Məhkəmə qərarları › İş №e-2-1(118)-388/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-388/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-388/2025 27.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Misirxanova Ayşən Valeh qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 iyul 2023cü il tarixli, 3-17-1/2-B-16086/2023 nömrəli X4 göndərilmiş məktubundan görünür ki, vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Araşdırma zamanı, vaxtilə pensiya təyin edilərkən təqdim edilən sənədlərdə 16 iyun 1979-cu il – 16 sentyabr 2013-cü il tarixləri arasındakı dövr ərzində “Azərboru ASC”-də işlədiyi qeyd olunduğu, sözügedən müəssisənin 7 dekabr 2015-ci il tarixli, 135 nömrəli arayışında 1 avqust 1995-ci il tarixdən etibarən ödənişsiz məzuniyyətdə olduğu göstərildiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün deyildir. Bu səbəbdən də 1 iyul 2017-ci il tarixədək ümumi iş stajı 25 ildən az (21 il 9 ay 8 gün (19 may 1977-ci il – 12 iyun 1979-cu il, 16 iyun 1979-cu il – 31 iyul 1995-ci il, 1 sentyabr 2013-cü il – 31 iyul 2014-cü il, 1 sentyabr 2014-cü il – 31 iyul 2015-ci il, 1 sentyabr 2015-ci il – 31 iyul 2016-cı il, 1 sentyabr 2016-cı il – 30 iyun 2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, 1 iyul 2017-ci il tarixdən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibatı orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Buna görə də “İnzibati icraət haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 31 iyul 2023-cü il tarixədək Mərkəzi Filialın ünvan 3 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2 avqust 2023-cü il tarixli aktından görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən maraqlı şəxs X4 vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs 21 iyul 2023-cü il tarixli, 3-17-1/2-B-165036/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuşdur. Maraqlı şəxs 2 avqust 2023-cü il tarixdə Mərkəzi Filiala gəlmiş və vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Maraqlı şəxsə araşdırma zamanı, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) 16 iyun 1979-cu il – 16 sentyabr 2013-cü il tarixləri arasındakı dövr iş stajına daxil edilmədiyi və bu səbəbdən 1 iyul 2017-ci il tarixədək ümumi iş stajının 25 ildən az (21 il 9 ay 8 gün (19 may 1977-ci il – 12 iyun 1979-cu il, 16 iyun 1979-cu il – 31 iyul 1995-ci il, 1 sentyabr 2013-cü il – 31 iyul 2014-cü il, 1 sentyabr 2014-cü il – 31 iyul 2015-ci il, 1 sentyabr 2015-ci il – 31 iyul 2016-cı il, 1 sentyabr 2016-cı il – 30 iyun 2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunmuşdur.

3. X4 dair “Sosial arayış” elektron məlumatlarından çıxarış.

4. X4 məxsus 5 noyabr 1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 14 avqust 2023-cü il tarixli, 3-17-1/3-3-16757/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, X4 29 iyun 2022-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 327,21 manat, yenidən hesablanmış pensiya məbləği 298,50 manat, yenidən hesablamanın səbəbi “37.3.1 (işdənçıxma) hüququ xx.xx.2022-ci ilə çəkildi, xx.xx.2020-xx.xx.2022 tam tutulma, 39.1 maddəsinə əsasən məhdudlaşdırma)” olaraq göstərilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 3 iyun 2024-cü il tarixli, 3-17-1/2-129522/2024 nömrəli məktubundan görünür ki, araşdırma zamanı, vaxtilə Eldar Babayevə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə 16 iyun 1979-cu il – 16 sentyabr 2013-cü il tarixləri arasındakı dövr ərzində “Azərboru ASC”-də işlədiyi qeyd olunduğu, sözügedən müəssisənin ona dair 7 dekabr 2015-ci il tarixli, 135 nömrəli arayışında isə 1 avqust 1995-ci il tarixdən etibarən ödənişsiz məzuniyyətdə olduğu göstərildiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta hissəsinin ödənilmədiyi və işləmədiyi dövrü Eldar Babayevin iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də 1 iyul 2017-ci il tarixədək Eldar Babayevin ümumi iş stajı 25 ildən az (21 il 9 ay 8 gün (19 may 1977-ci il – 12 iyun 1979-cu il, 16 iyun 1979-cu il – 31 iyul 1995-ci il, 1 sentyabr 2013-cü il – 31 iyul 2014-cü il, 1 sentyabr 2014-cü il – 31 iyul 2015-ci il, 1 sentyabr 2015-ci il – 31 iyul 2016-cı il, 1 sentyabr 2016-cı il – 30 iyun 2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixdən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 1 iyul 2017-ci il tarixdən təyin edildiyi aşkar olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən Eldar Babayevə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 21 iyul 2023-cü il tarixdə məktub göndərilməklə Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 2 avqust fevral 2023-cü il tarixdə gəlmişdir. Tərtib edilmiş akt birgə imzalanmışdır. Qeyd olunanlara əsasən, Eldar Babayevə ümumilikdə 6.594 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 6.594 manat artıq ödənilmiş pul vəsaiti 2023-cü ilin sentyabr ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar Eldar Babayevin əmək pensiyası 1 yanvar 2024-cü il tarixdən 331,93 manat təşkil edir.

7. "xxxx" ASC-nin 23 oktyabr 2025-ci il tarixli, AZB01/202 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin arxiv sənədlərinə əsasən X6 16 iyul 1979-cu il tarixdən (əmr № 254, 13 iyul 1979-cu il) 16 sentyabr 2013-cü il tarixədək (əmr № 398-K, 17 sentyabr 2013cü il) müəssisədə işləmişdir. İşlədiyi müddətdə 10 iyun 1997-ci il tarixdən işdən azad olunduğu 16 sentyabr 2013-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

8. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1 sentyabr 2013-cü il tarixdən 14 iyul 2023-cü il tarixə kimi “işlədiyi dövrləri sosial sığorta stajına aid edərək, cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması və yeni hesablanmış pensiyanın hüququnun yarandığı gündən iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 21 noyabr 1958-ci il tarixdə Qax rayonu, Güllük kəndində anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, 6a saylı evin 13 saylı mənzilində qeydiyyatdadır və orada da yaşayır. Babayev Eldar 1977- 1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə isə 1979-cu il tarixdə başlamışdır. Belə ki, 1979-cu il tarixdən 1996-cı il tarixə kimi “Azərbaycan boru prakat” zavodunda müəyyən vəzifələrdə çalışmışdır. 1993-cü il tarixdə zavodun adı müvafiq əmr ilə "xxxx" kimi dəyişdirilmişdir. Bütün bu barədə qeydlər əmək kitabçasında da qeyd olunmuş, "xxxx" ASC-yə aid möhür vurularaq xüsusi qeydlər yazılmışdır. 1996-cı il tarixdə zavod bağlandığına görə işçilər zavod tərəfindən öz hesabına məzuniyyətə göndərilmişdir, zavod isə müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. Məzuniyyətdə olan vaxtlarda şəxsi biznesilə məşğul idi. Bundan başqa 16 sentyabr 2013-cü il tarixdə "xxxx" ASC ilə pensiyaçı arasında bağalnmış əmək müqaviləsinə xitam verilmiş, Sumqayıt Dövlət Texniki Kollecinə işə qəbul edilmişdir. 2013-2023-cü illər ərzində orada işləmişdir. İddiaçının işləməsi barədə lazımı qeydlər iddiaçıya məxsus ИТ-0384498 nömrəli əmək kitabçasında qeyd edilmişdir. 2017-ci il tarixdə o, pensiya təyinatı ilə əlaqədar olaraq müvafiq orqana müraciət etmişdir. Lakin qanunvericiliyə uyğun olaraq pensiya təyinatı üçün lazım olan staj dövrləri tam olmadığına görə pensiya təyin etmək mümkün olmamışdır. Lakin buna baxmayaraq X6 ilə zavodda bərabər çalışan iş yoldaşlarına pensiya təyin olunmuşdur. Buna əsaslanaraq 2019-cu il tarixdə təkrar pensiya üçün müraciət vermişdir və oradan 2017-ci il tarixdən pensiya hüququnun yarandığını bildirmişlər. Belə ki, 2019-cu il tarixdə prezidentin müvafiq sərəncamına əsasən, X3 məzuniyyətdə olduğu illəri, həmçinin ümumi iş stajı da hesablanaraq ona pensiya təyin olunmuşdur. X4 1 iyun 2017-ci il tarixdən 178 manat məbləğində pensiya təyin olunmuşdur. Bundan başqa qanunvericilikdə də qeyd olunmuşdur ki, əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılımış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətiaylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyiayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bu o deməkdir ki, işləyən pensiyaçının yığımı avtomatik olaraq 6 ildən sonra hesabalanaraq pensiya məbləğinə əlavə olunacaq. Belə ki, pensiya təyin olunandan sonra 6 il iş stajı tam olduqdan sonra X6 pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən X3 müarciəti ilə bağlı ümumi iş stajını 21 il 9 ay 8 gün kimi müəyyən edilmişdir. Həmin iş stajı dövrləri hesablanarkən iddiaçının yalnız 19 may 1977-ci il – 12 iyun 1979cu il, 16 iyun 1979-cu il – 31 iyul 1995-ci il, 1 sentyabr 2013-cü il – 31 iyul 2014-cü il, 1 sentyabr 2014-cü il – 31 iyul 2015-ci il, 1 sentyabr 2015-ci il – 31 iyul 2016-cı il, 1 sentyabr 2016-cı il – 30 iyun 2017-ci il tarixləri arasındakı işlədiyi dövrləri nəzərə alınmışdır. Belə ki, X6 hal-hazırda 327 manat məbləğində pensiya alır. Lakin onun 2013-2023-cü illərdə işlədiyi dövrlərdə yığılan 12.535 pensiya kapitalı aldığı pensiyanın üzərinə əlavə olunmamışdır.

10. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7, 1.0.15, 37.3.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1, prosessual hüquqi əsası kimi isə İPM-in 4.1, 14.3, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. Məhkəmənin 24 iyun 2025-ci il tarixli, e-2-1(118)-388/2025 nömrəli qərardadı ilə 20 dekabr 2024-cü il tarixdə ölmüş X6 hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir.

13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X4 ümumi stajı 25 il, ağır və zərərli işlərə görə 19 il əmək stajı nəzərə alınaraq 2020-ci il tarixdən pensiyanın təyin edilməsi, habelə təyin edilən pensiya məbləğini 1 yanvar 2022-ci il tarixdə 13,9%, 1 yanvar 2023-cü il tarixdə 11,2% indeksləşdirilməni hesablayaraq üzərinə gəlməklə, həmçinin həmin indeksləşdirilməklə hesablanan pensiya məbləğinin üzərinə Babayev Eldarın yığım kapitalını da həmin pensiyanın üzərinə gəlməklə ona penisiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 27 noyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

15. Cavabdeh iddia ərizəsinə qarşı etiraz və etiraza əlavə təqdim edərək, iddiaçı tərəfə təqdim edilmiş məktublarında (§2, 6) qeyd olunan hallara istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, 9.1, 9.8, 37.8.3, 39.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (-) v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; (-) ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; (-) Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (-) Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; (-)

28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-) 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

29. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.

Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. (-)

Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi:

30. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

31. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

32. İddiaçı tərəf tələbinin əsası kimi bildirir ki, cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq pensiyanın yenidən hesablanması haqqında 3-17-1/3-3-16757/2023 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ilə güzəştli şərtlərlə yaşa görə 327 manat məbləğində pensiya təyin edilmişdir, çünki Babayev Eldarın əmək stajı qanunvericilikdə nəzərdə tutulan əmək stajı ilə eynilik təşkil edir. 18 avqust 1977-ci il tarixdən 1996-cı il tarixədək ağır və zərərli işlərə görə 19 il, 2013-cü il tarixdən 2023-cü il tarixədək Sumqayıt Dövlət Kollecində isə ümumi 10 il işləmişdir. 2015-ci il tarixdə pensiyaya çıxmaq üçün Babayev Eldarın yetərli əmək stajı kifayət olmamış və 5 il stajı əksik idi, lakin o, 2013-cü il tarixdən 2023-cü il tarixədək çalışaraq, əmək stajı toplamış, artıq 2020-ci il tarixdə əksik olan 5 il stajı tamamlanmış, ümumi stajı 25 il , ağır və zərərli işlərə görə 19 il əmək stajı mövcud idi. Buna baxmayaraq həmin şərtlər altında ona 2020-ci il tarixdə deyil, 2022-ci il tarixdə ona pesniya təyin olunmuşdur.

33. Cavabdeh tərəfin mövqeyinə görə X3 iş fəaliyyətinə dair verilmiş “Azərboru ASC”nin 7 dekabr 2015-ci il tarixli, 135 nömrəli arayışında 1 avqust 1995-ci il tarixdən 16 sentyabr 2013-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmiş, bununla da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixdən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 1 iyul 2017-ci il tarixdən təyin edildiyi aşkar olunmuşdur.

34. İşin hallarından müəyyən edilir ki, iddiaçı X6 20 dekabr 2024-cü il tarixdə vəfat etmiş və hazırkı məhkəmə icraatında hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir.

35. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(102)-1013/2024 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edilmişdir ki, “İddiaçının mərhum ərinin 16 sentyabr 2020-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etməsini nəzərə alsaq, həmin tarixdən öldüyü 16 sentyabr 2021-ci il tarixədək ona təyin edilmiş pensiyanın yenidən hesablanması nəticəsində fərq məbləğini alacaqdı ki, hazırda həmin məbləğə yeganə vərəsəsi olan iddiaçının hüququ çatır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən dövr (16 sentyabr 2020-ci il – 16 sentyabr 2021-ci il) üzrə ödəniləcək fərq məbləği iddiaçının hazırda aldığı ailə başçısını itirməyə görə pensiya məbləği hesablanarkən və ödənilərkən nəzərə alınmalıdır.”

36. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildiyi kimi, X4 cavabdeh tərəfindən 1 iyul 2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 1 avqust 1995-ci il tarixdən 16 sentyabr 2013-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğu aşkar olunduğu, nəticədə pensiyanın səhv təyin edildiyi müəyyən olunduğu üçün pensiyası yenidən hesablanaraq 29 iyun 2022-ci il tarixdən təyin edilmişdir.

37. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki, sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.”

38. Göründüyü kimi, inzibati orqan şəxsin pensiyası ilə əlaqədar əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.

39. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini gözləməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində pensiyanın səhv hesablanmasına səbəb olan “Azərboru ASC” 7 dekabr 2015-ci il tarixli arayışı barədə məlumatın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir.

40. Odur ki, iddiaçıya əmək pensiyası təyin edildiyi 1 iyul 2017-ci il tarixdən cavabdeh təxminən 6 il sonra iddiaçının pensiya məbləğinin səhv hesablandığını bildirilməsində və pensiyadan müvafiq tutulmaların aparılmasında haqlı olmamışdır.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.

NƏTİCƏVİ HİSSƏ

43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 14 avqust 2023-cü il tarixli, 3-17-1/3-3-16757/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin. X1 ümumi stajının 25 il, ağır və zərərli işlərə görə 19 il əmək stajının olması nəzərə alınaraq, ona münasibətdə 2020-ci il tarixdən təyin edilməli olan pensiya məbləğinin (təyin edilən pensiya məbləğini 1 yanvar 2022-ci il tarixdə 13,9%, 1 yanvar 2023-cü il tarixdə 11,2% indeksləşdirilməni və yığım kapitalı nəzərə alınmaqla) hüquqi varisi İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar