəkisi - 2.800, boyu 50 sm, cinsi oğlan uşağı anadan olması qeyd olunmuşdur.

43. Məhkəmə arayışa münasibətdə qeyd edir ki, öhdəliyin icrası haqqında iddialarda iddianın mümkünlüyü haqqında İPM-in 35.1-ci maddəsinin irəli sürdüyü şərt ödənilmiş olmalıdır. Öhdəliyin icrası haqqında iddianın qaldırılması zamanı iddiaçı tərəf göstərməlidir ki, onun hansı hüququ pozulmuşdur. Bu müddəa “actio popularis” institutunun istisna olunması və hüquqi sabitliyin qorunması məqsədilə bu cür təsbit olunmuşdur.

44. Azərbaycan Respublikası Ali X1 5 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1823/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir.”

45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

46. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün halları əsas götürərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ:

47. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Quba Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “8 iyun 2020-ci il təvəllüdlü X4 doğum faktı barəsində cavabdeh tərəfindən verilmiş arayışa müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması və həmin arayış əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar