Məhkəmə qərarları › İş №e-2-1(118)-4076/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-4076/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-4076/2024 05.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: İddiaçı tərəfindən tədqiq edilmiş sübutlar:

1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 avqust 2023-cü il tarixli, **********973800 nömrəli qərarından görünür ki, İddiaçı MMC-nin Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 588.662,07 manat məbləğində müəyyən olunmuşdur.

2. 18 avqust 2023-cü il tarixli, **********973800 nömrəli Kameral hesablama haqqında qərardan şikayət məktubu ilə hesablamalara yenidən nəzər salaraq, həmin qərarın ləğv edilməsi xahiş edilmişdir.

3. 28 avqust 2023-cü il tarixli müraciətə göndərilmiş cavab məktubdan görünür ki, müraciətin baxılmasının nəticəsi barədə qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab veriləcəyi bildirilmişdir.

4. İddiaçı MMC tərəfindən 23 yanvar 2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin Aparatına, 2 saylı Vergilər Baş İdarəsinə şikayət ərizəsinin baxılmaması barədə şikayətlər göndərilmişdir.

5. 29 sentyabr 2023-cü il tarixli, 2 oktyabr 2023-cü il tarixli, 28 sentyabr 2023-cü il tarixli, 29 sentyabr 2023-cü il tarixli, 27 sentyabr 2023-cü il tarixli, 29 sentyabr 2023-cü il tarixli, 26 sentyabr 2023-cü il tarixli, 26 sentyabr 2023-cü il tarixli, 2 oktyabr 2023-cü il tarixli, 28 sentyabr 2023-cü il tarixli, 27 sentyabr 2023-cü il tarixli, 2 oktyabr 2023-cü il tarixli, 29 sentyabr 2023-cü il tarixli, 29 sentyabr 2023-cü il tarixli müraciətlərə göndərilmiş cavab məktubundan görünür ki, həmin müraciətlərə təqdim edilmiş bəyannaməyə kameral vergi yoxlaması zamanı baxılacağı bildirilmişdir.

6. 11 mart 2024-cü il tarixli müraciətə göndərilmiş cavab məktubundan görünür ki, həmin müraciətə təqdim edilmiş bəyannaməyə kameral vergi yoxlaması zamanı baxılacağı bildirilmişdir. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri:

7. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 avqust 2023-cü il tarixli, **********973800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin hallarına (§1-6) istinad edərək onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın qərarından özünə və yuxarı orqanına şikayətlər göndərilsə də, bugünədək şikayətə mahiyyəti üzrə baxılmamış, şikayətinin təmin və ya rədd olunması barədə qərar qəbul edilməmişdir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsində sair debitor borcların hesabat dövrünün sonuna qalığı 20.758.588,76 manat, sair kreditor borcların hesabat dövrünün sonuna qalığı 17.872.750,26 manat (fərq 2.885.838,50 manat) olmasına, 2022-ci il üzrə təqdim edilən bəyannamədə iddiaçının uçot metodunu dəyişdirməyinə (kassadan hesablamaya) və vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri (216 A1) 0,00 manat göstərildiyindən 2.885.838,50 manat kənarlaşma yaranmışıdır. Yaranmış kənarlaşma üzrə 577.167,70 manat mənfəət vergisi hesablanılmalıdır. İddiaçının mövqeyi ondan ibarətdir ki, kameral vergi yoxlaması qərarında göstərilən uyğunsuzluqlar 2017-2021-ci illər üzrə mənfəət vergisi hesablamaları Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş hər iki metodla (hesablama və kassa metodu) hesablanaraq aradakı fərqlər aydın şəkildə göstərilməklə cavablandırılmışdır. Kassa metodu ilə hesablama metodu arasında fərq seçilən uçot dövrü üçün gəlir və xərclərin əks etdirilməsi üsulundadır. Sonda iki üsulun nəticələri eyni olur. Hazırkı vəziyyətdə əlavə vergi hesablanmasına səbəb 2018-2020-ci illərdə kassa metodu ilə uçotun aparılması ilə yaranmış zərərin 17 noyabr 2022-ci il tarixli, **********149914 nömrəli Səyyar vergi yoxlaması aktı və onun əsasında qəbul edilmiş qərar ilə ləğv edilərək iddiaçıya mənfəət hesablanmasıdır. Qeyd olunan yoxlama aktının tam yanlış tərtib olunduğu əsaslandırılaraq ədalətli qərar çıxarılması üçün, məhkəməyə təqdim olunmuşdur və hazırda həmin inzibati işə Sumqayıt İnzibati Məhkəməsində baxılmaqdadır (iş №2-1(118)- 726/2024). Beləliklə, vergi organı tərəfindən qeyd edilən bu iddia üzrə iddiaçıya əlavə olaraq ümumilikdə 582.679,81 manat əlavə vergi və ya sığorta haqqı məbləğinin hesablanması əsassızdır.

9. İddiaçı tərəfindən prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizənin əsasları: - cavabdehin 17 avqust 2023-cü il tarixli, **********973800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən, İddiaçı MMC-yə 2022-ci il üzrə mənfəət vergisi üzrə ümumilikdə 582.679,81 manat əlavə vergi hesablanmışdır; - iddiaçı tərəfindən Qərarın ləğv edilməsi barədə şikayət məktubu ilə 28 avqust 2023cü il tarixdə cavabdehə müraciət olunmuşdur (AVİS qeydiyyatı: 28 avqust 2023 tarixli, **********971500 nömrəli); - cavabdehin “Müraciətə baxılması haqqında” cavab məktubu ilə şikayət məktubuna baxıldığı, müraciətə baxılmasının nəticəsi barədə qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab veriləcəyi bildirilmişdir; - şikayət məktubunun araşdırması ilə əlaqədar cavabdeh orqanın əməkdaşları mütəmadi olaraq iddiaçı MMC-nin əməkdaşları ilə əlaqə saxlamış, vergi hesablaması ilə bağlı onların mövqeyini təsdiqləyən daxili rəy formasında sənədin hazırlanaraq onlara təqdim olunması xahiş olunmuşdur. Vergi orqanının istəyinə əsasən daxili rəy hazırlanaraq inzibati orqanla keçirilən görüşlərdə əlbəəl surətdə təqdim edilmişdir; - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları dəfələrlə üzbəüz və telefonla danışıqlarda şikayətin araşdırılmasını, Xidmətin özünün əməkdaşlarından cavab gözlədiklərini bildirərək 2023-cü ilin sentyabr-dekabr ayları arasında müraciətə heç bir rəsmi cavab verməmişlər. Halbuki, 3-cü bənddə istinad edilən cavab məktubundan da göründüyü kimi, inzibati orqan qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavab veriləcəyini bildirmişdi; - 28 avqust 2023-cü il tarixdə şikayət verilməsinə baxmayaraq, vergi orqanı heç bir rəsmi cavab təqdim etmədiyi üçün, iddiaçı tərəfindən 23 yanvar 2024-cü il tarixli şikayət məktubları ilə həm cavabdehə, həm də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına təkrar şikayətlər ünvanlamışdır. Şikayət məktublarının mətnindən də göründüyü kimi, 28 avqust 2023-cü il tarixli şikayətə bugünədək hansı səbəbdən cavab verilmədiyi barədə məlumat verilməsi tələb edilmişdir; - cavabdehin MMC-yə göndərdiyi 7 mart 2024-cü il tarixli, **********653200 AVİS qeydiyyat nömrəli “Müraciətə baxılması haqqında” məktubla bildirilmişdir ki, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində sair debitor borcların hesabat dövrünün sonuna qalığı 20.758.588,76 manat sair kreditor borcların hesabat dövrünün sonuna qalığı 17.872.750,26 manat (fərq 2.885.838,5 manat) olmasına həmçinin 2022-ci il üzrə təqdim edilən bəyannamədə uçot metodunuzu dəyişdirməsinə (kassadanhesablamaya) və vergilərin uçotu metodun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri 0 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə bağlı 25 iyun 2023-cü il tarixli, **********889700 nömrəli uyğunsuzluq məktubu göndərilməsinə baxmayaraq, təsdiq edici sənədləri təqdim edilməməsi üçün 588.662,07 manat mənfəət vergisi hesablanmışdır. Cavab məktubundan da göründüyü kimi, inzibati orqan yenidən şikayətin məzmununu və təqdim edilən sənədləri nəzərə almamış, öz mövqeyini təkrarlamışdır. İddiaçı bu qədər müddət ərzində inzibati orqanla yazışmalar aparmış və məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün tədbirlər görmüşdür. Lakin cavabdeh inzibati orqanın 2023-cü il 28 avqust tarixli şikayət məktubuna ümumiyyətlə rəsmi cavab verməməsi, yalnız şifahi olaraq əlaqə saxlayaraq əməkdaşları dəvət etməsi, sənədləri istəməsi nəticəsində proses uzanmışdır. Prosesin sonunda isə yenə də heç bir rəsmi cavab verilmədiyi üçün, 23 yanvar 2024-cü il tarixli şikayət məktubları təkrar müraciətlər olunmuş, yalnız bundan sonra inzibati orqan tərəfindən rəsmi reaksiya verilərək, sonuncusu 7 mart 2024-cü il tarixli məktub olmaqla, MMC-yə cavablar göndərilmişdir. İddiaçı da vergi orqanının mövqeyi ilə razılaşmadığı üçün, 9 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Yəni, məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət 2-3 gün ötürülmüşdür. Hesab edilir ki, həm məhkəməyə hazırlanmış və təqdim edilmiş iş materiallarının çoxluğu, həm də mart ayı ərzində 15 gün qeyri-iş gününün olması (Novruz bayramı, həftə sonları) səbəbindən buraxılmış 2-3 günlük prosessual müddətin bərpasına problem yaradılmamalı, işin məhkəmə tərəfindən obyektiv şəkildə araşdırması təmin olunmalıdır.

10. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və tərəflərlə işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin araşdırılması məqsədi ilə, məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçıya 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən, 582.679,81 manat vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən 2021-ci və 2022-ci illərdə uçot metodu dəyişdirilmiş (kassadan hesablamaya), lakin uçot metodunun dəyişməsi mənfəət vergisi bəyannaməsində əks etdirilməmişdir. 2021-ci ilin mənfəət vergisi bəyannaməsində sair debitor borcları (vergilər üzrə) hesabat dövrünün sonuna 20.758.588,76 manat, sair kreditor borcları hesabat dövrünün sonuna isə 17.872.750,26 manat olduğundan 2.885.838,5 manat fərq yaranmışdır. Həmçinin, hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), "Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri (221.11 -ci), ‘‘Mühafizə xərcləri" (221.12-ci), “Reklam xərcləri" (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-cı). “Elmi tədqiqat, layihə axtarış və təcrübə Konstruktor işlərinə çəkilən xərclər" (226-cı) "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər" (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 6.506.015,62 manat), əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsinin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 1.727.157,36 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (4.063.590,86 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (2.081.106,78 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cu (Muzdlu işlə əlaqədar alman gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (7.871.855.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna“ sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1.393.399,90 manat) çıxılması nəticəsində yaranan (6.478.455,10 manat) məbləğin müqayisəsi nəticəsində 27.560,52 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yaranmış kənarlaşmaya əsasən vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsində “Hesabat dövrünün gəlirləri” hissəsinin 216-cı sətrində (Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri) 2.885.838,5 manat əlavə olunmuş və 27.560,52 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər elektron uyğunsuzluğa əsəsən “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221,15-ci sətrində (Bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər əks olunan 31.841,69 manat azaldılaraq, 4.281,17 manat qeyd edilərək hesablama aparılmaqla 2.943.310,33 manat mənfəət müəyyən edilməklə hesablama aparılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 14 iyun 2023-cü il tarixli, **********858900 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu, 4 iyul 2023-cü il tarixli, **********840300 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi 582.679,81 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 17 avqust 2023-cü il tarixli, **********973800 nömrəli AVİS-dən kənar kameral hesablama barədə Qərarı göndərilmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi ərizəni müdafiə edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, iddia ərizəsinin mümkün hesab edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin hallarına və etirazın dəlillərinə istinad edərək (§ 1-6, 13) iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

16. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

18. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

19. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

20. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

21. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

22. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı barəsində cavabdeh tərəfindən 17 avqust 2023-cü il tarixli, **********973800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” tərtib edilmişdir və hazırda iddiaçı həmin qərarın ləğv edilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddia mübahisələndirmə haqqında iddiadır (İPM-in 2.2.1-ci maddəsi).

24. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının (§ 29) 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

26. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

29. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

30. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qərar iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur və bu, İPM-in 38.1-ci maddəsinin tələbi baxımından “elan” edilmə anlayışının mahiyyətinə tam cavab verir.

31. İddia müddətinə riayət edilmədiyi bütün hallarda müddətin bərpası məsələsi ortaya çıxır, eləcə də inzibati aktda hüquqi müdafiə vasitələrini barədə məlumatın olub-olmaması yoxlanılır.

32. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəf mübahisə predmeti olan 17 avqust 2023cü il tarixli qərara dair məlumatlı olmuşdur ki, həmin qərara dair şikayətlərlə cavabdehə müraciət etmişdir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin “23 yanvar 2024-cü il tarixli şikayət məktubları təkrar müraciətlər olunmuş, yalnız bundan sonra inzibati orqan tərəfindən rəsmi reaksiya verilərək, sonuncusu 7 mart 2024-cü il tarixli məktub olmaqla, MMC-yə cavablar göndərilmişdir. İddiaçı da vergi orqanının mövqeyi ilə razılaşmadığı üçün, 9 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Yəni, məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət 2-3 gün ötürülmüşdür” dəlilini əsassız hesab edir.

33. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.”

34. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırki məsələyə münasibətdə həmçinin, vergi ödəyicisinin məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

36. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır.

37. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iddia tələbin mümkünlük şərtlərinə cavab verib-verməməsi çərçivəsində araşdırımışdır.

38. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ

39. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “17 avqust 2023-cü il tarixli, **********973800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar