Məhkəmə qərarları › İş №e-2-1(118)-432/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-432/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-432/2022 23.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli **********590300 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2021-ci il tarixli **********590300 nömrəli qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - vergi orqanı adlandırılacaq) xx.xx.2021-ci il tarixli **********590300 nömrəli qərarına əsasən kameral qaydada ona qanunsuz vergi məbləği hesablanmışdır. Qanunsuz vergi məbləğinin hesablanmasına səbəb olaraq onun topladığı metal tullantılarının və məmulatlarının alış aktları əsasında vergi ödəyicilərinə təhvil verilməsi faktına istinad edilmişdir. Nəticədə bəhs edilən qərardan yuxarı inzibati orqana inzibati şikayət gönədrilmişdir. Lakin AR İN yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********239800 nömrəli qərarına əsasən inzibati şikayəti təmin edilməmişdir. Aşağıda qeyd edilən hüquqi əsaslara əsasən ona hesablanmış vergi məbləği qanunsuzdur və bu səbəbdən xx.xx.2021-ci il tarixli **********590300 nömrəli qərar ləğv edilməlidir: Ayrı - ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində əmələ gələn məişət tullantıları qismində metal tullantı, məmulatları və qırıntıları (metal qazanlar, samavarlar, elektrik motorlar, onların çərçivələri, naqillər, məişət elektrik avadanlıqları, onların daxili elementləri, metaldan olan ev əşyaları, yararsız məişət tullantıları, aşınmaya məruz qalan metal məmulatlar, atış poliqonlarındandan yığılan metal giliz qalıqları, zibil qutularından və zibil poliqonlarından toplanılan metal məmulatlar və s. tərəfindən hər hansı ödəmə həyata keçirilmədən əvəzsiz qaydada poliqonlardan və müxtəlif sahibsiz ərazilərdən toplanılmış və Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq alış aktı əsasında təhvil müəssisələrinə təqdim edilmişdir. Hazırda ölkədə davam edən işsizlik və aşağı sosial təminat şəraitində sağlamlıqlarına zərər vuran bu sahə ailələrinin yeganə gəlir mənbəyidir. Ailə üzvlərinin hər bir fərdi yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq gündəlik primitiv tələbatlarını ödəmələri üçün bu işlə məşğul olmağa məcburdur. Bununla belə qeyd edirlər ki, hazırki fəaliyyət vergiyə cəlb edilməyən fəaliyyətdir. Vegi orqanının qənaətinə əsasən təhvil verdiyi metal tullantı və məmulatlara görə ona ödənilən məbləğlər onun gəliri hesab edilir və belə fəaliyyət həm də sahibkarlıq fəaliyyəti hesab edildiyindən bu məbləğlərdən vergi tutulmalıdır. İlk növbədə qeyd edir ki, VM-nin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergidən azad edilən gəlirlər kateqoriyasına daxil edilmişdir. Aydın olduğu kimi bu maddənin tələbinə əsasən yalnız qiymətli daş və metalların, habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. Digər tərəfdən topladığı metal tullantı və məmulatlarını təhvil verdiyi fərqli - fərqli şirkətlər barəsində vergi orqanı tərəfindən əlavə vergi məbləğlərinin hesablanması barədə qərarlar qəbul edilmiş və ona ödənilən məbləğlərdən ödəmə mənbəyində verginin tutulması onlardan tələb edilməkdədir. ( Məsələn: 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MMC barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********198840 nömrəli qərarı, habelə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MMC barədə qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********725300 nömrəli qərarı və s. ) . Belə ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı və "Nağdsız hesablaşmalar haqqında" 3.5-ci maddələrinə istinad edilməklə müxtəlif şirkətlərdən vergi ödəyici olmayan fiziki şəxslərə ödənilən məbləğlərdən 2 faiz ödəmə mənbəyində verginin ödənilməsi tələb edilir. Bu səbəbdən onlar barəsində qərarlar qəbul edilir. Metal tullantı təhvil verən şəxs kimi o ÖMV tutulması ilə də razı deyil. Bu baxımdan ilk öncə qeyd edir ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında" (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla)" şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək , həmin maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərin, o cümlədən 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Eyni zamanda ona ödənilən məbləğlərə görə mənim metal məmulatları və tullantıları təhvil verdiyim şirkətlər barəsində əlavə vergi məbləğləri hesablandığı təqdirdə həmin gəlirin yenidən gəlir vergisinə cəlb edilməsi və verginin məndən təkrarən tələb edilməsi qanunvericiliyin tələbinə tamamilə ziddir. Belə ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bu baxımdan da ona hesablanmış vergi məbləği tamamilə qanunsuzdur. Bununla yanaşı qeyd edir ki, VM-nin 15.1.2-ci , 24.0.3-cü və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 8.4-cü maddələrinin vəhdət halında tələbinə əsasən yoxlayıcı orqan olan vergi orqanı vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə və qanunvericiliyin tətbiqi ilə bağlı sahibkarlara metodiki köməklik göstərməyə borcludur. Qeyd edilən normaların tələbinə uyğun olaraq əhalidən yığılan metal qırıntı və tullantılara görə gəlirlərin vergiyə cəlb edilib-edilməməsi məsələlərinə dair daha əvvəlki tarixlərdə vergi orqanı tərəfindən xx.xx.2017-ci il tarixli **********851400 nömrəli, habelə xx.xx.2018-ci il tarixli **********959800 nömrəli məktublar ilə hüquqi münasibət bildirilmiş və qiymətli metal olmayan metalların və onların tullantılarının fiziki şəxslər tərəfindən təqdim edilməsi zamanı əldə edilən gəlirin vergidən azad edildiyi bir daha təsdiqlənmişdir. Hazırki rəsmi məktublar da öz növbəsində inzibati şikayətin əsaslı olduğunu göstərir. "İnzibati icraat haqqında" qanunun 45.2.5-ci maddəsinə əsasən ekspert rəyləri inzibati icraat zamanı sübutetmə vasitələrindən biri hesab edilir. Bu baxımdan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq ekspertizasının təqdim etdiyi xx.xx.2020-ci il tarixli 214 nömrəli və xx.xx.2021-ci il tarixli 9/3252 nömrəli ekspert rəylərində VM-nin 102.1.7-ci maddəsinə istinad edilərək fiziki şəxslər tərəfindən toplanılan metal tullantı və məmulatların təqdim edilməsindən əldə edilən gəlirin vergidən (gəlir vergisi və ya ödəmə mənbəyində vergi) azad edildiyi bir daha təsdiqlənmişdir. Bəhs edilən sübutetmə vasitələri də hazırki şikayətin əsaslı olduğunu təsdiq edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə 7756,58 manat analoji qaydada vergi məbləği hesablanmışdır. Uçotbaza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “avtomobillərə texniki xidmət göstərilməsi və onlarin təmiri olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin və nəzarət kassa aparatının olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 232 697,5 manat dəyərində malların alış aktları əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) müxtəlif növ metal tullantılarını satması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli **********766200 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərclən və vergi ödəyicisinin idxalixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri sənədlər və müvafiq vergi bəyannaməsi təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən analoji qaydada 2020-ci il üçün 7756,58 manat gəlir vergisi hesablanmış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********590300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 iyun 2021-ci il tarixli, **********590300 saylı qərardan görünür ki, İddiaçı 2020-ci il üzrə gəlir vergisinə görə 7756,58 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********239800 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmişdir. - Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun Vergilər nazirinin müavini 3-cü dərəcəli dövlət vergi xidməti müşavirinin xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubunun 2- ci, 3-cü, 4cü və 5-ci sətirlərində göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı tərəfindən İddiaçı 2020-ci il üzrə gəlir vergisinə görə 7756,58 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarla hesablanmış əlavə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi səbəbindən əlaqəli məlumatlara əsasən vergi məbləğinin hesablandığı qeyd edilmişdir. Həmin qərardan yuxarı vergi orqanına verilmiş inzibati şikayət üzrə həmin orqanın 27 oktyabr 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Həmin qərarda da buna əsas kimi kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 232697,5 manat dəyərində malların alış aktları əsasında "xxxx" MMC-yə müxtəlif növ metal tullantılarını satması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən xx.xx.2021-ci il tarixli **********590300 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, mübahisələndirilən qərarda əlavə vergi hesablanmasına səbəb kimi əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək, maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı Vergi Məcəlləsinin 102-ci -addəsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi Məcəllənin tələbinə əsasən yalnız qiymətli daş və metalların habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tulantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır, (palladium, iridium, osmium, rodium və rutenum) Həmin qanunun 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və : ymətli daşlardan məmulatlar qiymətli metallardan və onların əlvan metallarla ərintilərin- qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyəp qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların , habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Bundan başqa oda nəzərə alınmalıdır ki, iş materiallarında olan vergi orqanının xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubunun 2-ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir. Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi orqanında qeydiyyata alınmaq (VÖEN əldə etmək) üçün ərizəni, sahibkarlıq fəaliyyətini başladığı günədək yaşadığı yer üzrə vergi orqanına verməlidir. Bununla yanaşı mis və qurğuşun tullantılarının ayrı-ayrı şəxslərdən toplayaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir. Malların alışını təsdiq edən ciddi hesabat blankı hesab edilən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında gəlirdən çıxılan xərclərə aid edilə bilər. xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubdan göründüyü kimi, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsinə görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Həmçinin həmin məktubdan göründüyü kimi, mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Lakin qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında və vəsatətə cavab olaraq təqdim edilmiş əlavə sənədlərdə qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən fiziki şəxslərlə (yəni sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) bağlı sənədlər mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassa-məxaric orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) göründüyü kimi, İddiaçı tərəfindən alınmış metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-ayrı fiziki şəxslər tərəfindən satılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********590300 nömrəli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********590300 nömrəli qərar ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********590300 nömrəli qərarı ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar