Məhkəmə qərarları › İş №e-2-1(118)-4021/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-4021/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4021/2025 31.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: mənzil uçotunun dəyişdirilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil uçotunun dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 18 noyabr 2022-ci il tarixli, 349 sərəncamla Ağcabədi rayon İcra Hakimiyyətində mənzil uçotuna götürüldüyü barədə qeydin həmin tarixdən hesab edilməklə Abşeron rayonuna köçürülmə öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının Ağcabədi rayonunda olan mənzil uçotunun Abşeron rayonuna köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X2 xx.xx.2020-ci il tarixdə Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına hər zaman diqqət və qayğı göstərilir və mövcud problemlərinin həlli üçün geniş tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir və həmin sərəncamlarda 2023cü il yanvar ayının 1-nə qədər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin olunması nəzərdə tutulmuşdur. Bununla əlaqədar iddiaçı Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən ona məktubla cavab verilərək, 18 noyabr 2022 ci il tarixli, 349 nömrəli sərəncamla Ağcabədi Rayon İcra Hakimiyyətində mənzil uçotuna götürüldüyü ona bildirilmişdir. Ancaq iddiaçı xx.xx.2024-cü ildən Abşeron rayonu Qobu qəsəbəsində qeydiyyatda olmaqla faktiki yaşamağa başlamış, ona görə də mənzil növbəsinin Abşeron rayonuna köçürülməsi üçün Cavabdehnə müraciət etmiş və bir şəhid anası olaraq onun mənzil uçotuna götürülməyi barədə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehndən ona cavab olaraq bildirildi ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülürlər ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış və daimi pasport qeydiyyatında olsunlar. İddiaçı 18 noyabr 2022 ci il tarixli, 349 nömrəli sərəncamla Ağcabədi Rayon İcra Hakimiyyətində mənzil uçotuna götürülmüşdür, ancaq qeydiyyat və yaşayış yerini hazırda dəyişdiyi üçün həmin tarixdən mövcud olan növbəsinin də Abşeron rayonuna köçürülməsini istəyir.

4. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 14.3, 33.1, 33.2, 73.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının tələbi onun Abşeron rayonunda 5 (beş) il daimi pasport qeydiyyatı olmadığından təmin olunmamışdır. "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən "yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir”. İstər iddiaçının mənzil uçotunun köçürülməsi, istərsə də mənzil uçotuna götürülməsi onun pasport qeydiyyatından asılıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2022-ci il tarixli, 349 nömrəli sərəncamına əsasən İddiaçı 3 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüşdür.

10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının” 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürürürlər ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir.

11. Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2022-ci il tarixli, 349 nömrəli sərəncamı ilə yaşayış yeri üzrə, imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 5 ünvanında yaşayan şəhid ailəsi üzvü İddiaçı Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 18 noyabr 2022-ci il tarixli, 349 nömrəli sərəncamı ilə imtiyazlı əsaslarla mənzil uçotuna götürülmüşdür. Ağcabədi RİHB-nın xx.xx.2022-ci il tarixli, 349 nömrəli sərəncamı və sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Ağcabədi şəhəri, Qaradağ küçəsi, ev 23-də xx.xx.2019-cu il tarixdən hazırkı vaxtadək Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatdadır.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

14. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

15. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

16. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyasının: 16-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 43-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

21. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilmişdir. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

22. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsun.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

27. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

28. araşdırması zamanı müəyyən edilmişdir ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2022-ci il tarixli, 349 nömrəli sərəncamına əsasən İddiaçı 3 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüşdür. İddiaçı şəhid ailəsi kimi mənzil uçotuna götürülməyi üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdehin ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda mənzil növbəsinə götürməkdən imtina edilmiş və imtinanın hüquqi əsası kimi Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə istinad olunmuşdur.

29. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə istinad edərək iddiaçının mənzil uçotuna götürülməsindən imtina etməklə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşmamışdır.

30. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Ağcabədi şəhəri, Qaradağ küçəsi, ev 23-də xx.xx.2019-cu il tarixdən hazırkı vaxtadək Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatdadır.

31. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina olunan xx.xx.2024-cü il tarixdə iddiaçı 5 ildən artıq müddətdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur.

32. Məhkəmə hesab edir ki, iddiaçının müraciətindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur və onun hüquqlarının pozulması ilə nəticələnmişdir.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Ağcabədi rayonunda olan mənzil uçotunun Abşeron rayonuna köçürülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 52, 68, 69, 75.4, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Ağcabədi rayonunda olan mənzil uçotunun Abşeron rayonuna köçürülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar