Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-395/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndələri X4 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin Müraciətlərə baxılması və hüquq şöbəsində dövlət vergi müfəttişi işləyən, ünvan 2 ünvanında yaşayan) və X2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin Müraciətlərə baxılması və hüquq şöbəsində baş dövlət vergi müfəttişi işləyən, ünvan 3 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.09.2021-ci il tarixli **********0061 nömrəli Qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.09.2021-ci il tarixli, **********0061 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq 11.08.2021-ci il tarixli DVX seriyalı 005399 nömrəli akt tərtib edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə akt və digər sənədlər də tərtib edilmişdir. Akta qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində guya həmin obyektdə 11.08.2021-ci il tarixdə 2187896,9 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən 22.09.2021-ci il tarixli **********0061 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar əsasında cəmiyyətə 218789,69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı həmin qərarı qanunsuz və əsassız hesab edərək ləğv olunmasını xahiş edir. Belə ki, cavabdeh vergi orqanı öz qərarını onunla əsaslandırmışdlr ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilən zaman 2187896,9 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi aşkar olunmuşdur. Əvvəla, həmin tarixdə, yəni 11.08.2021-ci il tarixdə cəmiyyətə məxsus obyektdə 2187896,9 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2021-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, göstərilən mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri nəzarət kassa aparatına mədaxil edilmişdir. "xxxx" MMC elektron malların pərakəndə və topdansatışı ilə fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Malın alıcısı həmin malları istehlak məqsədilə aldığını qeyd etdiyi halda, həmin şəxsə elektron qaimə-fakturanın təqdim edilməsi qeyri-mümkün olur. Başqa sözlə desək, elektron qaimə-faktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi, "xxxx" MMC qanunvericiliklə onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə olaraq, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. Beləliklə, "xxxx" MMC malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyi halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətləndirərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri, Çerkassı 498 ünvanında yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8- ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 10.08.2021-ci il tarixdən 08.09.2021-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 11.08.2021 -ci il tarixdə saat 14:00 radələrində Baş İdarə tərəfindən "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri, Çerkassı 498 ünvanında yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq 1765857,07 manat dəyərində malın üzərinə 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə, ümumilikdə 2187896,9 manat məbləğində malların topdansatış qaydasında e-qaimə təqdim edilmədən digər vergi ödəyicilərinə satılması faktı aşkar olunmuşdur. Vergi ödəyicisi tərəfindən 744804,36 manat (ƏDV daxil) e-qaimə təqdim edilmişdir və 11.08.2021-ci il tarixli 005399 nömrəli akt tərtib edilmişdir. Həmin akt "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 təqdim edilsə də, nümayəndə aktı imzalamaqdan imtina etmişdir. Aktı imzalamaması barədə Baş İdarənin əməkdaşları tərəfindən 11.08.2021-ci il tarixdə sərbəst formada akt tərtib olunmuşdur, aktın bir nüsxəsi ona təqdim edilmişdir. Nəticədə vergi orqanı tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 11.08.2021-ci il tarixli 005399 №li aktına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən "xxxx" MMC-nin 218789,69 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Beləliklə, iddiaçı tərəfindən 1528 ədəd kassa çeki vurulmuşdur, ƏDV qaytar sistemi üzrə yoxlama aparılarkən onlardan 164 eyni FİN ilə vurulması aşkar edilmişdir. Yoxlamanın aparıldığı obyekt böyük bir anbardır, pərakəndə satışa uyğun deyildir. "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə 10.08.2021-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, “MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: Göygöl rayonu, Qırıqlı (anbar)-**********-760001); Sumqayıt şəhəri, Çerkassı, ev 498 (ticarət obyekti)-**********- 29002; Goranboy rayonu, Qaradağlı kəndi (anbar)-**********-61001; Sumqayıt şəhəri, 11-ci mkr, Çerkassı küçəsi (anbar)-**********-29001. İddiaçıya məxsus vergi orqanında qeydiyyatda olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, ev 133, Riyad ticarət mərkəzi (anbar) - ********** - 31001 ünvanında yerləşən anbar hal-hazırda istifadə olunmur. Həmin anbara dair icarə müqaviləsi şifahi razılaşma əsasında ləğv olunmuşdur və həmin obyektdə hal-hazırda vergi ödəyicisinin heç bir fəaliyyəti yoxdur. Obyektin vergi orqanında ləğv olunması ən qısa zamanda təmin olunacaqdır. Sumqayıt şəhəri, 11 -ci mkr, Çerkassı küçəsi (anbar - ********** -29001) ünvanında yerləşən obyekt vergi orqanında 1869 m2 göstərilsə də, iddiaçı tərəfindən 250 m2 hissəsi istifadə olunur. Nümayəndə həmçinin qeyd etmişdir ki, 01.01.2020-ci il tarixdən 10.08.2021-ci il tarixədək olan dövr aralığında iddiaçı tərəfindən idxal olunmuş mallar üzərinə orta hesabla 5% ticarət əlavəsi qoyulmaqla digər vergi ödəyicilərirıə satılmışdır. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 da malların digər vergi ödəyicilərinə satılması faktını etiraf etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinin tələblərinə əsasən topdansatış fəaliyyəti zamanı malların alıcıya satışı (təqdim edilməsi) zamanı birmənalı olaraq elektron-qaimə təqdim edilməlidir. Bundan əlavə "xxxx" MMC tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə satış topdansatış fəaliyyəti üzrə göstərilmişdir (2020-ci ilin mənfəət vergisi üzrə 408936,04 manat, 2020-ci ilin aprel ayında topdansatış fəaliyyəti üzrə 70150 manat; iyul ayı üzrə 77873,04 manat; oktyabr ayı üzrə 61200 manat; noyabr ayı üzrə 8500 manat; dekabr ayı üzrə 191213 manat; 2021-ci ilin may ayı üzrə 105085 manat; avqust ayı üzrə 5969,10 manat satış olduğu göstərilmişdir). Həmçinin, Dövlət Vergi Xidmətinin məlumat bazasında "xxxx" MMC-nin əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş 11.08.2021-ci il tarixli aktda həmin gün deyil, 01.01.2021-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək iddiaçı Vergi Məcələsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir”. Bildiririk ki, Vergi Məcəlləsinin Operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən yalnız operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunubolunmamasına nəzarətin həyata keçirilməli olduğu qeyd edilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 10.08.2021-ci il tarixli **********2537 nömrəli Qərarda göstərilmiş müddət, yəni 10.08.2021-ci il tarixdən 08.09.2021-ci il tarixədək (08.09.2021-ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödeyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Bundan əlavə, Vergi Məcəlləsinin 56.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göründüyü kimi "xxxx" MMC tərəfindən vergi məcəlləsinin 58.13 maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 2187896,9 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır. Cavabdehin nümayəndəsi X7 H.Z.Həsənovun izahatına əlavəsinin olmadığını bildirərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş : - Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin əsas fəaliyyət növü elektrik-məişət mallarının topdansatışıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş 10.08.2021-ci il tarixli **********92536 nömrəli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus obyektdə 10.08.2021-ci il tarixdən 08.09.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-də növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin **********2544 nömrəli tələbnaməsindən görünür ki, "xxxx" MMC-dən operativ vergi nəzarətinin keçirilmısi üçün zəruri olan sənədlər tələb edilmişdir. -11.08.2021-ci il tarixli 005399 saylı operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, 11.08.2021-ci il tarixdə saat 14:00 radələrində Baş İdarə tərəfindən "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri, Çerkassı 498 ünvanında yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq 1765857,07 manat dəyərində malın üzərinə 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə ümumilikdə 2187896,9 manat məbləğində malların topdansatış qaydasında e-qaimə təqdim edilmədən digər vergi ödəyicilərinə satılması faktı aşkar olunmuşdur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş 22.09.2021-ci il tarixli **********0061 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13–cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 218789,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını,şahidlərin ifadələrini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:..... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Cavabdeh hesab edir ki, iddiaçının fəaliyyət növü “digər qruplara daxil edilməmiş sair kimyəvi məhsulların istehsalı” olmuşdur. İddiaçının nizamnaməsinə görə onun qanunla qadağan olunmayan bütün fəaliyyət növü ilə məşğul olmaq hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsası kimi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda alıcı subyektin vergi ödəyicisi olub-olmamasını yoxlamaması və malları elektron qaimə-faktura tərtib edilmədən verməsi olmuşdur. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. İddiaçının külli miqdarda satış həyata keçirməsi faktı onun topdansatış fəaliyyətlə məşğul olması faktı kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə, vergi ödəyicisinin pərakəndə və ya topdansatış fəaliyyətlə məşğul olmasını müəyyənləşdirmək üçün hər hansı məbləğ nəzərdə tutulmamışdır. İddiaçının topdansatış fəaliyyətlə məşğul olması yalnız vergi orqanının ehtimalıdır. Bunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilmədi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllnin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin elektron qaimə faktura təritb etmək vəzifəsi yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə münasibətdə aid edilməlidir. Bu halda iddiaçının pərakəndə satış nöqtəsi kimi alıcı - fiziki çəxslərin sahibkarlıq subyekti olub-olmaması və onların vergi ödəyicisi kimi uçota alınıb-alınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Belə ki, iddiaçı pərakəndə qaydada satış həyata keçirdiyindən belə bir vəzifə daşımamışdır və kassa aparatının çekini verməklə kifayətlənmişdir. Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məhkəmə hesab edir ki, müəssisə istehsalat ərazisində satış mağazası təşkil etməklə və buradan istehsal etdiyi malların eyni zamanda pərakəndə satışını təmin etməklə qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı tərəfindən satış mağazasında hazır məhsulları satan zaman alıcı fiziki şəxslərin özlərini vergi ödəyicisi kimi uçotda olan şəxs qismində təqdim etməməsi və ya həmin uçota alınmamasına görə məsuliyyət daşımamalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, operativ vergi nəzarəti yoxlaması zamanı istinad edilən çeklərə malların sahibkarlıq və ya qeyri-sahibkarlıq subyektlərinə satılması müəyyən edilməmişdir ki, bu halda iddiaçının vergi məsuliyyətinə cəlb edilərək barəsində maliyyə sanksiyasının tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 53.3-cü maddəsinin dördüncü bəndində qeyd edilir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.09.2021-ci il tarixli **********0061 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.09.2021-ci il tarixli **********0061 nömrəli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-395/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-395/2022
11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver