Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-4001/2022 28.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X4 və Məmmədov Həmid Hüseyn oğlunun iddiaçının faktiki sahiblik etdiyi ona məxsus ünvan 1-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1-nin mülkiyyətçisidir. Qeydiyyatdan çıxarmaq istədiyi şəxs X4 və Məmmədov Həmid Hüseyn oğludur. Hesab edir ki, X4 və Məmmədov Həmid Hüseyn oğlu ünvan 1 yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmalıdır. Çünki, onun həmin evə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində mülkiyyətçinin hüququna əsassız müdaxilə təşkil edir. Eyni zamanda bununla bağlı ilkin olaraq Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin 03 noyabr 2022-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Həmin şəxslərin iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatda qalması mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, mənzilə dair sərəncam vermək istədikdə formal olaraq onun da razılığını almaq tələb olunur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil hüquqi yardım edilmiş, iddiaçının vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 10/574 saylı order əsasında iddiaçının mərhum atası X1 verilmişdir. Göründüyü kimi iddiaçının həmin mənzili özəlləşdirmək imkanı olsada, hazırda mənzil onun mülkiyyətində deyildir. Hazırda həmin mənzilə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün məhkəmə hesab edir ki, hazırkı iddia mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının mövcud qanunvericiliyə əsasən mənzilə mülkiyyət hüququ əldə etmək imkanı olsada, o bu hüquqdan istifadə etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi konstitusiya məhkəməsinin qərarındada mənzil mülkiyyətçilərinin hüquqlarının qorunduğu qeyd edilir. Lakin hazırda iddiaçı qeyd edilən mənzilə gözlənilən hüquqlarını əldə etmədən hazırkı iddianı qaldırmışdır. Bundan əlavə iddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi şəxslərdən biri- Məmmədov Həmid Hüseyn oğlu onun övladıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Lakin iddiaçının oğlu olan Məmmədov Həmid Hüseyn oğlunun istifadə hüququnun olmaması mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən sonra təkrar inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, təkrar məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçıya izah edilsin ki, hazırkı iş üzrə üçüncü şəxs olan oğlunun yaşayış sahəsinə istifadə hüququnun itirilməsi bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev