Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4065/2023 27.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********566900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********566900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə iddiaçıya 2022-ci ilin iyul ayı üzrə 104619,14 manat məbləğində ƏDV (əlavə dəyər vergisi) hesablanmışdır.Cavabdeh iddiaçıya təqdim etdiyi xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktubunda qeyd olunan hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir: “Aparılmış araşdırma zamanı ƏDV qeydiyyat tarixindən cari hesabat dövrünə qədər olan ƏDV bəyannamələrinə əsasən əvəzləşdirilən dövriyyə 2778040,33 manat olmasına baxmayaraq ƏDV-yə cəlb edilən əməliyyatların dəyəri 2196822,88 manat qeyd olunmaqla müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmə yaradılmışdır. Eyni zamanda tərəfinizdən xx.xx.2022-ci il tarixdə təqdim edilən 2022-ci ilin mənfəət vergisi bəyannaməsində mal qalığının olmadığı qeyd olunmuşdur. Yaranmış kənarlaşma üzrə (2778040,33- 2196822,88)*18%=104619,14 əlavə dəyər vergisi hesablanması nəzərdə tutulur.” Qeyd olunanlarla bağlı aşağıdakılar bildirilir.İddiaçı **********7 nömrəli bildiriş əsasında xx.xx.2018-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır. Cavabdeh uyğunsuzluq məktubunda vergi dövrünü xx.xx.2022- xx.xx.2022 tarix aralığını qeyd etsə də, hesablama üçün həmin ayın əməliyyatlarını deyil, xx.xx.2018-xx.xx.2022-ci il tarixləri aralığını, yəni 47 ay üzrə aparılan əvəzləşdirmə və ƏDV-yə cəlb olunan əməliyyatları müqayisə etmişdir. Bununla cavabdeh Vergi Məcəlləsinin 12-ci, 83-cü, 85.4-cü, 166-cıvə 177-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, qeyd olunan normaların qarşılıqlı təhlili ilə müəyyən olunur ki, ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün kənarlaşmalar hansı ayda olarsa, hesablama da həmin aya münasibətdə həyata keçirilməlidir. Lakin vergi orqanı müəyyən dövrün əməliyyatlarını bir ay ərzində əks etdirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa, xüsusilə bildiririlir ki, əlavə olunan arayışa əsasən iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2022-ci il tarixdən dayandırmışdır. Cavabdeh tərəfindən hər hansı nəzarət tədbiri ilə iddiaçının faktiki fəaliyyət göstərdiyi təsdiqini tapmadığı halda, hesablama 2022-ci ilin iyul ayına, yəni fəaliyyətin dayandırıldığı aya aparılmışdır. Göründüyü kimi, cavabdeh növbəti dəfə olduqca kobud prosessual pozuntuya yol vermişdir. Hesablamanın mahiyyətinə gəldikdə isə, cavabdeh iddiaçının idxal etdiyi mallara gömrük orqanları tərəfindən idxal zamanı müəyyən olunan statistik dəyəri alış dəyəri kimi qəbul etmiş və iddiaçının satışı ilə həmin dəyər arasındakı fərqi kənarlaşma kimi qeyd etmişdir. Halbuki vergi ödəyicisinin satışı tamamilə sənədlərlə təsdiq olunur və gömrük orqanları tərəfindən malların rəsmiləşdirilməsi kimi əks olunan qiymət heç bir halda malın satış dəyəri kimi qəbul oluna, bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV- nin hesablanması üçün qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Göründüyü kimi, iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin idxalda gömrük orqanlarının müəyyənləşdirdiyi statistik dəyərə uyğun ödənilən ƏDV məbləğindən az olmasına istinad etməklə əlavə hesablama aparması tamamilə qanunsuz olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edilir. Belə ki, aparılmış araşdırma zamanı ƏDV qeydiyyat tarixindən cari hesabat dövrünə qədər olan ƏDV bəyannamələrinə əsasən əvəzləşdirilən dövriyyə 2778040,33 manat olmasına baxmayaraq ƏDV-yə cəlb edilən əməliyyatların dəyəri 2196822,88 manat qeyd olunmaqla müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmə yaradılmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilən 2022-ci ilin mənfəət vergisi bəyannaməsində mal qalığının olmadığı qeyd olunmuşdur.Yaranmış kənarlaşma üzrə (2778040,33-2196822,88)*18%=104619,14 əlavə dəyər vergisi hesablanması nəzərdə tutulmuşdur. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixdə **********953500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2022-ci ilin iyul ayına 104619,14 manat əlavə dəyər vergisi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********421000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş boş bəyannamə (sonuncu 11,05.2023-cü il tarixdə) təqdim edilməsinə baxmayaraq hər hansı təsdiq edici sənəd təqdim edilmədiyindən xx.xx.2023-cü il tarixli **********566900 nömrəli Qərarla hesablanmış kameral bərpa edilmişdir. “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi” qaydalarına əsasən Arayışda göstərilən müvafiq məlumatlarla (mal qalığı, pul vəsaitləri və debitor borclarının) Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məlumatlar, o cümlədən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə göstəriciləri arasında kənarlaşma aşkar edilərsə, bu zaman həmin məlumatlar əsasında Bəyannamələr strukturları tərəfindən qanunamüvafiq tədbirlər görülür. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin ƏDV qeydiyyat tarixindən başlayaraq əvəzləşdirilən məbləğlə daxil olma məbləği arasındakı fərqlə bağlı bildiririk ki, vergi ödəyicisinin 3 ildən əvvəlki olan dövrü üzrə (xx.xx.2018-xx.xx.2019) hesablanan ƏDV məbləği əvəzləşdirilən məbləğdən çox olduğundan qeyd olunan dövr vergi ödəyicisinin xeyrinə nəzərə alınmışdır. Əlavə olaraq bildiririlir ki, vergi ödəyicisinə göndərilmiş sənədlərin təqdim edilməsi ilə bağlı məktubuna vergi ödəyici tərəfindən hər hansı sənəd təqdim edilməmiş, məktubda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlanıldıqda bütün malların satıldığı və mal qalığının olmadığı bildirilmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********566900 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********566900 nömrəli qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəməyə təqdim edilmiş iş materiallarından müəyyən olunur ki, cavabdeh aparılmış hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir. “Aparılmış araşdırma zamanı ƏDV qeydiyyat tarixindən cari hesabat dövrünə qədər olan ƏDV bəyannamələrinə əsasən əvəzləşdirilən dövriyyə 2778040,33 manat olmasına baxmayaraq ƏDV-yə cəlb edilən əməliyyatların dəyəri 2196822,88 manat qeyd olunmaqla müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmə yaradılmışdır. Eyni zamanda tərəfinizdən xx.xx.2022-ci il tarixdə təqdim edilən 2022-ci ilin mənfəət vergisi bəyannaməsində mal qalığının olmadığı qeyd olunmuşdur. Yaranmış kənarlaşma üzrə (2778040,33-2196822,88)*18%=104619,14 əlavə dəyər vergisi hesablanması nəzərdə tutulur.” Bununla yanaşı, cavabdehin nümayəndəsi məhkəmə iclasında inzibati şikayət üzrə yuxarı vergi orqanının qərarını təqdim edərək oradakı mövqeni müdafiə etmiş, qeyd olunan fərqin invoys-statistik fərqdən deyil, iddiaçının xx.xx.2019-xx.xx.2022 tarixlərində aldığı ƏDV-dən azad olunan malların əvəzləşdirilərək sonradan satıldığı zaman ƏDV-dən azad olunmuş mal kimi satıldığına istinad etmişdir. Məhkəmə qeyd olunanlarla bağlı aşağıdakıları bildirməyi zəruri bilir:
1. xx.xx.2020-ci il tarixdən Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əlavə edilən dəyişikliyə görə, heyvan və quş ətinin satışı ƏDV-dən azaddır. Həmin maddənin qeyd hissəsinə görə, “Bu Məcəllənin 164.1.37-ci maddəsinin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir”. Həmçinin, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə görə, Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Qeyd olunan normalardan belə müəyyən olunur ki, vergi ödəyicisi xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə heyvan və ya quş əti alarsa, idxal zamanı ƏDV məbləği ödəsə də, həmin məbləği əvəzləşdirmək hüququ yoxdur. Məhkəmə bildirir ki, qeyd olunan hal vergi ödəyicisi tərəfindən azad olunan malı ƏDV-yə cəlb olunan əməliyyatlar olmadan təqdim etdiyi halı nəzərdə tutur. Vergi ödəyicisinin həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad əməliyyatları olarsa, bu halda əvəzləşdirmə Vergi Məcəlləsinin 175.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 175.4-cü maddəsinə görə, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. İddiaçı tərəfindən iş materiallarına əlavə olunan Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 cədvəl şəklində alınmış idxal məlumatlarına görə, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə yalnız 2020-ci ilin yanvar-mart ayları ərzində mal əti (satışı ƏDV-dən azad mal) idxal edilmişdir. Həmçinin, iddiaçının iş materiallarına əlavə etdiyi 2020-ci ilin yanvar-may və iyul-avqust ayları üzrə ƏDV bəyannamələrindən müəyyən olunur ki, iddiaçı həmin dövrlərdə ƏDV-dən azad olunan mal ətinin satışını həyata keçirməklə yanaşı, ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatları da olmuşdur. Qeyd olunan səbəbdən iddiaçı Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən mallar alınarkən ödədiyi ƏDV məbləğini vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun həyata keçirmişdir. Məsələn, gömrük sisteminin idxal cədvəli ilə müəyyən olunur ki, iddiaçı 2020-ci ilin yanvar ayında 16444,8 manat ƏDV məbləği ödəməklə mal əti idxal etmiş və həmin dövr üzrə ƏDV bəyannaməsinin 310-cu sətrində eyni ƏDV məbləği əks etdirilmişdir. Həmçinin, bəyannamənin 301-ci sətrinə əsasən müəyyən olunur ki, iddiaçı 2020-ci ilin yanvar ayında 49300,23 manat məbləğində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyat, 303-cü sətrinə əsasən isə alınmış mal ətinin 11747,34 manat hissəsini ƏDV-dən azad olan mal kimi satdığını göstərmişdir. Bəyannamə məlumatlarına əsasən ƏDV-yə cəlb olunan əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun ƏDV əvəzləşdirilməsi aparılmışdır. Bəyannamənin 310-315-ci sətirləri üzrə məlumatlardan müəyyən olunur ki, iddiaçı idxalda 16444,8 manat məbləğində ƏDV ödəsə də, həmin məbləğin yalnız 13280,82 manat hissəsini əvəzləşdirmiş, 3163,98 manat hissəsi isə əvəzləşdirilməsinə yol verilməyən məbləğ olmuşdur. İşə əlavə edilən digər aylar üzrə ƏDV bəyannamələrində də eyni qaydada xüsusi çəkiyə uyğun olaraq ƏDV məbləğləri əvəzləşdirilmişdir. Göründüyü kimi, cavabdehin istinad etdiyi iddiaçının ƏDV-dən azad olunan malları əvəzləşdirməklə azad olunan mal kimi satması iş materiallarında olan bəyannamələrlə təkzib olunur. Məhkəmə həmçinin bildirir ki, iddiaçının idxal etdiyi mal ətinin satışının ƏDV-dən azad olması xx.xx.2020-ci ildən Vergi Məcəlləsinə əlavə olunduğu üçün, ondan əvvəlki illərdə eyni növdə malların ümumi qaydada əvəzləşdirilməsi tam qanuni olmuşdur. Həmin mallardan hər hansı hissənin satışı 2020-ci ildə baş vermişsə, bu zaman həmin heyvan ətinin satışı artıq yeni qanunla ƏDV-dən azad olduğundan hər hansı pozuntu baş vermir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1704-VQD nömrəli Qanunun 2.1-ci bəndinə görə, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada həyata keçirilir. Buna baxmayaraq, cavabdeh hesablamanın əsaslandırılmasında iddiaçının “ƏDV qeydiyyat tarixindən” olan dövrdən (xx.xx.2018) olan ƏDV ödəmələrini əhatə edərək ƏDV-yə cəlb olunan dövriyyə ilə müqayisə etmişdir. Hər nə qədər yuxarı vergi orqanının qərarında, həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında vergi orqanının son 3 il üzrə dövrü (xx.xx.2019-cu il tarixdən) hesablama üçün əsas götürdüyünü bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçıya göndərilən məktubda əks olunan 2778040,33 manat əvəzləşdirilən ƏDV dövriyyəsinin tək 3 il üzrə idxal olunmuş malları deyil, iddiaçının ƏDV qeydiyyat tarixindən başlayaraq 2022-ci ilin yanvar ayı daxil olmaqla olan dövr üzrə ümumilikdə əvəzləşdirilən ƏDV dövriyyəsini əhatə etdiyi müəyyən olunur. Belə ki, iş materialında olan gömrük sistemindən alınan idxal sənədləri əsasında xx.xx.2018-xx.xx.2022 dövrü üzrə 438105,96 manat məbləğində ƏDV-nin ödənildiyi, bunun da 2433922,0 manat (438105,96 / 0.18) əvəzləşdirilən ƏDV dövriyyəsini təşkil etdiyi müəyyən olunur. Belə olan halda, cavabdehin istinad etdiyi kimi, əvəzləşdirilən ƏDV dövriyyəsi xx.xx.2019-cu il tarixdən başlayaraq 3 illik dövrü əhatə etsəydi bu məbləğ xx.xx.2018-xx.xx.2022 dövrü üzrə olan 2433922,0 manat əvəzləşdirilən ƏDV dövriyyəsindən daha da aşağı olmalı idi. Amma cavabdehin uyğunsuzluq məktubunda əks etdirdiyi əvəzləşdirilən ƏDV dövriyyəsi 2778040,33 manat təşkil etdiyi üçün demək ki, heç də 3 illik dövr hesablama üçün əsas götürülməmişdir.
2. Məhkəmə 3 illik dövr üzrə əvəzləşdirmənin bir hesabat ayında ləğv edilməsinə münasibətdə isə bildirir ki, Vergi Məcəlləsinin 12-ci maddəsinə görə, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Vergi Məcəlləsinin 178-ci maddəsinə görə, ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi Məcəlləsinin 173.2-ci maddəsinə görə, vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Vergi Məcəlləsinin 174.1-ci maddəsinə görə, Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Vergi Məcəlləsinin 83.1-ci maddəsinə görə, Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə görə, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; Qeyd olunan normaların qarşılıqlı təhlili ilə müəyyən olunur ki, ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün yalnız həmin ay ərzində aparılmış satış əməliyyatları dövriyyə kimi müəyyən olunmalıdır. Bununla cavabdeh Vergi Məcəlləsinin 12-ci, 83-cü, 85.4-cü, 166-cı və 177-ci maddələrinin tələblərini pozmuşdur. ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün hesablama da həmin aya münasibətdə həyata keçirilməlidir.
3. Bundan başqa, iddiaçının təqdim etdiyi 25 noyabr 2023-cü il tarixli onlayn karguzarlıqdan çıxarışa və “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktuba əsasən Cəmiyyətin xx.xx.2022-ci il tarixdən 2100-cü ilədək fəaliyyətini dayandırdığı müəyyən olunur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının fəaliyyətini dayandırdıqdan sonra bəyannamə təqdim etdiyini əsas gətirməklə fəaliyyətinin aktivləşdiyinə istinad etsə də, Məhkəmə qeyd olunan dəlili əsaslı hesab etmir. Belə ki, iddiaçının təqdim etdiyi şəxsi hesab vərəqəsindən çıxarışla müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin may ayı, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə 2022-ci ilin mənfəət vergisi üzrə ləğv və ləğvin dəqiqləşmişi bəyannamələri təqdim edilmişdir. Cavabdeh tərəfindən isə mübahisələndirilən 2022-ci ilin iyul ayı üzrə hesablama ilk dəfə xx.xx.2022-ci il tarixdə analoji qaydada aparılmış və bundan sonra vergi ödəyicisi məcburi şəkildə cari və dəqiqləşdirilmiş ƏDV bəyannamələrini verməli olmuşdur. Göründüyü kimi, 2022-ci ilin iyul ayı üzrə ƏDV hesablamasının aparılması 30 iş günü ərzində həyata keçirilmədiyindən cavabdeh xx.xx.2022-ci il tarixdə analoji qaydada həmin dövrə hesablama aparmışdır. Hesablama aparılan günədək iddiaçının təqdim etdiyi bəyannamələr xx.xx.2022-ci il tarixdən əvvəlki dövrə aid olduğundan onun fəaliyyəti aktivləşməmişdir. İddiaçının işə əlavə etdiyi 25 noyabr 2023-cü il tarixli onlayn kargüzarlıqdan çıxarış da bu faktı təsdiq edir. Bununla da, cavabdehin iddiaçının fəaliyyətini dayandırdığı dövrə əsassız olaraq müdaxilə etdiyi, hər hansı nəzarət tədbiri ilə iddiaçının 2022-ci ilin iyul ayında faktiki fəaliyyətinin olması sübuta yetirilmədən ona həmin dövr üzrə əsassız vergi hesablandığı müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********566900 nömrəli qərarı ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********566900 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Məmmədov