Məhkəmə qərarları › İş №e-2-1(118)-4013/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-4013/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4013/2025 01.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və s.) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “pensiyanın azaldılması barədə qərarların ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2na iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi, əvvəlki hesabat qaydasının bərpa edilməsi və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-16553/2024 nömrəli qərardadına əsasən iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-15512/2024 nömrəli qərarın ləğv edilməsi, əvvəlki hesabat qaydasının bərpa edilməsi və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 mart 2021-ci il tarixindən isə əmək pensiyası yenidən hesablanaraq 768,93 manat məbləğində müəyyən edilmişdir. Daha sonradan həmin məbləğ 1001,99 manata çatdırılmışdır. Cavabdeh orqan iddiaçıya məktub göndərərək onun pensiyasının düzgün hesablanmadığı və inzibati icraatın təzələnməsi məqsədi ilə onu Mərkəzi Filiala dəvət etmişdir. Mərkəzdə xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və iddiaçının əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının qanunvericiliyə uyğun olaraq 156 aya (21378,24:156 ay (65 il-58 il= 84 ay + (144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölünməsi əsası ilə onun pensiya məbləği azaldılmışdır. Nəticədə iddiaçıya təyin edilmiş pensiya məbləği azaldılaraq 688,26 manat məbləğində müəyyən edilmişdir. Hazırkı vəziyyətdə pensiya məbləğinin qanunsuz şəkildə azaldılması iddiaçının hüquqlarını kobud şəkildə pozmaqdadır. X1 tərtib edilmiş akt iddiaçıya təqdim edilsə də, ona hər hansı bir qərar təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən lazımi inzibati icraat aparılmadığı, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilmədiyi, həmçinin tələblərə uyğun olaraq iddiaçıya pensiyanın təyin edilməsi barədə qərar ləğv edilmədiyi üçün cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və iddiaçının əvvəlki hüquqları bərpa edilməlidir. Hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli analoji qərarı vardır. Həmin qərarda qeyd edilmişdir ki, pensiyanın yenidən hesablanması və ödənilmiş pensiyanın müəyyən hissəsinin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq iddiaçıya pensiyanın təyin edilməsi barədə qərar ləğv edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Bu səbəbdən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi səbəbindən yığılmış pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq artırılması gözləntisi olduğu halda, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının vaxtilə yenidən hesablanmasının düzgün olmadığına istinad edərək iddiaçının pensiyasının azaldılması qanuni sayıla bilməz.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 38, 60, “İnzibati icraat haqqında” qanunun 1.1, 1.2, 2.0.2, 2.0.6, 2.0.8, 13.1, 21.1, 21.2, 24, 24.1, 24.2, 24.3, 63.1, 64, 64.1, 64.2, 64.3, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, 12.1, 34.1, 58.7-ci maddələrinə istinad olunmuşdur.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. İddiaçı əmək pensiyası xx.xx.2022ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 -ci maddəsinə əsasən yenidən hesablanaraq 786,93 manat məbləğində müəyyən edilmişdir (İndeksləşdirmə nəzərə alınmaqla 1001,99 manat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1 -ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı Z.Bağırov barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2021-ci il tarixdən əmək pensiyası yenidən hesablanaraq 505,76 manat (indeksləşdirilməklə 688,26 manat) məbləğində müəyyən edilməli olduğu halda, 29 iyun 2022-ci il tarixdən yenidən hesablanmaqla 768,93 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (21378,24:156 ay (65 il-58 il =84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-15512/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 688,26 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar İddiaçı mülahizələrinin dinlənilməsi üçün 25 sentyabr 2024-cü il tarixədək mülahizələrin və eyni zamanda artıq ödənilmiş 13234,77 manat pul vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdim edilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı "əmək pensiyanın azaldılması nəticəsində yaranan fərq məbləğinin geri qaytarılaraq ödənilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir.

b) Tərəflərin iştirakı və izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

10. X2 tərəfindən iddiaçıya məktub ünvanlanaraq bildirilmişdir ki, ona xx.xx.2022-ci il tarixdən əvvəl əmək pensiyası təyin olunmasına baxmayaraq əmək pensiyası yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya bölünməli olduğu halda 72 aya bölünüb. Bununla bağlı xx.xx.2024cü il tarixədək Mərkəz Filialına gəlməyi xahiş olunur.

11. Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 413 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

12. X2nın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli, **********2 saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq ona xx.xx.2020-ci il tarixdən 330,99 manat məbləğində pensiya təyin edilmişdir.

13. X2nın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-61722/2023 saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən 901,07 manat məbləğində pensiya təyin edilmişdir.

14. X2nın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15512/2024 saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq ona xx.xx.2024-cü il tarixdən 688,26 manat məbləğində pensiya təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

15. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

16. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

17. Hal-hazırda mübahisə predmeti olan pensiyanın yenidən hesablanması haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı qeyd olunan qərardan məhkəmə icraatı gedişində xəbərdar olmuşdur. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.

b) Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 37.1-ci maddəsinə əsasən əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. 45-ci maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsində qeyd edilir ki, bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin sözügedən ikinci cümləsi Qanundan çıxarılmışdır. Həmin Qanunun keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

22. Belə ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya məbləği xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərar əsasında yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 688,26 manat müəyyən edilmişdir. İddiaçı hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması və ödənilməsini tələb edir. Cavabdeh etirazın əsası olaraq göstərmişdir ki, iddiaçının pensiyası yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya bölünməli olduğu halda, 72 aya bölünmüşdür.

23. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsinin məzmunundan göründüyü kimi, Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göründüyü kimi, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında” sözlərindən istifadə edilmişdir. Sığorta və yığım hissələrinə görə hesablanma isə, yenidən hesablanmanı da əhatə edir.

24. Həmçinin həmin normanın qüvvədən düşməsinə dair 530-VİQD nömrəli Qanunun keçid müddəalarından göründüyü kimi, normanın ləğv edilməsinin, Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi açıqaydın qeyd edilmişdir.

25. Cavabdeh inzibati orqan keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının müraciəti əsasında Qanunun 37.1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsindəki pensiya kapitalı 72 aya bölünərək, indeksləşdirmələr də nəzərə alınaraq ona pensiya hesablanmışdır. Lakin sonradan cavabdeh inzibati orqan əsassız olaraq iddiaçının pensiya məbləğini yenidən hesablayaraq, pensiya kapitalını 156 aya bölmüşdür. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2nın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 15512/2024 saylı qərarı ləğv edilməli, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiyanın azaldılması nəticəsində yaranmış fərqin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi X2nın üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. X2nın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-15512/2024 saylı qərarı ləğv edilsin. İddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiyanın azaldılması nəticəsində yaranmış fərqin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar