Məhkəmə qərarları › İş №e-2-1(118)-4277/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-4277/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-4277/2023 11.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı Bayram oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bayram oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İddiaçı zərərçəkmiş kimi tanınması üçün ibtidai istintaqın başlanılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən zəruri ilkin təhqiqatın aparılması öhdəliyinin qoyulması və İddiaçı üzərinə qeyri qanuni qoyulmuş, hüquqi şəxslər "xxxx" MMC-nin (VÖEN **********), Maraqlı şəxs2 MMC-nın (VÖEN **********), “KENDOV" MMC-nin (VÖEN **********), Maraqlı şəxs4 MMC-nin (VÖEN **********), Maraqlı şəxs5 MMC-nin (VÖEN **********), “ULDUZA 75" MMC-nın (VÖEN **********) dövlət büdcəsinə olan borc öhdəliklərinin tamamilə həmin hüquqi şəxslərin özlərinə aid edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Bayram oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı yuxarıda göstərilmiş öhdəliklərin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş idarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında maraqlı şəxs İddiaçı qarşı “ölkədən getməmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixinə hesablanmış hüquqi şəxslər "xxxx" MMC-nin (VÖEN **********) 132.67 manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 0.63 manat borcunun, işsizlikdən Sığorta Fonduna olan 6.81 manat borcunun, icbari Tibbi Sığorta Fonduna olan 5.90 manat borcunun, "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan 3813 58 manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 143 48 manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 3 78 manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 5.90 manat borcunun, “KENDOV" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan 1289,34 manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 70.84 manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 7.50 manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 11.68 manat borcunun, "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan 2238.97 manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 166.44 manat borcunun, işsizlikdən Sığorta Fonduna olan 7.80 manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 11 68 manat borcunun, Maraqlı şəxs5 MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan 967.92 manat vergi borcunun, Maraqlı şəxs6 MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan 842.63 manat vergi borcunun ödənilməsinin təmin edilməsi üçün yuxanda adları göstərilən hüquqi şəxslərin icra orqanlarının “rəhbəri” - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin adlarını qeyd etdiyi hüquqi şəxslərlə (və ya onların təsisçiləri ilə) hər hansı tanışlığı (bağlılığı) yoxdur və heç bir vaxt olmayıb, həmin kommersiya qurumları ilə heç bir zaman hüquqi münasibətlərim yaranmamış və tərəf kimi əmək müqavilələri belə imzalamamışdır. Hər hansı hüquqi nəticələr yarada biləcək hərəkətlərin edilməsi üçün heç bir şəxsə etibarnamə verməmiş, elektron sənədlərin imzalanması üçün Asan imza sertifikatları əldə etmək üçün tərəfindən müraciətlər olunmamışdır Tam orta təhsillidir, idarəçilik sahəsində hər hansı təhsili və bacarığı yoxdur. Qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Yasamal rayonunda Polis Bölməsinə ərizə təqdim etsə də, müraciəti baxılmamış saxlanılmış, şifahi olaraq Dövlət Vergi Xidmətinə müraciət etməyi tövsiyə edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01.12 2022-ci İl tarixli e-2-2(119)- 2099/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş və ümumilikdə 9727.55 manat məbləğində borcun dövlət büdcəsinə ödənilənədək yuxarıda qeyd olunan hüquqi şəxslərin icra orqanlarının rəhbəri - xx xxxxxxx 1999-cu il təvəllüdlü İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)- 64/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İddiaçı Bakı şəhərində tikintilərdə günəmuzd fəhlə işləyir və ilin sonu bayram günləri ilə əlaqədar tikintidə iş dayandığından 26 dekabr 2022-ci il tarixində kəndə qayıtdıqda valideynləri ona məhkəmədən gələn məktubu təqdim etmişlər. Anası xəstə olduğuna görə müayinə və müalicə üçün atası ilə birlikdə həmin günlərdə rayon mərkəzində olmuşlar,kənddə isə həmin müddətdə evdə heç kim yaşamamışdır. Kommersiya Kollegiyası qərardaddan şikayət vermək hüququmu tanımamışdır. Bildirir ki, məhkəmə cavabdeh İddiaçı ifadəsi əsasında ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsindən əlavə sübutlar tələb etməmiş, cavabdehin ərizədə göstərilən kommersiya hüquqi şəxslərlə hansı hüquqi əsaslarla bağlılığı yarandığını aydınlaşdırmamışdır. Tərəfindən zərərçəkmiş şəxs kimi tanınmağı üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciəti olmuşdur.Ərizəsi baxılması üçün Dövlət Vergi Xidmətinə göndərilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********077900 nömrəli, müraciətin predmetinə uyğun olmayan cavab məktubunda məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 4.0.28-ci bəndində "Əməliyyat-axtarış fəaliyyəti haqqında' Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək Xidmətin hüquqlarından biri kimi təsbit edilmişdir. e-2-2(119)-2099/2022 saylı mülki iş üzrə maraqlı şəxs İddiaçı ifadəsi məhkəməyə əsas verirdi ki, ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş idarəsindən izahat tələb etsin. Əgər dövlət büdcəsinə borc məbləği ilə bağlı ərizədə adları qeyd olunan kommersiya hüquqi şəxslərin borcları yaranmışdırsa, onda Vergi Xidmətinin müvafiq əməkdaşları fəaliyyəti kifayət qədər şübhə doğuran həmin qurumların “icraçı orqanının rəhbəri” ilə qeydiyyata alınmış təsərrüfat subyektinin yerləşdiyi hüquqi ünvanda şəxsən görüşüb müvafiq akt tərtib etməli idilər. Bu müddət ərzində onun qeydiyyatda olduğu ünvana yalnız bir dəfə, məhkəməyə müraciət etməklə paralel, prosessual tələblərə formal riayət etmək məqsədilə Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə Edilməsi Baş İdarəsindən dövlət büdcəsinə ödənilməmiş borc barədə xəbərdarlıq göndərilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı yuxarıda qeyd olunan iddia tələbini Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən isə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin iddia tələbi hər hansı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymaqdan ibarət olmamışdır. Bunun əksinə iddia tələbinə nəzər saldıqda “zərərçəkmiş kimi tanınması üçün ibtidai istintaqın başlanılması”, “borc öhdəlikliklərinin tamamilə həmin hüquqi şəxslərin özlərinə aid edilməsi”ndən ibarət olduğunu görərik. Ancaq burada qeyd olunan tələblər İnzibati Prosessual Məcəllədə nəzərdə tutulan iddia növlərindən hər hansı birinə aid olmadığı kimi, həmin hərəkətlərin yerinə yetirilməsi də cavabdeh qismində göstərilən Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilməmişdir.Bu isə öz növbəsində iddiaçının iddia tələbinin əsassız olduğunu göstərir ki, bu da iddianın mümkün sayılmaması üçün əsasdır. Lakin iddiaçı tərəfindən qanunvericiliklə ona qanuni təmsilçisi (rəhbəri) olduğu müəssisələrin dövlət büdcəsinə olan borcunun üçüncü şəxsin üzərinə qoyulması üçün hansı hüquqi normaların əsas verdiyi aydın və anlaşılan şəkildə ifadə edilməmiş, həmçinin iddianın vergi orqanının qanunla nəzərdə tutulmuş hansı vəzifə və ya öhdəliklərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı olduğu göstərilməmişdir. İddiaçı iddia ərizəsində Dövlət Vergi Xidmətinin konkret olaraq hansı hərəkətlərinin və ya hərəkətsizliyinin nəticəsində iddiaçının hansı hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğuna dair əsaslar gətirilməmiş və ya sübutlar təqdim edilməmişdir. Bu səbəbdən də iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən hüquqi yardım çərçivəsində iddiaçının nümayəndəsi və vəkilinə iddia tələbinə dəqiqləşdirmə və ya daha aydın iddia tələbinin labüdlüyü təklif edilsə də, iddiaçı və onun vəkili qəti şəkildə verilmiş iddia tələbi çərçivəsində baxılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, tələb iki hissədən ibraətdir. 1. İddiaçı zərərçəkmiş kimi tanınması üçün ibtidai istintaqın başlanılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən zəruri ilkin təhqiqatın aparılması öhdəliyinin qoyulması. 2. İddiaçı üzərinə qeyri qanuni qoyulmuş, hüquqi şəxslər "xxxx" MMC-nin (VÖEN **********), Maraqlı şəxs2 MMC-nın (VÖEN **********), “KENDOV" MMC-nin (VÖEN **********), Maraqlı şəxs4 MMC-nin (VÖEN **********), Maraqlı şəxs5 MMC-nin (VÖEN **********), “ULDUZA 75" MMC-nın (VÖEN **********) dövlət büdcəsinə olan borc öhdəliklərinin tamamilə həmin hüquqi şəxslərin özlərinə aid edilməsi tələbi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati icraat haqqında Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu maddə - 1.1, 1.2, 3.1, 3.2). Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir (maddə-1.1). Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri dəqiq olaraq göstərilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunsa da, qanunverici istisna hal müəyyən edərək İnzibati icraat haqqında Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığını təsbit etmişdir. Hazırkı mübahisədə cavabdeh Vergi Xidməti inzibati orqan olsa da, iddia tələbinin 1-ci hissəsi onun cinayət-prosessual fəaliyyəti ilə bağlıdır. Yəni qeyd olunan araşdırma yekunda cinayət işinin başlanması ilə əlaqədar olmalıdır və həmin araşdırmanın aparılması üçün CPM-nin müddəalarına istinad olunmalıdır . Buna görə də məhkəmə hesab edir ki, hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalır. Zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya həmin Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalıdır. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlanması, cinayət işinin başlanmasını rədd edilməsi, məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi və ya xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatın məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərarlardan birini qəbul etməlidir. Həmin qərarlardan Cinayət-Prosessual qanunverciliyin tələbləri baxımından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən ümumi (rayon, şəhər) məhkəməyə şikayət verilə bilər. İddiaçıya izah edilir ki, cinayət prosesini həyata keçirən orqanın qərarlarından, hərəkət və ya hərəkətsizliyindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən ümumi (rayon, şəhər) məhkəməyə müraciət etmək hüququna malikdirlər. İddia tələbinin 2-ci hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, məhkəmə tərəfindən həmin hüquqi şəxslərin iddiaçının adına aparılmış qeydiyyatın ləğvi ilə bağlı yeni iddia qaldırılması təklif olunsa da iddiaçı bunu etməkdən imtina etmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan borc məbləğləri hüquqi şəxslərin adlarına yazılmışdır. Qeyd olunan tələb mövcud olan halın yenidən təkrarlanması ilə bağlıdır. Belə ki, vergi borcları onsuzda həmin hüquqi şəxslərin adlarına qeyd olunub və həmin hüquqi şəxslər vergi borclarını mübahisələndirməkdə subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından hüquqi şəxslər öz təsisçilərinin, təsisçilər isə hüquqi şəxslərin öhdəlikləri üçün məsuliyyət daşımırlar. Hazırkı iddia tələbində özünü qeyd olunan hüquqi şəxslər ilə əlaqəsi olmayan kimi təqdim edən iddiaçı adına aparılmış hüquqi şəxslərin qeydiyyatını mübahisələndirmədiyindən onun qeyd olunan tələb ilə bağlı iddia qaldırmaq hüququnu istisna edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının tələbi öz predmetinə və mahiyyətinə görə inzibati xarakterli olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının iddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar